Dünyada Quran əxlaqından uzaq yaşayan insanların keçirdikləri kədər, narahatlıq hislərinin yaranma səbəblərinin başında hər an qarşılaşdıqları ürəksındıran, alçaldıcı, vəsvəsə verən, ümidsizliyə sövq edən, dürüst olmayan, neqativ söhbətlər gəlir. Necə ki, söhbətlərdəki ən kiçik bir mənfi hal belə, ən gözəl mühiti narahat edici hala gətirə bilər. Digər tərəfdən səmimi-qəlbdən deyilən xoş bir söz, söylənilən qürurlandırıcı, şövqləndirici, cəsarət və ümid verici bir söz, edilən səmimi və dürüst bir söhbət bəzən adamın ətrafındakı maddi nemətlərdən xeyli əhəmiyyət kəsb edər. İnsanlar dünya həyatında narahatlıq hissi keçirəcəkləri söhbətlərlə tez-tez qarşılaşarlar. Halbuki Allah cənnətdə bunun olmadığını, möminlərin olduqca rahat mühitlərdə qarşılıqlı söhbət etdiklərini bizlərə xəbər verir. Allahın sevdiyi və cənnətinə qəbul etdiyi səmimi qullarıyla söhbət etməklə yanaşı, hər cür yalandan, boş və pis söhbətlərdən uzaq olmaq möminlər üçün çox böyük bir nemət olacaq. Allah bir ayədə bunun qulları üçün çox böyük bir lütf olduğunu bildirir:
Onlar orada nə boş və mənasız, nə də yalan bir söz eşidərlər. Bunlar sənin Rəbbindən verilən yetərli bir lütfdür. (Nəbə surəsi, 35-36)
Peyğəmbərimiz (s.ə.v) də cənnətdəki söhbətlərin gözəlliyinə belə diqqət çəkmişdir:
Cənnət əhli elə bir kimsədir ki, Allah onun iki qulağını insanların özünə dediyi tərifiylə doldurar və o da onu eşidər. Cəhənnəm əhli isə elə bir birlikdir ki, Allah onun iki qulağını insanların özünə dedikləri pis sözləriylə doldurar və o da bunu eşidər. [Ramuz el-Ehadis-1, səh. 155/2]
Həmçinin hədislərdə möminlərin dünyadakı səmimi söhbətlərinin axirətdə də davam etdiyi bildirilir. Cənnətdə möminlərin öz aralarında söhbət edərkən dünya həyatlarında etdiklərini yada saldıqlarından bir hədisdə belə bəhs edilir:
Cənnət əhli cənnətdə yerləşdiyi vaxt qardaşlardan bəziləri bəzilərini görmək istəyər. Birinin taxtı digərinin taxtının yanına, yaxınlıqdakının taxtı da digərinin taxtının yanına gedər. Onlar görüşdükdə hər ikisi də bir-birinə söykənər və dünya həyatında aralarında keçən şeyləri qarşılıqlı surətdə danışmağa başlayarlar. Biri belə deyər: "Ey qardaşım, yadındadırmı biz dünyada filan məsciddə olarkən Allaha dua etmişdik, Allah da bizi bağışladı". [Ramuz el-Ehadis-1, səh. 29/12]
Cənnətdəki səs gözəlliyi də möminlərə ayrı bir nemət olaraq verilir. Həddindən artıq gur bir səs, cırıltılı bir musiqi, gurultulu bir mühit, çox uca səslə işləyən bir mühərrikin səsi ya da bir siqnal səsi qısa müddət davam etsə belə içində olduğumuz mühiti narahat edici hala gətirər. Necə ki, qışqırıq, fəryad, güclü bir ağrı və ya ağrının təsiriylə çıxan səslər də insanlara cəhənnəmi xatırladan səslərdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə cənnətdə, həm hər kəsin öz səsi çox gözəl olacaq, həm də qulaqlarına gələn hər səs özlərinə xoş gələcək. Doğrusunu Allah bilir. Hədislərdə cənnətdəki səs gözəlliyinə belə diqqət çəkilmişdir:
Cənnətdə hurilərin toplanma yerləri vardır. Səslərini qaldıracaqlar və varlıqlar onlarınkı qədər gözəl bir səsi o vaxta qədər heç eşitməmiş olacaqlar... [(Tirmizi), Büyük Hadis Külliyatı, səh. 409/10099]
Cənnətə girən hər kəsin baş və ayaq ucunda iki huri dayanar və insanların və cinlərin eşitdiyi ən gözəl səslə şeir oxuyarlar... [Ramuz el-Ehadis-2, səh. 384/7]