Sonsuz ədalət sahibi olan Rəbbimiz hər insanın dünya həyatında etdiyi əməllərin qarşılığını axirətdə verəcək. Allah İsra surəsinin 71-ci ayəsində bu qarşılığı xurma çəyirdəyindəki lif qədər belə bir haqsızlıq olmadan verəcəyini bildirmişdir. Bu, Allahın Quranda bildirdiyi açıq bir həqiqətdir. Ancaq bəzi insanlar ölümdən sonrakı həyatın varlığına, yəni cənnət və cəhənnəmə inanmırlar. Bəziləri isə axirətin varlığını qəbul etdiklərini dedikləri halda, buna qəlbən qəti bir qənaət gətirə bilmirlər. Allah Quranın bir çox ayəsində axirətin varlığına şübhə edən insanların vəziyyətini belə bildirmişdir:
...Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (ona belə bir fürsət verdik)… (Səba surəsi, 21)
Diqqətli olun; onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 45)
Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar. (Nəml surəsi, 66)
Bəzi insanların cənnət və cəhənnəmin varlığına şübhə etmələrinin səbəblərindən biri, maddənin həqiqi mahiyyəti haqqında səhv inanclara sahib olmalarıdır. Maddəni mütləq varlıq zənn edən bu insanlar, maddədən kənar varlıqların mövcudluğunu qəbul etmirlər. Yəni, bu insanlara görə gözləriylə görmədikləri, əlləriylə toxunub sərtliyini hiss etmədikləri şeylər mövcud deyil. Halbuki bu böyük bir yanılmadır; Allahın Rum surəsinin 7-ci ayəsində də bildirdiyi kimi bu insanlar, "dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər".
"Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır." |
Allah bir ayədə kafirlərin axirətə, "qəbirdəkilərin bir daha diriləcəyinə ümid etmədikləri kimi" (Mumtəhənə surəsi, 13) ümid etmədiklərini bildirir. Bu, kafirlərin maddəyə verdikləri əhəmiyyətin bir dəlilidir. İnsanın yalnız ətdən, sümükdən, yəni maddədən ibarət olduğunu zənn etdikləri üçün, sümük halına çevrilmiş bir insanın yenidən diriləcəyinə bir cür inanmırlar. Halbuki, sümüklər dirilməyəcəkdir.
Təkcə maddi dünyanın varlığına inanan bu kəslər cənnət və cəhənnəmi bu dünyanın içində bir yerə yerləşdirə bilmədikləri üçün, axirətin varlığına da inanmazlar. Bəziləri bu səbəbdən ötrü cənnət və cəhənnəm üçün kosmosda bir məkan axtaracaq qədər azmışdırlar. Həmçinin Allahı, mələkləri və cinləri də maddi dünyanın və kainatın bir yerində tapa bilmədiklərindən ötrü bunların da varlığına inanmazlar. Halbuki inkarlarının əsas səbəbi olan maddə haqqındakı inancları böyük bir yanılmadır. Hal-hazırda elm tərəfindən də yanıldıqları açıq şəkildə göstərilmişdir.
Elmi olaraq da isbat edildiyi kimi bizim təmasda olduğumuz dünya insanların böyük bir hissəsinin zənn etdiyi kimi maddədən ibarət olan bir yer deyil. Xarici aləmdə maddə vardır; ancaq bizim gördüyümüz, toxunduğumuz, yaşadığımız hər şey, hər insanın beyninin arxa tərəfindəki, çox kiçik ölçüdəki hissiyyat mərkəzində yaradılan bir hislər toplusudur. Allah bizdən kənarda maddi bir dünya yaratmışdır və bu dünya Allah Qatında əbədiyyən yox olmaz. Lakin biz bu maddi dünya ilə yalnız hislərimiz vasitəsilə təmasda ola bilərik, yəni əslinə heç vaxt çata bilmərik. Bu mühüm həqiqətin daha yaxşı başa düşülməsi üçün, elmi izahını qısa şəkildə başa salaq.
Hal-hazırda əlinizdə tutduğunuz kitabı gözünüzlə gördüyünüzü zənn edirsinizsə, deməli yanılırsınız. Çünki görən gözünüz deyil. Gözləriniz yalnız kənardan gələn işığı nəql etmək vəzifəsini yerinə yetirən bir orqandır. Görən beyninizdir.
Gözünüzə gələn işıq seli, gözünüzün arxasındakı bəzi hüceyrələr tərəfindən, bir sıra kimyəvi proseslər nəticəsində elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı birbaşa beynin arxa hissəsində yerləşən görmə mərkəzinə çatır. Görmə mərkəzi bir neçə kub santimetr həcmə malik çox kiçik bir yerdir. Elektrik siqnalı bura çatdığı vaxt, əlinizdə tutduğunuz kitabın görünüşünü meydana gətirir. Yəni siz hal-hazırda bu kitabı beyninizin arxa hissəsində görürsünüz. Gördüyünüz maddi varlığı olan bir kitab deyil, sadəcə "möhkəmlik və sərtlik hissi" verilmiş, beyninizdəki bir kitab görünüşüdür.
Kitabın çap olunmuş kağızını da bənzər şəkildə hiss edirsiniz. Barmaqlarınızdakı sinir hüceyrələrindən beynə ötürülən elektrik siqnalları, beyninizdəki toxunma mərkəzində toxunma hissinə çevrilir. Yəni şirli kağıza toxunan və hiss edən barmaqlarınız deyil, bu hiss də beyninizdə bir qavrayış olaraq meydana gəlir.
İnsan isə əsla beynindən kənardakı aləmə çata bilməz. Gördüyü, eşitdiyi, toxunduğu, daddığı hər şey beynində yaranan hislərdən ibarətdir. İnsanın özündən kənarda, uzaqda zənn etdiyi hər şey əslində beyninin içindədir. Yəni bütün kainat, bütün dünya həyatı, ulduzlardan otaqdakı çiçəyə qədər hər şey, insan kəlləsinin içində yaradılır. Hər insan beynində yaranan aləmi seyr edir, beynində yaranan aləmə toxunur, beynindəki aləmin səsini dinləyir.
Allah yaratdığı maddi aləmi hər insana beynində bir görünüş kimi seyr etdirir və bu görünüşə həm möhkəmlik, həm də sərtlik verərək görünüşü həqiqət kimi hiss etdirir. Bundan əsrlərlə əvvəl İmam Rəbbani, Muhyiddin Ərəbi kimi böyük İslam alimləri tərəfindən də göstərilən bu böyük həqiqət, 20-ci əsrdə elmi kəşflərlə sübut olundu.
Maddənin əsli ilə təmasda olduqlarını zənn etdiklərindən ötrü cənnət və cəhənnəmin varlığına şübhə ilə yanaşan insanlar üçün burada izah edilənlər olduqca əhəmiyyətlidir. Bütün kainatın beynində yaranan bir görünüş olduğunu başa düşən bir insan, cənnət və cəhənnəmin həqiqi mahiyyətini bilər. Həmçinin Allahın dünyanı insanın beynində necə yaratdığını başa düşən bir kimsə, cənnət və cəhənnəmin yaradılışını da başa düşə bilər. Çünki, bu insan nə dünyada, nə də axirətdə maddənin əsli ilə əsla təmasda olmayacağını başa düşəcəkdir. Yaşadığı hər şeyin özünə xəyal surətində göstərildiyini qavradığı təqdirdə, gözüylə görmədiyi və əliylə toxunmadığından ötrü cənnət və cəhənnəmi inkar etməsinin də heç bir mənası qalmayacaq.
Həmçinin Allahın sonsuz elmini, ehtişamlı yaratmasını daha yaxşı təqdir edəcəkdir. Çünki, Allah görünüşə möhkəmlik və sərtlik verir, görünüşü eynilə maddə kimi yaradır. Bu görünüş o qədər həqiqi və o qədər əslinə bənzərdir ki, min illərdən bəri insanların böyük bir hissəsi əslində beyinlərinin içindəki bir xəyalı seyr etdiklərini bilmirlər. Hətta beyinlərindəki görünüşü seyr edərkən bizdən kənardakı əsli ilə təmasda olduqlarını zənn etmiş, otaq onların içində olduğu halda, özlərinin otağın içində olduqlarını güman etmişlər. Eynilə beyinlərindəki ulduz görünüşünün özlərindən milyonlarla kilometr uzaqda olduğunu düşünərək yanılmışlar. Minlərlə ildir ki, milyardlarla insanın qapqaranlıq kəlləsinin içində, əsli ilə tamamilə eyni, qüsursuz, parlaq aləmlər yaradan Uca Allah, əlbəttə ki, bənzər şəkildə cənnət və cəhənnəmi də yaratmağa qadirdir.
Allah, dünyanın görünüşünü göstərdiyi bir insanın, ölümdən sonra gördüyü görünüşü dəyişdirər; ona axirətin görünüşünü göstərməyə başlayar. Bu proses eynilə bir pərdənin qalxıb, arxasından tam fərqli bir mənzərənin görünməsi kimi bir keçiddir. Məsələn, kreslosunda oturduğu vaxt miokard infarktı keçirən bir insan, evinin otağının görünüşünü gördüyü halda, bir anda canını almaqla vəzifələndirilmiş mələklərin görünüşünü görə bilər, sonra isə haqq-hesaba çəkilməsinə və əbədi məkanına göndərilməsinə şahid ola bilər.
Allah can verən adam barəsində bunu xəbər verir:
Can boğaza yetişdiyi zaman, həmin an siz (ancaq) can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. (Vaqiə surəsi, 83-85)
Vaqiə surəsindəki bu ayələrdə də bildirildiyi kimi, ölən insanın bədəni nə qədər ki, yaxın qohumlarının yanında kimi görünsə də, bu adam əslində artıq onların yanında deyil. Çünki, o artıq tam fərqli bir aləmin görünüşünü görür.
Göylərdə və yerdə nə varsa, Allahındır... |
Allahın Quranda bildirdiyi kimi, cənnət və cəhənnəm onsuz da hal-hazırda yaradılmışdır. Məsələn, Allah Hədid surəsində belə bildirir:
Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun Rəsuluna iman edənlər üçün hazırlanmış Cənnətə (qovuşmaq üçün) səy göstərib yarışın. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)
Nəcm surəsindəki ayələrdə isə Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-ə hələ dünyada olduğu vaxt Məva bağının yanında olan son həddəki Sidr ağacının göstərildiyini xəbər verir. Bu ayələr də cənnətin hal-hazırda yaradılmış olduğunun açıq bir dəlilidir:
Son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü. (Nəcm surəsi, 14-18)
Ancaq Allahın bizə göstərdiyi görünüşdə hələ təkcə dünya həyatı vardır. Allah istədiyi vaxt bütün insanlara cənnət və cəhənnəmin görünüşünü göstərməyə başlayacaq. Allah bəzi ayələrində cənnətin yaxınlaşdırıldığını bildirir. Digər bir sözlə onsuz da mövcud olan cənnətin insana yaxınlaşdırılaraq onun gördüyü görünüş halına gətirilməsi də mümkün ola bilər. Bu, dünyaya aid görünüşün uzaqlaşdırılıb axirət görünüşünün yaxınlaşdırılması kimi ola bilər. (Doğrusunu Allah bilir.) Bu ayələr belədir:
Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. (Qaf surəsi, 31)
Cəhənnəm alovlandırılacağı zaman və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. (Təkvir surəsi, 12-14)
Ötən əsrin ən böyük İslam alimi, ustad Bədiüzzaman Səid Nursi də, cənnət və cəhənnəm ilə əlaqəli şərhlərində, cənnət və cəhənnəmin də eynilə dünya həyatı kimi xəyal surətində yaradıldığını ifadə etmişdir. Məsələn, aşağıdakı sözündə cənnətdəki insanların xəyal surətində yaradıldıqlarından ötrü, Allahdan bir nemət olaraq, eyni anda bir neçə məkanda ola biləcəklərini bildirmişdir:
Həm necə ki, bu kəsafətli (bulanıq), zülmət, kiçik dünyada Günəşin bir çox âyinələrdə (aynalarda) eyni vaxtda eynilə görülməsi kimi, elə o cür də: Nurani bir şəxsin eyni vaxtda çox yerlərdə eynilə olması, (“On Altıncı Sözdə” isbat edildiyi kimi) məsələn, həzrəti Cəbrayıl əleyhissalamın həm min ulduzda, həm ərşdə (Allahın böyüklüyünün və ucalığının təcəlli etdiyi yer), həm huzur-u Nəbəvî'də (peyğəmbər hüzurunda), həm huzur-u İlahîdə (Allahın hüzurunda) eyni vaxtda olması; həm həzrəti Peyğəmbər əleyhissalatu vəssalamın həşrdə (qiyamətdən sonra bütün insanların toplanacağı yer) eyni vaxtda əksər (bir çox) etqiya-i ümmətiylə (peyğəmbərin yolundan gedən təqvası güclü olan kəslər) görüşməsi və dünyada hədsiz (sonsuz) mövqelərdə eyni vaxtda təzahür etməsi (görünməsi) və övliyanın, bir nəvi qəribi olan əbdalların (övliyadan başqa nur qazanmış kəslərin) eyni vaxtda çox yerlərdə görünməsi və avamın (cahil xalqın) yuxuda bəzən bir dəqiqədə bir il ərzində görəcəyi qədər işlər görməsi və müşahidə etməsi (gözlə görməsi) və hər kəsin qəlb, ruh, xəyal cəhətiylə (baxımından) eyni vaxtda bir çox yerlərə təmas edib əlâqadaranə (əlaqədə) olması, məlum (bilinən) və məşhuddur (görünəndir)... Əlbəttə ki, səbəblərin olmadığı, nurlu, geniş və əbədi olan cənnətdə, bədənləri ruh halında və xəyal surətində olan cənnət əhlinin bir vaxtda yüz min yerdə olub yüz min hurilərlə söhbət edərək yüz min tərzdə zövq alması; o əbədi cənnətə, o nəhayətsiz (sonsuz) rəhmətə layiqdir və Müxbir-i Sadiqin (s.ə.v) xəbər verdiyi kimi haqq və həqiqətdir. Bununla yanaşı, bu kiçik ağlımızın tərəzisiylə o böyük həqiqətlər çəkilməz. (Sözler, 502)
Bədiüzzamanın bu sözüylə diqqət çəkdiyi həqiqət, iman edənlər üçün böyük bir müjdədir. Allahın istəməsi ilə cənnət əhli eyni anda bir çox bədənə sahib ola biləcək, bir çox istəyini eyni anda yerinə yetirə biləcəkdir. Kitabın əvvəlki hissələrində izah etdiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v) də bu böyük müjdəni bizə hədisləri vasitəsiylə bildirmişdir.
| "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında," |
Əlbəttə ki, dünyada məkana və maddəyə tabe olan bir varlığın belə bir şeyi başa düşməsi qeyri-mümkündür. Ancaq Allahın sonsuz elmi və sonsuz ağlı ilə yaradılan cənnətdə, Allah insanı dünyadakının əksinə məkandan və maddədən asılı olmayan surətdə yaradacaq, üstəlik Özündən insana verilən bir nemət olaraq dünyada asılı olduğumuz səbəblər və qanunlardan uzaq bir mühitdə yaşadacaq. Burada cənnətə layiq olan qullarına sonsuz nemətindən gözəlliklər bəxş edəcək.
Səmimi olaraq iman edən bir insan üçün Allahın, cənnət və cəhənnəmin varlığını bildirmiş olması kifayətdir. Allahın sözünə və Quranda bildirdiyi həqiqətlərə inanan bir mömin əsla bunlardan şübhələnməz və qəti surətdə iman edər. Həqiqi möminlər bu fəsildə izah edilən həqiqətləri bilməsələr də axirətin varlığına iman edərlər. Ancaq, axirətin varlığına şübhə edənlərə, onun varlığını başa salmaları, onların bu həqiqəti qavramalarına kömək edə bilmələri üçün burada izah edilən məlumatlar da olduqca əhəmiyyətlidir. Cənnət və cəhənnəmi gözləriylə görmədiyi üçün bunlara inanmayan və şübhə ilə yanaşan insanlar bu həyatlarında da yaşadıqları maddi dünyanın əsli ilə heç bir şəkildə təmasda ola bilmədiklərini başa düşdükdə axirətə olan dünyagörüşləri dəyişəcək. Necə ki, bu dünyada maddənin əsli ilə çatmadıqları halda, onun həqiqət olduğundan şübhələnmirlərsə, Allah Qatında sonsuza qədər yox olmayacaq maddi bir dünyanın varlığından da şübhələnməyəcəklər.
Maddənin əsl mahiyyəti mövzusu kafirlərin cənnət və cəhənnəmin varlığını inkar etmək üçün istifadə etdikləri uydurma səbəbləri aradan qaldırır. Bu mövzunun özlərinə izah edilməsinə baxmayaraq, inkar etməyə davam etdikləri təqdirdə, həqiqətləri görməzlikdən gələrək inkarı seçdikləri açıq şəkildə ortaya çıxacaq. Amma hər inkarçının həqiqətləri qəbul edəcəyi, artıq şübhə etməyəcəyi bir an vardır. İstisnasız surətdə hər inkarçı və şübhəçi insan, mütləq Allahın və axirətin varlığına iman edəcəyi bir anla qarşılaşacaq. Bu an, dünya həyatının görünüşünün aradan qaldırılıb, mələklərin görünüşünün göstərildiyi ölüm anıdır. Haqq-hesaba çəkilib, cəhənnəmə sürükləndikləri vaxtda isə, heç biri cənnət və cəhənnəmin varlığından az da olsa şübhələnmələyəcəkdir.
Sonsuz ədalət sahibi olan Rəbbimiz Duxan surəsindəki ayələrdə belə bildirir:
Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin. Sizin şübhə etdiyiniz əzab budur! (Duxan surəsi, 47-50)
Allahdan başqa varlıqlara güc istinad etməyə və bunların Allahın yaratdığı xəyali varlıqlar olduğunu unudaraq, Allaha şərik qoşan insanlar, nə qədər çox yanıldıqlarını da axirətdə başa düşəcəklər. Allah Quranda insanların dünya həyatında Özünə şərik qoşduqları varlıqların özlərindən uzaqlaşıb yox olduqlarını görəcəklərini bildirir:
Bax gör onlar özlərinə qarşı necə yalan söylədilər. Uydurduqları şeylər də onlardan uzaqlaşıb yox oldu. (Ənam surəsi, 24)
...“Allahdan savayı tapındıqlarınız haradadır?”. Onlar: “Bizi qoyub qaçdılar!” deyəcək... (Əraf surəsi, 37)
...Onlar özlərini ziyana uğratdılar. Uydurduqları şeylər isə onlardan uzaqlaşıb qeyb olmuşdur. (Əraf surəsi, 53)
...Onlar Allaha, özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları şeylər isə onlardan uzaqlaşıb qeyb olacaq. (Yunis surəsi, 30)
Sonra da onlara deyiləcəkdir: “Haradadır şərik qoşduqlarınız, Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar. (Mümin surəsi, 73-74)
Mümin surəsindəki ayədə də bildirildiyi kimi, bu insanlar öldükdən sonra, yəni dünyaya aid görünüşləri dəyişdikdən sonra, dünya həyatında tapındıqlarının bir görünüş olduğunu başa düşərək "xeyr, biz əvvəllər də heç bir şeyə ibadət etmirdik!" deyə bilərlər. Ağıl və vicdan sahibi insanlar isə, onsuz da axirətdə qavrayacaqları bu həqiqəti, lazım olduğu kimi düşünərək dünya həyatında olduqları vaxt, yəni yubanmadan əvvəl qavrayıb başa düşməlidirlər.
... Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar." |