Allah Hz.Adəmdən əvvəl mələkləri və cinləri yaratmışdı. Onlar Allah`ı vəsf və mədh etməklə təsbih edirdilər. Allah sonra ilk insan olan Hz.Adəmi yaratdı və mələklərə ona səcdə etmələrini əmr etdi.
Mələklər Allah`ın əmrinə qəlbən itaət edərək Hz.Adəmə səcdə etdilər. Lakin mələklər arasında yer alan və cinlərdən olan İblis Allah`ın bu əmrinə qarşı çıxaraq Ona üsyan etdi. Çünki İblis özünün Hz.Adəmdən daha üstün olduğuna inanırdı. İblis bu təkəbbürünə görə ondan «Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?» («Səd» surəsi, 75) soruşan Allah`a belə cavab vermişdi:
«Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmİsan!» («Səd» surəsi, 76).
Allah`ın əmri qarşısında belə itaətsizliyə cürət edən İblis Allah tərəfindən lənətlənmiş və o, əbədi cəhənnəm əzabına layiq görülmüşdür.
İblisin Allah`a qarşı çıxmasına səbəb olan amil onun «təkəbbürü» və ya başqa sözlə desək, «özünü üstün hesab etməsi» idi. İblisin həmin lovğalığını ortaya çıxaran ən böyük səbəb onun nəfsində gizlədiyi bir xüsusiyyət idi «ənaniyyət», «təkəbbür»...
Ərəb dilindəki «ənaniyyət» termini «mən» mənasında olan «ənə» sözündən əmələ gəlmişdir. Bir insanın özünə sərbəst şəkildə mənlik hissi verməsi, həm özünün, həm də ətrafında olanların varlığının Allah`dan heç bir asılılığının olmamasını iddia etməsi onun öz hərəkət və davranışlarını, baxışlarını və fikirlərini həmin düşüncə əsasında formalaşdırıb tənzimləməsi deməkdir.
Təkəbbür də ənaniyyətin təzahürlərindən biridir. Əgər bir insan həyatda bircə dəfə də olsa özünü mühüm şəxs kimi hiss edərsə, həmin insan Allah`ın ona verdiyi imkan və xüsusiyyətlər sayəsində qİsa müddət ərzində təkəbbürlülük psixologiyasına düşər.
Belə bir insan özünü hər zaman ön planda, ən yüksək mövqedə görməyə və göstərməyə başlayar. Quranın ifadəsi ilə desək, belə azğın vəziyyətdə olan insan özünə tanrılıq xüsusiyyəti vermiş olur.
Bu səbəbdən də ənaniyyət və bununla bağlı olan təkəbbürlülük və lovğalıq Allah`a şərik qoşmaqla və küfr etməklə eyni tutulmuşdur. Belə ki, İblisin bu xüsusiyyəti Quranda «Səd» surəsinin 74cü ayəsi ilə bildirilmişdir: «...təkəbbür göstərdi və kafirlərdən oldu» («Səd» surəsi, 74).
İblisin Hz.Adəmə səcdə etmək əmri alan zaman ortaya çıxan təkəbbürü onun əbədi əzaba düçar olmasına səbəb olmuşdur. Bu hal lovğalıq və təkəbbürlülüyün həmin kimsə üçün necə böyük bir təhlükə olduğunu göstərməyə kifayət edir.
Təkəbbürlülük və lovğalıq şeytanın xarakterinin ən başlıca xüsusiyyətidir. Bu səbəbdən də «ənaniyyət» hissi və bundan doğan təkəbbürlülük bütün azğınlıqların əsas qaynağı və təməlidir. Həmin xüsusiyyətlər milyonlarla insanı tarix boyunca sonsuz cəhənnəm oduna saldığı kimi bu gün də saysızhesabsız insanın mənlik hissini təhlükə altında qoyur və onları İblisin yoluna çəkir.
Təkəbbürlü və lovğa olan, yəni özünə xüsusi bir mənlik hissi verərək Allah`a qarşı haqsız olaraq təkəbbürlülük göstərən, Onun qarşısında nə qədər aciz olduğunu bilməyən, Onun ayələrindən üz döndərən hər bir insan şeytanın bu hiyləsinə düşməyə məhkumdur. Əlinizdə olan kitabın əsas məqsədi də təkəbbürlülüyü və təkəbbürlülük hissinə tutulanların xüsusiyyətlərini Quranda bildirilən şəkildə hər baxımdan üzə çıxarmaq, lovğalığın və təkəbbürlülüyün öz təsiri altına salmağa çalışdığı hər bir insanı bu mənfi təsirdən təmizlənməyə və çəkinməyə dəvət etməkdir.
Bu səbəblə də lovğa və təkəbbürlü insanların bütün kitab boyunca ayələrdə qeyd olunan halları onların ən əsas xüsusiyyəti olan «ənaniyyət» anlayışı çərçivəsində incələnib nəzərdən keçiriləcək.
Ümidvarıq ki, bu kitab onu oxuyanların İblisə aid bu xüsusiyyətlərdən uzaq olmaları üçün bir xəbərdarlıq və nəsihət olacaq.