İnsanlara tapınma dininin əsas qanunları, "desinlər" və "deməsinlər" məntiqləri üzərində qurulmuşdur. Bu qanunların təməlində isə, insanların rizasını axtarma, özünü qarşı tərəfin özündən istədiyi bir həyat tərzi və şəxsiyyət yaşamağa məcbur hiss etmə kimi yanlış düşüncə tərzi var. Digər bir sözlə, bu yanlış məntiqlə hərəkət edən bir insan artıq öz azad vicdanından və ağlından istifadə edə bilməz. Çünki insanların tərifi, diqqəti, sevgisi, yaxınlıq və dostluğu üçün, həmişə xarakter dəyişdirmək məcburiyyətində qalar. "İnsanlar mənim barəmdə belə desin", "heç kəs mənim barəmdə belə düşünməsin" kimi düşüncələr ağlını işlətməsinə mane olar və ətrafındakı bütün insanları ayrı-ayrılıqda razı salmağa çalışmaq kimi, nail ola bilməyəcəyi bir şey naminə səy göstərməsinə səbəb olar. Vicdanının səsinə qulaq asdıqda çox doğru olduğunu gördüyü, hətta doğruluğundan az da olsa şübhələnmədiyi mövzularda belə, doğru olan əvəzinə cəmiyyətin tələbinə görə yaşamaq məcburiyyətində qalar. Halbuki Quranda Allahın rizasını qazanmaq məqsədi güdməyən bir həyat tərzinin, bu həyat tərzini yaşayan insanı Cəhənnəmə apara biləcəyi belə bildirilir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Ayədə bildirilən açıq-aydın həqiqətə baxmayaraq, bu gün din əxlaqından uzaq cəmiyyətlərdə Allahın rizasını qazanmağın əhəmiyyəti demək olar ki, tamamilə unudulmuşdur. İnsanların böyük hissəsi özlərini Allah əvəzinə insanlar qarşısında məsul və asılı hala gətiriblər. Bunun təməlində yatan səbəblərdən biri isə, insanların bitməyən öyünmə və göstəriş arzusudur.
İnsan nəfsi təriflənmək və digər insanlara göstəriş etmək istəyər. Allahın yaratdığı bir qul olduqlarını və Onun verdikləri sayəsində yaşadıqlarını dərk etməyən insanlar, başqalarından gələcək tərif dolu sözlər, əlindəkilərlə qarşılarındakı insanlara göstəriş edib nəfsani üstünlük əldə etməyə çox əhəmiyyət verərlər. Cahilcəsinə bunlara öz gücləriylə sahib olduqlarına və istədikləri qədər əllərində tuta biləcəklərinə inanırlar (Allahı tənzih edirik). Quranda bu yanlış ruh halıyla əlaqədar bağ sahibi bir insan nümunə verilir:
Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 34-36)
Ayələrdə də bildirildiyi kimi, bu insan əlindəki bağın əsil sahibinin özü olduğunu düşünərək özünə görə göstəriş edir. Əlindəki torpaqların sonsuzadək öz əlində qalacağını zənn edir. Halbuki buna Allah hökm verəcək. Allah o bağın və sahibinin taleyində nə müəyyənləşdiribsə o olacaq. Allahdan başqa heç bir varlığın, yaşanacaqları dəyişdirməsi qeyri-mümkündür. Lakin imansız bağ sahibi bu həqiqətdən xəbərsiz olduğundan, cahil təlqinlərlə düşünür və sahib olduqlarıyla öyünür. Tale həqiqətini heç düşünməyərək istər bağı, istərsə də öz gələcəyi barəsində təxminlər edir. Bunları edərkən də, məqsədi, güman ki, insanları zənginliyi vasitəsilə cəzb etmək və onların təriflərini toplamaq ola bilər. Bütün bunları Allahın rizasını qazanmaqdan daha üstün tutduğu üçün, Allah bu insanın bağını böyük fəlakətlə darmadağın etmiş və geridə öyünəcəyi, göstəriş edəcəyi bir mülk qoymamışdı. Bağ sahibi başına gələn hadisələr nəticəsində qəflət yuxusundan oyanmış və günahının Allahdan başqa ilahlar qəbul etmək olduğunu anlamışdır. Quranda bu vəziyyət belə bildirilir:
Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” (Kəhf surəsi, 42)
Quranda bildirilən bu nümunədən də aydın olduğu kimi tərif və nümayişə əsaslanan bir həyat tərzi, imansız biri üçün nəfsani bir istəkdir. Bu insanlar dünyanın yaranma məqsədinin, insanların bir-birləri arasında öyünmələri, göstəriş etmələri, mal-dövlət cəhətdən zənginləşmə kimi dəyərlər olduğunu zənn etdiklərindən bunları əldə etdiklərində qazanc əldə edəcəklərini zənn edərlər. Allah başqa ayələrində bu yanlış məntiqə sahib insanları belə xəbər verir:
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz. (Təkasur surəsi, 1-2)
Halbuki həqiqətlər çoxluq təşkil etməyi üstünlük hesab edən bu insanların zənn etdikləri kimi deyil. Allah dünyanı insanların bir-birlərinə qarşı nəfsani mövzularda üstünlük qazanmaları üçün deyil, Özünə ibadət etmək məsələsində hansının yaxşı işlər görəcəyini sınamaq üçün yaratmışdır. Mülk surəsində belə buyurulur:
O, əməl baxımından hansınızın daha yaxşı olacağını sınamaq üçün ölümü və həyatı yaratdı... (Mülk surəsi, 2)
Bundan ötrü də, əsil zövq alınacaq, xoşbəxt olub seviniləcək hadisələr, Allahın rəğbətini qazanmaq məqsədiylə görülən işlərdir. Çünki insanı əsasən imanın gətirdiyi sevinc qane edə bilər. Başqa şey insanı, çox qısa müddət və axirətdə zərər gətirmək surətiylə müvəqqəti qane edə bilər.
Lakin bəzi insanlar, haqq din əxlaqını yaşamaq əvəzinə, Allahdan başqa varlıqları ilahlaşdıran (Allahı tənzih edirik) insanlara tapınma dini içində yaşamağı seçərlər. Bundan ötrü də, gördükləri bütün işlər bu yanlış təməllərə əsaslanar. İnsanlar artıq həyatın istənilən anında başqa insanlara göstəriş etmək, özlərinə verilənlərlə onları qısqandırmaq kimi rəftarlar göstərirlər. Halbuki göstəriş etmək insana maddi və mənəvi cəhətdən böyük sıxıntı verər. Bədənini və zehnini yorar. Bununla yanaşı, insanı fitrətindən azdıraraq, sərt, qatı, həris, kinli, səmimiyyətsiz və saxtakar ruh halına yönəldər. Hətta bu elə hal alar ki, insan səmimiyyətlə yerinə yetirməli olduğu ibadətlərini belə, başqaları onun barəsində etiqadlı, inanclı müsəlmandır desinlər deyə etməyə başlaya bilər. Allah Quranda bu batil dini yaşayan insanların namazlarını başqa insanlara göstəriş üçün, qıldıqlarını belə bildirmişdir:
Vay halına namaz qılanların o şəxslərin ki, onlar namazlarında yanılırlar. Onlar göstəriş edirlər. (Maun surəsi, 4-6)
Bu insanlar eynilə 5 vaxt namaz kimi, Quranda bildirilən və "ehtiyac sahibi olanlara öz ehtiyaclarından artıq qalanı vermə", yəni infaq ibadətindən də göstəriş, öyünmə kimi Allah rizası daşımayan məqsədlər üçün istifadə edərlər. Quranda malını göstəriş üçün infaq edənlərin vəziyyəti belə təsvir edilir:
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)
Ayələrdə bildirildiyi kimi, insan Allaha inandığı halda digər insanların rizasını qazanmağa çalışması, həmin insanın səmimiyyətinə xələl gətirər. İnsanı Allaha qarşı səmimiyyətsiz bir insane çevirər. İnsanların özü üçün nə deyəcəyinə əhəmiyyət verərək, inancını göstəriş, öyünmə kimi nəfsani duyğularla kirlətməsi onun qəlbini qatılaşdırar. Dünyadakı maraqları, mənafeləri üçün, yaşayan bir insana çevrilməsinə səbəb olar. İnsanı Allah qorxusunu itirmiş, Onun verəcəyi əzabdan xəbərsiz birinə çevirər. Bundan sonra da Allah rizası üçün göstərməli olduğu bir çox gözəl əxlaq xüsusiyyətini, bir ticarət mövzusu kimi, özünə dünyəvi mənfəətlər təmin etməsi və qarşısına bəzi fürsətlər çıxartması üçün istifadə etməyə başlayar. İnsanlara tapınma dinində bütün insanlar bu qanunlar əsasında yaşayar. Sonrakı sətirlərdə bu çürük məntiqlərdən gündəlik həyatdan nümunələr gətirilərək danışılacaq.
Cahil cəmiyyətdə insanlar özlərini həmişə; "insanların deyəcəkləri, dedikləri, deməli olduqları" məntiqlərindən asılı halda yaşamaq məcburiyyətində hiss edərlər. Bunun nəticəsində isə, Allahı düşünməkdən və gözəl əxlaqdan uzaqlaşarlar. Düşüncələri, din əxlaqının və dinin gətirəcəyi rahatlıqdan uzaqdır. Böyük qarışıqlıq və çəkişmələrin hökm sürdüyü doğruların və yanlışların bir-birinə qarışdığı bir mühitə düşərlər.
Bu yanlış məntiqə görə hakimiyyət və qanun qoyma səlahiyyəti yalnız insanların əlindədir. Allahın əmr və qadağaları insanların həyatından tək-tək çıxardılmışdır. Bundan ötrü də, haqq din əxlaqının əsaslarını həyatına daxil edən, Allah rizasından başqa heç bir qüvvənin qənaətinə əhəmiyyət verməyən bir insan, dərhal diqqət çəkər və cahil insanların mənfi rəftarlarıyla qarşılaşar. Lakin, əlbəttə ki, səmimi bir insan bu mənfi rəftarlara qətiyyən əhəmiyyət verməz, çünki tək məqsədi dünyada Allahın rizasını qazanmaqdır.
Lakin insanlara tapınma dininin "insanlar nə deyər, nə danışar, nə düşünər" kimi meyarları, imanı zəif bəzi insanları da öz təsiri altına ala bilər. Bu isə, Quran əxlaqını tam yaşaya bilməmələrinə, anlayış və rəftar etibarilə əsil müsəlmanlardan çox, bu batil dinin mənsublarına bənzəmələrinə səbəb olar. Bu insanlar "həyatın həqiqətləri" yalanının güclü təsiri altında, həyatları boyu dini tam mənimsəmədən azğın anlayış içində yaşayarlar. Quranda imana qarşı qəlblərində xəstəlik olan bu insanların vəziyyəti belə bildirilir:
Onlar tərəddüd edir, nə bunlara, nə də onlara (nə möminlərə, nə də kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən. (Nisa surəsi, 143)
Yoluxucu bir xəstəlik kimi insanları təsiri altına alan bu batil din, zəif iradə və xarakterə sahib bu insanları, Allahı zikr etməkdən, Onun rizasını güdməkdən uzaqlaşmış insan kütlələrinə çevirər. Lakin sahib olduqları bu yanlış anlayış, çoxluğun təsiriylə özlərinə o qədər məqbul görünür ki, bundan xilas olmaq üçün, səy göstərməyə belə ehtiyac duymazlar.
Bundan ötrü də, istər öz mənsublarını, istərsə də zəif imana sahib bəzi insanları təsiri altına alan bu batil dinin təməl məntiqlərini nümunələrlə izah etməkdə fayda var. Beləliklə də, insanlar içində olduqları yanlış ruh halını analiz edə biləcək və səmimi olanlar bu batil dindən Allahın icazəsiylə xilas ola biləcəklər. Sonrakı səhifələrdə, insanlara tapınma dinindəki "desinlər" məntiqinin meydana gətirdiyi yanlış qəliblərdən bəzilərini nümünələrlə göstərəcəyik.
Quranda gözəl əxlaqlı olmağın əhəmiyyəti bir çox ayədə vurğulanır. Peyğəmbərlərin gözəl və mülayim xasiyyətli olduqlarından, pisliyə yaxşılıqla cavab verən, səbirli, dözümlü, Allah qorxuları böyük insanlar olduqlarından bəhs edilir. Məsələn, hz. İbrahim, sidq-ürəkdən Allaha üz tutmuş, gözəl əxlaqıyla önə çıxmış bir peyğəmbər olaraq belə tanıdılır:
Həqiqətən, İbrahim həlim xasiyyətli, həssas və sidq-ürəkdən Allaha üz tutmuş bir şəxs idi. (Hud surəsi, 75)
Bütün peyğəmbərlərin və saleh möminlərin əxlaqlarının təməlini, Allaha olan dərin təslimiyyət meydana gətirir. Möminlər, yalnız Allaha ibadət edən, Onun rizasından başqa heç bir varlığın rizasına dəyər verməyən insanlardır. Əsil əhəmiyyətli şey bütün kainatın yaradıcısı olan Allahın bəyəndiyi gözəl əxlaqa sahib olmaqdır. Bundan ötrü də, gözəl xasiyyətli olmalarının təməlində də Allahın rəğbətini qazanmaq məqsədi yatır. Halbuki cahil insan üçün, sistem bunun tam əksinə işləyir. İnsanlara tapınma dinini yaşayan bir insan, qanunlarını əzbər bildiyi bu batil dinin tələblərini yerinə yetirərək, öz deyimləri ilə; "insanların nəbzinə görə şərbət verərək" yaşamağın doğru olduğunu zənn edər. Yaxşı xasiyyətli bir xarakter göstərsə belə, bunun təməlində, diqqətlərini cəlb etmək istədiyi insanların rizası, əldə etmək istədiyi maddi dəyərlər kimi yenə öz xüsusi maraqları var.
Bu məqsədlərinə nail olmaq və istədiyi mənfəətləri əldə etmək üçün də, əlindən gələn ən böyük səyi göstərər. Demək olar ki, heç bir səhv etməyəcək qədər gözəl xasiyyətli olar. Məsələn, olduğu mühit tələb edirsə, kasıblara kömək edər, mərhəmət nümayiş etdirər, dürüstlüyün bəşəroğlu üçün nə qədər əhəmiyyətli fəzilət olduğunu ətrafına izah edər. Təvazökar şəxsiyyət nümayiş etdirər. Pisliyin insanlara necə böyük zərərlər gətirdiyini vurğulayan danışıqlar edər. Olduqca şən, sevgi dolu və səbirli görünər. İnsanlar da bu görünüş qarşısında ona güvənər, sevib özlərinə dost tutarlar. Nə qədər yaxşı xasiyyətli insan olduğunu ətrafındakı digər insanlara çatdırar. Nə cür yardımlar göstərdiyindən, kasıb bir uşaq gördükdə nə qədər mərhəmətli davrandığından, yoldakı yaşlı insana necə hörmət göstərdiyinə qədər etdiklərini tək-tək çatdırar. Yolda tapdığı pulqabını polis şöbəsinə təslim etdiyini, ayağı ağrımasına baxmayaraq, avtobusdakı yerini hamilə bir qadına verdiyini, gec vaxtadək işdə qalıb çalışmış olmasına baxmayaraq, ertəsi gün tam vaxtında işinə gəldiyini və yorğunluğunu qəti hiss etdirmədiyini dildən-dilə çatdırar. O insan da sırf insanlar özü barədə; "gözəl xasiyyətlidir, çalışqandır, mərhəmətlidir, dürüstdür" desinlər deyə bunları böyük fədakarlıqla edər.
Başqa biri isə, bayram günlərində qocalar evinə gedərək oradakı insanlara kiçik hədiyyələr verər. Kimsəsiz uşaqlar üçün, inşa edilən körpələr evinə müxtəlif əşyalar hədiyyə edər. Sonra bu etdiklərinə başqa insanların şahid olması üçün, yaxın ətrafında münasib şəkildə bu etdiklərindən danışar. Sanki özün reklam edər. Yaxud bir xəstəxananın müəyyən hissəsinin yenilənməsi üçün, yüksək miqdarda pul bağışlayar.
Əlbəttə ki, buraya qədər verdiyimiz nümunələr həqiqətən gözəl davranışlardır. Lakin unudulmamalıdır ki, bütün bunlar ancaq Allah rizası üçün edildiyi təqdirdə, məna daşıya bilər. Əgər insanlar tərəfindən təriflənmək, alqışlanmaq və "yaxşı insandır, comərddir, vicdanlıdır" demələri kimi niyyətlərlə edilərsə, bu təqdirdə qısa dünyəvi mənfəətdən başqa insana təmin edəcəyi qazanc da olmaz. Çünki şərtlər çətinləşib, insan bu xasiyyətlərindən ötrü zərər görməyə və ya qarşılıq görmədiyini anlamağa başlayanda bu yaxşı davranışlarını dərhal tərk edə bilər. Lakin Allah rizası üçün edilən hərəkətlər əbədi olar, heç bir şərtə və mühitə bağlı olmadan davam etdirilər.
Üstəlik, insanın səhvindən imtina edib niyyətini düzəltməsi olduqca asandır. İnsanlara tapınma dininə itaət etməyin, özünə ziyandan başqa bir şey gətirməyəcəyini anlayan insanın tək etməli olduğu şey tövbə edib, Allahın rizasını qazanmağa niyyət etməsidir. Bu, bir anlıq bir qərardır və o andan sonra insan niyyətini pozmadıqca etdiyi gözəl əməllər də hədər getməz və özü üçün mükafat olaraq Allah Qatında yazılar. Əhəmiyyətli olan insanın Allahdan qorxması və Onun istəklərini yerinə yetirməyə niyyət etməsidir.
İnsanın Allahın qüdrətini tanıma və Ondan lazımınca qorxma məsələsində qətiyyətli olması da çox əhəmiyyətlidir. Çünki Allah qorxusu olmayan bir insanın nə edəcəyi, nə kimi qərarlar verəcəyi məlum deyil. Bu insan, yaxşılıq etdiyi halda, mənfəətinə uyğun gəlsə bir anda pis xasiyyətli bir insana çevrilə bilər. Bu davranışından ötrü Allahdan pis bir qarşılıq alacağını ağlına gətirməz. Bir həftə tam fərqli bir xarakter göstərdiyi halda, ikinci həftə o xarakterindən əsər-əlamət qalmaya bilər. İnsanlara tapınma dininin qanunlarının tələbindən ötrü, pisliyə pisliklə, ədalətsizliyə ədalətsizliklə cavab verməyə başlaya bilər. İnandığı batil dinin mərhəmətsiz qanunlarını özü də tətbiq etməyə başlayar. Çünki daha əvvəl də söylədiyimiz kimi, bu batil dində guya ilah qəbul edilən və rizası güdülən, yalnız insanlar olduğundan (Allahı tənzih edirik) vicdan mexanizmi də insanlara uyğun şəkildə işləyər. Bundan ötrü də, Allahın insanlardan hansı əxlaq istədiyinin heç bir əhəmiyyəti olmaz. Halbuki müsəlmanlar qarşılarında pislik edən, ədalətsizcə hökm verən insanlara, mərhəmətsiz, zalım, vicdansız kəslərə də, gözəl əxlaqla cavab verərlər. Heç bir şərtdə Allahın razı olacağı gözlənilən gözəl davranışlardan imtina etməzlər.
Dolayısilə iman edənlərin gözəl əxlaqında heç vaxt fərqliləşmə və ya geriləmə olmaz və onlar həmişə etidallı və insaniyətlidirlər. Çünki onların yaşama məqsədi, Allahın sevdiyi bəndələrdən olmaq təməli üzərinə qurulmuşdur. Allah Quranda bu əxlaqı insanlara belə bildirir:
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Axirət yurdu onlar üçündür. (Rad surəsi, 22)
İnsanlara tapınma dinində insanların zənginliklərinə çox əhəmiyyət verilir. Bu batil dinə görə zənginlik güc deməkdir. Bu gücü əlində saxlayan da, cəmiyyətdə olduqca mühüm bəzi imtiyazlara sahib olmalıdır. Necə ki, ən zəngin insan ən çox rəğbətlə qarşılanan, ən çox dostu olan, ən qibtə ediləcək insan kimi xarakterizə olunar. Belə bir insan zənginliyin, guya bütün qapıları sonunacan öz üzünə açacağını zənn edər. Bundan ötrü də, cəmiyyətdəki bəzi insanlar bu istiqamətlərini ön plana çıxartmaq üçün ciddi səy göstərərlər. İnsanların özləri barəsində, necə də zəngindir və necə də pul xərcləməyi sevir deyə düşünmələri üçün bir çox cəhdlər edərlər. Əsla çəkinmədən zənginliklərini göstərəcək xərclər çəkərlər. İnsanların bu mövzudakı qənaətlərini olduqca gücləndirmək üçün, zənginliklərini vurğulayacaq geyim, avtomobil, ev kimi hər cür məsrəflərdə comərd və hətta bəzən bədxərc davranarlar. Evlərini, zənginlərin xüsusilə də “yüksək cəmiyyət” adlandırdıqları insanların dəyər verəcəyi ölçülərdə dekorasiya etməyə diqqət göstərərlər.
Bu insanlar həmin il dekorasiyada yaşıl rəngi üstün tutsalar, heç bəyənməsələr belə onlar da yaşıl rəngdən istifadə edər, qırmızı dəbdə olarsa qırmızını seçərlər. Heç bir istiqamətləriylə onlardan geri qalmaq istəməzlər. Bunu sanki bir qürur məsələsinə çevirərlər. "Desinlər, düşünsünlər" məntiqinin təsiri altında, bütün həyatlarını, zənginliklərini vurğulayacaq hərəkətlər edərək keçirərlər. Yay tətillərini həmin ilin ən dəbdəbəli tətil düşərgəsində, qış tətillərini isə, ən dəbdəbəli xizək mərkəzində keçirərlər. Uşaqlarını xaricdə oxudar, paltarlarını müəyyən ölkələrdən gətirdərlər. Yaşadıqları ətraflarında "onların da var" demələri üçün, ən bahalı yaxta alar, özləri minməsələr də, bir limanda bağlayıb insanlara sərgilərlər. Ən çox qısqandırmaq istədikləri insanları bu yaxtalarla gəzdirərlər. Ən bahalı içkiləri, ən bahalı yeməkləri təqdim edərək heç bir mövzuda onlardan geridə qalmadıqlarını yaxşı şəkildə vurğulayarlar.
Əlbəttə ki, insanın imkanı olduğu və zövq aldığı təqdirdə, yuxarıda sadaladığımız hərəkətləri etməsində problem olmaz, əksinə bunları həqiqi mənada istədiyi üçün edirsə, bunlar nemət və gözəllikdir. Lakin burada bəzi insanların sahib olduqları yanlış məntiqdən söhbət gedir. Belə insanların nail olmaq istədikləri tək məqsəd var: O da özləri barədə; "zəngindir, comərddir, pul xərcləməyi sevir" deyilməsidir. Bunları eşitmək, bu insanların nəfsani istəklərini təmin edər, əhvallarını yüksəldər və motivasiyalarını gücləndirər. Bunun əksi olsa, alt-üst olar, bütün əhval-ruhiyyələri korlanar, pessimizmə qapılar və heç nədən zövq ala bilməzlər. Halbuki eyni insanlardan, bu səyi din əxlaqının insanlara çatdırılması, Allaha iman edənlərin sayının artması üçün, göstərmələri istənilsə, böyük ehtimalla bu təklifi dərhal rədd edərlər. Çünki cahil bir məntiqlə hərəkət etdikləri üçün, Allahın rizasını qazanmaq, insanların rizasını qazanmaq qədər özlərinə cəlbedici gəlməz. Bunda dünyəvi mənfəət təmin edəcəkləri, yaşadıqları cəmiyyətin diqqətini çəkəcəkləri, onların tərifini qazanacaqları bir istiqamət tapa bilməzlər.
Halbuki insan axirət günü bütün sahib olduqlarını arxasında qoyacaq və Rəbbimizin hüzuruna tək-tənha çıxacaq. Rizalarına olduqca əhəmiyyət verdiyi, sanki ilah hesab etdiyi, gözlərinə girmək üçün əlindən gələn bütün səyi göstərdiyi insanları isə, arxasında qoyacaq. Bu insanlardan heç birinin, ona azacıq da olsa köməyi toxunmayacaq, özünü Allahdan qoruya bilməyəcəklər. Allah bu batil dinin mənsubu olan insanlara axirətdə qarşılaşacaqları vəziyyəti belə çatdırır:
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)
Bu batil dini yaşayan insanlar ümumiyyətlə gözəl, yaraşıqlı, zəngin və ya tanınmış olduğu üçün, bir insanın dostu olarlar. Onlar üçün bu insanın əxlaqının heç bir əhəmiyyəti olmaz. Məsələn, çox gözəl bir qızın dostu kimi tanınmaq üçün, onun bütün nazlarına göz yumar. Ətrafında göstəriş etmək, özü barədə, o qızın ən yaxın dostudur dedirtmək üçün səy göstərər. Onunla birlikdə görülmək üçün səy göstərər.
Eyni vəziyyət, zəngin biriylə dostluq edən bu cür düşüncəyə sahib insan üçün də keçərlidir. Onunla danışmaq və ya eyni masa başında əyləşmək, birlikdə gülmək, ona öz adıyla xitab edəcək qədər yaxın olması, özüylə zarafat etməsi, telefonla zəng etməsi, evinə gəlməsi və ya onun avtomobilinə minərkən insanlar tərəfindən görünməsi qürurunu oxşayar. İnsanların onun barəsində; "o zəngin insanın dostudur, necə də gözəl, necə də şanslıdır" dediklərini düşündükcə bunun dünyadakı ən mühüm uğurlardan biri olduğunu zənn edər. Həmin insanla dost olduğu üçün, özünü çox əhəmiyyətli biri kimi hiss edər. Bundan ötrü də, onun bütün nazlarına, bəzi hallarda zalımlığına və eqoistliyinə sırf insanlar "onun dotudur" demələri üçün, dözməyi gözə alar. Halbuki insan Allah rizası üçün dostluq qurmalıdır. Çünki insan axtardığı güc və qüruru, ancaq Allaha qulluq edərək qazana bilər. Quranda insanların axtardığı bütün güc və qürurun Özünə məxsus olduğunu Allah belə bildirir:
Möminləri qoyub kafirləri özlərinə dost tutanlar qüvvəti və şərəfi onlardamı axtarırlar? Halbuki qüvvət və şərəf tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)
Yuxarıda bəhs etdiyimiz məqsədlər güdülərək qurulan dünyəvi dostluqlarda isə, insan ancaq ziyana uğrayar və alçalmış olar. İnsanların diqqətini çəkmək, arxasından qibtəylə danışmalarını təmin etmək üçün, qurduğu bu dostluqlar heç bir gözləntisinə həqiqi mənada cavab verə bilməz. Qarşısındakı insan Quran əxlaqını yaşamadığı müddətcə ondan həqiqi dostluq, yaxınlıq, vəfa, sədaqət görə bilməz. Dünyada bəzi mənfəətlər əldə etmiş kimi görünsə də, Quran əxlaqından uzaq bir dost, insanın axirətdə böyük ziyana uğramasına səbəb olar. Allah bu həqiqəti Quranda belə bildirir:
Şübhəsiz ki, onları haqq yoldan azdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən! (Zuxruf surəsi, 37-38)
İnsan aciz bir varlıqdır və Allahın özü üçün müəyyənləşdirdiyi taledən kənara çıxması qeyri-mümkündür. Çünki kainatdakı hər şey Allahın müəyyənləşdirdiyi tale əsasında mövcudluğunu davam etdirər. Allah Quranda Qəmər surəsində; "şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq" (Qəmər surəsi, 49) ayəsiylə bu həqiqəti bildirir.
İnsan, Allah necə müəyyənləşdiribsə o cür də yaşaya bilər. Məsələn, harada hansı səhvi edəcəyi və ya harada uğur qazanıb harada uğur qazanmayacağı əvvəlcədən məlumdur və vaxtı gəldikdə bunları anbaan yaşayar. Hər nə tədbir görsə də, taledən kənara çıxa bilməz. Əgər Allah taleyində eyni səhvi 500 dəfə edəcəyini müəyyənləşdiribsə, hər nə etsə də, bu sayı nə artıra, nə də azalda bilər. Düz 500 dəfə eyni səhvi təkrarlayar. Belə olduğu halda, insanın hələ də həyatı boyu hər şeyin ən doğrusunu etdiyini, ən doğrusunu bildiyini iddia etməsi ağıllı düşüncə olmaz.
Lakin Allah inancı olmayan və bütün kainatın təsadüflər nəticəsində yaranması yalanına inanmış bir insan, bu açıq-aydın həqiqəti qəbul etməz. Bunun bir nəticəsi olaraq da, insanlara təsir göstərməyin öz əlində olduğunu düşünər. Bu yanlış inanc onu, özünü insanlara isbat etmək üçün, böyük səy göstərməsinə sövq edər. Elə ağıllı şəkildə hərəkət etməlidir ki, hər kəs hər şeyin ən doğrusunu onun bildiyini düşünsün.
Məsələn, bir insan iqtisadiyyat mövzusunda iddialıdırsa, "o iqtisadiyyatla əlaqədar hər şeyi bilir" deyilməsi üçün, bu mövzuda özünə verilən bütün sualları doğru cavablandırmalıdır. Bunun üçün də, gecə-gündüz dayanmadan çalışmalı, oxumalı, gündəmi izləməlidir. Eləcə də, tarix mövzusunda iddialıdırsa, dünyanın siyasi tarixində yer tutan mühüm bir hadisənin tam baş vermə tarixini, kimlər arasında baş verdiyini incəliklərinə qədər bilmək məcburiyyətindədir. Bunun üçün də yenə illərlə çalışmalıdır. Yalnız bunlar da kifayət etmir, məsələn, əgər idman mövzusunda iddialıdırsa, hər gün saatlarla məşq etməli, bütün yarışmalarda birinci yerə çıxmalı, bunun üçün lazım gəlsə ictimai həyatını, dostlarını və ailəsini ikinci plana atmalıdır. Lakin unudulmamalıdır ki, bütün bunlar dünyaya istiqamətli səylərdir. Əlbəttə ki, bu səyi göstərmək, dünyada uğur qazanmaq da gözəldir. Lakin bu uğuru qazanmaq üçün, Allah rizası unudulsa, bunun o insana gətirəcəyi nəticə zərər olacaq. İnsan bu dünyada müəyyən uğur qazansa da, axirətdə Allahın razı olacağı şəkildə yaşamadığı üçün (Allahın diləməsi istisna olmaqla) axirətdə əbədiyyən ziyana uğrayacaq.
Üstəlik, insan Allah qarşısında çox aciz mövqedədir. Həyatı boyu hər hansı sahədə çox müvəffəqiyyətli olan bir insan, bir gün gözləmədiyi bir hadisəylə qarşılaşaraq bu müvəffəqiyyətini itirə bilər. Məsələn, dünya siyasəti mövzusunda çox bilikli, hər an özündən məsləhət alınan bir insan, bir gün yaşayacağı bir problem nəticəsində heç bir şey xatırlamayan, aciz bir insan mövqeyinə gələ bilər. Həmçinin insan unutmamalıdır ki, Allahın sonsuz biliyi qarşısında öz biliyi heç nədir. Çünki insanın sahib olduğu bütün biliyi özünə öyrədən də Allahdır. Unudulmamalıdır ki; "...hər bilik sahibindən də üstün bir bilən var" (Yusif surəsi, 76). Ən üstün və mütləq bilik sahibi olan isə, uca Rəbbimizdir. Buna görə də, hər şeyin ən yaxşısını bilmək, istədiyi sahədə çox müvəffəqiyyətli olmaq iddiasında olan bir insan bu mövzuda göstərdiyi səylə yanaşı Allahın razı qalacağı, gözəl əxlaqlı bir qul ola bilmək üçün də çalışmalıdır. Ancaq bu yolla həqiqi mənada nicat qazanmaq olar.
Kitabın əvvəlindən bəri üzərində dayandığımız kimi, cahil cəmiyyətdə yaşayan bir çox insan özünü, içində yaşadığı ictimai mühitin qanunlarına və həyat tərzinə əməl etmək məcburiyyətində hiss edər. Bu mühit özündən nə etməsini istəyirsə, qarşılarında necə bir insan modeli görmək istəyirsə bunu etmək üçün səy göstərər. Çox vaxt da, Quran əxlaqına zidd olan və ya özünə zərər verəcək şeyləri etməkdən çəkinməz. İnsanlara tapınma dininin sanki bir ibadət mahiyyətində olan; "bütün mühitlərə uyğunlaşar" desinlər məntiqinə zidd gəlmək istəməz.
Məsələn, alicənab xarakterli bir gənc, qrup yoldaşları əxlaqsız və nəzakətsizdirsə, özü belə olmadığı halda onların həyatına uyğunlaşmağa çalışar. Qrupundan kənarlaşdırılmamaq, onların deyimiylə desək; "geri düşüncəli", kimi ittihamlarla qarşılaşmamaq üçün, xarakterindən güzəştə getməyə başlayar. Yaxud dostları siqaret çəkdiyindən ötrü, sağlamlığına zərər verəcəyini bilə-bilə o da siqaret çəkməyə başlayar. Hətta bəzən bir insan Allaha iman etdiyi halda, yaşadığı mühit dindar olmadığı üçün onlara özünü çox fərqli tanıdar. Bu mühitdən kənarlaşdırılmamaq üçün, ibadətlərini yerinə yetirməməyə başlayar. Halbuki bütün bunlar insanların rizasını qazanmaq, onları incitməmək üçün edilər. Bunu edən insanlar, dünyada və axirətdə görəcəkləri zərəri mütləq düşünməli və Allaha haqq-hesab verəcəkləri gündən, qorxub çəkinməlidirlər.
İctimai mühitə uyğunlaşma bəhanəsiylə, doğruları tərk etmək, əxlaqsızlıqlara göz yummaq ictimai baxımdan da böyük təhlükədir. Xüsusilə gənclər arasında əxlaqi pozulmanın təməlində bu çürük məntiq yatır. Bu mühitlərdə narkotikdən istifadə edən, alkoqolizm müalicəsi alan və ya fahişəlik edərək dolanan bu insanlardan niyə bu vəziyyətə düşdükləri soruşduqda ortaya atacaqları ən mühüm bəhanələrdən biri, ətraflarına ayaq uydurmaq üçün, belə bir yola yönəlmək məcburiyyətində qaldıqları olacaq.
Halbuki Allah Qatında, insanların başqa insanlar qarşısında belə bir məsuliyyətləri yoxdur. Allah insanları yalnız Öz rizasını güdmək və Quran əxlaqının hökmlərinə əməl etmək mövzusunda məsul tutur. Bundan başqa məqsədlərlə edilən hər cür hərəkət insanları yalnız pis yola çəkər, fitrətinə zidd hərəkətlər etməsinə səbəb olar. Bütün həyatı böyük vicdan əzabı içində, sıxıntı yaşayaraq bitər. Quranda Allah pis dostlar tutanların bu vəziyyətini belə bildirir:
O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur. Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır! (Həcc surəsi, 12-13)
Buraya qədər insanlara tapınma dininin "desinlər" qanununun bəzi təməl başlıqlarından bəhs etdik. Lakin bəhs edilən batil dinin xüsusiyyətləri, əlbəttə ki, bunlarla məhdudlaşmır. Bu batil dini yaşayan insanın demək olar ki, atdığı hər addım insanların özü üçün yaxşı şeylər düşünmələri, özündən razı olmaları təməli üzərində qurulmuşdur. İnsanların düşüncəsini tamamilə bu məntiq təşkil etdiyindən, həyatlarının hər anı bu səylə davam edər. Lakin eyni cəmiyyətdə yaşasalar da səmimi iman sahibləri bu cahil dinin mənsublarından fərqlidirlər. Onların eyni işləri gördükləri görünsə də, niyyət etibarilə insanlara deyil, Allaha yönəliblər. Onlar, insanların heç bir gücü olmadığını, bütün gücün Allaha məxsus olduğunu qavrayıblar. Onlar da insanları məmnun edəcək davranışlar göstərə bilərlər, lakin bunu edərkən də qarşılarına Allahın rizasını qazanmağı məqsəd qoymuşdurlar. Allahın əmr etdiyi kimi insanlara qarşı gözəl əxlaq göstərərlər, bu da onlara həm Allahın rizasını qazandırar, həm də insanların məmnun olmasını təmin edər.
"Desinlər" məntiqində olduğu kimi, "deməsinlər" məntiqində də göstərilən meyar, insanların düşüncələrinə müsbət istiqamətdə təsir edə bilər. Burada da bəzi insanların Yaradıcımızın rizasını, dünyada mövcud olma məqsədlərini unudub, yaradılmışların rizasını əsas hədəf kimi götürmələrindən söhbət gedir.
Bu cür düşünən bir insan, ətrafındakıların; "bir avtomobili belə yoxdur, özünə məxsus bir evi belə yoxdur" deməmələri üçün çox çalışar. Yaşadığı cəmiyyətdə məqbul görülən mal-mülk nələrdirsə, onları əldə etmək üçün, sanki bütün həyatını bu işə həsr edər.
Əgər haqqında bəhs edilən insan, bir iş yeri sahibidirsə, bu dəfə də ətrafına qarşı nüfuz sahibi görünməyə çalışar. Digər insanların; "əmri altındakılara belə söz keçirə bilmir" deməmələri üçün, iş yerindəki işçilərə qarşı sərt xarakter göstərər. Başqa biri isə, dostlarının özü barəsində; "heç təmizkar deyil, üstəlik, də bacarıqsızdır" deməmələri üçün, başqa vaxtlarda təmizliyinə diqqət yetirmədiyi evini, onlar hər gəldikdə çox yaxşı şəkildə təmizləyər. Müxtəlif yeməklər hazırlayar. Lakin dostlarının görməyəcəyi mühitlərdə bunlara heç diqqət göstərməz. Yaxud bir insan ətrafındakıların ona; "cahildir, heç mədəniyyəti yoxdur" deməməsi və onu öz aralarına qəbul etməsi üçün, kitabxanasını oxumadığı və oxumağa niyyətli olmadığı kitablarla doldurar. Yaxud da yay tətilinə çıxdıqda sırf insanların özü barəsində; "onu heç kitab oxuyarkən görmədik" deməmələri üçün əlinə kitab alar və oxuyurmuş kimi edər.
İnsanlara tapınma dininin mənsubu olan bir insan, özünü, yaşadığı ictimai mühitin qanunlarına əməl etmək məcburiyyətində hiss edərək onların maraqlandıqları mövzularla da maraqlanırmış kimi göstərər. Məsələn, yuxarı təbəqədən insanların olduğu bir mühitdə, sevmədiyi halda verilmiş bir ev tapşırığı kimi rəsm sərgilərinə gedər, hərraclarda iştirak edər, avtomobil yarışlarını izləyər, pianino çalmağı öyrənər. Yalnız bu insanların onu öz aralarına qəbul etmələri, özlərindən kənarlaşdırmamaları və özü barəsində; "mühitimizə uyğunlaşmır, zidd və uyğunsuz bir insandır, sonradan görmədir, onu sevmirik" deməmələri üçün, özünü əslində sevmədiyi işlər görməyə məcbur edər (təbiidir ki, bunları zövq alaraq etsə, bunun yanlış tərəfi olmaz, lakin burada nəzərdə tutulan insanın səmimiyyətsiz şəkildə, süni rəftarla, məmnun olmadığı halda zövq alırmış kimi görünməsi və özünü xoşlamasa da bunları etməyə məcbur hiss etməsidir).
Bu sayılanlar cahil cəmiyyətlərdə yaşanılan nümunələrdən yalnız bir neçəsidir. Quran əxlaqını yaşamayan istənilən cəmiyyətdə, istənilən mühitdə, istənilən şəhərdə, istənilən məktəbdə bu nümunələrin fərqli növlərinə rast gəlmək mümkündür. Bu məcburiyyət hissi nəticəsində insan özünü bir-birləriylə uyğunluğu olmayan, bir-birləriylə münasibət qura bilməyən saysız insanın və qanunun içində görər. Özünü çıxış yolu olmayan, kabus bənzəri bir həyatın içində yaşamağa məhkum edər. Üstəlik, əməl etməli olduğu qanunlar öz daxilində olduqca ziddiyyətlidir. İnsanların fikir və istəkləri əsasən insandan-insana dəyişər. Çünki ortada, bu insanların fikirlərini ortaq nöqtədə birləşdirəcək, bütün insanların fitrətlərinə cavab verəcək ağıllı bir qanun yoxdur. Bundan ötrü də, insanlara tapınma dininə tabe olmaq üçün, səy göstərən bir insan heç vaxt istədiyini əldə edə bilməz və ətrafındakı hər kəsin rizasını eyni anda qazana bilməz. Birini məmnun edəcək bir şey etdikdə, bu, digərini məmnun edə bilməz. Bir sözlə, bu batil dinin insan həyatına gətirdiyi sistem tamamilə sonsuz bir dövrdür.
Halbuki Allah rizasına uyan insanlar bu cür mürəkkəb vəziyyətlərlə üzləşməzlər. Məqsədləri yalnız Allahı razı salmaq olduğu üçün, belə çətinliklərlə üzləşməzlər. Allah insanlardan öz fitrətlərinə tam mənasıyla uyğun bir həyat tərzi yaşamalarını istəyər. Rəbbimiz bir-birləriylə uyğunluq içində yaşayacaqları, dünyada və axirətdə rahatlıq tapacaqları həyata yönəldəcək bir rəhbər olaraq Quranı göndərmişdir. Quran əxlaqını yaşayanlar, yalnız Allaha yönəlməyin verdiyi sonsuz sərbəstliyə sahib olarlar. Həyatlarında qarışıqlığa, qərarsızlığa, ziddiyyətə yer olmaz. Həmişə vicdanlarıyla doğrunu anlayar və ən gözəl davranmağa səy göstərərlər. Bundan ötrü də mənəvi cəhətdən qane olmuş, rahat, xoşbəxt və həmişə müsbət ruh halına sahib olarlar. Quranda bu iki insan qrupunun vəziyyəti belə bir nümunə ilə müqayisə edilir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. (Zumər surəsi, 29)
Allahın ayədə bildirdiyi kimi, insanlar arasında Allahın rizasını güdənlərlə, bir-birləriylə heç bir uyğunluqları və ortaq cəhətləri olmayan insanların gətirdiyi qanunlara tabe olanların yaşayışları bir olmaz. Yalnız Allaha iman edən insanlar əmrlərini yalnız Allahdan aldıqları və Onun kitabına tabe olduqları üçün, aralarında hər hansı mübahisə və ya müzakirə mövzusu olmaz. Bundan ötrü də, "desinlər", "deməsinlər", "düşünsünlər", "düşünməsinlər" kimi cahil insanların qapıldığı vəsvəsələrə qapılmazlar. Dərindən düşünər və əsil şeyin dünya və buradakı insanların məmnuniyyəti deyil, axirət həyatı və Rəbbimizin rizası olduğuna iman edərlər. Allah başqa bir ayədə isə, insanlara, Özündən başqa ilahlar qəbul etməyin böyük səhv olduğunu belə xatırlatmışdır:
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər (Fatir surəsi, 40)
Lakin cahil insanların həyat tərzini yaşayan insanlarda (daha əvvəlki səhifələrdə ətraflı qeyd etdiyimiz kimi) bu inanc kök salmışdır. Bu vəziyyət onları bir tərəfdən "desinlər" və "deməsinlər" qanunları əsasında yaşamağa məhkum etdiyi halda, digər tərəfdən bəzi yanlış hərəkətlərə sövq edər. Bu rəftarları belə sadalaya bilərik:
Özünü insanlara görə nizamlayan bir insan, etdiyi səhvləri gizlətmək üçün yalan söyləmək məcburiyyətində qalacaq. Çünki insanlara tapınma dinində insan özünü mümkün qədər səhvsiz və qüsursuz göstərmək məcburiyyətindədir. Lakin insan olmasının tələbi olaraq, tez-tez səhv etdiyi və cəmiyyət meyarlarına görə qüsurlu cəhətləri olduğu üçün, bu cəhətlərini ancaq yalanlarıyla örtə biləcəyini düşünər. Nəticədə özünü olduğundan fərqli göstərmək üçün həmişə yalan söyləyərək insanları aldatmağa başlayar.
Məsələn, yeni bir məktəbə daxil olan bir gənc, orada istədiyi dost mühitinin arasına qəbul edilmək üçün, özünü çox zəngin, yaxşı bir ailədən gələn, böyük imkana sahib biri kimi tanıdar. Hər danışığında bu istiqamətini vurğulayacaq cümlələr işlədər, tətillərini xaricdə keçirdiyinə, ən bahalı məkanlarda olduğuna dair yalanlar söyləyər. Halbuki bütün bunları yalnız məktəb yoldaşlarının diqqətini çəkmək üçün uydurmuşdur. Həqiqətlər ortaya çıxdığı vaxt, bu insanın orta gəlirli bir ailənin oğlu olduğu, qətiyyən xaricə getmədiyi öyrənilər. Lakin insanlara tapınma dininin tələbləri bu insanı belə bir yalan söyləməyə sövq etmişdir. Özü barəsində; "yaxşı imkanlara sahibdir, yaxşı bir ailəyə mənsubdur" deyilməsi üçün, bütün bunları ortaya atmışdır. İnsanları aldatmış və özünə, cəmiyyətin gözlədiyi meyarlara uyğun saxta şəxsiyyət vermişdir. Bu əsnada, uydurduğu hər yalandan Allahın anbaan xəbərdar olduğunu və bunların hər biri üçün vaxtı gəldikdə Rəbbimizə haqq-hesab verəcəyini düşünməmişdir. Cəmiyyətdə bu cür nümunələrə çox sıx rast gəlinər. Zəmanəmizdə bir çox insan özünü olduğundan fərqli göstərmək, böyütmək, xarakterizə etmək məqsədiylə yalana müraciət edir.
Halbuki saleh müsəlmanlar Allahın edilən bütün hərəkətləri gördüyünü, insanın yalan söylədiyi anları bildiyini unutmazlar. Həqiqətləri, digər insanlardan gizlədə bilsələr də, Allahdan gizlətməyin qeyri-mümkün olduğunu çox yaxşı qavrayarlar. Allah Quranda bu həqiqəti; "...yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz" (İbrahim surəsi, 38) ayəsiylə bildirmişdir.
Lakin insanlara tapınma dini, çox insanın qəlbini Allahdan uzaqlaşdıraraq, onları yalan söyləməyə məcbur edər. Bu həyat tərzini "həyatın həqiqəti" kimi təqdim edər və əxlaqsızlığı sanki normal bir insani xüsusiyyətmiş kimi mənsublarına yaşadar. Allahın insanların kökslərində gizlədərək açıb bildirmədikləri şeyləri bildiyini, görməzlikdən gəlmələrinə səbəb olar. Onları yalana əsaslanan, səmimiyyətsiz danışıqlar etməyə, içlərindəki həqiqi hissləri gizlədən səmimiyyətsiz baxışlar əks etdirməyə və ya içlərindən heç gəlmədiyi halda yalana əsaslanan sevgi nümayişi etməyə məcbur edər. Bütün bunların nəticəsində isə, dostluqlar, yoldaşlıqlar və qurulan bütün digər insani əlaqələrdə böyük səmimiyyətsizlik hakim olar. Cahil dini yaşayan böyük insan kütlələri həyatlarını, Allaha iman etməyin təmin edəcəyi həqiqi sevgini, yaxın dostluğu və səmimiyyəti heç bilmədən keçirər və sonunda isə, ölərlər. Heç bir mənfəətə əsaslanmayan qarşılıqsız sevgini və cənnət həyatına niyyət edərək qurulan həqiqi dostluğu həyatının tək bir anında belə yaşaya bilməzlər.
Cahil sistemdə, maddi dəyərlərə, gücə, pula, mülkə dəyər verildiyini görən insanlar, əvvəlki başlıqda da nümunə verdiyimiz kimi, özlərini ətraflarına olduqlarından daha güclü və zəngin göstərmək məcburiyyətində hiss edərlər. Bunun nəticəsində cəmiyyətdə, hər şeyi ilə şişirdilmiş şəkildə yaşayan bir insan modeli ortaya çıxar. Məsələn, insanların rizasını qazanmaq ardınca qaçan bir insan, özü barəsində; "hər şeyin ən yaxşısına sahibdir" deyilsin məntiqiylə hərəkət etdiyi üçün normal həyat tərzi yaşaya bilməz. Aldığı paltarlar, evinin dekorasiyası, həyat tərzi həmişə göstəriş məqsədli olar. İnsanlar arasına daxil olduqda özünə diqqət və qayğı göstərmələri, onun yerində olmağı istəmələri üçün, mümkün qədər şişirdilmiş zəngin insan görünüşü təqdim etməyə diqqət göstərər. Danışıqlarında qibtə etdirici, qarşısındakına göstəriş edən bir siyasət tətbiq edər. İnsanların, gördükləri zənginlik qarşısında arxasınca danışmalarını, sahib olduğu nemətlərin dildən-dilə gəzməsini qarşısına məqsəd qoyar. Bunun üçün həmişə sahib olduğu mülklərin çoxluğunu və dəyərini vurğulayacaq söhbətlər edər, paltarlarını ən yaxşı markalardan seçdiyini göstərəcəyi yollar axtarar, həmişə məşhur məkanlarda gəzdiyini hiss etdirəcək mühitlər meydana gətirər.
İnsanlara tapınma dininin mənsubları göstəriş etmə hərisliyi ilə, dünya həyatlarını qəflət içində keçirərlər. Quranda Allah göstəriş hərisliyinin insanların başını o qədər qatıb, onları həqiqətləri görməyəcəkləri sərxoşluğa qərq etdiyini belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Bu göstəriş aludəçisi insanların həqiqi yaşayışları isə, insanlara sübut etməyə çalışdıqlarından çox fərqlidir. Bu insanın həqiqi həyatına baxdığınız vaxt, bütün gününü təmtəraqla bəzədilmiş evinin ən sadə və kiçik otağında keçirdiyini, sahib olduğu dəbdəbəli paltarların yerinə olduqca bəsit, rahat və eyni paltarları seçdiyini görərsiniz. Çünki onun göstəriş arzusu özünə qarşı deyil, digər insanlara istiqamətlidir. Bundan ötrü də, insanların özünü görmədiyi yerlərdə şişirdilmiş və təmtəraqlı həyat tərzi olmaz. Təkcə digər insanlarla birlikdə olarkən, özünü lüzumsuz çətinliyə salar, lüzumsuz bir özünü sübut etmə hərisliyinə qapılaraq sanki öz-özünə zülm edər.
Halbuki mühüm olan insanın, ətrafın tərifini qazanmaq üçün deyil, Quran əxlaqına və öz fitrətinə uyğun şəkildə yaşamasıdır. Çünki fitrətə zidd bir həyat tərzi yaşamaq insanı əldən salar və tez yaşlandırar. Quran əxlaqının gözəlliyindən uzaqlaşmaq insanı, riyakarcasına, sırf başqa insanların diqqətini çəkmək üçün, meydana gətirilən süni rəftarlarla süni danışan, süni davranan, həqiqi sevgi və hörməti yaşaya bilməyən, səmimiyyətsiz birinə çevirər. Bu xarakterə sahib bir insan isə, həyatı boyu rahatlıq tapa bilməz, dinc və xoşbəxt ola bilməz. Bu da, Allahı unudub Onun qullarına qulluq etməyə çalışan bir insana Rəbbimizin dünyada verdiyi mənəvi əzab olar. Axirətdəki əzablarının isə zillət və peşmanlıq olacağı ayələrdə belə bildirilir:
Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!” deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz. Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”. Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar. (Yunis surəsi, 27-30)
Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, insanların xoşuna gəlmək arzusunun cahil insanlarda yaratdığı digər bir rəftar pozuntusu da səmimiyyətsizlikdir. Lakin bu səmimiyyətsizlik yalnız ümumi bir xüsusiyyət kimi deyil, insan həyatının hər anını əhatə edən bir rəftar pozuntusu şəklində ortaya çıxar. Səmimi ola bilməmək, yəni inandıqlarıyla göstərdiyi rəftarların bir-birini tutmaması bu insanları güclü sünilik, təbii danışmamaq, təbii mimikaların, təbii səs və baxışın ortaya çıxa bilməməsi kimi problemlərlə üz-üzə qoyar.
Belə bir insan gülərkən ruhu bir şeydən zövq aldığı üçün deyil, yalnız qarşı tərəf özündən bunu gözlədiyi üçün gülər. Diqqətli görünməyin özünə müsbət xal qazandıracağını düşündüyü mühitlərdə, üzüylə və danışıqlarıyla diqqətli olduğunu vurğulamağa çalışar. Danışıqları, ağlından keçən həqiqi duyğuları əks etdirmir. Digər insanlarla arasına təbii düşüncələrinin anlaşılmasına mane olacaq bir pərdə çəkər. Bu pərdə onun bir teatr aktyoru kimi, rol oynamasını təmin edər. Bütün həyatı bu pərdənin qarşısında riyakarlıq edərək, mühitinə və insanına görə xarakter dəyişdirərək, qarşı tərəfin gözləntilərini təmin etməklə keçər. İnsanların hər birini Allahdan müstəqil, azad varlıqlar kimi gördüyü üçün, hamısının rizasını qazanmaq, hamısının gözləntilərinə cəmiyyətin özünə öyrətdiyi kimi əzbərdən cavablar vermək üçün səy göstərər. Lakin bu vəziyyət cahil cəmiyyətdə çox geniş yayıldığı üçün, insanlar necə bir bəla içində yaşadıqlarını elə də görməzlər. İçlərindəki sıxıntı və narahatlığın mənbəyinin bu süni xarakter olduğunu da düşünməzlər. Bütün bu suniliyi və səmimiyyətsiz halı yalnız Quran əxlaqını yaşayan, insanların rizasını axtarmayan, yalnız Allaha təslim olmuş bir insan analiz edə bilər və bu rəftarın verdiyi narahatlığın səbəbini tapa bilər. İnsanlara tapınma dininə iman edib eyni batil qanunları mənimsəmiş digər bir çox insan isə, bütün bunları "həyatın həqiqətləri", "həyatın insana yüklədiyi məsuliyyətlər" kimi ifadələrlə qəbul edər. Allah, iman edən qullarını səmimiyyətsizliyin yaratdığı bu sıxıntıdan uzaq tutar. Onlara, insan fitrətinə uyğun yaşamağın gətirdiyi azadlığın nemətini daddırar. Möminlər harada və kimin qarşısında olsalar da, çətin və ya asan hansı şərtlər altında olsalar da, Allahın hər an yanlarında olduğunu bilərlər. Bir məkanda üç nəfər olsalar burada dördüncü olaraq Allahın olduğunu bilərlər. Quranda bu həqiqət belə bildirilir:
Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar - harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)
Bundan ötrü də, əsil qorxulmalı və razı salmaq üçün əsil səy göstərilməli varlığın Allah olduğuna qəlbən iman edərlər. Bu güclü inanc möminlərdə, insanların qarşısında olsalar da, Allahın hüzurunda olduqlarını dərk edən səmimi, təbii bir rəftar ortaya çıxarar. Onları, hər cür süni danışıq və rəftardan, səmimiyyətsiz düşüncələrdən və saxta hərəkətlərdən uzaq tutar.
Bəzi insanların dinin tələblərini yerinə yetirənləri kənarlaşdırdıqları, onlara öz zəif ağıllarınca, geri düşüncəli, qeyri-müasir insanlar kimi baxdıqları batil inanc sistemində yaşayan və Allaha iman edən bəzi insanlar, inanclarını gizlətməyə ehtiyac duyarlar. Xüsusilə insanlara tapınma dininin güclü şəkildə yaşandığı cəmiyyətlərdə insanların iman edənlərə olan yanlış yanaşma tərzi, bir çox insanın ibadətlərini gizlincə etməsinə səbəb olur. İnanclarından ötrü cəmiyyət tərəfindən kənarlaşdırılacaqlarını, işlərini, ictimai statuslarını itirəcəklərini zənn edən bir çox insan bu dünyəvi itkilər yerinə inanclarından və dolayısilə ibadətlərindən güzəştə getmək səhvini edər. Çünki ümumiyyətlə, insanların Allahı tanımadığı və din mövzusunda cahil olduqları cəmiyyətlərdə din əxlaqı tamamilə yanlış təqdim olunar. Guya dünyaya qapalı olmaq, qeyri-müasir olmaq və ya dünyadakı hər cür hadisəyə qarşı əks rəftar göstərib, minlərlə il əvvəlki bir həyat tərzinin həsrətini çəkmək kimi, həqiqətlə heç bir əlaqəsi olmayan anlayışla eyni mənada tutulur. Dindar insanların da belə bir dünyagörüşünə sahib olduğu ön mühakiməsi hakim olur.
Bu yanlış təsvirlər bəzi insanların dindən və dindarlardan çəkinməsinə səbəb olur. Dolayısilə bu insanlar din əxlaqını öyrənməkdən də uzaq qalırlar, Allaha inandıqları halda cəmiyyət tərəfindən bu cür bir insan kimi tanınmaq istəmədikləri üçün imanlarını gizlədərlər. İnsanların həqiqəti öyrəndikləri təqdirdə özləriylə olan əlaqələrini kəsəcəklərini, bunun nəticəsində maddi və mənəvi ziyana düçar olacaqlarını zənn edərlər.
Halbuki həqiqi mənada Allaha iman edən bir insan Quranın mahiyyətini qavrayar. Allahın qullarından nələr istəyib, nələr istəməyəcəyini çox yaxşı bilər. Həqiqi müsəlmanların, yuxarıda bəhs edilən təriflərdən çox fərqli anlayış və qavrayışa sahib olduqlarını anlayar. Din əxlaqının insanı fitrətinə qaytardığını, bütün dünya və axirət nemətlərini inananların önünə sərdiyini anlayar. Necə ki, Quranda Allah insanları cəhalətdən və cahil hökmlər verməkdən çəkindirir. Ayədə belə buyurulur:
Onlar hələ cahiliyyə hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha gözəl olan kimdir? (Maidə surəsi, 50)
Həmçinin Quranda möminlərin cahil insanlardan, yəni özlərinə izah edilməsinə baxmayaraq, Allah və dinlə keçmiş batil inanclarından imtina etməməyə meylli olan insanlardan üz döndərmələri əmr edilir. Bunu xəbər verən ayə belədir:
Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Ayələrdən göründüyü kimi, İslam dini cəhalətlə fikri mübarizə aparmağı müdafiə edir. Bu ruha malik insanlar sahib olduqları yüksək mədəniyyət və rəftarla yanaşı, Quranın elminə sahib olmalarının təsiriylə digər insanların özləri barəsində nə düşünəcəklərinə əhəmiyyət verməzlər. Ən doğru olanı etməyin arxayınçılığı ilə, yalnız Allahın rəhmətini, rizasını və cənnətini qazanmaq arzusunda olarlar.
İnsanlar ancaq haqq din əxlaqını yaşayaraq sağlam ağıl və ruha sahib ola bilərlər. Çünki din əxlaqını yaşamaq, insanı dünyəvi bağlardan xilas edər. İnsanı yalnız Allaha və Onun haqq kitabındakı əmrlərə qarşı məsul vəziyyətə gətirər. Bu, insanlar üçün çox böyük asanlıqdır. Allah Quranın bir çox ayəsində İslam dininin asanlığından bəhs edir "və sənə asan olanda müvəffəqiyyət verərik" (Əla surəsi, 8) deyə bildirərək müsəlmanların bu asanlıq içində müvəffəqiyyət əldə edəcəklərini xəbər verir. Başqa bir ayədə də, göndərilən elçilərin mühüm bir xüsusiyyətinin insanların üzərinə yüklənilən ağır yükləri və çətinlikləri, qanunları, batil inancları yox edib onları azad etmək olduğunu bildirilir. Nicat tapan insanların da bu əmrlərə tabe olan insanlar olacağı belə müjdələnir:
…O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)
Ancaq üzərindəki dünyəvi zəncirlərdən xilas olmuş, ağlını, cahil cəmiyyətin məhsulu olan fikirlərdən qurtarmış, təmiz ağıl sahibi bir insan azad düşünə bilər. Belə bir insan digər insanların düşüncələrindən və tələblərindən müstəqil şəkildə yalnız Allahı razı salacaq qərarlar ala bilər. Bunun səbəbi, meyar olaraq yalnız Quranda bildirilən hüdudlara əsaslanmasıdır. Bundan savayı, kitabın əvvəlindən bəri üzərində dayandığımız kimi, insanların özü barəsində nə söyləyəcəklərinin, nə düşünəcəklərinin və ya barəsində hansı qənaətə gələcəklərinin əhəmiyyəti olmaz. İman edən bir insan üçün Allahın rizasını qazanmaqdan, Onun əmr etdiyi şəkildə yaşamaqdan başqa bir həyat tərzi yoxdur. Məhz bu həqiqəti qavrayan saleh möminlər cahil cəmiyyətin batil dinlərindən biri olan "insanlara tapınma dini"ni heç vaxt yaşamazlar.
Allah Quranda yaşadıqları cəmiyyətin İslam əxlaqından uzaq quruluşundan uzaqlaşan və özlərini Allaha həsr edən insanlara dair bir çox nümunə vermişdir. Bu şərəfə nail olmuş qruplardan biri Kəhf surəsində haqqlarında ətraflı məlumat verilən Əshabi-kəhfdir. Ayələrdə belə buyurulur:
Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 13-16)
Tarix boyu Kəhf-əhli kimi özünü Allaha həsr etmiş, batil inanclardan və insanların rizasına istiqamətli dünyəvi ehtiraslardan xilas olan bir çox saleh insan yaşamışdır. Bu insanlar arasında ən diqqət çəkən nümunələrdən biri də Quranda adı çəkilən mübarək bir insan olan hz. Məryəmdir. Növbəti hissədə hz. Məryəmin "aləmlərin qadınlarından üstün edilməsini" təmin edən yüksək əxlaqına yer verəcəyik.