Böhtan və iftira mənəviyyatı zədələnən, bir-birinə qarşı düşmənçilik, kin, ədavət və nifrət bəsləyən və ya başqaları ilə rəqabət aparan bəzi yalançı və vicdansız insanların digər insanlara ziyan vermək məqsədilə istifadə etdiyi üsullardan biridir. Böhtanın böyük miqyasda atılan iftiradan tutmuş adi insanların gündəlik söz-söhbətinin içinə qatdığı xırda dedi-qoduya qədər bir çox növləri var. Böhtan, eyni zamanda, dindən uzaq olan, Allah`ın əmr etdiyi gözəl əxlaqı yaşamayan cəmiyyətlərdə insanların geniş şəkildə istifadə etdiyi yollardan biridir. Bu kitabı oxuyan insanların böyük bir qismi də kiçik və ya böyük böhtana məruz qalmış yaxud da başqalarına böhtan atılmasına dəfələrlə şahid olmuşdur.
Ancaq bu kitabın mövzusu cahil cəmiyyətdə insanların bir-birinə qarşı istifadə etdiyi sadə böhtanlar deyil. Bu kitabda iftiranın fərqli bir növündən danışılır. Burada haqqında bəhs olunacaq böhtan dini inkar edənlərin iman gətirənlərə maddi və ya mənəvi zərər vermək məqsədilə tarix boyunca istifadə etdiyi böhtanlardır.
Quranda Allah`ın göndərdiyi elçilərin və onlar kimi dinə əməl etməyə dəvət edən əməlisaleh insanların hamısına keçmişdə mənfəətpərəstlik, dəlilik, özündənrazılıq, lovğalıq, oğurluq, zina kimi müxtəlif böhtanların atıldığı açıqlanır. Hz. Yusifin həyatında müsəlmanların məruz qaldığı bu cür böhtanlara tez-tez rast gəlmək olar. Hz. Musa, hz. Süleyman və hətta Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v.) öz qövmləri tərəfindən haqsız böhtanlara məruz qalmış elçilərdəndir. Eyni zamanda, hz. Məryəm, Peyğəmbərimizin (s.ə.v.) mübarək xanımı və Peyğəmbərimizin (s.ə.v.) yanında olan səhabələr də müxtəlif böhtanlara məruz qalmış müqəddəs insanlardır. Bu mübarək insanlar onlara qarşı yönəldilən böhtanları hər zaman nümunəvi bir səbir və təvəkküllə qarşılamış, inkarçıların bu təzyiqlərinə əhəmiyyət verməmiş, Allah`ın əmr etdiyi əxlaqı yaşamağa və insanları doğru yola dəvət etməyə davam etmişdilər.
Şübhəsiz ki, bütün müsəlmanlar peyğəmbərlərin və mübarək insanların bu qərarlı davranışlarından nümunə götürməlidir. Allah Quranda: "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?" (Bəqərə Surəsi, 214) deyə bildirir. Yəni bütün müsəlmanların onlardan əvvəl yaşamış möminlər kimi böhtanlara məruz qalması və Quran əxlaqından uzaqlaşması üçün mənəvi təzyiq görməsi Allah`ın bir qanunudur. Allah başqa bir ayədə bütün möminlərə inkarçılardan ağır və əziyyət verici sözlər eşidəcəklərini, can və malları ilə imtahan ediləcəklərini də bildirir:
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib Allah`dan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir.(Ali-İmran surəsi, 186)
Məhz bu cür hadisə ilə qarşılaşan hər bir səmimi və ixlas sahibi olan mömin keçmişdəki möminlərin səbrini, təvəkkülünü, səmimi və qərarlı davranışını özünə nümunə götürməlidir. Buna görə də özündən əvvəlki müsəlmanların başına gələn hadisələr onun başına gələndə də qətiyyən çaşmaz, üzülməz və əsla ümidsizliyə qapılmaz. Hətta ona böhtan atanları heyrətə gətirəcək qədər böyük şövq və nəşə içində olar.
Başqa möminə böhtan atılanda da möminlər bunu səbir, təvəkkül və şövqlə qarşılayarlar. Böhtana məruz qalan qardaşları böyük bir səbir göstərəndə dünyada Allah`ın rəhmətini və ehsanını qazanacağına, axirətdə isə Rəbbinin rizası və cənnəti ilə mükafatlandırılacağına ümid edərlər.
Möminlərə atılan böhtanların əhəmiyyətli bir tərəfini qeyd etmək də faydalı olardı. Digər böhtanlardan fərqli olaraq müsəlmanlara atılan böhtanlarda "palçıq at, izi qalsın" məntiqi öz təsirini itirir. Buna misal olaraq keçmişdə ən ağır böhtanlara məruz qalan peyğəmbərlərin və elçilərin üzərində bu böhtanların heç bir təsirinin qalmadığını göstərə bilərik. Məruz qaldıqları bu böhtanlara baxmayaraq, bu mübarək insanların nə qədər təmiz və gözəl əxlaqlı insanlar olduqları ortaya çıxmışdır. Yeri gəlmişkən, zina iftirasına məruz qalan hz. Məryəm və hz. Yusif bütün dünyada namus simvolu kimi tanınırlar. Qardaşlarının oğurluq böhtanına məruz qalmış hz. Yusifin nə qədər etibarlı insan olması isə o, hələ həyatda ikən məlum olmuş və bütün Misirin xəzinələri onun ixtiyarına verilmişdi.
Bütün bunlar bizə çox əhəmiyyətli bir həqiqəti göstərir. Allah`ın izni ilə möminlərin əleyhinə qurulan hər plan hələ işin başında pozulur, atılan hər bir böhtan da boşa çıxır. Möminlərə deyilən hər incidici söz geri - bu sözü deyənə dönərək əzab dolu əvəzi ilə birlikdə söylənmişdir. Başqa sözlə, möminlər əleyhinə deyilən hər bir söz, edilən hər bir davranış və hər bir zülm bunu edən insanın dünyada və axirətdə mütləq şiddətli bir peşmançılıq yaşamasına, bərpası mümkün olmayan, içini yandıran, ona əzab verən sıxıntı ilə qarşılaşmasına səbəb olacaq. Allah elçilərinə və əməlisaleh qullarına edilən haqsızlıqların qarşılığını Quranda belə bildirmişdir:
Allah`ı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır! Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərilərinə böhtan və açıq-aydın bir günah götürmüşlər! (Əhzab surəsi, 57-58)