Tarix boyu bəzi cəmiyyətlərdə, Allahın insanlardan nə istədiyi deyil, insanların bir-birlərindən nə gözlədikləri daha əhəmiyyətli olmuşdur. Bəzi insanlar, Allahın haqq kitabında bildirdiyi hökmlərdən, insanlara əmr etdiyi həyat tərzindən xəbərsiz şəkildə, özlərini cəmiyyətin və yaşadıqları ictimai mühitin gözləntilərini yerinə yetirməyə şərtləndiriblər.
Dövrümüzdə Quran əxlaqını yaşamayan cəmiyyətlərə baxdığınız vaxt, Allahın əmr və qadağalarının bir çox insan tərəfindən tamamilə bilinmədiyini və tətbiq edilmədiyini asanlıqla görə bilərsiniz. Üstəlik, bir çox insan bu vəziyyətdən ötrü narahat olmaz. Allahın gücü, Onun rizasını qazanmağın nə qədər əhəmiyyətli olduğu, Onun əmrlərinə itaət edilmədikdə Allah Qatında necə qarşılıq alınacağı demək olar ki, heç düşünülmür və çox insan bu mövzuları ağlına belə gətirmir. Halbuki eyni insanlar ətraflarındakı insanların özləri barədə nə düşündükləri, özlərindən nə gözlədikləri, onlara özlərini daha çox bəyəndirmək, daha çox sevdirmək üçün nələr etməli olduqları kimi bir çox mövzuyla yaxından maraqlanarlar. Belələri insanlara, Allahdan daha çox sevgi və bağlılıq yönəldilən belə sistemin içində yaşayır və bunun yanlış ola biləcəyinə ehtimal belə vermirlər.
Bu, olduqca kökləşmiş, azğın bir düşüncə və həyat tərzi, insanların maddi və mənəvi imkanlarını səfərbər etmələrinə səbəb olan, hətta ömürlərini bu yolda qoyacaq qədər onları öz təsiri altına alan yanlış inanc formasıdır. Bu inanc forması, öz əmrləri və qadağaları, doğruları və yanlışları olan, üstəlik, hər kəsin də bunlara əməl etməsinə məcburiyyət gətirən batil bir dinə çevrilmişdir. Bu batil dinin yaşandığı cəmiyyətlərdə hər insan öz ictimai mühitinin gözləntiləri istiqamətində hazırlanmış bu proqram paketinə tabe olmaq məcburiyyətindədir. Çünki ancaq bu yolla, o insanların arasında yaşaya bilər. Əks halda təcrid olunub, alçaldılar. Digər insanlar, istər baxışları, istərsə də rəftar və danışıqlarıyla, özləriylə uyuşmayanları özlərindən aşağı hesab etdiklərini açıq şəkildə hiss etdirərlər.
Həmin insanın bu vəziyyətə düşməmək üçün, bütün gün ərzində, unutmadan və fasiləsiz şəkildə öz-özünə təkrarlamalı olduğu bəzi şüarları var. Məsələn, mənim barəmdə ayıqdır, ağıllıdır, gözəldir, şəndir, mehribandır, bacarıqlıdır desinlər, lakin əsla xəsisdir, eqoistdir, safdır, cahildir deməsinlər... Bu batil dinə tabe olan insan, bütün bunları, eynilə bir ibadət kimi, imtina etmədən və ləngitmədən böyük diqqətlə yerinə yetirər. Ətrafındakı insanların, özündən razı olacaqları bir şəxsiyyət formalaşdırmağa böyük səy göstərər. Diqqətlə davam etdirdiyi bu tətbiqlər nəticəsində, insanlara Allahdan daha çox dəyər verən, onların rizasını qazanmaq üçün önünə çıxan hər təklifi qəbul edən və bütün diqqətini insanlara yönəltmiş bir insana çevrilər. Artıq bu insan, insanların bir-birinə ibadət etdiyi batil bir dini sistemin içinə həbs olmuşdur. Gizlində yaşanan bu gizli dinin əzmkar mənsubuna çevrilmişdir.
Bu batil din, Allahı tərk edib insanlara tapınmağı əmr edən bir dindir. İnsanlara hərisliklə bağlanmağı simvolizə edən və adını "insanlara tapınma dini" qoya biləcəyimiz bu batil inanc əlinizdəki kitabın əsas mövzusunu təşkil edir. Allah, Quranın bir çox ayəsində insanları bu azğın inancdan xilas olub, yalnız Ona qulluq etməyə dəvət etmişdir. Bu ayələrdən birində belə buyurulur:
Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)
Biz bu əsərdə, bəzi insanların həm dünyalarını, həm də axirətdəki sonsuz həyatlarını böyük təhlükə altına salan və onları, Allah yerinə Onun yaratmış olduğu insanları ilahlaşdırmağa (Allahı tənzih edirik) məcbur edən bu şeytani sistemin quruluşunu və insanları necə öz nəzarəti altına saldığını dövrümüzdən bəzi nümunələr verərək izah edəcəyik. Belə insanlara, özləri üçün hələ də vaxt olduğu halda, bu batil dinin cadusundan xilas olmaları üçün nələr etməli olduqlarını Quran ayələriylə açıqlayacağıq.
Unudulmamalıdır ki, bu azğın din, dünyadakı bəzi cəmiyyətləri nə qədər öz təsiri altına almış olsa da, ağla və güclü iradəyə malik bir insan üçün, bu batil sistemi yaşamaqdan imtina etmək olduqca asandır. Çünki ediləcək şey, yalnız Allaha səmimi iman etmək, Ondan başqa heç bir tanrı olmadığına qəti olaraq inanmaqdır. Allah, iman edən qullarının yolunu açar, onları doğru yoluna yönəldər. Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini vəsilə edərək, yaşadıqları qaranlıq həyatdan xilas olmalarını təmin edər. Allah bir ayəsində möminləri belə müjdələyir:
Allah, iman edənlərin vəlisi (dostu və dəstəkçisi)dir. Onları zülmətlərdən nura çıxardar... (Bəqərə surəsi, 257)
Adnan Oktar: "İnsanların doğru və gözəl olan şeydə birləşməsi o qədər də çətin deyil. Lakin israrla, doğru və gözəl şeyi müdafiə edənlər, çox iradəli, mətanətli və qətiyyətli olmalıdırlar. Başqa bir şey yoxdur. Yoxsa onsuz da Allah həmişə yaxşıların, gözəlliklərin, doğruların tərəfindədir, hadisələr də həmişə bu istiqamətdə inkişaf edər. Diqqət edirsinizsə, Allah bizə həmişə güc və imkan verir. Düzdür qarşımıza çox maneələr çıxır, daha çox maneə çıxır, lakin yollar həmişə açılır". (Hörmətli Adnan Oktarın 13 aprel 2011-ci il tarixli müsahibəsindən)