Maddənin mütləq və sonsuz olduğu barəsindəki fərziyyələr və zaman anlayışı haqqındakı bəzi fikirlər insanların cənnət, cəhənnəm, tale kimi mövzuları qavramalarına mane olan batil inanclardır. Bunlardan maddə mövzusuna sonrakı səhifələrdə "Maddənin əslinin göstərdiyi böyük həqiqət" adlı hissədə toxunacağıq. Bu hissədə isə zamanın yalnız insana məxsus nisbi qavrayış olduğu və Allah qatında hər şeyin tək bir an içində yaranması mövzusu üzərində dayanacağıq. Məsələn, bir adam otağa daxil olub içəridə kresloda oturan bir insanı gördüyündə bir müqayisə apararaq bu adamın özündən əvvəl otağa girdiyi qənaətinə gəlir. Əgər belə bir müqayisə aparılmasaydı, zaman qavrayışı da olmayacaqdı. Digər bir sözlə əgər insanın yaddaşı olmasaydı, beyni bu cür şərhlər edə bilməz, bu səbəbdən də zaman anlayışı da meydana gəlməzdi. Çünki bir insanın "mən otuz yaşındayam" deməsinin səbəbi, beynində otuz ilə aid bəzi məlumatların toplanmış olmasıdır. Əgər yaddaşı olmasa, belə bir dövrü arxada qoyduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə təmasda olacaq.
Həmçinin, beynimiz hadisələrin baş verməsinin müəyyən bir ardıcıllıqdan asılı olduğuna alışdığı üçün hal-hazırda dünya üzərində zamanın həmişə irəli axdığını düşünürük. Halbuki, bu beynimizin içində verilən bir qərardır və tamamilə nisbidir. Əslində zamanın necə axdığını, ya da axıb-axmadığını əsla bilmərik. Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə bir qavrayış forması olduğunu göstərər.
Zamanın bir qavrayış olduğu, 20-ci əsrin ən böyük fizikaçısı sayılan Eynşteynin irəli sürdüyü "Ümumi nisbilik nəzəriyyəsi" ilə də təsdiqlənmişdir. Lincoln Barnett, “Kainat və Eynşteyn” adlı kitabında bu mövzuda bunları yazır:
Sonsuz kainatla birlikdə Eynşteyn, sonsuz keçmişdən sonsuz gələcəyə axan mütləq və dəyişməz universal bir zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsindəki anlaşılmazlığın böyük bir hissəsi, insanların zaman hissinin də rəng hissi kimi yalnız bir hisdən ibarət olduğunu qəbul etmək istəməməsindən irəli gəlir... Necə ki, kainat maddi varlıqların meydana gətirdiyi bir silsilədirsə, zaman da hadisələrin meydana gətirdiyi bir silsiləsidir. Zaman anlayışını ən yaxşı Eynşteynin sözləri açıqlayır: "Fərdin yaşadığı şeylər bizə bir hadisələr silsiləsi içində təşkil edilmiş kimi görünər. Bu silsilədən xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” meyarına görə sıralanmış kimidir. Bu səbəblə də fərd üçün mən zamanı, ya da subyektiv zaman vardır. Bu zaman öz içində ölçülə bilməz. Hadisələrlə rəqəmlər arasında elə bir əlaqə qura bilərəm ki, böyük bir rəqəm əvvəlki bir hadisə ilə deyil, sonrakı bir hadisə ilə əlaqədar olar. (Lincoln Barnett, Evren ve Einstein, Varlık Yayınları, 1980, səh. 52-53.)
Zaman bir hissdən ibarət olduğuna görə tamamilə hiss edənə bağlı, yəni nisbi bir anlayışdır. Belə ki, zamanın nisbi olması, yuxuda çox açıq bir şəkildə yaşanılır. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə saniyə davam etmişdir.
Allah zamandan münəzzəhdir. Onun qatında hər şey bir anda olmuş və bitmişdir. İnsanlar zamandan asılı olduqları üçün hadisələri keçmiş, indi və gələcək zamanda izləyirlər. Halbuki keçmiş zənn etdiyimiz hadisələr bizim üçün keçmişdir, gələcək zənn etdiyimiz hadisələr də bizim üçün gələcəkdir. Allah üçün keçmiş, gələcək, indi hamısı birdir. Bu səbəblə də heç bir şey Allahdan gizli qalmaz. Necə ki, ayədə də bu həqiqət belə bildirilmişdir:
Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, (hər şeydən) Xəbərdardır. (Loğman surəsi, 16)
Halbuki bir çox insan axan bir zamandan asılı olduğunu, həyatının keçmiş, indi və gələcək olmaqla hissələrə ayrıldığını düşünər. Buna görə də belə insanlar axirətin varlığı, cənnət, cəhənnəm, haqq-hesab günü kimi mövzuların nə vaxt, nə şəkildə və necə reallaşacağını asanlıqla qavraya bilməzlər. Allah Qatındakı zaman anlayışı ilə, insanların asılı olduğu zaman arasında bir əlaqə yarada bilməzlər. Lakin yaradılmış hər canlının, hər hadisənin və hər şeyin eynilə bir filmi meydana gətirən kadrlar kimi, tək-tək eyni anda yaradıldığını bilmək bunun qavranılmasını asanlaşdıracaqdır.
"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır." |
Allah bütün insanların keçmişini, gələcəyini və yaşadıqları bütün hadisələri bütün təfərrüatlarıyla birlikdə bilir. Lakin insan imtahan yeri olan bu dünya həyatında zamanın, axan, əvvəli və sonu olan bir şey olduğunu zənn edər. Halbuki əvvəl-sonra, keçmiş-gələcək deyə bir şey yoxdur. Hər şey bütün insanlar, bütün canlılar eyni anda yaşayır, bütün zamanlar, bütün dövrlər, bütün əsrlər, bütün tarixlər və hətta bütün günlər, bütün saatlar, dəqiqələr və anlar eyni anda yaşanır. İnsan məhdud potensialından ötrü bunu görə bilməsə də, bu açıq bir həqiqətdir.
Allah Qatında hər hadisənin tək bir anda meydana gəldiyi həqiqətini belə bir nümunə ilə də açıqlaya bilərik: Qarşınızda böyük bir şəhərin mənzərəsini əks etdirən bir lövhə olduğunu düşünün. Lövhədə şəhərin prospektləri, küçələri, bu küçələrdə hərəkət edən nəqliyyat vasitələri, sağda və solda yerləşən binalar və insanlar təsvir edilmiş olsun. Həmçinin bu lövhədə, şəhərin bir ucundan digər ucuna çatmağa çalışan bir adamın şəklinin çəkildiyini fərz edin. İndi bu adam üçün şəhərin bir ucundan digərinə qədər olan məsafə müəyyən bir uzaqlıqdadır və bu məsafəni qət edə bilməsi üçün də müəyyən bir zaman lazımdır. Adam ancaq tam olaraq bilmədiyi müəyyən bir zamandan sonra istədiyi yerə çatacaq. Eyni anda iki yerdə birdən olması mümkün deyil. Amma bu vəziyyət düz bir səthdəki bu lövhəyə kənardan baxan biri olaraq sizin üçün məqbul deyil. Siz ilk baxışda lövhədə şəhərin bir ucundan digər bir ucuna qədər olan hər şeyi tək bir anda görə bilirsiniz, üstəlik bunun üçün bir zamana da ehtiyacınız yoxdur.
Müasir elm tərəfindən təsdiqlənən, zamanın psixoloji bir hiss olduğu, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli qavranıla bildiyi həqiqətini bir çox Quran ayəsində görmək mümkündür. Məsələn, bir insanın ömrü Quranda bildirildiyinə görə çox qısa bir müddətdir:
O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. (İsra surəsi, 52)
Allah onları bir yerə toplayacağı gün, sanki gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar… (Yunis surəsi, 45)
Bəzi ayələrdə insanlardakı zaman anlayışının fərqli olduğuna, insanın həqiqətdə çox qısa olan bir müddəti çox uzunmuş kimi ya da bunun tam tərsini qavraya bildiyinə işarə edilir. İnsanların axirətdə sorğu-suala tutulmaları əsnasında keçən aşağıdakı danışıqlar bunun bir nümunəsidir:
Allah: “Yer üzündə neçə il qaldınız?” deyə soruşdu. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş” dedilər. Allah: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz!” dedi. (Muminun surəsi, 112-114)
Digər bəzi ayələrdə də zamanın fərqli mühitlərdə fərqli bir axış sürətiylə axdığı bildirilir:
...Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)
Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi, 5)
Bu ayələr zamanın nisbi olduğunu çox açıq bir şəkildə ifadə edir. Elm tərəfindən 20-ci əsrdə kəşf olunan bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilmiş olması isə, əlbəttə ki, Quranın, zamanı və məkanı tamamilə əhatə edən Allahın sözü olduğunun dəlillərindən yalnızca biridir.
|
İncildə də zamanın nisbi olduğuna işarə edən belə bir ifadə vardır:
Əziz qardaşlarım, bunu unutmayın ki, Rəbbin gözündə bir gün min il və min il bir gün kimidir. (Petrusun İkinci Mektubu, 3-cü hissə, 8)
Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji bir qavrayış olduğunun əhəmiyyətli bir dəlilidir:
Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” dedi. (Bəqərə surəsi, 259)
Ayədən də göründüyü kimi belə bir vəziyyətdə zamanın mütləq olduğunu iddia etmək olduqca yanlış olar.
Peyğəmbərimiz (s.ə.v) hədislərində zamanın nisbi olduğuna belə diqqət çəkmişdir:
...Siz cənnətə xalqın zənginlərindən (qiyamət günü ilə), yarım gün əvvəl girəcəksiniz ki, bu dünya ili ilə beş yüz ildir. [Ramuz el-Ehadis-1, səh. 7/6]
Bütün bunların bizə göstərdiyi başqa bir həqiqət də budur: Heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaq da. Necə ki, televizorda seyr etdiyimiz bir kino, kino lentində yazılmış vəziyyətdədirsə, müxtəlif kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasını vermirsə, bizim "keçmişdə yaşanmış" və ya "gələcəkdə yaşanacaq" dediyimiz hadisələr üçün də eyni şey məqbuldur.
Lakin bu nöqtənin səhv başa düşülməməsi çox əhəmiyyətlidir. Bu kadrların heç biri bir xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız an kimi canlıdır. Hər şey canlı surətdə olub, qorunmaqdadır. Biz yalnız Allahın bizə verdiyi hislər çərçivəsində, onları keçmiş, bitmiş hadisələr kimi görərik. Ancaq Allah istədiyi vaxt bizə bu görüntünü göstərə bilər, bu hadisələrə aid hislər verərək bizə bu hadisələri yaşada bilər.
Axirətin, sonsuz həyatın, cənnət və cəhənnəmin varlığından xəbərsiz ya da inkarçı olan bir qism kəslər də bu səbəblərdən ötrü ölümdən sonra yenidən diriləcəklərinə inanmazlar. Halbuki bu kəslər də sonsuzluğun içindəki bir zaman kəsiyində yaşayırlar, buna görə də hər kəsin gedəcəyi yer (cənnət ya da cəhənnəm) bəllidir. Hal-hazırda insanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdədir. Bu həqiqət Quranda bildirilməklə yanaşı, cənnət və cəhənnəmlə əlaqədar bir çox ayədə keçmiş ya da indiki zamandan istifadə edilərək bunların əslində tək bir an olduğuna diqqət çəkilir:
Həqiqətən də Cənnət əhli bu gün şad və sevinclidirlər. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykəniblər. (Yasin surəsi, 55-56)
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirildilər. Nəhayət, ora çatdıqda onun qapıları açıldı və onun gözətçiləri onlara: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” dedi. Onlar: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”. Sən mələklərin Ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görərsən. Onların arasında ədalətlə hökm verildi və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” deyildi. (Zumər surəsi, 73-75)
Günahkarlar atəşi gördülər, oraya düşəcəklərini də yəqin etdilər. Ancaq oradan qaçmağa bir yer tapa bilmədilər. (Kəhf surəsi, 53)
Zamanın nisbi olması, bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Bu nisbilik olduqca dəyişkəndir, bizim üçün milyardlarla il davam edən bir dövr, başqa bir aləmdə yalnız tək bir saniyə davam edə bilər. Hətta kainatın yaranmasından məhv olmasına qədər keçən çox böyük bir dövr başqa bir aləmdə bir saniyə belə deyil, ancaq bir "an" davam edə bilər.
Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. |
Çox insanın anlaya bilmədiyi, materialistlərin isə anladıqları halda anlamazlıqdan gəldikləri tale həqiqətinin əsası da buradadır. Tale, Allahın keçmiş və gələcək bütün hadisələri bilməsidir. "Yaşanmamış hadisələr", yalnız bizə görə yaşanmamışdır. Allah isə zamandan və məkandan asılı deyil, bunları özü yaratmışdır. Bu səbəblə də Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir. Çünki tale Allahın elmidir və bütün zamanı eyni anda bilən, bütün zamana və məkana hakim olan Allah üçün, hər şey taledə yazılmış və bitmişdir.
Bu mövzuya Peyğəmbərimiz (s.ə.v)-in bir hədisi şərifində belə diqqət çəkilmişdir:
Cənnət əhlinin həm öz adları, həm atalarının, həm də qəbilələrinin adları da məlumdur. Qiyamət gününə qədər onların sayı artırılmaz və azaldılmaz. Cəhənnəm əhlinin də yenə həm öz adları, həm atalarının, həm də qəbilələrinin adları da məlumdur. Qiyamət gününə qədər onların sayı da artırılmaz və azaldılmaz... [Ramuz el-Ehadis-1, səh. 155/3]
Ölüm, cənnət, cəhənnəm, axirət kimi mövzular zamansızlığın başa düşülməsiylə birlikdə "Allah haradadır", "qəbirdəki həyat nə qədər davam edəcək", "cənnət və cəhənnəm haradadır", "cənnət və cəhənnəm hal-hazırda mövcuddurmu" kimi əhəmiyyətli suallar belə asanlıqla cavablandırılmış olar. Allahın kainatı necə bir sistemlə yoxdan var etdiyi qavranılar. Bu sirr sayəsində "nə vaxt" və "harada" kimi suallar da mənasız hala gələr. Çünki zamansızlıq qavrandığı təqdirdə hər şeyin tək bir anda baş verdiyi dərk edilər; heç bir şey üçün gözlənilməz, zaman keçməz, hər şey onsuz da olub bitmişdir.
Bu sirrin qavranılması nəticəsində mömin cənnətdə olmağının dünyada göstərdiyi cəsarət, səbir, şəfqət, vəfa, sədaqət, sevgi, fədakarlıq nəticəsində reallaşdığını anlayacaq. Bu mövzunu imanla, ağılla, bəsirətlə, fərasətlə, sevgiylə qiymətləndirən adam, yaddaşında qalan məlumatlarla axirətə getdiyi vaxt gözəl xasiyyətlərinin və rəftarlarının qarşılığında cənnətin verilməsindən də ayrı bir həzz alacaqdır. Doğrusunu Allah bilər.