Əvvəlki bölümlərdə bildirdiyimiz kimi, Allah`ın elçiləri nə zaman bir qövmə göndərilsələr, inkarçılar onları qəzəb və düşmənçiliklə qarşılamışdılar. İnkarçıların bu davranışı yalnız peyğəmbərlərə qarşı olmamışdır. Allah`ın dininə olan bağlılığı və Allah yolundakı qərarlılığı, səmimiyyəti, ixlası ilə tanınan hər bir müsəlman inkarçıların söz və hərəkət şəklindəki hücumlarına məruz qalmışdır. Allah inkarçıların müsəlmanlara qarşı bəslədiyi bu qəzəbi aşağıdakı ayəsi ilə bildirərək iman edənləri bu mövzuda xəbərdar etmişdir:
Anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbini "bir tək" tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
Ayədən də gördüyümüz kimi, inkarçıların əsl qəzəbi və kini, sözügedən insanların şəxsiyyətinə deyil, onların təmsil etdikləri inama qarşıdır. Bu insanlar onların özünü və sahib olduqları hər şeyi yaratmış olan Allah qarşısında cavabdeh olduqlarını qəbul etmək istəmədikləri üçün Onun adının xatırlanmasını belə istəməzlər. Buna əngəl yaratmaq üçün Allah`ı tək tanrı kimi qəbul etməyə, haqq dininə inanmağa dəvət edənlərə qarşı təcavüzkar bir davranış göstərərlər. Bu səbəbdən, haqq dini və dindar insanlar yer üzündə var olduqca inkarçıların böhtanları və incidici sözləri də davam edəcək.
Bu həqiqəti bilən möminlər eyni hadisələrlə qarşılaşanda qətiyyətlə sıxıntı çəkməz və ümidsizliyə qapılmazlar. Çünki onlar Allah`ın haqsız hücumlara məruz qalan möminlərə vəd etdiyi gözəl xəbərləri də bilirlər:
O kəslər ki, haqsız yerə, ancaq: "Rəbbimiz Allah`dır" dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah`ın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər uçulub dağılmışdı. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!(Həcc surəsi, 40)
Şübhəsiz ki, bu cür hadisələrin keçmişdə qaldığını düşünmək, günümüzdə inkarçı insanların və ya böhtana uğrayan müsəlmanların var olmadığını düşünmək bir xəta olacaq. Çünki Allah`ın bildirdiyi bu hadisələr hər dövrdə yaşanıb və bundan belə də yaşayacaq.
Yaxın keçmişdə inkarçıların qarşı çıxdığı və ölüm yatağına düşənə qədər onların zülmlərinə səbir və təvəkkül göstərmiş Bədiüzzaman Səid Nursi ən gözəl nümunələrdən biridir. İnsanları Quran əxlaqına, iman həqiqətlərini görməyə, Allah`ın varlığını və sonsuz qüdrətini təqdir etməyə dəvət edən Bədiüzzaman dini yalan hesab edən bəzi şəxslərin böhtanlarına məruz qalmışdır. Hətta buna görə ömrünün bir çoxunu həbsxana və ya sürgündə keçirmişdir.
Növbəti səhifələrdə Bədiüzzaman Səid Nursinin yaşadığı bəzi hadisələrdən bəhs olunacaq, bu cür hadisələr qarşısında göstərdiyi üstün davranışından möminlərə nümunə göstəriləcək.
Bədiüzzaman Səid Nursi 20-ci əsrin ən böyük İslam alimlərindən biridir. 87 illik ömrü boyu İslamı müdafiə etmiş, materialist fəlsəfə və din düşmənlərinə qarşı böyük elmi mübarizə aparmışdır. 6000 səhifəlik nəhəng əsəri “Risaleyi-Nur” həm Quranı təfsir edən, həm materialist fəlsəfəni yıxan və həm də iman həqiqətlərindən ən gözəl şəkildə bəhs edən bir əsərdir. Bədiüzzaman Səid Nursi təvazökar üslubu ilə axirət, qədər, iman kimi bir çox mövzunu o günə qədər heç açıqlanmamış şəkildə izah etmişdir.
İnsanları Quran əxlaqına, haqq dinə dəvət etmək üçün apardığı bu fikri mübarizədə Bədiüzzaman Səid Nursinin qarşısına çıxan ən böyük maneə isə materialist fəlsəfəni və din əxlaqına qarşı olmağı özlərinə əsas prinsip olaraq qəbul edən bəzi dairələr olmuşdur.
Bədiüzzaman Səid Nursi əsassız fəlsəfələri rədd edən, dinin ağıl və elmə zidd olmadığını irəli sürən və cəmiyyətdə böyük mənəvi oyanış başladan İslam alimidir. O dövrdə bu böyük İslam aliminə maneə yaratmaq üçün yenə də klassik böhtan atma üsulları tətbiq olunmuşdur.
Kitabın başından bəri vurğulandığı kimi, keçmişdə yaşamış peyğəmbərlərin, elçilərin və saleh möminlərin başlarına gələnlər, onların yaşadığı hadisələr möminlərə həmişə yol göstərici olmuşdur. Bu baxımdan, Bədiüzzamanın yaxın keçmişdə yaşadığı hadisə və çətinliklərin öyrənilməsi dövrümüzün müsəlmanları üçün faydalıdır.
Unutmaq olmaz ki, Allah bir ayəsində: ''Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?...'' (Bəqərə surəsi, 214) - deyə buyuraraq möminlərin keçmişdəki hadisələrə hazır olmaları gərəkdiyini bildirmişdir. Bədiüzzamana atılan böhtanların bəzilərinə və bunların Quranda bəhs edilənlərlə bənzərliyinə baxmaq Allah`ın qanununun dəyişmədiyini görmək üçün əhəmiyyətlidir.
Bədiüzzamanın Allah`ın varlığını, milli və mənəvi dəyərlərin əhəmiyyətini izah edən əsərlərindən narahat olanlar əllərində olan bəzi mətbuat orqanlarından da istifadə edərək Bədiüzzamana qarşı olmazın böhtanlar atmışlar. Dövrün qəzetlərindən birində Bədiüzzaman haqqında belə yazılmışdı:
"Səidi-Kürdi dini siyasətə alət edərək irticayi-təbliğatlara girişmiş və onun bəzi adamları aldadaraq doğru yoldan azdırmağa çalışdığı aydın olmuşdur ... Otuz illik mayalı bir mürtəce olub ifsad edəcək saf vətəndaş axtarır ... Şeyxin (Bədiüzzamanın) bu məsələdəki rolunun bəzi safları aldadaraq onlardan pul qoparmaq olduğu aydın olmuşdur ..." (Cumhuriyet, 10 may 1935)
Eyni qəzetdə fərqli tarixlərdə isə ''Dini istismar edən Səid Nursi haqqında tədqiqat başladı'', ''Səid Nursi ciddi qəbul ediləsi bir adam deyil. O, Maddi və mənəvi mənfəət güdür'' deyə həqiqətdən kənar xəbərlər nəşr olunmuşdur. Dünyadan heç bir istəyi olmayan, heç bir mal-mülkü olmayan, öz deyimi ilə özünü bəyənməməyi özünə peşə edən və son dərəcə təvazökar bir həyat yaşayan Bədiüzzamana tələbələrindən pul qoparmaq, liderlik arzusu kimi əsassız və mənasız böhtanlar atılmasının tək səbəbi bununla Bədiüzzamanı təsirsiz hala gətirməkdir.
Bu, keçmişdə peyğəmbərlərə atılan böhtanların bənzəridir. Peyğəmbərlər də qövmləri tərəfindən dindən istifadə edərək mənfəət əldə etmə kimi ağlasığmaz ittihamlarla qarşı-qarşıya qalmışlar. Məsələn, ayədə bildirildiyi kimi, hz. Nuha belə iftira atılmışdır:
... Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir... (Muminun surəsi, 24)
Hz. Musa və hz. Haruna fironun qövmünün ittihamı isə ayədə belə bildirilir:
Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik! – dedilər. (Yunis surəsi, 78)
Bədiüzzaman bu böhtanların nəticəsində həbs cəzası almış və Eskişehir həbsxanasına göndərilmişdir. Eskişehir həbsxanasından çıxan Bədiüzzaman Kastamonuda polis bölməsinin qarşısında ev dustağı edilmişdir. 8 ildən sonra Dənizli Məhkəməsində 20 ay həbs cəzası almış, daha sonra Bədiüzzaman Emirdağa məcburi mənzilə göndərilmişdir.
Bütün bu hadisələr zamanı saysız-hesabsız işgəncə və əziyyətlərə məruz qalmış, ona dəfələrlə zəhər verilmişdir. Son dərəcə yaşlı və xəstə olan Bədiüzzaman soyuq, havasız və nəmişlik olan kameralarda saxlanmışdır. Növbəti səhifələrdə bəhs ediləcəyi kimi, ona edilən bütün bu əziyyətlərə səbir və təvəkküllə cavab vermiş, imanının və Allah`a bağlılığının nə qədər güclü olduğuna bütün müsəlmanlar şahid olmuşdur. Bədiüzzaman bu üstün əxlaqı ilə hər kəsə nümunə olan dəyərli İslam alimidir.
Əvvəlki səhifələrdə də haqqında yazıldığı kimi, keçmişdə möminlərə ən çox atılan böhtanlardan biri dəlilikdir. Bədiüzzaman Səid Nursi də eyni böhtanla qarşılaşmışdır.
1908-ci ildə yenə də süni səbəblərlə məhkəməyə sövq edilmiş və məhkəmənin tapşırdığı həkim heyəti ona ''əqli çatışmazlıq '' diaqnozu qoymuşdur. Daha sonra göndərildiyi ruhi xəstəxanasındakı həkim Bədiüzzamanla söhbət etmiş: ''Bu adamda dəlilik varsa, dünyada ağıllı yoxdur'', deyərək, diaqnozun yanlış olduğunu qeyd etmişdir.
Bədiüzzaman bundan sonra da sözügedən dairələrə aid mətbuatda tez-tez dəlilik ittihamı ilə qarşılaşmışdır. Din əxlaqına qarşı çıxan bəzi dairələrin nəşrlərində ''Səid Nursi dəlixanaya da girib çıxmışdır''kimi aldadıcı şərhlərlə bu böyük İslam alimini öz ağıllarında xalqın gözündə hörmətdən salmağa çalışmışlar. Ancaq bu da inkarçıların möminlər əleyhində qurduğu tələlər kimi heç vaxt müvəffəqiyyətli olmamışdır.
Bədiüzzaman və tələbələrinə atılan böhtanlardan biri də "Din istismarçıları"başlıqlı serialı yazı ilə dövrün qəzetlərindən birində yer almışdır. Bu serialı yazıda Səid Nursinin tələbələri haqqında da Quranda keçən ''ovsunlanmış'' böhtanı təkrarlanmış və: ''Bunlar yalnız dini fanatizmlə ona bağlanmışlar, gözləri başqa heç nə görməz, başqa bir şey artıq anlamazlar'' deyə yazılmışdır. Göründüyü kimi, bunların hamısı keçmişdə yaşayan möminlərə yönələn böhtanların tamamilə eynisidir. Quranda keçmişdə yaşamış və Allah`ın göndərdiyi elçilərə tabe olmuş möminlərin də "ağıl çatışmazlığı", "dayaz düşüncəlilik" kimi əsassız sözlərlə ittiham edildikləri xəbər verilmişdir:
Onlara: "(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!" deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?" deyirlər. Doğrusu, onlar özləri səfehdirlər; lakin (bunu) bilmirlər. (Bəqərə surəsi, 13)
Onun qövmünün kafir zadəganları dedilər: "Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik." (Hud Surəsi, 27)
Bu böhtanlarla Bədiüzzamanın ətrafındakı gənclərin beyinlərini doldurduğu, bu gənclərin də beyinləri doldurulacaq qədər ağıl və məntiqdən məhrum insanlar olduqları imici yaradılmağa çalışılmışdır. Yəni Bədiüzzaman eynilə keçmişdəki müsəlmanların qarşılaşdığı kimi "cadugərlik"də ittiham edilmişdir.
Halbuki, Bədiüzzaman və yanındakı möminlər Qurana tabe olan ağıllı insanlar idi. Bu böhtanları atanlar bunun belə olduğunu çox yaxşı bilirdilər. Necə ki, bu böhtanların heç biri Bədiüzzamana və ətrafındakı müsəlmanlara zərər verməmiş, əksinə, səbir və təvəkkülləri onların mənəviyyatının və axirətdəki dərəcələrinin yüksəlməsinə vəsilə olmuşdur.
Bədiüzzamana qarşı atılan iftiralardan biri də guya o, İslam hökmlərini təhrif etmiş, dini anlayışları öz düşüncəsinə uyğunlaşdırmış və çevrəsindəkilərə bu yanlış din anlayışını təlqin etmişdir. Bu iftirada məqsəd xalqı və mövzunu təfsilatı ilə bilməyən bəzi din alimlərini qızışdıraraq Bədiüzzamanı yanlış tanıtmağa çalışmaq olmuşdur.
Ancaq inkarçı sistemin bu böhtanı da işə yaramamışdır. Çünki Bədiüzzamana qarşı ortaya atılan ''azğınlıq'' iddiasının ayədə bildirildiyi kimi, hz. Nuha ''... Həqiqətən də biz səni açıq-aydın azğınlıq içində görürük!'' (Əraf surəsi, 60) deyən inkarçıların böhtanlarının bir bənzəri olduğunu ağıl və vicdan sahibi müsəlmanlar aydın görmüşlər.
Allah bir çox ayəsində inkar edənlərin hər dövrdə hiyləgər tələlər qurduqlarını bildirir. Bu ayələrdən biri belədir:
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki, bütün hiylələr Allah`a aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər. (Rəd surəsi 42)
Bədiüzzamana da dövrünün din düşmənləri yalanlarına dəstək olmaq üçün oxşar hiyləgər planlar qurmuşlar. Bu plan nümunələrindən biri "Bilinməyən tərəfləri ilə Bədiüzzaman Səid Nursi" adlı əsərdə bəhs edilir. Buna görə, bir içki mağazasında ''Səidin xidmətçisi Səidə rakı aldı'' yazılmış kağıza oradakı sərxoşlardan imza toplanmağa cəhd edilmişdir. Bu şəkildə ona böhtan atılmışdır. Bu böhtanın məqsədi isə Bədiüzzamanı xalqın gözündən salmaq, dini yöndən səmimiyyətsiz olması imicini vermək idi.
Başqa bir qurulan oyunu Bədiüzzaman bir məktubunda özü yazır. Bunda da Bədiüzzamanın səhərə qədər eyş-işrətlə məşğul olduğu və evinə ''fahişələrin girib-çıxdığı kimi'' son dərəcə məntiqsiz və ağılsız yalan uydurulmuşdur. Buna Bədiüzzaman son dərəcə açıq və qəti cavab vermişdir:
"Halbuki, mənim qapım gecə çöldən və içəridən kilidli idi və səhərə qədər bir gözətçi o bədbəxtin (böhtan atan adamın) əmri ilə qapımda gözləyirdi" (Tarihçeyi-Hayat, səh. 451)
Göründüyü kimi, xalqı ondan soyutmaq üçün Bədiüzzamanı fahişəlik və sərxoşluqla ittiham edərək ona çirkin böhtanlar atılmışdır. Ancaq bütün bu böhtanlar boşa çıxmış və Bədiüzzaman imani xidmətinə səbirlə davam etmişdir. Qurani-kərimdə inkarçıların sui-qəsd və hiylələrinin inananlara əsla zərər verməyəcəyi, nəticənin mütləq inananların xeyirinə olacağı belə bildirilir:
… Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah`ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah`ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi 42-43)
Bədiüzzamanın ona atılan böhtanlara və əleyhinə qurulan tələlərə qarşı münasibəti Quranda bildirilən peyğəmbərlərin və saleh möminlərin əxlaqı ilə oxşar olmuşdur. Bu böhtanlara qarşı son dərəcə səbirli və təvəkküllü davranış göstərmiş, ətrafındakılara isə şövqü, sevinci, qətiyyəti və imanı ilə həmişə gözəl nümunə olmuşdur.
Bədiüzzaman Səid Nursi Risaleyi-Nurda ona atılan böhtanlar nəticəsində aldığı həbs cəzasını və ona çəkdirilən çətinliklərin gözəl və xeyirli tərəflərini belə izah etmişdir:
"Benim şahsımı çürütmek fikriyle, hiç kimsenin inanmayacağı isnadlarda bulundular. Pek acib iftiraları işaaya çalıştılar. Fakat kimseyi inandıramadılar. Sonra pek âdi bahanelerle, zemheririn en şiddetli soğuk günlerinde beni tevkif ederek, büyük ve gâyet soğuk ve iki gün sobasız bir koğuşta tecrid-i mutlak içinde hapsettiler. Ben küçük odamda günde kaç defa soba yakar ve daima mangalımda ateş varken, zaafiyet ve hastalığımdan zor dayanabilirdim. Şimdi, bu vaziyette hem soğuktan bir sıtma, hem dehşetli bir sıkıntı ve hiddet içinde çırpınırken, bir inayet-i İlahiye ile bir hakikat kalbimde inkişaf etti. Manen: "Sen hapse Medrese-i Yûsufiye namı vermişsin; hem Denizli'de sıkıntınızdan bin derece ziyade hem ferah, hem mânevî kâr, hem oradaki mahpusların Nurlardan istifadeleri, hem büyük dairelerde Nurların fütuhatı gibi neticeler, size şekva yerinde binler şükrettirdi, her bir saat hapsinizi ve sıkıntınızı, on saat ibadet hükmüne getirdi; o fâni saatleri bâkileştirdi." (Lemalar, s. 244)
Bədiüzzaman bir sözündə isə çevrəsində özü ilə birlikdə eyni böhtan və zülmlərə məruz qalan möminlərin də bu hadisələrdən dolayı ümidsizliyə qapılıb kədərlənmədiklərindən belə bəhs etmişdir.
"On aydan beri, münafıkların bir resmî memuru elde edip bütün desiseleriyle yaptıkları hücum en küçük bir şakirdi sarsmadı. O iftiraları hiç hükmündedir… böylelerden böyle iftiralar, binden bir tesiri bize olmadığı gibi, inşâAllah daire-i Nur'a da zararı olmayacak." (Şualar s. 410))
Bədiüzzamanın və ətrafında olan iman əhlinin çətinliklərə, böhtan və məkrli planlara qarşı göstərdikləri davranış bütün müsəlmanların özlərinə nümunə götürməsi lazım olan saleh və təvəküllü mömin davranışıdır. Allah Quranda Peyğəmbərimizin (s.ə.v) timsalında bütün müsəlmanlara, inkarçıların tələləri qarşısında necə davranmaları lazım olduğunu belə xatırlatmışdır:
Səbir et! Sənin səbrin ancaq Allah`dandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir. (Nəhl surəsi, 127-128)