Dünyadakı ən böyük nemətlərdən biri də insan gözəlliyidir. İnsan ən gözəl evlərə sahib olsa, ən gözəl qidaları yesə və mükəmməl yerlərdə gəzsə belə, tənha olduğu müddətcə bunlardan tam mənasıyla zövq ala bilməyəcək. Çünki, bütün bu nemətlər adamın ətrafındakı yaxınları və dostlarıyla birlikdə olduğu vaxt bir məna qazanar. Allahın ruhundan üflədiyi bir varlıq olan insan, şəxsiyyəti, təqvası və gözəl əxlaqı ilə çox qiymətlidir. Bir də bu xüsusiyyətlərinin üstünə qüsursuz bir fiziki gözəlliyin də əlavə olunması, şübhəsiz ki, hər kəsin sahib olmaq istəyəcəyi böyük bir nemətdir.
Cənnətdəki insan gözəlliyinin təsvir edildiyi hədislərdən biri belədir:
Cənnətdəki hurilər yaqut və mərcan kimidirlər. Adam onlardan birinin üzünə baxanda, özünü onun yanağında, aynada gördüyündən daha aydın görər. Onların mirvarilərinin ən kiçiyi şərq ilə qərbi işıqlandırar. [Ramuz el-Ehadis-2, səh. 337/7]
|
Cənnətdəki hurilərin gözəlliyi yaqut kimi nadir bir ləl-cəvahirata, mərcan kimi özünəməxsus bir görünüşə sahib təbii bir gözəlliyə bənzədilmişdir. Həmçinin baxan adamın özünü aynada gördüyündən daha aydın gördüyü bənzətməsiylə üz dərilərinin hamar olmasına və üzlərindəki parlaqlığa, işıqlığa diqqət çəkilmişdir.
Dünya şərtlərində üz dərisinin gərginliyi, şəffaflığı çox qısa bir müddət davam edər. Kiçik yaşlardakı dəri hamarlığı və gözəlliyi yaş irəlilədikcə bəzi dəri problemləri, yıpranma və qırışma ilə yox olar. Bu səbəbdən də bu gözəllik dünya şərtlərində daimi olmaz. Ancaq Allah razı olduğu qullarına cənnətdə qüsursuz və əbədi gözəlliyi vəd edir. Peyğəmbərimiz (s.ə.v) də bir hədisdə cənnətdəki gözəlliyin və gəncliyin daimiliyindən belə bəhs edir:
Cənnət əhlinin bədəni tüksüz, üzü saqqalsız, gözləri sürməlidir, gənclikləri zail olmaz (tükənməz), paltarları köhnəlməz. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]
Cənnət əhli cənnətə, otuz ya da otuz üç yaşında saqqalsız, tüksüz və gözləri sürməli halda girəcəklər. [Büyük Hadis Külliyyatı-5, səh. 411/10109]
...Ona girən nemətə nail olar, əziyyət görməz, əbədiyyət qazanar, ölümlə qarşılaşmaz. Paltarı köhnəlməz, gəncliyi yox olmaz. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]
Hədislərdə cənnət əhlinin gözlərinin yaradılışdan sürməli olduğundan da bəhs edilir. Sürmə, göz rəngini və formasını ön plana çıxardan bir bəzəkdir. Dünya şərtlərində süni olaraq əldə edilməyə çalışılan, lakin yenə də mükəmməl olmayan bu gözəllik, axirətdə möminlərin təbii halı olacaq.
Peyğəmbərimiz (s.ə.v)-in cənnətdəki insan gözəlliyi ilə əlaqədar özünə soruşulan suallara belə cavab verdiyi rəvayət olunmuşdur:
"Ya Rəsulullah! Allah Təalanın: 'İri gözlü hurilərdir' (Vaqiə surəsi, 22) sözünü mənə izah et" dedim.
"Onlar ağ bədənli, iri gözlü, qara quşun qanadları kimi sürməlidirlər" dedi.
"Ya Rəsulullah! Allahın: 'Sanki o qadınlar yaqut və mərcandırlar' (Rəhman surəsi, 58) ayəsini izah et" dedim.
"Onlar qorunub saxlanılan mirvari kimi gözəldirlər" dedi.
"Ya Rəsulullah! Allahın: 'O cənnətlərdə gözəl əxlaqlı, gözəl qadınlar vardır' (Rəhman surəsi, 70) ayəsini izah et" dedim.
"Onlar çox gözəl xasiyyətli və gözəl üzlüdürlər" deyə buyurdu.
"Ya Rəsulullah! Allahın: 'Onlar, toz qonmamış yumurta kimidirlər' (Saffat surəsi, 49) ayəsini izah et" dedim.
"Onlar yumurtanın pərdəsi kimi ağ və incədirlər" dedi.
"Ya Rəsulullah! Allahın: 'Ərlərini sevən, həmyaşıdlar (Vaqiə surəsi, 37) ayəsini mənasını söylə" dedim.
"Onlar dünyada qoca, gözləri iltihablı, saçları ağarmış və zəif olaraq öldükləri halda, Allah onları cənnətdə bakirə, ərlərinə sevən, aşiq və bir-birinə bağlı, bir-birlərinin həmyaşıdı edəcək" deyə buyurdu.
"Ya Rəsulullah! Dünya qadınlarımı üstündür, yoxsa iri gözlü hurilərmi?" dedim.
"Paltarın üzü astarından qiymətli olduğu kimi, dünya qadınları da hurilərdən qiymətlidirlər" dedi.
"Niyə Ya Rəsulullah?" dedim, belə izah etdi:
"Namazları, orucları və Allaha olan ibadətlərindən ötrü Allah da onların üzlərini nurlandırar, özlərinə ipək paltarlar geydirər. Onların bədənləri ağ, paltarları yaşıl, zinətləri sarı, buxurdanları mirvari və daraqları qızıldır. Onlar belə deyərlər:
"Biz burada əbədi qalacağıq. Biz sevimli və xoşbəxtik. Əsla kədərlənib sıxılmarıq. Başqa aləmə köçməyəcəyik, daim burada qalacağıq. Biz bu halımızdan məmnunuq və hər şeydən razıyıq. Heç kimə hirslənmərik. Necə də xoşbəxtdirlər, özlərinin həyat yoldaşı olduğumuz və həyat yoldaşlarımız olan kəslər". [Genclik ve Ölüm, səh. 422-423]
"Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz." |
Diqqət yetirilsə Quranda (Rəhman surəsi, 70) və hədislərdə cənnət qadınlarının gözəl xasiyyətli olmalarına da diqqət çəkilmişdir. Başqa bir hədisdə isə cənnətdəki insanların və yaşadıqları mühitin gözəlliyi belə təsvir edilmişdir:
Orada gözəl xasiyyətli, gözəl üzlü qadınlar vardır. (Rəhman surəsi, 70)
Başqa bir hədisdə isə cənnətdəki insan gözəlliyi belə təsvir edilmişdir:
...Hər bir hurinin əynində yetmiş qat paltar vardır ki, birinin rəngi digərində yoxdur. Həmçinin özünə digərində olmayan yetmiş fərqli rəngdəki ətir verilər. Hər biri huri üçün, inci ilə bəzənmiş qırmızı yaqutdan yetmiş taxt, hər taxtın üstündə yetmiş döşək, hər döşəyin üstündə isə kreslo vardır. Hər bir huri qadının ehtiyacının ödənilməsi və ona xidmət göstərilməsi üçün yetmiş min xidmətçi qız və yetmiş min xidmətçi oğlan vardır. Hər bir xidmətçiylə yanaşı, içində müxtəlif yeməklər olan qızıldan sinilər vardır ki, möminlərdən biri bir qabdakı yeməyin dadının və ləzzətinin digərindəkindən fərqli olduğunu görər... [Tezkireti'l Kurtubi, səh. 333/591]
Bir çox hədisdə isə cənnət əhlinin xüsusilə üz gözəlliyinə diqqət çəkilmiş, hətta bu gözəlliklərinin daim artdığı xəbər verilmişdir:
Cənnət əhlinin bir bazarı vardır. Hər cümə oraya gələrlər. Elə həmin vaxtda şimal küləyi əsər, beləcə də, paltarlarını və üzlərini oxşayar. Bununla da hüsn (gözəllik) və camalları (üz gözəlliyi) artar. Beləcə ailələrinə, daha da gözəlləşmiş halda qayıdarlar. Xanımlar:
"Vallah, bizim yanımızdan ayrıldıqdan sonra sizin camal və gözəlliyiniz artmış!" deyərlər. Kişilər də:
"And olsun Allaha, siz də bizdən sonra olduqca gözəlləşmisiniz" deyər. [(Müslim), Kutubu Sitte-14, səh. 433/16]
Cənnət qadınlarının işıltılı gözəlliklərindən başqa bir hədisdə də belə bəhs edilir:
...Əgər cənnət qadınlarından biri yer əhlinə görünsəydi, dünyanı və içindəkiləri işıqlığa bürüyər və ikisinin arasını da gözəl qoxu ilə doldurardı... [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 409/10095]
Tanınmış İslam alimi Bədiüzzaman həzrətləri isə özünə hədislərdə təsvir edilən bu gözəlliyin necə olduğu soruşulduğunda belə cavab vermişdir:
Mənası çox gözəl deməkdir və gözəlliyi şirindir. Belə ki: Bu çirkin, ölü, camid (donuq, cansız) və çoxu qışır (qabıq, xarici görünüş) olan dünyada; hüsn (gözəllik) və camal (üz gözəlliyi), təkcə gözə gözəl görünüb ülfətə (vərdiş) mane olmazsa yetər. Halbuki gözəl, həyattar (canlı), rövnəqdar (gözoxşayan gözəllik), tamamilə qışırsız (qabıqsız), lüb (öz) və qabıqsız iç olan cənnətdə; göz kimi insanın bütün duyğuları, lətifələri (xoş sözləri), cins-i lətif (yumşaq, xoş) olan hurilərdən, hurilər kimi və daha gözəl, dünyadan gələn cənnətdəki nisa-i dünyəviyyədən (dünya qadınlarından), ayrı-ayrılıqda hissi-i zövqlərini, cürbəcür ləzzətlərini almaq istəyərlər... Deməli, hurilər cənnətin əqsamı (hissələri) zinətindən yetmiş tərzini, bir tək növdən olmadığından bir-birini sətrətməyəcək (örtməyəcək, qapamayacaq) surətdə geydikləri kimi; öz bədənlərindən, nəfis və cisimlərindən, bəlkə, yetmiş mərtəbədən əlavə ayrı-ayrı hüsn (gözəllik) və camal (üz gözəlliyi) əqsamını (hissələrini) nümayiş etdirirlər. [Sözler, səh. 469-470]
|
Keyfiyyətli parçalardan hazırlanmış rahat və gözəl paltarlar geymək hamının xoşuna gələr. Cənnətdəki müxtəlif rəng və gözəllikdəki paltarlar da insanın zövqünə xitab edəcək. Dünya şəraitində paltarlar nə qədər gözəl olurlarsa olsunlar həmişə onlarda bir natamamlıq vardır. Bütün geyimlər zaman keçdikcə köhnəlir, rəngləri solur, adamda ilk geyindiyi vaxtlardakı kimi rəğbət hissi oyandırmamağa başlayır. Bir adamın dünyada çox sayda geyimə sahib olması da bir əhəmiyyət kəsb etməz, çünki bu geyimdən alınan zövq adamın ömrü ilə məhdudlaşır. Ölümlə birlikdə digər bütün əşyalar kimi bunlar da geridə qoyulur. Halbuki cənnət geyimləri həm qüsursuz gözəllik və müxtəliflikdə, həm də əbədi olacaqdır. Peyğəmbərimiz (s.ə.v)-in cənnət geyimlərinin bu xüsusiyyətlərinə diqqət çəkdiyi bir hədisi belədir:
...Orada böyük qəsrlər, böyük çaylar, bol və yetişmiş meyvələr, gözəl və dilbər zövcələr (qadın, yoldaş), bir çox daimi və gözəl rəngli paltarlar vardır. Ora uca, gözəl və qüsursuz bir yurd olub, təmiz bir həyat yaşanılan yerdir... [Ramuz el-Ehadis-1, səh. 170/1]
Həmçinin bu paltarlar elə boldur ki, heç kim bir əskiklik və ehtiyac hiss etməyəcək. Bir hədisdə bu vəziyyətə belə diqqət çəkilmişdir:
...Onların içində hər hansı bir şeyi əskik olan bir nəfər yoxdur ki, gördüyü insanın əynindəki bəzəkli paltarlardan ötrü narahatçılıq hissi keçirsin. Sözünü başa çatırmadan əyni daha gözəl bir paltara bürünər... [Tezkireti'l Kurtubi, səh. 325-326/563]
Cənnət əhlinin geyimləri də ən rahat olacaqları şəkildə yaradılmışdır. Geyilən paltarlar, cənnətdəki qüsursuzluq və gözəllik içində heç bir narahatlığa səbəb olmaz. Cənnətdə dünyaya aid nöqsanlar (paltarın rənginin solğunlaşması, qırışması, çirklənməsi, köhnəlməsi və s.) da yoxdur. Həmçinin cənnətdə paltarların toxunması, tikilməsi kimi hazırlıq mərhələləri də yoxdur. Cənnətdə Allahdan bir nemət olaraq hər şey daim ən mükəmməl halıyla mövcuddur. Cənnətdəki möminlərin paltarları ilə əlaqədar xəbər verilən digər təfərrüatlar belədir:
...Cənnət geyimləri toxunulmaz. Cənnətin meyvələri yarılar və ondan paltar çıxar... [Tezkire-i Kurtubi-1, səh. 21]
Cənnətdəki xurma ağaclarının budaqları yaşıl zümrüddür. Şivləri qırmızı qızıldır. Yarpaqları cənnət əhli üçün əyin paltarlarıdır. Onun bir qismi qısa (alt) paltarlar, bir qismi də içi astarlı üst paltarlardır... [Tezkireti'l Kurtubi, səh. 314]
...Əynində yetmiş qat paltarı olar. Ən aşağısı Tuba ağacından hazırlanmış, lalə kimi... [Ramuz el-Ehadis-1, səh. 99/8]
"Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır." |
Ayələrdə də cənnətdəki paltarların ipəkdən hazırlandıqları və bəzəkli olduqları belə xəbər verilmişdir:
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər (İnsan surəsi, 21)
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədilər, libasları da ipəkdən olar. (Həcc surəsi, 23)