Həm namaz, oruc, zəkat kimi müəyyən ibadətlər, həm də gözəl əxlaqla əlaqəli bir çox ayə vardır. Allah insanlara həm özlərinin gözəl əxlaqlı olmalarını, həm də digər insanlara bunu tövsiyə etmələrini əmr edir. Allahın əmr və tövsiyələrinə iman edildiyi və hər kəsin gözəl əxlaq sahibi olduğu birliklərdə cənnət həyatındakına bənzər bir ruh halı yaşanar.
Müsəlmanlar Allahın sədaqətli qullarıdır. Bütün düşüncələrində, rəftarlarında və söhbətlərində Allahın razılığını güdər və Ondan qorxub çəkinərək hərəkət edərlər. Şeytanın təlqin etdiyi gizli və açıq heç bir mənfiliyə əsla izn verməyən, ağlı və vicdanı təmiz kəslərdir. Axirətə də bu təmiz vicdanla gedərlər.
|
Allah: "Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi" (Saffat surəsi, 84) ayəsiylə müsəlmanların ruhlarındakı bu təmizliyi bildirərkən, "içlərində əbədi qalacaqları ağacları altından çaylar axan Ədn cənnətləri də (onlarındır). Bu, günahlardan təmizlənənlərin mükafatıdır" (Taha surəsi, 76) ayəsiylə bu qullarına cənnətini vəd etmişdir.
Səmimi müsəlmanlar acgözlük, kin, qısqanclıq kimi çirkin əxlaq xüsusiyyətlərindən təmizlənmiş, qəlbən Allaha bağlanmış şəkildə yaşayarlar. Allahın: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır..." (Rad surəsi, 28) ayəsiylə bildirdiyi kəslərdir və "iman gətirib saleh əməllər edənlər və Rəblərinə qəlbləri razı qalmış halda bağlananlar, məhz bunlar Cənnət sakinləridir. Bunlar orada əbədi qalacaqlar" (Hud surəsi, 23) ayəsində bildirdiyi kimi cənnətlə müjdələnirlər. Allah başqa ayələrdə isə, "ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!" (Fəcr surəsi, 27-30) deyə buyurur və dünyada təmizlənərək razı qalmış qullarını cənnətinə çağırır.
"Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir." |
Allahın razı olduğu bu xüsusiyyətlərə sahib olan iman sahiblərinin düşüncələri və hərəkətləri imanlarının dərinliyini əks etdirər. Allah sevgisi və qorxusuyla hərəkət etdikləri üçün bütün halları gözəldir. Sahib olduqları bu gözəllik Allaha səmimi surətdə qulluq etmələrindən qaynaqlanan bir nurdur. Bu kəslər Allahın: "...Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir..." (Fəth surəsi, 29) ayəsində bildirdiyi kimi üzlərindəki səcdə izindən tanınırlar.
Baxışları Allahın lütfü sayəsində olduqca gözəl və mənalıdır. Söhbətləri Allahın razılığına uyğundur və sözləri daim gözəldir. Allahın: "Allahın necə bir məsəl çəkdiyini görmədinmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz meyvəsini daim verir..." (İbrahim surəsi, 24-25) ayələrində bildirdiyi kimi dedikləri sözlər həmişə gözəl nəticələr doğurar. İtaətli, üzüyola, qılıqlı, mehriban, səmimi və istiqanlıdırlar. Bu səbəblə də gözəl bir həyat içində, dostluğu, sevgini ən çox yaşayan insanlardır. Onlara dünya həyatında bu nemət və gözəllikləri yaşadan Allahdır. Onun axirətdə verəcəyi bu nemətlər isə əbədi olacaq.
Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində cənnətə girən kəslərin gözəl əxlaqlarına diqqət çəkmişdir. Bu hədislərdən biri belədir:
...Cənnətə girmələrini ən çox təmin edən şeylər nələrdir? Allah qorxusu və gözəl əxlaqdır... [Ramuz el-Ehadis-1, səh. 12/8]
Peyğəmbərimiz (s.ə.v) bir hədisdə cənnətə layiq ola bilmək üçün yadda saxlanılması lazım olan mövzuları da belə bildirmişdir:
...Allah qorxusundan ötrü günahlardan çəkinməyiniz, qəbirlərdə çürüməyi, daxilinizi və daxilinizdəkiləri, başı və başdakıları unutmamağınızdır. Kim axirət nemətini istəsə, dünya zinətini tərk etsin. Onda qul "həqiqi mənada Allah qorxusundan ötrü günahlardan çəkinmiş" olar. O vaxt Allahın dostluğuna nail olmuş olar. [Ramuz el-Ehadis-2, səh. 343/2]
Gözəl əxlaq xüsusiyyətləri olaraq Peyğəmbərimiz (s.ə.v) "ədalətli"; "mərhəmətli", "səbirli"; "comərd"; "nəzif" (təmiz); "iffətli, namuslu" və "doğruçu" olmağı hədislərində tez-tez xatırlatmışdır.
Həmçinin Peyğəmbərimiz (s.ə.v) cənnəti qazana bilmək üçün "gizlində və aşkarda yaxşı iş" görməyi; "xoş söz deməyi"; "bolluqda da, qıtlıqda da Allaha şükr" etməyi; "sədəqə verməyi"; "Allaha heç bir şeyi şərik qoşmamağı"; "elm arxasınca getməyi"; "Allahdan qorxmağı"; elçiyə "itaət" etməyi; "təkəbbürlü olmaqdan"dan çəkinməyi; "kasıb olduğu halda iffətli olub, dilənçilik və üzsüzlük etməməyi" “dürüst tacir” olmağı, Allahdan “razı qalmağı”, Allah üçün, dini üçün xeyirxahlıq etməyi xatırlatmışdır.
Peyğəmbərimiz (s.ə.v)-in diqqət çəkdiyi bütün bu mövzular Quranda Allahın rizasını, sevgisini qazanmaq üçün sahib olunması lazım olan mömin xüsusiyyətləri olaraq bildirilir.
İncildə isə cənnətə layiq olanların xüsusiyyətlərindən belə bəhs edilir:
...Göylərin hökmranlığı onlara məxsusdur... Onlara təsəlli veriləcəkdir. Necə də xoşbəxtdirlər həlim xasiyyətli olanlar! Onlar yer üzünün varisi olacaqlar. Necə də xoşbəxtdirlər doğruluğa can atanlar! Onlar doyurulacaqlar. Necə də xoşbəxtdirlər mərhəmətli olanlar! Onlara rəhm ediləcək. Necə də xoşbəxtdirlər qəlbi təmiz olanlar! Onlar Allahı görəcəklər. Necə də xoşbəxtdirlər sülhü təmin edənlər!... Necə də xoşbəxtdirlər haqq-ədalət uğrunda zülmə məruz qalanlar! Göylərin hökmranlığı onlara məxsusdur. Sevinin, sevinib coşun! Çünki göylərdəki mükafatınız böyükdür... (Matta, 5-ci hissə, 2-12)
İncilin başqa hissələrində isə cənnətə girəcək kəslərin xüsusiyyətləri belə ifadə edilir:
İsa yola düşərkən, biri qaça-qaça yanına gəldi. Qarşısında diz çöküb ondan: "Ey mənim yaxşı müəllimim, mən əbədi həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa ona: "Mənə niyə yaxşı deyirsən?" dedi. "Təkcə bir yaxşı var, o da Allahdır. Onun əmrlərini bilirsən; `Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, heç kimin haqqını yemə, anana-atana hörmət göstər". Adam: "Müəllimim, bunların hamısına gəncliyimdən bəri əməl edirəm" dedi. Ona sevgiylə baxan İsa: "Etmədiyin bir şey var" dedi. "Get nəyin varsa sat, pulunu yoxsullara ver; beləcə göydə xəzinən olar. Sonra gəl, məni izlə". (Markos, 10-cı hissə, 17-21)
...Bir-birinizi qardaşcasına sevin. Şəfqətli və təvazökar olun. Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, əksinə xeyir-dua ilə cavab verin. Çünki, üstünlüyü, paklığı miras almaq üçün çağırıldınız. Belə ki, "həyatı sevmək və yaxşı günlər görmək istəyən kəs, dilini pislikdən, dodaqlarını da hiyləli sözlərdən uzaq tutsun. Pis əməllərdən çəkinsin və yaxşılıq etsin. Xoşbəxtliyi axtarıb onun ardınca getsin. (Petrusun Birinci Mektubu, 3-cü hissə, 8-11)
...Doğruluğun, Allah yolunun, imanın, sevginin, səbrin və itaətkarlığın arxasınca qaç. İman uğrunda müqəddəs mübarizəni davam etdir. Əbədi həyatdan möhkəm yapış. Bunun üçün çağırıldın və bir çox şahid qarşısında müqəddəs inancı açıq şəkildə mənimsədin. İndiki dövrdə zəngin olanlara lovğalanmamalarını, müvəqqəti zənginliyə bel bağlamamalarını əmr et. Zövq almağımız üçün bizə hər şeyi bol şəkildə verən Allaha bel bağlasınlar. Onlara yaxşılıq etmələrini, yaxşı əməl baxımından zəngin olmalarını, comərd və paylaşmağı sevmələrini əmr et. Beləliklə də həqiqi həyata qovuşmaq üzrə gələcək üçün özlərinə möhkəm təməl olacaq bir xəzinə yığmış olarlar. (Pavlusun Timoteyusa Birinci Mektubu, 6-cı hissə, 11-19)