Qurandan Gözəl Bir Nümunə: Hz. Məryəm Xarakteri

Quranda Allah, hz. İsa (ə.s)-ın anası olan hz. Məryəmi yalnız Özünə yönələn bir qul kimi nümunə verir. Hz. Məryəm, dünyaya gəlmədən əvvəl anası tərəfindən yaxşı qul olması və bütün dünyəvi bağlardan qurtulmuş olması istəyi ilə Allaha nəzir edilir:

Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini hər cür bağlılıqdan xilas edilmiş qul olması üçün Sənə nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”. (Ali İmran surəsi, 35)

Belə mühüm bir istəklə Allaha nəzir edilən hz. Məryəmlə əlaqədar Qurandakı digər ayələr, Allahın hz. Məryəmin anasının bu duasını qəbul etdiyini göstərir. Ali İmran surəsində hz. Məryəmin olduqca gözəl və təmiz əxlaqla yetişdirildiyi belə bildirilir:

Bundan sonra Rəbbi onu gözəl şəkildə qəbul etdi və onu gözəl bir bitki kimi yetişdirdi... (Ali İmran surəsi, 37)

Allah, hz. Məryəmi seçdiyini və onu üstün etdiyini isə, belə bildirir:

Mələklər: "Məryəm, həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi," demişdi. (Ali İmran surəsi, 42)

Həmçinin Quranda hz. Məryəmə, Allaha sidq-ürəkdən boyun əyən, itaətkar, Allahın əmrlərinə tabe olan bir insan olması əmri verildiyi də bildirilir:

"Məryəm, öz Rəbbinə sidq-ürəkdən itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get." (Al-i İmran surəsi, 43)

Hz. Məryəm həyatının müəyyən dövründə ailəsindən ayrılaraq şərq tərəfində bir yerə çəkilmişdir:

Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmişdi. (Məryəm surəsi, 16)

Burada yalnız yaşayan hz. Məryəm, bir möcüzə olaraq hz. İsa (ə.s)-ın doğuş xəbərini də bu vaxt almışdır. Cəbrayıl vasitəsilə özünə hz. İsa (ə.s)-ın doğumu müjdələnmişdir:

Mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir. O, dünyada və axirətdə seçilmiş, hörmətli və şərəflidir". (Ali İmran surəsi, 45)

Hz. Məryəm, Allahdan bir möcüzə olaraq, özünə heç bir insan əli toxunmadan hz. İsa (ə.s)-ya hamilə qalmış və sonra tənha bir yerdə tək başına hz. İsa (ə.s)-ı dünyaya gətirmişdir (Məryəm surəsi, 20). Allahın özü üçün müəyyənləşdirdiyi taleyə sidq-ürəkdən boyun əyən hz. Məryəm, bu hadisələrdən sonra qövmü tərəfindən özünə atılan bütün böhtanlar qarşısında təkcə Allaha təvəkkül edib Ona sığınmışdır. Quranda hz. İsa (ə.s)-ın doğumundan əvvəl və sonra meydana gələn möcüzəvi hadisələri qavraya bilməyən bu qövmün, hz. Məryəmə yönəlmiş ağır ittihamları və incidici sözləri belə bildirilir:

Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”. (Məryəm surəsi, 27-28)

Başqa bir ayədə isə, qövmün inkara sapmış olduğu və hz. Məryəm haqqında böyük yalanlar və böhtanlar ortaya atdığı belə bildirilir:

Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük böhtan atdıqlarına görə… (Nisa surəsi, 156)

Allah, hz. İsa (ə.s)-ı götürüb qövmünə geri qayıtmasını istədikdə hz. Məryəm Allahın əmrinə razı olmuş və insanların özü üçün nə düşünəcəklərini, barəsində nə cür böhtanlar atacaqlarına əhəmiyyət vermədən Allahın əmrinə tabe olmuşdur. Açıqlaması olduqca çətin bir hadisə içində olmasına baxmayaraq, bunu bəhanə gətirməmiş və özündən istəniləni tam şəkildə yerinə yetirmişdir. Özü barəsində qövmünün atdığı bütün ittihamlara əsil müsəlmana yaraşan şəkildə cavab vermişdir. Allahı unudub insanları ilahlaşdıran (Allahı tənzih edirik) cahillərdən çox fərqli əxlaqa sahib olduğunu, Allahın əmrlərinə tabe olaraq və insanların öz haqqındakı düşüncələrinə əhəmiyyət verməyərək göstərmişdir. Allah Quranda hz. Məryəmin həyatından verdiyi bu nümunə ilə insanlara mühüm hikmətlər göstərir. Çünki hz. Məryəm dünyada heç kimin başına gəlməmiş, bənzəri olmayan, möcüzəvi bir hadisə ilə imtahan edilmişdir. Olduqca çətin və səbir tələb edən bir mühitdə insanların təzyiq və böhtanları qarşısında gözəl səbir göstərmişdir. Bütün bunların nəticəsində isə, Allah hz. İsa (ə.s)-ı hələ beşikdə olarkən danışdıraraq anasını, insanların böhtanlarından təmizə çıxartmışdır.

Eynilə hz. Məryəm kimi, sidq-ürəkdən Allaha bağlı olan hər insan mütləq Allahın himayəsi altındadır. İnsanlar özü barəsində hər nə danışsalar və ya hər nə düşünsələr də, bunların Quran əxlaqını yaşayan bir insan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki eynilə hz. Məryəm nümunəsində olduğu kimi, əhəmiyyətli olan möminlərin Allah qatındakı mövqeləridir.

Hz. Məryəmin Istəyi Yalnız Allahın Rizasını Qazanmaq Idi

Adnan Oktar: Hz. Məryəm tərtəmiz, dəyərli bir anamızdı, maşaAllah. Bütün aləmlərə nümunədir, bütün aləmlərin qadınlarından üstün yaradılmışdır. Çox mübarək bir varlıqdır. Bildiyiniz kimi, bir pərdə çəkdi, tamamilə özünü Allaha təslim etdi, nə evlilik, nə avtomobillər, nə evlər, nə də gələcək ardınca qaçırdı. Sadəcə bütün arzusu, bütün məqsədi Allahın rizasını qazanmaqdı, bütün fikrini buna cəmləşdirmişdi. (23 mart 2010, www.HarunYahya.tv müsahibəsindən)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • "Giriş: İnsanlara Tapınma Dini" Nədir?
  • İnsan Allaha Qulluq Etmək Üçün Yaradıldı
  • Şirk Qoşan Bir Cəmiyyət Hansı Vəziyyətə Düşər?
  • Bəzi Insanları Bu Batil Dini Yaşamağa Sövq Edən Yanlış Məntiqlər
  • İnsanlara Tapınma Dininin, "Desinlər"və "Deməsinlər" Qanunları
  • Qurandan Gözəl Bir Nümunə: Hz. Məryəm Xarakteri
  • İnsanlara Tapınma Dinindən Xilas Olmaq Üçün Düşünmək
  • Təkamül Yalanı