Yalan danışan insan özünü olduqca zəkalı hesab edə bilər, lakin əslində rəftarı, danışıq üslubu, səsi, baxışları, işlətdiyi sözlər onu dərhal ifşa edər. Dürüst insanın danışıqları və rəftarı ilə, yalançı insanın rəftarları arasında böyük fərqlər var.
Dediklərində səmimi olmayan bir insan, inandırıcı görünmək üçün tez-tez and içər. Allah yalançıların bu diqqətçəkən xüsusiyyətini Quranda bir çox ayə ilə bildirir. Məsələn, bir ayədə Allah, münafiqlərin Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyini qəbul etdiklərinə dair and içdiklərini bildirir. Halbuki münafiqlər əslində hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyini qəbul etməyiblər. Buna görə də, Allah onların yalançı olduqlarını xəbər vermişdir:
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” dedilər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların etdiyi necə də pisdir! Bu ona görədir ki, onlar iman gətirdikdən sonra inkar edənlərdən oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlaya bilməzlər. (Münafiqun surəsi, 1-3)
Ayələrdə də bildirildiyi kimi, münafiqlər, andlarından yalançılıqları, saxtakarlıqları və kələkbazlıqları üçün sipər kimi istifadə edərlər. Allah digər bir ayədə isə, münafiqlərin bu xüsusiyyətini belə bildirir:
Həqiqətən sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyildirlər. Lakin onlar qorxaq camaatdır. (Tövbə surəsi, 56)
Allah Quranda digər bir ayədə isə həmişə and içənlərlə əlaqədar belə buyurur:
Bunların heç birinə itaət etmə: tez-tez and içənə, alçağa... (Qələm surəsi, 10)
Yalançıların and içməkdən başqa digər üslub xüsusiyyətləri isə, danışıqlarında tez-tez dindar olduqlarına dair ifadələr işlətmələridir. Məsələn, yalanına inanılmadığı və ya söylədiklərindən şübhə edildiyi deyildiyi zaman; "Allah mənim qəlbimi bilir", "Allah şahidimdir", "əgər doğru deyilsə, Allah buradan çıxmağı mənə nəsib etməsin" kimi ifadələr işlədərlər. Halbuki bu cür ifadələr bəzən insanların səmimiyyətsizliklərini gizlətmək üçün işlətdikləri bir üsuldur.
Allah, qəlblərində səmimiyyətsizlik olmasına baxmayaraq, Özünü şahid göstərən insanlar üçün Quranda belə bildirmişdir:
İnsanların eləsi vardır ki, onun dünya həyatı barəsindəki sözləri sənin xoşuna gələr və qəlbindəkinə baxmayaraq Allahı şahid göstərər; halbuki o, qatı düşməndir. (Bəqərə surəsi, 204)
Səmimi bir insanın halı və rəftarı onun səmimi və dürüst olduğunu onsuz da göstərər. Həyatının hər anında həmişə səmimi davranan bir insanın həmçinin səmimi və dürüst olduğunu bildirməsinə ehtiyac qalmaz, bu onsuz da ətrafındakılar tərəfindən də görülər. Lakin səmimi olmayan insanlar bunu həmişə sözlə göstərməyə çalışarlar və qarşılarındakı insanları inandırmağa çalışarlar.
And içmək və dini mənaları olan cümlələrdən istifadə etməklə yanaşı, yalançının, yalanlarına zəmin hazırlayan, yalanını hələ əvvəlcədən inandırıcı göstərməyə çalışan ifadələri olar. "Çox səmimi deyirəm", "mənə inana bilərsən", "bütün səmimiyyətimlə söyləyirəm", "həqiqətən doğru deyirəm" kimi sözlər çox vaxt bu məqsədlə deyilər.
Daha əvvəl də bəhs edildiyi kimi, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə Allahın elçisi olduğunu dedikləri zaman sözlərinə, "şəhadət veririk ki," deyə başlayırlar. Sözlərində səmimi olmadıqları üçün, cümlələrdən dəstək alaraq özlərini inandırıcı göstərməyə çalışarlar. Halbuki, Peyğəmbərimiz (s.ə.v)-in Allahın elçisi olduğu onsuz da məlumdur və bunun üçün; "həqiqətən, şəhadət verirəm ki, səmimiyyətlə deyirəm ki," deyə girişə ehtiyac yoxdur. Bu həqiqətə səmimi iman gətirən bir insan bu cür ifadələrə ehtiyac duymaz. Yaxud bir müsəlman; "bunu bütün qəlbimlə deyirəm, inana bilərsən" kimi bir cümləni lazımi hesab etməz, çünki müsəlman həmişə səmimi olar, Allahın özünü hər an gördüyünü və eşitdiyini bildiyi üçün onsuz da səmimiyyətsizlik, ikiüzlülük edə bilməz.
Əlbəttə ki, bu cümlələri istifadə edən hər insan yalan danışır demək deyil. Səmimi bir insan da lazım hesab etdikdə bu ifadələrdən istifadə edə bilər. Lakin yalan danışan insanların əsasən yalanlarına bu cür giriş cümlələr və ya yalanlarını dəstəkləyən cümlələr əlavə etmələri olduqca geniş yayılmışdır.
Yalançı, ikiüzlü və səmimiyyətsiz bir insanın davranışları, üzü, səsi və üslubu dürüst və səmimi insandan çox fərqli olar və yalançı bu xüsusiyyətləri ilə də özünü ifşa edə bilər. Allah, Quranda ikiüzlü insanların danışıqlarından və üzlərindən tanına biləcəklərini belə bildirir:
Əgər Biz istəsək, sənə onları, əlbəttə, göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, danışıq tərzindən də tanıyarsan. Allah əməllərinizi bilər. (Məhəmməd surəsi, 30)
Yalan danışan insan ətrafındakılara güvənmir, onları həqiqi dostları və yaxınları hesab etmir. Həm yad hesab etdiyi və yaxınlıq etmədiyi insanlarla birlikdə olmaqdan, həm də yalanının ortaya çıxmasından qorxduğu üçün, rəftarları da rahat və təbii olmaz. Danışığı, səsi, oturuşu olduqca idarəli olar. Büzüldüyündən ötrü səsi zəif çıxar, gözləri kiçilər. Qarşısındakı insanlara qorxu ilə, çəkinərək baxar. Gözlərində səmimiyyətsizliyi, etimadsızlığı və narahatlığı bəlli olar.
Yalançılığa vərdiş etmiş insanlarda hərdənbir yalan anında ifrat sakitlik müşahidə olunsa da, bir çox insan yalan danışdığı zaman həyəcanlanar, əlləri tərləyər. Narahat rəftarlar göstərər. Sakit, hüzurlu, ruhu dinc bir insanın halı olmaz. Yalan danışarkən həmişə gözlərini qaçırdar, qarşısındakı insanın gözlərinə baxa bilməz. Lakin oğrun-oğrun baxar və ya izdihamlı bir yerdə isə, özünü başqalarının arxasında gizlətməyə çalışar. Yalanının ortaya çıxmasından, gözlərinin özünü ifşa etməsindən qorxar.
Allah Hud surəsindəki bir ayəsində səmimiyyətsiz insanların bu yolla özlərini gizlətməyə çalışdıqlarını belə bildirir:
Xəbəriniz olsun; həqiqətən onlar, ondan gizlənmək üçün sinələrini bükərlər (Haqdan qaçarlar). (Yenə) Xəbəriniz olsun; onlar libaslarına büründükləri zaman, O, gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Çünki O, kökslərdə olanları bilir. (Hud surəsi, 5)
Bəzi insanlar yalan danışdıqları zaman, göz səyriməsi, yerə baxmaq, fasiləsiz ayaqlarını yelləmək, başını yelləyərək danışmaq kimi əlamətlər də müşahidə olunar. Bu cür səyrimələr və ya davranışların təməlində isə, yalan danışan insanın səmimiyyətsizliyi, saxtakarlığını bildiyi üçün duyduğu narahatlıq və gərginlik yatır.