Cənnət Əhlinin Allaha Olan Yaxinliği

Cənnətdəkilərin Uca Allahın Təcəllisini Görə Bilmələri

İndiyə qədər sadaladığımız bütün bu nemətlərlə yanaşı, Allaha olan yaxınlıqları, cənnət əhlinin sahib olacağı ən böyük və ən əhəmiyyətli nemət olacaq. Peyğəmbərimiz (s.ə.v)-in bir çox hədisində, cənnətdəki möminlərin Allahdan bir lütf olaraq Onun təcəllisini görə biləcəklərindən bəhs edilir:

Cənnət əhli cənnətə girdiyi vaxt, Allah Təbarəkə və Təala belə buyuracaq: "Sizin üçün əlavə olaraq etməyimi istədiyiniz başqa bir şey vardırmı?"

"Sən bizim üzlərimizi dümağ etmədinmi? Bizi cəhənnəmdən xilas edib, cənnətə daxil etmədinmi; (Bundan daha yaxşı və çox nə ola bilər ki?)" deyəcəklər.

Bundan sonra da pərdə qaldırılacaq, özlərinə Rəblərini görməkdən daha gözəl bir şey verilmədiyini başa düşəcəklər. [Büyük Hadis Külliyyatı-5, səh. 415/10130]

"Ey Allahın elçisi! Rəbbimizi görəcəyikmi?"

"Buludsuz bir havada ay işığında ayı görmək üçün səy göstərirsinizmi?"

"Xeyr".

"Buludsuz bir gündə günəşi görmək üçün bir-birinizi itələyib bir-birinizə çətinlik törədirsinizmi?"

"Xeyr".

"Rəbbinizi də elə asanlıqla, zəhmətsiz və açıq-aydın şəkildə görəcəksiniz".… [(Buxari, Müslim, Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 416/10133]

Bir rəvayətə görə isə Peyğəmbərimiz (s.ə.v) bu mövzu ilə əlaqədar bu sözləri demişdir:

Cənnət əhli cənnətə girdikdə əməllərinin dərəcələrinə görə oraya yerləşəcəklər. Sonra onlara dünyadakı günlərdən cümə günü qədər bir müddətdə Rəblərini ziyarət etmələrinə izn veriləcək. Onlara Allahın ərşi göstəriləcək. Onlara cənnət bağçalarından bir bağçada görünəcək. Onlar üçün nur minbərləri, mirvari minbərləri, yaqut minbərləri, zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) minbərləri, qızıl minbərləri və gümüş minbərləri ortaya qoyulacaq. Ən aşağı dərəcəli kəsləri belə (belə ki, içlərində aşağı dərəcəli bir kimsə yoxdur) müşk yığını üzərində oturacaq. Kürsü sahiblərinin onlardan daha üstün məclisləri olduğunu görməzlər... O məclisdə Allahın yanında olub, Onunla ünsiyyətdə olmayacaq heç kim yoxdur… [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 409-410/10100]

…Ədn cənnətində behiştliklərlə Rəblərini görmələri arasında Allahın vəchindəki (üzündəki) böyüklük pərdəsindən başqa bir şey yoxdur. [(Buxari, Müslim, Tirmizi), Cennet 3, 2530]

Cənnət əhlinin Allahın hüzurunda olmaqdan ötrü duyduqları xoşbəxtlik isə bir hədisdə bu sözlərlə vurğulanmışdır:

Cənnət əhli Allahın hüzuruna iki dəfə daxil olar... Onlardan hər biri o məclisdə əməllərinə görə mirvari, yaqut, zümrüd, qızıl və gümüş minbərlər üzərində oturar. Gözləri heç vaxt bu qədər aydın olmamışdır... Bunu yenidən yaşamaq ümidi ilə sabahısı günü gözləyən halda yerlərinə qayıdarlar. [Ramuz el-Ehadis-1, səh. 120/3]

landscape



"Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər."
(İnsan surəsi: 13)

Allahın Məmnuniyyətini Qazanmış Olmaları:

Allah cənnətdə özündən razı olduğu qullarına sonsuz nemət bəxş edir. Ancaq iman edən möminlər üçün hər şeydən əhəmiyyətli olan, Allahın məmnuniyyətini qazana bilmiş olmalarıdır. Möminlər dünyada mallarını, canlarını, sahib olduqları bütün imkanları Allaha yaxınlaşa bilmək və Onun razılığını qazana bilmək üçün ortaya qoymuş, bütün həyatlarını Ona həsr etmişlər. Cənnətdə isə həyatlarının bu məqsədinə nail olmağın tərif edilə bilməz xoşbəxtliyini yaşayarlar. Bir ayədə Allahın məmnuniyyətini qazanmağın nə qədər böyük bir nemət olduğundan belə bəhs edilir:

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Böyük qurtuluş və xoşbəxtlik budur. (Tövbə surəsi, 72)

Quranda möminlərin cənnətdə hər şeydən razı qalacaqları isə bu ayələrlə bildirilir:

Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür! (Beyyinə surəsi, 8)

Bir hədisdə cənnət əhlinin Allahdan razı qaldıqlarından belə bəhs edilir:

"Ey Rəbbimiz, buyur! Əmrinə hazırıq! Xeyir Sənin əlindədir!" deyərlər. Allah Təala:

"Razı qaldınızmı?" deyə soruşar. Onlar:

"Ey Rəbbimiz! Razı qalmamaq nə həddimizə! Sən bizə başqa bir məxluqatına vermədiyin nemətlər verdin!" deyərlər. [(Buxari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 456-457/13]

landscape

"Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur."
(Tovbə surəsi: 72)

Cəhənnəmdən Xilas Olmağın Sevinci:

Şübhəsiz ki, cənnət nemətlərinin hər biri ayrı-ayrılıqda çox mübarək və qiymətlidir. Xüsusilə cəhənnəmin varlığı, cənnət əhlinin bu nemətlərdən aldıqları zövqü qat-qat artırar. Çünki axirətdə cənnət və cəhənnəmdən başqa insanların gedəcəyi başqa bir yer yoxdur. Bu səbəbdən də Allahın cənnətinə qəbul etmədiyi bir adamın gedəcəyi yer cəhənnəmdir.

Allah dünyada insanlara yaxşı ilə pisi, gözəl ilə çirkini, xeyir ilə şəri eyni anda göstərir. Bu da iman edənlərin müqayisə aparmalarına və gözəllikdən aldıqları zövqün artmasına vəsilə olur. Allah, cənnət əhlinə istədikləri təqdirdə, cəhənnəmdəkilərin vəziyyətini göstərərək, onların cənnətdən aldıqları zövqü artıra bilər. (Doğrusunu Allah bilər.) Cənnət əhlinin cəhənnəm əzabından Allahın rəhmətiylə xilas olmalarından duyduqları sevinc bir hədisdə belə xəbər verilir:

Cənnət əhlindən hər kəs cəhənnəmdəki yerini görər "ya Allah mənə hidayət verməsəydi?" deyər və bu onun şükr etməsinə vəsilə olar... [Ramuz el-Ehadis-2, səh. 342/1]

Möminlərin içində olduqları bu böyük rəhməti və neməti xəbər verən bir başqa hədis isə belədir:

...Cənnətə girib, cəhənnəmdən xilas olmaq, nemətin hamısındandır. [Ramuz el-Ehadis-2, səh. 449/6]

Cənnət əhlinin bu sevincləri Quranda belə xəbər verilir:

...Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət verməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Andolsun, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43)

Həmçinin möminlər istədikləri təqdirdə cəhənnəm əhlinin ibrətamiz vəziyyətini, dünyada etdikləri əməllərin qarşılığını necə aldıqlarını görə də bilər. Allah Quranda cənnət əhli cəhənnəm əhli ilə arasında keçən danışıqları belə bildirir:

Onlar cənnətlərdə bir-birlərindən günahkarlar barəsində soruşacaqlar. Sizi cəhənnəmə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq. Din gününü (haqq-hesab və cəza) yalan hesab edirdik. Nəhayət qəti bir həqiqət olan ölüm bizə gəlib çatdı”. (Müddəssir surəsi, 40-47)

landscape

"İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar."
(Rum surəsi: 15)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahin Cənnət Əhli Üçün Hazirladiği Nemətlər
  • Cənnətdəki Zənginlik və Bolluq
  • Cənnətdəki Gözəl Məkanlar
  • Cənnətdəki Qidalar
  • Cənnətdəki İnsan Gözəlliyi
  • Cənnətdəki Təbiət Gözəlliyi
  • Cənnətdəki Gözəl Qoxular
  • Cənnətdə Səs və Söhbətlərdəki Gözəllik
  • Cənnətdəki Əbədi Həyat və Gənclik
  • Cənnətdə İstənilən Hər Şeyin Olmasi
  • Cənnət Əhlinin Allaha Olan Yaxinliği
  • Cənnət Allahin Ədalətinin Bir Təcəllisidir
  • Cənnət Əhlinin Xüsusiyyətləri
  • Cənnət Sevincini Yaşamaq
  • Zamanin Nisbiliyi və Tale Həqiqəti
  • Maddənin Əslinin Göstərdiyi Böyük Həqiqət
  • Cənnətlə Əlaqədar Ayələr
  • Nəticə