Allah bir ayəsində: "O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı olacağını sınamaq üçün ölümü və həyatı yaratdı..." (Mülk surəsi, 2) deyə buyuraraq insanın yaradılışındakı məqsədi bildirir. Başqa bir ayəsində də bu məqsədi dərk etməyən, boş və məqsədsiz bir həyat yaşamaq məqsədi güdən insanları "yoxsa Bizim sizi boş bir məqsəd uğruna yaratdığımızı və həqiqətən Bizə qaytarılmayacağınızımı zənn etmişdiniz?" (Müminun surəsi, 115) deyə sorğu-suala tutduğunu bildirir. İnsan dünyada olduğu müddətdə Qurana inanmaqla, hər düşüncəsində və rəftarında Allahın razılığını axtarmaqla, vicdanının səsinə qulaq asmaqla, gözəl əxlaqı yaşamaqla, saleh əməl etməklə məsuldur. Bu açıq həqiqətə baxmayaraq, yaradılış məqsədindən uzaq yaşayan insanların məqsədləri tam fərqli olar. Halbuki insanın etdiyi hər şey, söylədiyi hər söz, hətta ağlından keçən bütün düşüncələr, axirətdə qabağına qoyulması üçün əməl dəftərinə yazılır. Allahın Quranda: "...Şübhəsiz ki, etdiklərinizdən məsul olacaqsınız" (Nəhl surəsi, 93) və "etdikləri əməllərdən ötrü hər biri üçün dərəcələr vardır..." (Ənam surəsi, 132) ayələriylə bildirdiyi kimi insanlar etdikləri bütün əməllərin qarşılığını axirətdə mütləq alacaqlar. Bu həqiqət bir hədisdə belə xəbər verilir:
Peşman olan kimsə, Allahın rəhm etməsini gözləyər. Özünü bəyənən də Allahın qəzəbini gözləyər. Hər kəs Allahın hüzuruna, ölümündən əvvəl etdiyi əməllə gələr və mütləq onların arasında hökm verilər... Kim zərrə qədər yaxşılıq etsə onu görər. Kim də zərrə qədər pislik etsə onu görər. [Ramuz el-Ehadis-1, səh. 237}
Quranda bu mövzunun xəbər verildiyi ayələrdən bir neçəsi belədir:
Mələklər xoşluqla canlarını alıb: “Sizə salam olsun!” deyərlər. “Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 32)
Hər kəsin etdiyi yaxşı əməlləri qarşısında hazır şəkildə görəcəyi və etdiyi hər bir pis əməli ilə özü arasında çox böyük bir məsafə olmasını istəyəcəyi o günü (düşünün)... (Ali İmran surəsi, 30)
Sizin yanınızda olan tükənər, Allah yanında olan isə daim qalar. Səbir edənləri etdikləri ən yaxşı əmələ görə mükafatlandırarıq. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə ki, gözəl həyat bəxş edər və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandırarıq. (Nəhl surəsi, 96-97)
İncildə də hər kəsin etdiyi əməlin qarşılığını alacağı yazılmışdır:
Allah, "hər kəsə etdiyi əməllərin qarşılığını verəcək". Dayanmadan yaxşılıq edərək ucalıq, möhtərəmlik və ölümsüzlüyü axtaranlara sonsuz həyat bəxş edəcək. Amma eqoist olanlara, həqiqəti inkar edənlərə və haqsızlıq edənlərə isə qəzəblənəcək və hirslənəcək. (Pavlusun romalılara Mektubu, 2-ci hissə, 6-8)
Allah yerdə və göydə olub bitən hər şeyi görər, hər söhbəti, pıçıltını eşidər və bütün insanların etdiyi əməllərdən xəbərdardır. Heç bir şey Ondan gizli qalmaz. Allahın bizə şah damarımızdan daha yaxın olduğunu, hər söhbətimizi, içimizdən keçən hər şeyi bildiyini, baxdığımız, gördüyümüz hər şeyi Allahın hər an hər cəhətdən gördüyünü yaxşı qavramaq lazımdır. Çünki Allah axirət günü insanların "heç güman etmədikləri şeyləri" (Zumər surəsi, 47) də ortaya çıxaracaq. İnsanların izdihamlı mühitdə ya da tək olduqları halda etdikləri hər şeyin, ağızlarından çıxan hər sözün, ağıllarından keçən hər düşüncənin, bəlkə də içlərində gizli qalacağını zənn etdikləri hər şeyin axirətdə bir qarşılığı vardır. Bu, Allahın sonsuz ədalətinin bir təcəllisidir. Bu həqiqəti bildirən ayələrdən biri belədir:
Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini tam versin. Onlara əsla zülm edilməz. (Əhqaf surəsi, 19)
Quranda bildirilən "Onlar Allah yanında müxtəlif dərəcələrə sahibdirlər..." (Ali İmran surəsi, 163) ayəsindən də aydın olduğu kimi cənnətə girəcək kəslər də yenə təqvalarının dərəcəsinə görə qarşılıq görərlər. Bu vəziyyətdən bir hədisdə belə bəhs edilir:
...Cənnəti də əməllərə görə bölərlər. (Çox əməli olan çox pay alar.) [Ramuz el-Ehadis-1, səh. 198/17]
Əlbəttə ki, bir insan cənnətin hansı dərəcəsində olursa olsun bundan mütləq razı qalacaq, çünki, Allah cənnətdəki bütün qullarına məmnuniyyət vəd etmişdir. Rəbbimiz səmimi qullarının Özündən razı qalaraq cənnətə girəcəklərini bildirir. (Beyyinə surəsi, 8) Lakin, necə ki, dünyada eyni nemətdən hər kəs fərqli dərəcədə zövq və ləzzət alırsa, bənzər şəkildə axirətdə də nemətlərdən alınan zövqün dərəcəsi fərqli ola bilər. Doğrusunu Allah bilər. Məsələn, hər kəs gözəl bir mənzərəyə baxdığında gördüklərindən zövq alar, lakin içlərində Allaha ən yaxın olan, Allahın qədrini daha haqqıyla təqdir edə bilən kəslər, bu gözəllikdən daha çox zövq ala bilərlər. Allah yüksək dərəcələrə layiq olacaq qullarının xüsusiyyətlərini bir ayəsində belə bildirir:
İman edənlər, hicrət edənlər və Allah yolunda öz malı və canı ilə cihad edənlərin (səy göstərənlərin) Allah yanında ən yüksək dərəcələri vardır. Məhz bu kəslər qurtulan və xoşbəxt olanlardır. (Tövbə surəsi, 20)
Hədislərdə isə cənnətdəki dərəcələrə belə diqqət çəkilmişdir:
Cənnətdə yüz dərəcə vardır. Biri bütün aləmləri içinə alar. [Ramuz el-Ehadis-1, səh. 125/8]
Cənnət yüz dərəcədir. Doxsan doqquzu ağıl sahiblərinə məxsusdur. Geriyə qalan biri isə digər insanlara. [Ramuz el-Ehadis-1, səh. 200/11]
Cənnət əhli qurfələrdə (cənnət köşkü) qalanları (əhli quraf) görərlər. Eynilə üfüqdə şərqdən qərbə doğru hərəkət edən inci kimi parlaq ulduzları gördüyünüz kimi. Aralarındakı fəzilət fərqi (qurfə əhlini) belə yuxarıda göstərər. [Buhari, Müslim, Cennet 11, 2831]
|
Yenə hədislərdə bildirildiyinə görə bu dərəcələrdən ən yüksək olanı Firdovs Cənnətidir:
Cənnət yüz dərəcədir. Sonrakı iki dərəcənin arası, yer ilə göy arasındakı məsafə kimidir. Firdovs ən yüksəyi olub, cənnətin orta hissəsində yerləşər və onun üstü Rəhmanın ərşidir. Cənnətin çayları buradan başlayar. Allahdan istədikdə, Firdovs Cənnətini istəyin. [Ramus el-Ehadis-1, səh. 200/4]
Həmçinin hədislərdə Ədn Cənnətindən də bəhs edilir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində Ədn Cənnəti ilə əlaqədar olaraq bunları bildirir:
Dörd Firdovs cənnəti vardır: İkisinin zinətləri, qab-qacaqları və içindəkilər qızıldandır. İkisinin zinətləri, qab-qacaqları və içindəkilər isə gümüşdəndir. (Ədn) Cənnətindəkilərlə Allahın vəchi (üzü) arasında, ancaq bir böyüklük pərdəsi vardır və bu çaylar (süddən, baldan, şərabdan və sudan olan çaylar) Ədn Cənnətindən başlayar, sonra isə digərlərinə paylanar. [Ramuz el-Ehadis-1, səh. 272/4]
Peyğəmbərimiz (s.ə.v) başqa bir hədisində isə Ədn Cənnətinin ehtişamını belə təsvir edir:
...Bir kərpici ağ mirvaridən, bir kərpici qırmızı yaqutdan, bir kərpici də zəbərcəddəndir (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş). Palçığı xalis müşk, daşları parlaq, qiymətli, otları isə zəfərandandır. [Dünya Ötesi Safer, səh. 295]
Cənnətin hər bir dərəcəsindəki adam özünə görə zövq alacaq. Ancaq cənnət əhlindən olan bir adam, yuxarı dərəcədəki adamın aldığı zövqdən ötrü özündə bir çatışmazlıq hiss etməyəcək. Allah Quranda möminlərin cənnətdə "razı" (Fəcr surəsi, 28) qaldıqlarını, Allahdan "razı" (Beyyinə surəsi, 8) olduqlarını və "kədərlənməyəcəklərini" (Ali İmran surəsi, 170) bildirir. Necə ki, cənnət əhlinin hər bir dərəcəsindəki insanın nə qədər çox nemətə sahib olduğu bir hədisdə belə təsvir edilir:
Cənnət əhlinin ən aşağı dərəcəsində olan adamın səksən min xidmətçisi, yetmiş iki yoldaşı olacaq. Həmçinin onun üçün mirvari, zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və yaqutdan düzəldilmiş bir çadır qurulacaq və bunun uzunluğu Cabiyə (Şam torpaqlarında bir şəhər adı) ilə Səna (Yəməndə bir şəhər adı) arasındakı məsafə qədər olacaq. [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 412/10114]
|
Aşağıdakı hədisdə cənnətdəki dərəcələrlə əlaqədar olaraq belə bildirilmişdir:
Cənnətdə ən aşağı dərəcəyə sahib olan adam cənnətlərinə, xanımlarına, nemətlərinə, xidmətçilərinə və yataqlarına baxar. Min illik yoldan görüb bunları seyr edə biləcək. Allah Qatında olanların ən dəyərliləri isə, səhər-axşam Allahın camalını görə bilənlərdir. [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 412/10115]
İslam alimi Bədiüzzaman Səid Nursi cənnətlə əlaqəli bir düşüncəsində, insanın ancaq 'imanı' sayəsində cənnətdəki yüksək dərəcələrə sahib olmağı ümid edə biləcəyinə diqqət çəkmişdir:
...İnsan nur-u iman ilə (imanın nuruyla), əla-yi illiyyinə (Cənnətdəki ən yüksək dərəcəyə) sahib olar; cənnətə layiq bir dəyər qazanar. [Gençlik ve Ölüm, səh. 435]
Səmimi bir müsəlman daim Allah Qatında, cənnətdəki ən yüksək dərəcəyə layiq ola bilmək üçün səy göstərməlidir. Kamil iman sahibi olmaq və Allaha xeyli yaxın olmağı istəmək, Allahın razılığına uyğundur.
|