Yalan danışan insanların ruh halı da olduqca qaranlıqdır; vicdanları və ağılları təmiz və sağlam deyil. Yalançılığı vərdiş halına gətirən insanların ağlında min bir cür haqq-hesab olar, belə insanlar səmimi və dürüst düşünməklə hərəkət edə bilməzlər. Sonrakı səhifələrdə yalan danışan insanların ruh hallarından bəzi nümunələr veriləcək.
Yalançı bir insanın ən qəribə rəftarlarından biri, yalan söylədiyini bilə-bilə, söylədiyi yalanlara özünü inandırmağa çalışmasıdır. Məsələn, ailəsi, işi, getdiyi istrahət məkanı barədə bir çox yalan uyduran bir insan, bəzən söylədiyi yalanların təsiri altında qalar və öz-özünə uydurduğu bir dünyada yaşamağa başlayar. Söylədiyi yalanlar həqiqətmiş kimi davranar. Beləliklə də, yalanlarının daha da inandırıcı olacağını düşünər.
İnsanın özünü doğrunu söylədiyinə ən çox inandırmağa çalışdığı vəziyyətlər, bəzi çatışmazlıqlarını və ya vicdansızlıqlarını ört-basdır etməyə çalışdığı anlardır. Məsələn, bir şeyi etməyə gücünün çatmayacağını söyləyən bir insan, əgər yalan söyləyirsə, buna həqiqətən özünü inandırar. Edə biləcəyi halda, edə bilmədiyini söyləyər, bunun səbəblərini sadalayar. Yaxud bir yoldaşı özündən bir paltarını borc almaq istədiyi zaman, onu niyə verə bilməyəcəyinə dair bir yalan söyləyər və bu yalanına özünü inandırmağa çalışar. Hər nə qədər israr edilsə də, söylədiklərinin doğru olduğunu təkrarlayar. Lakin həmin anda yalan söylədiyini çox yaxşı bilir. Yalan söyləyən hər insan, hər nə qədər özünü doğru söylədiyinə inandırsa da, əslində yalan söylədiyini bilər. Allahın Qiyamət surəsində bildirdiyi kimi:
Xeyr; insan, öz nəfsinə qarşı bəsirətdir. Öz bəhanələrini ortaya atsa belə. (Qiyamət surəsi, 14-15)
Yalan söyləyən insan, qarşısındakıları aldatdığını və yalanı sayəsində mənfəət təmin etdiyini zənn etdiyi üçün, özünü çox ağıllı zənn edər. Şeytan onu həm yalan söyləməsi, həm də yalanı ilə qürurlanması üçün həmişə təhrik edər. Təkəbbüründən və insanları aldatdığını güman etməsindən ötrü, ətrafındakılara qarşı sevgi və hörməti də qalmaz. Öz-özünü ucaldar. Halbuki, belə bir insan bir çox cəhətdən çox alçalmış vəziyyətə düşər. Çünki əsasən yalanı bəlli olar və ətrafındakıların etimadını və sevgisini itirər, yalançı insan kimi tanınar. İnsanların, düşüncələrini bilmədiyindən faydalanaraq, hər fürsətdə yalan danışan insanlar, əslində yalan danışdıqdan dərhal sonra böyük sıxıntı yaşamağa başlayar. Hər an yalanlarının ortaya çıxması və alçalma qorxusu ilə yaşayar. Dürüst insanın sahib olduğu mənəvi rahatlığa heç vaxt nail ola bilməzlər. Bu insanlar dünyada olduğu kimi, axirətdə də söylədikləri hər yalandan ötrü böyük peşmançılıq çəkəcəklər.
O zaman kimin ağıllı, kiminsə ağılsız olduğunu daha yaxşı anlayacaqlar və söylədikləri yalanların özlərinə heç bir fayda vermədiyini görəcəklər.
Allah bu cür insanların qapıldıqları yanılmanı bir ayəsində belə bildirir:
Özlərini (tərifləyərək) təmizə çıxardanları görmürsənmi? Xeyr; Allah istədiyini təmizləyib ucaldar... (Nisa surəsi, 49)
Yalançılığı vərdiş halına gətirən insanların bir hissəsi yalanları ortaya çıxarıldıqda, bundan ötrü utanmazlar, arsız olarlar. Bu insanlar, bu dəfə də başqa yalanlara əl ataraq, əvvəlki yalanlarını xilas etməyə çalışarlar. Halbuki, müsəlman bir insanda həya duyğusu olar. Şeytana uyub, səhvən yalan danışmış olsa belə bundan ötrü utanar, üzü qızarar, dərhal tövbə edərək Allahın özünü bağışlamasını istəyər və doğruları söyləyər.
İnsan, həqiqətən sevdiyi, hörmət etdiyi və etimad etdiyi insanlara, istənilən şəraitdə yalan danışmaz. Həqiqi səmimiyyətdə, insan hər düşündüyünü ən açıq halı ilə qarşısındakı insanla bölüşər, təkcə həqiqi düşüncələrini açıqlayar. Düşündüyündən nə bir qədər az, nə də bir qədər artıq danışar. Məsələn, səmimi bir insan bir şeyi bəyənmədiyi zaman, "bəyəndim" deməz, doğrusu nədirsə onu söyləyər; sevdiyi və hörmət etdiyi insana söylədiyi ən kiçik yalan və ya göstərdiyi ən kiçik səmimiyyətsiz rəftar, vicdanını olduqca narahat edər və dərhal bunu düzəltməyə çalışar.
Necə ki, cahiliyyə əxlaqında həyat yoldaşları, uşaqlar, dostlar, qardaşlar, tərəfdaşlar bir-birlərinə tez-tez yalan danışarlar. Bir-birinə ən yaxın kimi görünən insanların belə bir-birlərinə asanlıqla yalan söyləyə bilmələri, Quran əxlaqına tabe olmayan insanların əsil sevgi və səmimiyyəti yaşamadıqlarının göstəricilərindən biridir.
İnsanın yalan danışmasının qarşısını alacaq ən mühüm həqiqət, ölümündən sonrakı əbədi həyatını, cənnəti və cəhənnəmi düşünməsidir. Bir insana yalan danışıb içində olduğu vəziyyətdən xilas olmaq, həmin an üçün çox asan və ən fayda gətirəcək çıxış yolu kimi görünə bilər. Lakin bir insan dünya həyatında nə qədər çətin vəziyyətdə qalsa da, axirətdə yaşayacağı əzabın bənzərini heç vaxt dünyada görə bilməz. O zaman ağıl və vicdan sahibi bir insan, belə vəziyyətlə qarşılaşdığı zaman dərhal axirətdə ala biləcəyi qarşılığı düşünərək, ona uyğun davranmalıdır. Bir anlıq rahatlıq və ya mənfəət üçün həm dünyada, həm də axirətdə alçalmağı və əzab içində yaşamağı gözə almamalıdır. Allah bir ayəsində dünya həyatları üçün axirət həyatlarını tərk edən insanlar barədə belə buyurur:
Məhz bunlar axirəti verib dünya həyatını satın alanlardır. Buna görə də bunların nə əzabı yüngülləşdiriləcək, nə də bunlara kömək göstəriləcək. (Bəqərə surəsi, 86)