Tarix boyu Allah`ın göndərdiyi elçilər insanlara haqq dini təbliğ etmək, yaxşılığı əmr edib pisliklərdən uzaqlaşmaq vəzifəsi ilə yüklənmişlər. Peyğəmbərlərin olmadığı dövrlərdə isə səmimi, dürüst və güclü bir imana sahib olan müsəlmanlar Allah`ın insanlar üçün seçib bəyəndiyi dini təbliğ etmək vəzifəsi ilə yüklənmişlər. Ancaq Allah`a iman gətirən və insanları da Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmağa dəvət edən bu insanlar tarix boyu bəzi insanların söz və əməl şəklindəki təzyiqlərinə məruz qalmış, bəzən hətta ölüm təhlükəsi altında yaşamışlar.
Allah`a könüldən bağlı olan və üstün əxlaq sahibi olan möminlərə düşmənçilik hissi bəsləyənlər, şübhəsiz ki, böyük bir qəflət içindədir. Çünki möminlər Allah`dan qorxub çəkinən, bütün insanlara daim dost münasibəti bəsləyən, ətrafındakılara rahatlıq və güvənlik verən, daim ədaləti gözləyən, hər cür haram işlərdən çəkinən insanlardır. Möminlər dünyəvi hərislikləri olmadığı üçün heç kimlə mənfəət hesabı çəkməzlər. Əksinə, onlar fədakar, təvazökar və qənaətcildirlər. Ancaq bu üstün xüsusiyyətlərinə baxmayaraq, möminlər bəzi insanların şiddətli düşmənçiliyi və təzyiqləri ilə qarşı-qarşıya qalırlar. Allah bu insanların kimliyini və möminlərə qarşı düşmənçiliyinin səbəbini Quranda keçmişdən misallar verərək bizə bildirir.Quran ayələrində bizə bildirilən bu insanların müsəlmanlara qarşı olan düşmənçiliyinin arxasında gizlənən əsas səbəb onların Allah`a və dinə olan düşmənçilikləridir. Onlar bütün insanlara can verən və saysız nemətlərlə ruzilərini verən, sonsuz güc sahibi olan bir Yaradıcının varlığını özlərinin təkəbbürlü olması səbəbi ilə qəbul etmək istəməzlər. Həyata hərisliklə bağlanmalarına və dünyanı axirətə nəzərən seçdiklərinə görə, Allah`ın dininə tabe olmağın onlara gətirəcəyi məsuliyyətdən qaçmaq üçün inkara üstünlük verərlər. Özlərini heç kimin qarşısında məsul hiss etmək istəməz, etdikləri pisliklərin, əxlaqsızlıqların, çirkinliklərin hesabını verəcəkləri bir günün gələcəyini düşünməzlər. Bu səbəbdən də Allah`ı və dini, hesab gününü xatırladan insanları özlərinə düşmən sayarlar.
Bu düşmənçiliklərinin nəticəsində iman edənləri əngəlləməyə, yaxud da öz dinsizliklərinə geri çevirməyə çalışırlar. Quranda bildirildiyinə görə, dindən uzaq olan insanlar bu məqsədlərini həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər: möminlərə pusqu qurur, işgəncə ilə əzab verir, alçaldıcı sözlərlə onlara zülm etməyə çalışırlar. Məhz "böhtan" inkarçıların iman gətirənlərə qarşı istifadə etdiyi bu yollardan biridir. Mömin insanları böhtan vasitəsilə öz tərəflərinə çəkməyə, doğru bildikləri yoldan azdırmağa çalışırlar. İnkarçıların tarix boyu bircə dəfə də olsun nəticə verməyən düşmənçiliklərini Allah Quranda belə bildirir:
"Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər." (Mümtəhinə surəsi, 2)
Bu kitabda haqqında danışacağımız böhtanların mənbəyi Quranda da bildirildiyi kimi, iman gətirənlərə düşmənçiliklə "əllərini və dillərini uzadanlar"dır. Sonrakı səhifələrdə də görəcəyimiz kimi, böhtan min illərdir dinə düşmən olan, yer üzündə əxlaqsızlığı və pozğunluğu yaymaq istəyən insanların dindar, səmimi, gözəl əxlaqlı insanlara qarşı istifadə etdiyi və bir-birinə miras kimi ötürdüyü bir üsuldur. Bu üsuldan hz. Nuhdan hz. Süleymana, hz. Musadan hz. Muhəmmədə (s.ə.v) qədər Allah`ın bütün elçilərinə və onların yanındakı əməlisaleh insanlara qarşı istifadə olunub. Yaxın tariximizdə Bədiüzzaman Səid Nursi kimi dəyərli bir İslam böyüyü də dinə düşmənçilik bəsləyənlərin bu üsulu ilə qarşılaşmışdı.
Ancaq bu, çox əhəmiyyətli və mütləq bir həqiqətdir ki, keçmişdə heç bir böhtançı insan məqsədinə çata bilməmişdir. Nə firon, nə Nəmrud, nə də Peyğəmbərimizin (s.ə.v) yaxınlarına böhtan atanlar bu qiymətli insanlara bir zərər verə bilməmişdilər. Allah əməlisaleh qullarını inkarçıların bu cür böhtanlarından daim qorumuş və onları təmizə çıxarmışdır. Allah Quranda bu mövzu ilə əlaqədar hz. Musanı nümunə göstərir:
Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi. Ey iman gətirənlər! Allah`dan qorxun və doğru söz söyləyin! (Əhzab surəsi, 69-70)
Keçmişdə müsəlmanlara atılan böhtanlar nəticəsiz qaldığı kimi, günümüzdə də nəticəsiz qalacaq və heç bir nəticə verməyəcəkdir.
Allah hər dövrdə insanlara peyğəmbərlər göndərmiş və onların vasitəsilə insanlara xəbərdarlıq etmiş, axirəti və hesab gününü xatırlatmış, cənnətin və cəhənnəmin varlığını xəbər vermişdir. Allah bu həqiqəti ayədə belə bildirir:
Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər kimi göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib getməsin! (Fatir surəsi, 24)
Allah`ın Quranda bildirdiyinə görə, insanların çox az bir hissəsi bu elçilərə inanmış və onların yolu ilə getmişdir. Böyük bir hissəsi isə inkar edərək elçilərə düşmən olmuşdular. Bu mövzu ilə bağlı ayələrin bəziləri belədir:
...Əslində, onunla birlikdə çox az adam iman gətirmişdi(Hud surəsi, 40)
Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər? Yaxud: "Onda divanəlik var?" dedilər. Xeyr, Peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır(Muminun surəsi, 69-70)
Allah`ın Quranda bizə bildirdiyi digər bir məlumat isə inkarçıları və elçilərə qarşı gələn insanları öz arxasınca aparan kütlənin bu cəmiyyətin önündə gələn hissəsindən olmasıdır. Quranda bu mövzu ilə bağlı bildirilən ayələrdən bəziləri belədir:
Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik! - dedilər." (Zuxruf surəsi, 23)
Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri inkar edirik!" dedilər (Səba surəsi, , 34)
Quranda bu inkarçıların iki əsas xüsusiyyətinə diqqət çəkilir: birincisi, bu insanların öz cəmiyyətləri arasında bolluq və zənginlik içində azğınlaşması, ikincisi isə onları doğru yola dəvət edən elçiləri bu azğınlıq səbəbi ilə inkar etmələri. Bu vəziyyət indi də dəyişməmişdir. Öndə gələnlər onlara haqqı gətirənlərə, Allah`ın dinini və gözəl əxlaqı təbliğ edənlərə qarşı çıxır. Çünki inkarçılar möminlərin təbliğ etdiyi gözəl əxlaqın insanlar arasında kütləvi şəkildə yayılacağı təqdirdə dünyada hərisliklə gözlədikləri qazancı əldə edə bilməyəcəklərindən qorxurlar.
Buna baxmayaraq, Allah`ın elçiləri insanlara dünya həyatının müvəqqəti və aldadıcı bir yer olduğunu, əsl həqiqətin ölümdən sonrakı axirət həyatı olduğunu, insana axirət həyatını qazandıranın mal-mülk kimi dünya nemətləri deyil, insanın əxlaqı və təqvası olduğunu söyləməkdən heç bir zaman imtina etməmişlər. Məhz bu həqiqətin di lə gətirilməsi sözügedən insanları hərisləşdirir və onların möminlərə düşmənçilik bəsləməsinə səbəb olur. Çünki müsəlmanlar apardıqları təbliğatla onların hərisliklə bağlı olduqları hər şeyin dəyərsiz olduğunu göstərirlər. Allah bu düşüncənin sahibi olan insanların dünyaya bağlılığını Quranda belə açıqlayır:
Həqiqətən, bunlar tez keçib gedəni sevər, ağır günə dal çevirərlər (İnsan Surəsi, 27)
Quranda bildirilən bu bağlılıq bizdə cəmiyyətin öndə gələn insanlarının əksəriyyətinin inkarçılardan ibarət olması haqqında fikir yaradır. Dünyada özlərinə görə güc, etibar, zənginlik yaxud da şöhrət sahibi olan bu insanlar Allah`ın əmr etdiyi insanlıq sərhədlərini tanımadıqları üçün hər cür haram iş görə, olmazın azğınlıqlara əl ata bilirlər. Din isə onların həyat tərzinin, inancının, doğru və səhvlərinin, hərisliyinin xətalı olduğunu ortaya qoyur. Bunun nəticəsində də bu adamlar dini ölçülərə uyğun bir həyatın yaşanmasını əngəlləmək üçün əllərindən gələn hər işi görürlər.
İnkarçıların sahib olduğu batil düşüncə sisteminin və yer üzündə yaydığı əxlaqsızlığın yanlış olduğunu onlara izah edənlərə qarşı duyduğu böyük qəzəb Quranda belə tərif edilir:
...Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istərlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq" deyir. Xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: "Acığınızdan ölün" Əlbəttə, Allah ürəklərdə olanları biləndir (Ali-İmran surəsi, 118-119)
Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, inkarçılar möminlərə ziyan vurmaq, onları məhv etmək və ya təsirsiz hala gətirmək üçün hər yoldan istifadə edirlər. Böhtan atmaq və bunun üçün möminlərin əleyhinə hiylə işlətmək isə yuxarıda da qeyd etdiyimiz kimi, onların ən çox əl atdığı üsullardan biridir.
Dinsizlər özləri kimi digər insanların da Allah yolundan azmasını istəyirlər. Bu səbəblə, xalqın müsəlmanların təsir dairəsinə düş məsini və onların sözünə əməl etməsini əngəlləmək üçün möminləri insanların gözündən salmağa çalışırlar. Möminlərin isə Allah`ın dininə bağlı olduqları üçün özlərini gözdən salacaq heç bir davranışı, aludəçiliyi və ya inancı yoxdur. Möminlər harama girməz, Allah`ın halal buyurduğu işləri görər, daim hər yerdə gözəl əxlaqlı və tərtəmiz bir həyat yaşayarlar. Bunu bilən inkarçılar sadəcə böhtan ataraq, yalan söyləyərək, həqiqətə uyğun olmayan bir şeyi həqiqət kimi göstərərək öz məqsədlərinə nail olmağa çalışırlar. Bir yerə yığışaraq möminlərin əleyhinə planlar qurar, onlara hansı böhtanları atacaqlarını qərarlaşdırarlar. Atacaqları böhtanı xalq arasında yaymaq üçün təyin etdikləri insanlara qədər aralarında vəzifə bölgüsü apararlar. Böhtanları ilə öz aləmlərində möminləri qaralayacaqlarını və insanların gözündə dəyərsiz hala gətirəcəklərini zənn edərlər. Halbuki, heç bir uğur əldə edə bilməzlər. Allah bu insanların möminlərə qarşı qurduğu planlardan və bunların aqibətindən Quranda belə bəhs edir:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)
Keçmişdə peyğəmbərlərə və müsəlmanlara atılan böhtanlardan bəziləri Quranda bildirilir. Bu hadisələrin və onların nəticələrinin sonrakı bölümlərdə xatırlanması hər cəhətdən əhəmiyyətlidir. Bu xatırlatma inkarçıların bu günə qədər böhtan ataraq heç bir nəticə əldə edə bilmədiklərinin və gələcəkdə də edə bilməyəcəklərinin qəti olaraq anlaşılması nöqteyi-nəzərindən faydalı olacaq. Həmçinin böhtana məruz qalan səmimi və dürüst insanların keçmişdə əməlisaleh müsəlmanların yaşadığı oxşar hadisələri görərək şövq və hidayətinin artmasına səbəb olacaq.