İnsanlar Hansı Hallarda və Niyə Yalan Danışar?

Qürur və Təkəbbürdən Ötrü Deyilən Yalanlar

Qürur, şeytana məxsus xüsusiyyətdir və insanın gözəl əxlaqdan uzaqlaşmasına, şeytanın əxlaqına bənzər əxlaqa sahib olmasına səbəb olar. Şeytan, təkəbbürü, özündən razılığı və ağılsız şəkildə etdiyi qürurundan ötrü, Allahın sözünə tabe olmamış, itaətsizlik etmiş və bundan ötrü cənnətdən qovulmuşdur.

Qüruru üçün itaətsizlik və pis əxlaq göstərən şeytanın, əslində qüruru daha da çox sınmışdır, eləcə də, lənətlənmiş və alçaldılmış şəkildə qovulmuşdur.

Allah şeytanın etdiyi itaətsizliklə alçaldığını bir ayəsində belə xəbər vermişdir:

(Allah:) "O zaman oradan en, orada təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçalanlardansan". (Əraf surəsi, 13)

Şeytan, ən çox cəhənnəmdə alçaldılacaq və hər şeydən üstün hesab etdiyi qüruru ucbatından əbədiyyən əzab içində qalacaq.

Şeytan, insanları da özü kimi doğru yoldan azdırmaq üçün qəti qərar vermişdir. Buna görə də, bütün gücündən insanları günaha sürükləmək üçün istifadə edər. İnsanların qürur və təkəbbürlərini də, eynilə özündə olduğu kimi, onların əleyhinə təşviq edər. Buna görə də, təkəbbür, özündən razılıq, səhv və ya qüsur qəbul etməmək, özünü həmişə üstün və kafi görmək, bir insan üçün ola biləcək ən mühüm təhlükələrdəndir. Bu xüsusiyyətlər insanları həmişə günaha yönəldər və insanların itaətsiz, asi, əsəbi, təcavüzkar, lağlağı, lovğa olmalarına səbəb olar. Allah bir ayəsində bunu belə bildirir:

Ona: “Allahdan qorx!” deyildikdə, lovğalıq onu günaha sürükləyər, bürüyər. Belə insana cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

"Lovğalığın" insana etdirdiyi günahlardan biri də yalandır. İnsanlar, çox zaman lovğalıqlarından ötrü bəzi həqiqətləri qəbul etmək istəməz və dərhal yalana müraciət edərlər. Məsələn, belə biri, işində bir səhv etdiyi zaman, bunu qəbul etmək istəməz; cahil və ya bacarıqsız görünəcəyini düşündüyü və insanların gözündə alçalacağını zənn etdiyi üçün, dərhal yalan danışar. Yaxud bir şeyi almağı unutduğu zaman, onu unutduğunu söyləmək istəməz, bunun əvəzinə "getdim, lakin qalmamışdı" deyər.

Halbuki, yalan insanı xeyli alçaldıcı vəziyyətlərə salan bəladır. Lakin bəzi insanlar, qarşılaşdıqları hadisələrdə, sağlam düşünə bilməyərək, sırf həmin an özlərini xilas edə bilmək üçün dərhal yalan danışarlar. Halbuki yalanların bir çoxu bəlli olar və bu dəfə insanların gözündə daha da alçalarlar. Həmçinin, insan, bir də axirətdə ala biləcəyi qarşılıq və buna görə düşə biləcəyi xeyli alçaldıcı vəziyyət olduğunu unutmamalıdır.

Allah bir ayədə insanlara nəfslərinə uyub, sözü dəyişdirərək ədalətdən imtina etməmələrinin lazım olduğunu belə bildirir:

...O zaman ədalətdən imtina edib nəfslərinizə uymayın! Əgər dilinizi əyib bükər (sözü gəvələyər) və ya boyun qaçırsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Səmimi mömin, heç vaxt özünü, öz maraqlarını Allahın məmnuniyyətindən və sevgisindən üstün tutmaz. Allaha olan sevgisi və bağlılığı, Allahın məmnun olmayacağı şeylər etməsinə mane olar. Həmçinin bir insan əgər həqiqətən şərəf və ya üstünlük istəyirsə, bunu dinə inanmayanların üsulları ilə etməməlidir. Həqiqi üstünlüyün necə qazanılacağı Quranda yazılmışdır. Allaha və Qurana tabe olan isə, həqiqətən üstün olar. Quranda Allah belə buyurur:

...Halbuki izzət, (güc, şərəf və üstünlük) təkcə Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur. Lakin münafiqlər bilmirlər. (Münafiqun surəsi, 8)

Kim izzət sahibi olmaq istəyirsə, bilsin ki, izzət bütünlüklə Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksələr və saleh əməl də onu yüksəldər. Pis əməlləri təşkil edənlər isə, onlar üçün şiddətli əzab var. Onların təşkil etikləri “puç olar”. (Fatir surəsi, 10)

Qürur Insanın Vicdanının Səsini Dinləməsinə Mane Olar

Adnan Oktar: Lakin qəbul etməklə inanmaq arasında çox böyük fərq var. İndi qəbul etdirməyin deyil, inandırmağın üzərində dayansın qardaşımız. İndi o, elmi dəlillərlə izah etsə qarşıdakı insan inanar. İnandısa tamam, qəbul etmək ayrı məsələdir, qəbul etməməsi əhəmiyyətli deyil. İnanması əhəmiyyətlidir. Bizim izah etdiyimiz hər insan inanır. Lakin qəbul etmədiyi də olur, nadir qəbul edən olar, çünki qürur var insanda, təkəbbür var, eqoistlik var. İnsan bunu asanlıqla dəf edə bilməz, "mən, bəli qəbul etdim, düz deyirsən" deməz, lakin içində anlayar. İndi yatan insana deyirsən ki; "Günəş doğdu qalx", "Günəş doğmamışdır, sən məndən əl çək, mən yatım" deyir. Yəni bilir Günəşin doğduğunu o, başa düşməməzlik edir, yəni yatması lazımdır çünki, aydın oldu mu? Onlar da yuxularına davam etmək üçün, "Günəş doğmadı" deyirlər. Biz izah etdiyimiz insanların, milyonlarla insanın hidayətinə vəsilə olduq... Lakin qəbul etməz, çünki qəbul etsə ətrafındakı insanlara qarşı etimadı sarsılar, təcrid edilər, əzilər, lağa məruz qalar və bunlara dözə biləcək gücü olmaya bilər. Nə edər o zaman? Passiv müdafiə vəziyyətinə keçər. Nə edir passiv müdafiə vəziyyətində? Yoldaş deyir, mən qəlbən iman gətirdim, lakin dil olaraq, zahirən də iman gətirmirəm, deyir. Zahirən iman gətirmədiyi təqdirdə, onların lağa qoymasından, təzyiqindən, o şeyindən, bu şeyindən xilas olmuş olar. Qəlbən iman gətirmək də əsas olduğu üçün tamamdır. Yəni bir insanın doğrunu deyib də, ağıllı bir insanın qəbul etməməsi deyə bir məsələ yoxdur. Lakin Allah ayədə deyir ki, baxın; "zülm və təkəbbür ucbatından doğrunu bildikləri halda qəbul etmədilər" deyir Allah. Bax qəbul etmədilər, inanmadılar demir Allah elə deyil? Qəbul etmək ayrıdır, inanmaq ayrıdır. Vicdanları qəbul etdiyi halda deyir Allah, daxilən qəbul edir. Bizim vəzifəmiz, vicdanən qəbul etdirməkdir. Zülm və təkəbbür ucbatından qəbul etməyə bilər insan. (Adnan Oktarın Adıyaman Asu telekanalına verdiyi müsahibədən, 18 yanvar 2010-cu il)

Vərdiş Nəticəsində Deyilən Yalanlar

İnsanların mühüm hissəsinin dilləri yalan danışmağa vərdiş etmişdir. Xüsusən uşaqlıq və gənclik illərində bəzi insanlar, heç tərəddüd etmədən yalan danışa bilirlər. Məsələn, dostlarıyla getdiyi yeri söyləmək məsələsində gənclərin bir çoxunun ağzı yalana vərdiş edib. Yaxud insanlara əsasən bir şeyi niyə etmədikləri sualı verildikdə, səhv bir şey etdikləri, bir şeyi unutduqları zaman verdikləri açıqlamalar yalan ola bilir. Ağzı yalan danışmağa vərdiş etmiş bu insanlar, bu cür yalanları çox vaxt heç düşünmədən söyləyərlər.

Bir az düşünsələr, səmimi verdikləri cavabda özləri üçün problem olmayacağını görəcəklər. Lakin uşaqlıq yaşlarından etibarən bu cür vəziyyətlərdə yalan danışmağa alışdıqları üçün, yenə bu üsula müraciət edərlər.

Yalanın ortaya çıxdığı digər vəziyyət isə, insanların fikirlərinə müraciət edilən anlardır. Bəzi insanlardan bir mövzu barədəki düşüncələri soruşulduqda, ümumiyyətlə əsil düşüncələrini dilə gətirmək əvəzinə, qarşı tərəfin eşitmək istədiklərini və ya mənfəətlərinə zidd olmayacaq cavabı verməyi üstün tutarlar. Qarşı tərəfin istədiyi cavabı verməyin altında isə ya qorxu, ya da qarşısındakı insanın rizasını qazanmaq istəyi yatır.

Öz mənfəətinə zidd olmayacaq cavabı vermək, dindən uzaq yaşayan insanlar arasında geniş yayılmış davranışdır. Bu cür insanlar müdafiə məntiqi ilə hərəkət edərək, "təbii ki, öz mənfəətlərimi qorumaq məcburiyyətindəyəm" şəklində yanlış anlayış formalaşdırıblar. Bu yanlış məntiq, cəmiyyətin din əxlaqından uzaq yaşayan fərdləri tərəfindən çox normal qarşılanar. Hətta Quran əxlaqını yaşayan bir insanın, ədaləti təmin etmək məqsədi ilə öz mənfəətini zədələyəcək bir açıqlama verməsi "gözəl əxlaq" kimi qiymətləndirilməz; bunun əvəzinə bu üstün əxlaqlı insana "saflıq" və ya "iş bilməməzlik" kimi həqiqətlərlə heç bir əlaqəsi olmayan çirkin bənzətmələr edilər.

Barəsində danışdığımız insanların öz mənfəətlərini qorumaq üçün zərərsiz hesab etdikləri yalanları növlərə ayırmaq olar. Məsələn, bir çox insan, bir dostu borc pul istədiyi zaman, imkanı olduğu halda vermək istəmirsə, dərhal yalana müraciət edər. Vermək istəmədiyini söyləməz, hətta əks-hücuma keçərək özünün də "borc pul axtardığı" və ya "işlərinin çox pis getdiyi" yalanını söyləyər. Bu üsul, qarşı tərəfin istəyinin bəri başdan qarşısını almaq məqsədi daşıyır. Quran əxlaqından uzaq yaşayan insanlar arasında geniş şəkildə rast gəlinən bu davranış əxlaq pozuntusu hesab edilmir.

Bundan savayı yalanı, müəyyən məqsədə əsaslandırmadan, vərdiş halına gətirən insanlara da rast gəlmək mümkündür. Bu yalanlar çox vaxt, insanın danışacaq bir mövzusu olmamasına və ya diqqət çəkmək istəməsinə də əsaslana bilər. Məsələn, heç kimi maraqlandırmadığı halda gecə bir dəfə oyanan bir insan, səhər oyananda "bütün gecə yatmadım" deyə bilir. Belə bir insan təkcə bir neçə saat ac qaldıqda belə, "bütün günü heç nə yemədim" deyər və ya başı az ağrıyar, lakin çox ağrıdığını və ağrıdan heç nə edə bilmədiyini söyləyər. Bunlar heç kimə zərər verməyəcək, kiçik yalanlar kimi qəbul edilə bilər. Lakin əslində kiçik və ya böyük olmasından asılı olmayaraq, hamısı yalandır və Allah dərgahında məmnun qalınmayacağı bildirilmiş davranışlardır.

Lağ Etmək və Hirsləndirmək Üçün Deyilən Yalanlar

Yalanın səbəblərindən biri, qarşıdakı insanı hirsləndirmək, o insana onu saymadığını və məhəl qoymadığını göstərməkdir. Məsələn, təyin etdiyi bir görüşə gecikən insan, gözlətdiyi yoldaşının "bu saata qədər harda idin?" sualına, yalan olduğu çox aydın olan bir cavab verə bilər. Əslində buradakı məqsədi, qarşısındakı insanın gözləməsinə məhəl qoymadığını, onun tələblərinə dəyər vermədiyini ifadə etmək və onu öz deyimləriylə "axmaq" yerinə qoyaraq hirsləndirməkdir.

Lağ etmək üçün yalan danışmaq da geniş yayılmış əxlaqsızlıqdır. Məsələn, lağ etmək niyyətində olan bir insan, yoldaşını yaşanmamış bir hadisənin yaşandığına inandırar. Yoldaşının söylədiklərinə inanması, bu xəyali hadisəni inanaraq başqalarına danışması, bunun nəticəsində ətrafında "saf" hesab edilməsi, yalan danışan və eyni zamanda lağlağı olan insanı əyləndirər. Bu insan, yoldaşının saflığına lağ edər, özünü isə çox hiyləgər və ağıllı zənn edər. Halbuki həm Allahın razı olmayacağı bir rəftar göstərmişdir, həm də xoşagəlməz və sevilməyən bir insan olmuşdur. Dolayısilə öz qurduğu tələyə özü düşmüş, başqalarını alçaltmaq istəyərkən özü alçalmışdır.

Allah yalan kimi, lağ etməyi də qadağan etdiyini Hucurat surəsində belə bildirir:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar... (Hucurat surəsi, 11)

Bəzi insanlar, laqeydcəsinə, heç düşünmədən, bir neçə dəqiqə üçün özlərini lağ etmək və yalan danışmaqla əyləndirmək istəyərkən, əslində Allahın məmnun olmadığı və Quranda pis əxlaq kimi bildirdiyi rəftarları göstərirlər. Quran əxlaqına uyğun olmayan məntiqlə hərəkət edən insanlar, özlərinə bu etdiklərinin pis davranış olduğu deyildiyi zaman, "bunda nə var ki, təkcə əylənirdik" deyə bilirlər. Halbuki, lağ etmək və yalan danışmaq pis xüsusiyyətlərdir.

Bu iki pis xüsusiyyətin yaşadıqları cəmiyyətdə geniş yayılmış olması, hətta çox insan tərəfindən vərdiş halına gətirilmiş olması da, bu xüsusiyyətlərin İslam əxlaqına uyğun olmadığı hqəqiətini dəyişdirməz. Dolayısilə bu rəftarları qanuniləşdirməz. Həmçinin bu insanlar bir dəfə vicdanlarının səsinə qulaq assalar və hər kəsin özləri kimi olduğu bir mühitdə yaşamaq istəyib istəməyəcəkləri sualını cavablandırsalar həqiqəti görəcəklər. Heç bir insan ətrafındakılara qarşı göstərdiyi bu pis rəftarların özünə edilməsini istəməz, bunu istəyib istəmədiyi soruşulsa qəti şəkildə rədd edər.

Çətin Gələn Bir Işi Görməkdən Xilas Olmaq Üçün Deyilən Yalanlar

İnsanların yalana ən çox müraciət etdikləri məsələlərdən biri də, özlərinə çətin gələn və ya etmək istəmədikləri bir işdən xilas olmaq istəmələridir. Məsələn, bir mövzuda özlərindən kömək istənildiyi zaman, kömək etməyə tənbəllik etdiklərini və ya kömək etmək istəmədiklərini söyləmək əvəzinə, "hazırda çox işim var", "başım çox ağrıyır", "belimi incitmişəm" kimi yalanlar uyduraraq kömək edə bilməyəcəklərini söyləyərlər.

Halbuki səmimi müsəlman, həm yalan bəhanələr irəli sürməkdən qorxub çəkinər, həm də kömək istəyini və ya hər hansı işi görməyi, tənbəllikdən ötrü qətiyyən rədd etməz. Səmimi müsəlman, hər anının hesabını axirətdə verəcəyini bildiyi üçün, ən çətin kimi görünən işləri belə böyük şövq və istəklə görər. İnsan bəzən özünü həqiqətən yorğun və ya bəzi şeyləri etmək məsələsində istəksiz hiss edə bilər. İnsan belə vəziyyətlərdə yalan danışmaq əvəzinə, dərhal iradəsindən istifadə etməli və vicdanına uyğun olanı yerinə yetirməlidir. Məsələn, film seyr edərkən özündən kömək istənildikdə, bu insan, bunun axirətdəki qarşılığını düşünərək, dərhal köməyə qaçmalıdır. Lakin filmi buraxmaq istəmədiyi və öz istəklərini ön planda tutduğu üçün yalan danışan bir insan, eyni anda iki pis əxlaq xüsusiyyətini birdən göstərir. Həm vicdanının söylədiyini etməyərək, daha xeyirli görünən bir işi görmür, həm də bunun üçün yalan danışır. Beləliklə də, o, qarşısındakı insanı narahat olduğuna və kömək edə bilməyəcək vəziyyətdə olduğuna razı sala bilər və həmin an rahatlığından fədakarlıq etməyə bilər. Lakin Allah hər şeyi görür və bilir. İnsan, bir gün sonra belə ötən gün etdiklərini və düşündüklərini unudar, lakin Allah heç birini unutmaz və hər insanı axirətdə hər rəftarından və sözündən ötrü sorğu-sual edər.

Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi sorğu-sual edəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 284)

"Bilmirəm" Deməmək Üçün Deyilən Yalanlar

Bəzi insanlar özlərini çox bəyənib böyük hesab etdikləri üçün, hər mövzuda əskiksiz və qüsursuz olduqlarını ətraflarındakı insanlara da sübut etməyə çalışarlar. Özlərinin hər mövzuda məlumat sahibi olduqlarını göstərmək istəyərlər. Buna görə də, özlərinə bir mövzu barədə danışıldıqda və ya özlərindən bir məlumat tələb olunduqda, əgər bu mövzu barədə məlumatları yoxdursa, çox vaxt bir cavab uydurarlar.

Soruşulan mövzu barədə məlumatsız olmaq və ya mövzudan xəbərdar olmamaq özlərinə ağır gələr, "bilmirəm, xəbərim yoxdur" deməzlər. Çox vaxt buna görə daha da pis vəziyyətə düşərlər, çünki məlumatları olmadan danışdıqları bəlli olar. Lakin sırf təkəbbürləri ucbatından alçalmağı və yalançılığı gözə alarlar.

Allah bir ayəsində, bir mövzu barədə heç bir məlumatı olmadığı halda, mübahisələrə qoşulanlarla əlaqədar belə bildirir:

Məhz siz beləsiniz; (tutaq ki) barəsində məlumatınız olan mövzuda mübahisə etdiniz, lakin heç məlumatınız olmayan mövzu barədə nə üçün mübahisə edirsiniz? Halbuki Allah bilər, siz bilməzsiniz. (Ali İmran surəsi, 66)

Bu cür rəftarlar Quran əxlaqına tabe olmayan insanların aralarında yaşatdıqları cahiliyyə əxlaqının nəticələridir. Belə insanlar, özlərini qəbul etdirmək, etibar sahibi, sözü dinlənilən insanlar olmaq üçün Quran əxlaqına uyğun olmayan üsullara əl atarlar. Dünyada özləri üçün sıxıntı, gərginlik və narahatlıq yaşadan bu əxlaq pozuntularının nəticəsində isə axirətlərini də təhlükə altına atarlar. Bir insanın etibarı və müvəffəqiyyəti bu yolla axtarması böyük qəflət və cəhalətdir. Çünki dünyada və axirətdə istənilən hər şeyin tək yolu, istənilən şəraitdə Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olmaqdır.

Yaşanan və ya Şahid Olunan Hadisələri Şişirtmək Üçün Deyilən Yalanlar

Bəzi insanlar ətraflarında, hadisələri şişirtmələri, görmədikləri şeyləri görmüş kimi danışmaları ilə tanınarlar. Bunu, ətraflarındakı insanları əyləndirmək məqsədi ilə edənlərlə yanaşı, xəstəlik kimi vərdiş halına gətirənlər də var. Niyə etdiklərini belə düşünmədən, hər hadisədən olduğundan fərqli danışarlar, bir şey əlavə edərək, yaşanan hadisələri daha da şişirdilmiş hala gətirərlər.

Məsələn, iki avtomobilin yüngülcə bir-birinə dəyməsindən, böyük fəlakətin yaşandığı bir qəza kimi danışa bilərlər. Böyük sərnişin gəmisi gördükləri zaman, gəminin böyüklüyünü 3-4 misli qədər təsvir edərlər. Lakin qısa müddət sonra bu vəziyyət cəmiyyətdə bu insanlara olan etimadı azaldar. Hər hansı mövzu barədə fikir almaq istənildiyi zaman, bu cür insanlara, düzgün məlumat vermədikləri üçün müraciət edilməz.

Belə bir rəftar, insanları əyləndirmək və ya zarafat üçün belə olsa doğru deyil. İnsan zarafat olaraq doğru olmayan bir şeyi söyləsə belə, dərhal sonra, hətta mütləq həmin an, söylədiyinin doğru olmadığını ətrafındakılara bildirməlidir.

Peyğəmbərimiz (s.ə.v) də, səhabələrinə zarafat üçün də olsa, yalan danışmamalarını xatırlatmışdır.

"Qul zarafat da olsa yalan danışmağı, doğru da olsa münaqişə etməyi tərk etmədikcə yaxşı mömin ola bilməz".

"Başqalarını güldürmək üçün yalan danışana ayıb olsun".

"Mən zarafat edərəm, lakin doğru olanı söyləyərəm".(4)

Pislik Etmək və Aldatmaq Üçün Deyilən Yalanlar

Quran əxlaqını yaşamayan insanlar, kiçik mənfəətləri üçün başqasına qarşı asanlıqla kin bəsləyə və ya həsəd apara bilərlər. Çox vaxt heç bir səbəbə əsaslanmayan, özləri yaratdıqları bu hisslərin nəticəsində isə, bu insanlardan intiqam almaq istəyərlər. İnsanların bir hissəsi, az və ya çox bu hissi içində daşıyar və için-için başqalarının pisliyini istəyər. Pisliyini istədikləri insan, yaxın görünən dostları belə ola bilər.

Məsələn, bir yerə gedərkən, yoldaşına yaraşmayan bir paltara müdaxilə etmək istəməz, çünki ona görə, çox gözəl paltarla diqqətçəkən hala gələcək bir yoldaşın özünə göstərdiyi diqqəti azaldacaq və onu 2-ci plana itələyəcək. Yəni həqiqəti söyləyib, yoldaşlarını gözəlləşdirmək istəməz.

Yaxud iki yoldaş eyni mövzu üzərində çalışarkən, biri digərinə faydalandığı mənbələri söyləməz və ya daha az işə yarayanları söyləyib, digər əhəmiyyətli olanları gizlədər, "başqa şey yoxdur" deyər. Beləliklə də, rəqabət içində olduğu yoldaşının işini yavaşladar və ya mane olar.

Möminlər isə, bir-birlərinə böyük sevgi və hörmət bəsləyərlər. Həmişə köməkləşmə və həmrəylik içindədirlər. Özləri üçün istədiklərinin daha yaxşısını və gözəlini mömin qardaşları üçün də istəyərlər. Buna görə də, bu cür mövzularda bir-birlərinə əsla yalan danışmaz, əksinə bütün səmimilikləri ilə köməkçi və dəstək olarlar; yoldaşlarının geydiyi paltarı ən gözəl hala gətirər, işlərində əllərindən gəldiyi qədər kömək edərlər. Bu, möminlərin səmimiyətlərinin və yaxınlıqlarının göstəricisidir.

Allah başqa bir ayədə belə bildirmişdir:

...Özləri ehtiyac içində olsalar belə, (qardaşlarını) özlərindən üstün tutarlar. Nəfsinin “xəsis və eqoist ehtiraslarından” qorunanlar nicat tapanlardır! (Həşr surəsi, 9)

Göstəriş Üçün Deyilən Yalanlar

Quran əxlaqını yaşamayan insanlarda yalanın ən çox istifadə edildiyi vəziyyətlərdən biri, bir-birlərinə göstəriş etdikləri zamanlardır. Allahın Quranda da bildirdiyi kimi insanlar bir-birlərinin qarşısında öyünməyi və göstəriş etməyi çox sevirlər:

Bilin ki, dünya həyatı təkcə oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmə (müddəti və məsələsi), var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçilərin (və ya kafirlərin) xoşuna gələr. Sonra o quruyar və sən onun sapsarı olduğunu görərsən. Sonra isə o çör-çöpə dönər. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa şey deyildir. (Hədid surəsi, 20)

(Mal, mülk və sərvətdə) çoxluqla öyünmək sizi “ehtirasla əyləndirib, özünüzdən keçirdi. Belə ki, (bu) məzara baş çəkməyinizə (məzara getməyinizə, ölümünüzə) qədər davam etdi. (Təkasur surəsi, 1-2)

Öyünməyə bu qədər marağı olan bu insanlar, sahib olduqlarının öyünmək üçün kafi olmadığını düşündükləri zaman, isə dərhal yalana əl atarlar. Sahib olmadıqları şeyləri özlərinə məxsusmuş kimi göstərərlər. Məsələn, adi bir əşyanı, daha qiymətli göstərərək, onunla öyünmək üçün, olduğundan daha baha qiymətə satın aldıqlarını söyləyə bilərlər. İş yerlərindəki mövqelərini şişirdərək, özlərini olduğundan daha çox məsuliyyət sahibi, daha yüksək mövqedə olan biri kimi göstərməyə çalışa bilərlər.

Öyünmək məqsədiylə deyilən yalanların səbəbi, insanların sahib olmadıqları maddi və ya mənəvi xüsusiyyətlərlə təqdir toplamağı gözləmələridir. Buna görə də, özlərini çox çalışqan, köməksevər və qabiliyyətli göstərərlər. Əslində belə olmamasına baxmayaraq, hər şeyə diqqət yetirən, hər məsuliyyəti boynuna götürən insan təəssüratı yaradarlar. Allah Quranda bu cür insanlar barədə belə buyurur:

Qazandıqlarıyla sevinən və etmədikləri şeylərdən ötrü tərif olunmağı xoşlayanları (qazanclı) hesab etmə; onları əzabdan xilas olmuş da hesab etmə. Onlar üçün ağrılı-acılı əzab var. (Ali İmran surəsi, 188)

Bu insanlar, özlərinə göstərilən qayğı və sevgidən də şişirdərək danışarlar. Məsələn, həyat yoldaşlarının özlərinə hədiyyələr aldığı yalanını söyləyərlər. Yaxud iş yerində özlərinə xüsusi qayğı göstərildiyini, yerlərinin əvəzedilməz olduğunu, buna görə də, maaşlarının artırıldığını söyləyərlər. Gənclər əsasən sinifdə və ya məktəbdə ən məşhur insan olduqlarını, bütün məktəbin özlərini tanıdığını söyləyərlər. Bəzən məşhur insanlar da, doğum günlərində və ya qeydetmə mərasimində dostlarının və ya həyat yoldaşlarının özlərinə çox bahalı hədiyyələr aldığı yalanını uydurarlar. Bu cür yalanlar söyləməkdəki məqsədləri, həm göstəriş etmək, həm də yaxınlarının özlərinə çox dəyər verdiyi görünüşünü yaratmağa çalışmaqdır. Bu cür qiymətli hədiyyələr almayanların isə qısqanmalarını və özlərinə qibtə etmələrini təmin etməkdir. Halbuki bunların hamısı dünyəvi dəyərlərdir və insanlara axirətdə hər hansı qazanc təmin etməyəcək. Bir insan dünyanın ən qiymətli hədiyyələrini həqiqətən də almış olsa, əgər Allahın məmnun olmayacağı davranışlarına davam edərsə, çox qısa olan dünya həyatından sonra axirətdə sahib olduğu hər şeydən məhrum qalacaq.

Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı dövrlə əlaqədar bir rəvayətdə də, bir qadının yuxarıda qeyd edilənlərə bənzər rəftar göstərdiyi nəql olunur. Deyilənə görə, bu qadın, başqasını kədərləndirmək və qısqandırmaq məqsədiylə, həyat yoldaşının etmədiyi şeyləri şişirdərək etmiş kimi söyləmiş və almadığı hədiyyələrdən almış kimi danışmışdır. Peyğəmbərimiz (s.ə.v)-in, bu qadının rəftarını öyrəndiyi zaman, ona belə dediyi rəvayət edilir:

"Yedirilmədən yediyini söyləyən, özünün olmayan şeyə mənimdir deyən, özünə bir şey verilmədiyi zaman, verildiyini iddia edən, qiyamət günü yalandan iki paltar geyən kimsə kimi olar".(5)

İnsanların göstəriş üçün söylədikləri yalanlara aid nümunələr çoxdur. Bir çox insan evi, avtomobili, yay evi, işinin vəziyyəti, uşaqlarının müvəffəqiyyətləri, idman fəaliyyətləri, etdiyi alış-verişi, etdiyi səyahətləri, ailəsinin kökü, eləcə də, atalarının nə qədər əsilzadə və müvəffəqiyyətli insanlar olduqlarından şişirdərək və olduğundan xeyli fərqli danışar. Yalan danışmağı vərdiş halına gətirdikləri üçün, əsasən refleks olaraq yalan danışarlar. Lakin yalanlarını yadda saxlaya bilmədikləri üçün, bir mövzu barədə verdikləri ədədlər, eyd etdikləri yerlər, rəftarlar hər dəfə söylədikləri zaman dəyişər. Buna görə də, hər dəfə özlərini ifşa edər və alçalarlar.

Bu insanlar, Allahın rizasını deyil, əksinə insanların rizasını axtardıqları üçün, həmişə ətraflarındakı insanların xoşlanacağı, bəyənəcəyi görünüş bəxş etmək istəyərlər. Bunun üçün ətraflarında kim varsa, özlərini elə tanıtmalı olduqlarına inanarlar. Bu da bol-bol yalan danışmalarını tələb edər. Xoşladıqları musiqi növündən, iş yerindəki vəzifələrinə qədər hər şeyi ətraflarındakı insanlara görə quraşdırmaq məcburiyyətindədirlər. Bunun nəticəsində isə həm yalanları qısa müddətdə ortaya çıxaraq alçalar, həm də çox stressli, əziyyət verən, gərgin həyat yaşayarlar. Bu insanlar ətraflarındakılara göstəriş etməkdən və yeni yalanlar uydurmaqdan, danışdıqlarından zövq almağa, gözəllikləri görməyə imkan tapa bilməzlər. Danışıqları və rəftarları əsasən sünidir. Həmçinin uydurduqları yalanlar bir insanı məmnun edərkən digərlərini etməyəcək. Bu dəfə digərlərini də məmnun etməyə, onların da gözünə girməyə çalışacaqlar. Bu, bitməyən sonsuz dövr kimidir və insanın səmimi, rahat, hüzurlu həyat yaşamasına mane olar. Allah bir ayəsində Özündən başqa bir çox ilah qəbul edən insanlar barədə belə buyurmuşdur:

Allah (şirk qoşanlar üçün) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur. Xeyr, onların əksəriyyəti bilmir. (Zumər surəsi, 29)

Mənfəət və Qazanc Təmin Etmək Üçün Deyilən Yalanlar

İnsanların böyük hissəsinin günah işləmələrinin və pis hərəkətlər etmələrinin səbəbi, mənfəət təmin etmək istəyidir. Vəfasızlıq, eqoistlik, təcavüzkarlıq, qısqanclıq, ikiüzlülük, hiyləgərlik kimi pis əxlaq xüsusiyyətləri çox vaxt mənfəət gözləməkdən qaynaqlanar. Yalançılığın da ən mühüm səbəblərindən biri, insanların mənfəət və qazanc təminetmə məsələsindəki ehtiraslarıdır.

Xüsusən ticarət həyatında insanların bir hissəsi yalan danışar və etdikləri ticarətin mənfəəti üçün yalançılığın qəti lazım olduğuna inanarlar. Bu cür insanlar satdıqları əşyanı olduğundan daha qiymətli göstərər, qiyməti, ölçüsü, miqdarı barədə yalan danışarlar. Allah Quranda insanlara "ölçü və çəkidə" ədalətlə davranmalarını və dürüst olmalarını bildirir:

Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin. (Rəhman surəsi, 9)

Allah, Mutaffifin surəsində isə, ölçü və çəkidə dürüst davranmayanlara axirət gününü xatırladır:

Əskik ölçüb və çəkənlərin vay halına! Belə ki, onlar, insanlardan ölçərək aldıqları zaman tam alarlar. Özləri onlar üçün ölçdükləri və ya çəkdikləri zaman isə əskildərlər. Məgər onlar diriləcəklərini güman etmirlər? Böyük gündə. İnsanların, aləmlərin Rəbbi üçün qalxacağı gündə. (Mutaffifin surəsi, 1-6)

Allahdan qorxmayan, axirətə inanmayan, eləcə də, axirətin varlığına və öldükdən sonra haqq-hesab verəcəyinə şübhə edən insanlar üçün dünya mənfəətləri həmişə daha ön plandadır. Buna görə, bu insanlar asanlıqla günaha girə bilərlər. Təkcə bir anlıq və ya çox kiçik qazanc təmin edə bilmək üçün belə, cəhənnəm əzabına səbəb ola biləcək şeylər edə bilərlər.

Halbuki, Allahdan qorxan, Allahın hər an özünü izlədiyini, eşitdiyini bilən, axirətdə söylədiyi hər sözə görə haqq-hesab verəcəyinə iman edərək bunu heç unutmayan bir insan, mənfəətlərinə nə qədər xələl gəlsə də, doğru olanı söyləməkdən əsla güzəştə getməz. Allaha təvəkkül edər, doğru söyləməkdən ötrü çox çətin vəziyyətdə qalsa belə, Allahın özünə kömək edəcəyini, gözləmədiyi yerdən asanlıq təmin edəcəyini bilər. Allah bir ayəsində çətinliklərdən sonra asanlıq verəcəyini vəd edir:

...Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq məsuliyyət qoymaz. Allah hər çətinlikdən sonra asanlıq verər. (Talaq surəsi, 7)

Allah ayəsində əmrini bildirmiş və bu əmrinə itaət edənlərə mütləq kömək edəcəyini və çətinliklərdən sonra mütləq asanlıq veriləcəyini müjdələmişdir. Qarşılaşdığı çətinliklərin üstəsindən dürüstlük əvəzinə yalanlarla, saxtakarlıqlarla gəlməyə çalışanlar, dünyada və axirətdə olduqca böyük çətinliklər və çətin bəlalarla qarşılaşa bilərlər.

Bu cür insanlar, yalanla təmin etdikləri və ya qoruduqları qazanclarını, pis əxlaqlarından ötrü özlərinə bəla kimi verilən xəstəlik üçün xəstəxana pulu olaraq xərcləməkdən qorxmalıdırlar. Yaxud həmin bu insanlar bir yanğının, yalan və saxtakarlıqla əldə etdikləri bütün qazancı yox etməsindən qorxmalıdırlar. Allahın dünyada insanları Quran əxlaqına yönləndirmək üçün bu cür bəlalarla sınaya biləcəyini unutmamalıdırlar.

Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in də hikmətlə qeyd etdiyi kimi; "yalan ruzini azaldar". Yəni yalana müraciət edərək, başqa insanları aldadaraq qazanc təmin etməyə çalışanların əldə etdiklərində Allah bərəkət yaratmaz. Maddi və mənəvi bəlalar verməklə, onların bu mallardan hüzur içində istifadə etmələrinə mane olar.

Allahın əmrinə tabe olaraq, çətinliklərə səbir edən, doğruluqdan və dürüstlükdən əsla imtina etməyən insanlar üçünsə, Allah asanlıqlar, gözəlliklər və gözləmədikləri ruzilər yaradar. Allah ayələrində belə bildirmişdir:

Allah üçün dosdoğru şahidlik edin. Məhz bununla, Allaha və axirət gününə iman gətirənlərə nəsihət verilir. Kim Allahdan qorxub çəkinsə, (Allah) ona bir çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Əlbəttə, Allah Öz əmrini yerinə yetirəndir. Allah, hər şey üçün ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

...Kim Allahdan qorxub çəkinsə, (Allah) ona işində asanlıq göstərər. (Talaq surəsi, 4)

Bir Mübahisədə Haqlı Çıxmaq və Üstün Gəlmək Üçün Deyilən Yalanlar

Allahın bir ayəsində də bildirdiyi kimi; "insan ən çox mübahisə edəndir" (Kəhf surəsi, 54). Bir neçə insan bir yerə toplandıqda, çox vaxt bir mövzu barədə qarşılıqlı iddialar irəli sürməyə, fərqli fikirlər irəli sürərək, bunları bir-birlərinə qəbul etdirməyə çalışırlar. Bu mübahisələrdə məqsəd, çox vaxt, bir şeyin doğrusunu öyrənmək və ən yaxşı nəticəyə nail olmaq deyil, üstün gəlmək, müdafiə olunan fikrin doğru və ya yanlış olduğuna fikir vermədən mübahisədə üstün gəlməkdir. Tərəflərdən biri haqsız olduğunu və ya səhv düşündüyünü anlasa belə, ümumiyyətlə geri addım atmaz, doğrunun tərəfinə keçməz və təkəbbüründən ötrü iddiasını davam etdirər. Məhz bu məqamda, əksər insan yalana əl atmağa başlayar. Bu insanlar təkcə üstün gəlmək naminə, ya əmin olmadıqları, görmədikləri, eşitmədikləri bir hadisədən, yaşandığına qəti əmin olaraq danışar, ya da açıq şəkildə iddialarını dəstəkləyəcək xəyali ssenarilər qurarlar, hətta böhtana əl atarlar.

Bütün bu üsulların səbəbi, insanların təkəbbürləri və alçalma narahatlıqlarıdır. Daha əvvəl də ifadə edildiyi kimi, təkəbbür, qürur duyğusu insanları çox vaxt günaha sürükləyər. Halbuki doğru və gözəl olan, bir insanın fikrinin yanlış olduğunu anladığı zaman, dərhal doğrunu qəbul etməsidir. Bu, üstün əxlaq əlamətidir. Çünki belə hərəkətə yol verən insan, hər şeydən əvvəl insanların düşüncələrini və ya qınaqlarını görməzlikdən gəlir, Allahın razı olacağı şəkildə davranaraq vicdanının söylədiklərini qəbul edir. Gözlənilənin əksinə, belə insan həm Allahın dərgahında, həm də ağıl və vicdan sahibi insanların gözündə yüksələr və dəyər qazanar.

Allah bir ayədə belə buyurur:

"Və “çirkin həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Allahdan başqa kim günahları bağışlaya bilər? Bir də onlar etdikləri (pis şeylərdə) bilə-bilə israr etməzlər". (Ali İmran surəsi, 135)

"Ağ Yalanlar" Yalanı ilə Deyilən Yalanlar

"Heç yalan danışarsınızmı?" sualına insanların verdikləri cavabları, bir çox dəfə eşitmisiniz. Bu cavabların əksəriyyətində, qətiyyən yalan danışmadıqları, lakin lazım gəldikdə "ağ yalanlar" söylədikləri və bunda problem görmədikləri qeyd edilər.

Quran əxlaqına tabe olmayan insanlar, təkcə yalan məsələsində deyil, bütün məsələlərdə özlərinə, ətraflarına və mənfəətlərinə görə batil qanunlar və meyarlar uydurarlar. Məsələn, oğurluğun günah olduğunu qəbul edər, lakin ehtiyac sahibi birinin oğurlamasının günah olmayacağını söyləyərlər. Yaxud qumar oynamağın haram olduğunu bilən insanların bir hissəsi, buna baxmayaraq, qumar oynayar, lakin qumardan qazandıqları pulu kasıblara verdiklərini söyləyərək, qumarı qanuniləşdirdiklərini zənn edərlər. Halbuki, Allahdan qorxub çəkinən bir insan, istənilən şəraitdə, Allahın razı olmayacağı və haram kimi bildirdiyi bir şeyi etməz. Bu yalançılığa da aiddir. Yalanlarına müxtəlif donlar geydirərək, mənasını yumşaltmağa çalışanlar bəlkə insanları razı sala bilərlər. Lakin Allah insanlara yalan danışmağı haram buyurmuşdur; buna cəmiyyətdə "ağ yalanlar" kimi adlandırılan yalanlar da daxildir.

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə uydurulan bu batil qanunlar, Qurana uyğun deyil. Bunlara tabe olan insanlar, bu qanunlara həmçinin özlərinə görə də forma verərlər. Dolayısilə nəyin ağ, nəyin başqa cür yalan olduğuna da, hər kəs öz mənfəətinə görə qərar verər. Bunun nəticəsində isə demək olar ki, yalançılığın hər növü ağ yalanlara daxil edilərək, bəhs etdiyimiz cəmiyyətlərdə sanki normal qarşılanmağa başlanmışdır.

Məsələn, birinə bir işini gördürmək istəyən bir insan, ona süni iltifatlar edər, gözəl olmadığı halda gözəl olduğunu, qəşəng olmadığı halda qəşəng olduğunu və ya bacarıqsız olduğu halda, çox bacarıqlı və zəkalı olduğunu söyləyər. Evinə gec gələn biri, həyat yoldaşını hirsləndirməmək üçün fərqli bəhanələr uydurar. Əgər doğrunu söyləsə yoldaşının hirslənəcəyini, təkcə bu "ağ yalanları" söylədiyi təqdirdə onu narahat etmədiyini və aralarında problem olmadığını söyləyər. Beləliklə də, yalanlarını günahsız və hətta yaxşılığa xidmət məqsədli deyilmiş sözlər kimi göstərməyə çalışar. Halbuki, bu cür yalanlar, nə üçün deyilsə də, aldatmağa xidmət edir. Bu yalanları söyləyən insanın, qarşısındakı insanlara sevgisi, hörməti, sədaqəti olmaz. Həmçinin belə rəftar göstərən insanların dürüst və etibarlı olmadıqları da aydındır.

Nəticə etibarilə, hansı sifət altında deyilə də, yalanın hər növü Allahın haram buyurduğu hərəkətdir. Yalançılıq, insanlar arasındakı etimad və sədaqəti yox edən, insanların səmimiyyətsiz həyat yaşamalarına səbəb olan davranışdır.

Yalanın və Səmimiyyətsizliyin Olduğu Mühitdə Heç Kim Heç Kimə Güvənə Bilməz

Adnan Oktar: ...Amma ən dəhşətlisi sevgisizlikdir. Sevgisizlikdən bədbəxt olurlar. Sevgi insanı çox xoşbəxt edər, açar. Yəni ən güclü qidadır, bədənin ən güclü qidası sevgidir. Yəni heç nə yeməsə belə, yeməsə içməsə belə sırf sevgiylə heyrətamiz dərəcədə sağlam ola bilər insan. Sevgisiz nə olacaq, "heç nə olmayacaq" deyir. Budur oluruq, pərişan oluruq, oksid sarısı olurlar. Olduqca çox hissəsi, çoxu belədir yəni. Ağzında pas yaranır, baxışlarında canlılıq yoxdur, bir şey söylədiyi zaman, anlamaqda çətinlik çəkirlər, hər şeyə pessimist baxar, hər şeydən qorxar, bir-birlərindən çox qorxarlar. Məsələn, baxıb görürəm ki, gözlərində insanların bir-birlərinə qarşı qorxu ifadəsi var. Heyrətamiz dərəcədə şübhəçilik var, lakin niyə şübhəçi olursan da deyə bilmərik, çünki haqlıdırlar yəni. Çünki dürüst insan o qədər çox olmur bəzən, bəzi yerlərdə. Səmimi insan o qədər çox olmur. Onlar da haqlı olaraq qorxurlar və narahatdırlar, gərgindirlər. O zaman məhz millətimizi sevgi dolu, şəfqətli, Allahdan qorxan, Allahı çox sevən, müsbət baxan, müsbət qiymətləndirən, hər şeyi xeyirə yozan, hər şeydə gözəllik görən, ətrafını və özünü gözəlləşdirməyə çalışan insanlar kimi yetişdirməliyik. Məsələn, dünən bir baxdım mən, baxıram yəni, baxımsız və pərişandır bir çox insan. Bu mütləq yeməklə də olmaz, yəni az bir şey yemək insanı çox gümrah edər, lakin yemək təsir etmir. Çünki sevinc yoxdur. Həmişə qorxu ilə yaşayan, həmişə etimadsızlıqla yaşayan bir insan xoşbəxt ola bilməz. Xoşbəxt ola bilmədikdə də bədən hüceyrələri buna üsyan edir. Mədəaltı vəzi ayrı narahat olur, məsələn, mədəsində yığılma olur, qıc olmalar baş verir mədəsində, xora əmələ gəlir, mədəsində yanma, turşuma meydana gəlir. Məsələn, gözlərində, baxışlarında pozuqluq meydana gəlir, məsələn, qaraciyəri normal işləmir, həzm sistemi normal işləmir, qan azalır bədəndə kədərdən ötrü. Məsələn, sapsarı olur əl-üzü. Yazıq, günah deyil mi bu qədər əziyyət çəkmək? Allah insana, şeytandan Allaha sığınıram, Allah deyir ki, ayədə; "Allah insanlara zülm etməz insanlar özləri özlərinə zülm edirlər" (Tövbə surəsi, 70). İnsanın özünə etdiyi zülmü heç kim etməz deyərlər, bildiyiniz kimi bu xalq arasında var. Yəni böyük əziyyət verər özünə. Hər şeydən şübhələnər. Hətta deyirlər ha, "atana belə güvənməməlisən". Qardaşım nə edirsiniz siz, ortalığı cəhənnəmə döndərirsiniz. Ata. O güvənilməyəcək ataları öyrətsək də, normal ata olsalar, güvənsələr bu insanlar olmazmı? "Atana belə güvənməməlisən". O zaman kimə güvənəcək, elə deyil? "Heç kimə güvənməməlisən" deyir. O zaman bu insanlar necə yaşasın bu dünyada. Baxın görürsünüzmü, darvinist və materialist düşüncənin vurduğu ziyanı hələ də aradan qaldıra bilmirik. Hələ də bu ziyanı yox etməklə məşğul oluruq. Məsələn, qarşılaşırlar çox mehriban, məsələn, bir televiziya proqramı olur, bir-birlərini necəsiniz, xoş gəlmisiniz filan deyirlər, lakin hamısı bir-birindən çəkinir əslində. Çox təmkinlidirlər, yəni hər hansı mənfəətlərinə zidd gələn vəziyyət yarandıqda, canlı yayında bir-birlərinə şillə yumruq girişirlər bilirsiniz. Yəni qalmaqal yaranır, saçlarından sürükləyirlər. Deməli, içi, partlayacaq bomba kimi, çox gərgindir. Yəni sevgi mühiti olsa, sülh, qardaşlıq mühiti olsa, bir anda belə ağzından köpüklər saçaraq, hətta din xadimi olur, alim, din alimi bir anda partlayacaq bombaya çevrilir, sanki belə dəli olur, özünü itirir. Budur sevgisizlik, sevgisizliyin nəticəsində bu olur. Çox şəfqətli, çox mərhəmətli olmaq lazımdır... (Adnan Oktarın “Kanal Urfa” telekanalına verdiyi müsahibədən, 9 noyabr 2009-cu il)

Etməyəcəyini Bildiyi Bir Şeyi Vəd Edərkən Deyilən Yalanlar

Bir insanın verdiyi sözə əməl etməməsi çox sıx rast gəlinən vəziyyətdir. Əlbəttə ki, bəzən şərtlər dəyişdikdə, insan çox istəsə və vədində səmimi olsa belə, vədlərindən yerinə yetirə bilməyəcəyi vəziyyətlə qarşılaşa bilər. Lakin hələ əvvəlcədən söz verərkən sözünə əməl etməyəcəyini bilərək, təkcə həmin an o insanların gözünə girmək və ya hər hansı başqa məqsədlə vəd vermək və bunu yerinə yetirməmək, Quranda Allahın insanları xəbərdar etdiyi bir məsələdir:

Ey iman gətirənlər, etməyəcəyiniz şeyi niyə deyirsiniz? Etməyəcəyiniz şeyi deməyiniz, Allah yanında qəzəb (olması) baxımından böyüdü (böyük günah təşkil etdi). (Saff surəsi, 2-3)

Əhd verdiyiniz zaman, Allaha verdiyiniz əhdi yerinə yetirin, möhkəm and içdikdən sonra andınızı pozmayın; çünki Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah nə etdiklərinizi bilir. (Nəhl surəsi, 91)

...Əhdə vəfa göstərin. Çünki əhd bir məsuliyyətdir. (İsra surəsi, 34)

20-ci əsrin böyük İslam alimlərindən Mehmed Zahid Kotku, insanların yerinə yetirməyəcəklərini bilə-bilə verdikləri vədlər barədə belə deyir:

"Verdiyi sözlərə və vədlərə əməl etməmək və vədini yerinə yetirməmək də yalançılıqdır. Bol-bol vəd verər, sonra vədini yerinə yetirməzsə, buna da yalançılıq damğası vurular. Verdiyi vədi, verərkən yerinə yetirməyəcəyi barədə fikri olarsa, yalançılıq iki qat olar. Bir də var ki, vədini yerinə yetirmək istər, lakin imkanı olmazsa, üzr istəmək surətiylə bəlkə üzrlü hesab edilə bilər. Buna görə də, bu cür vədlər verərkən insanlar inşaAllah deməyi unutmamalıdırlar..."(6)

Mehmed Zahid Kotkunun da diqqət çəkdiyi kimi, bir insanın etməyəcəyini bilə-bilə söz verməsi yalançılıqdır. Hər insan, haqq-hesab günündə hər danışığından və rəftarından məsul olacaq. İnsan öz söylədiklərini və ya düşündüklərini unuda bilər, lakin Allah unutmaz və hamısını haqq-hesab günündə insanın qarşısına gətirər. Bu həqiqəti bilən müsəlmanlar düşünərək, sözlərinin Qurana uyğun olub-olmadığını bilərək danışarlar.

Ağızlarına hər gələni söyləyib, necə gəldi danışmazlar. Birinə söz verəndə həqiqətən əməl edib edə bilməyəcəklərini nəzərə alarlar. Əgər əməl edə bilməmək ehtimalları varsa, bunu qarşılarındakı insana bildirərlər, hansı şərtlər altında əməl edə bilməyəcəklərini söyləyər və həmin insanın çətin vəziyyətdə qalmasının qarşısını almaq üçün tədbirlər alarlar. Əgər edə biləcəklərinə qənaətləri varsa da, "inşaAllah" (Allah icazə versə) deyərək, Allahın diləməsi istisna olmaqla sözlərinə əməl edəcəklərini vədd edərlər və mənfəətlərinə zidd də olsa, verdikləri sözlərə əməl edərlər. Quranda Allah möminlərin bu xüsusiyyətini belə xəbər verir:

Üzünüzü şərqə və qərbə döndərməyiniz yaxşılıq deyildir. Lakin yaxşılıq, Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən; mala olan sevgisinə baxmayaraq, onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, dilənənlərə və kölələrə (azadlıqları üçün) verən; namazı tam düzgün qılan, zəkatı verən və əhd verdikləri zaman əhdlərinə vəfa göstərənlər ilə çətinlikdə, xəstəlikdə və döyüşün qızışdığı vaxtlarda səbir edənlər(in münasibət və rəftarlarıdır). Məhz bunlar, doğru olanlardır və müttəqi olanlar da bunlardır. (Bəqərə surəsi, 177)

(Həmçinin) Onlar, əmanətlərinə və əhdlərinə riayət edənlərdir. (Muminun surəsi, 8)

Nəfsi Tərbiyə Etməyin Yolu Səmimi və Dürüst Olmaqdır

Müxbir: Çoxlu elektron məktublar var, çoxlu suallar var. “Nəfs necə tərbiyə edilər?” deyə bir sual gəldi.

Adnan Oktar: Nəfsin tərbiyə edilməsi üçün Allahın göstərdiyi tək bir meyar var, səmimiyyət. Səmimi olduğumuz vaxt, nəfs çox ağıllı olar. Çünki mənfəətlər məntiqli olmağı təmin edər. Lakin vicdanımız da ağıllı olmağı təmin edər. Səmimi davranmağı təmin edər. Biz ağlımız və vicdanımızla hərəkət etməliyik. Ağlı və vicdanı ilə hərəkət edən insan həmişə doğru hərəkət etmiş olar. Məsələn, Allah qorusun, rüşvət alacaqsa, məntiqi al deyər. Lakin ağlı və vicdanı da alma deyər. Ağlına və vicdanına tabe olduğu zaman da bəlkə maddi cəhətdən çətinliyə düşəcək, lakin doğru olanı etmiş olacaq. Gözəl əxlaq elə ucuz şey deyil, çətindir gözəl əxlaq. Baha başa gələr, gözəl əxlaqlı insan da buna görə dünyada nadir olar (Adnan Oktarın Ekin telekanalına verdiyi müsahibədən, 19 yanvar 2009-cu il).

İnsanlardan Qorxub Çəkinərək Deyilən Yalanlar

Bir çox insanın yalana əl atmasının səbəblərindən biri, ətrafındakı insanlardan qorxmasıdır. Məsələn, evdə vazanı sındıran bir uşaq anasından qorxduğu üçün yalan danışar. İş yerində faylları bir-birinə qarışdıran katibə müdirindən qorxar və özünü xilas etmək üçün yalana əl atar. Halbuki, mömin insan heç vaxt insanlardan qorxmaz. Təkcə Allahdan qorxub çəkinər və Allahın özündən razı olub olmayacağını düşünər. Buna görə də, hansı vəziyyətdə qalsa da, doğrunu söyləyər və Allaha təvəkkül edər.

İnsanlardan qorxub çəkinənlər isə, məsələn, dəyərli bir əşyanı sındırdıqları zaman, bacarıqsız və ya diqqətsiz kimi tanınmaqdan çəkinərlər. İnsanların özləri barədəki düşüncələrini Allahın rizasından üstün tutaraq böyük səhv edtikləri üçün, insanların rizasına uyğun qərarlar alarlar. Buna görə də, çox vaxt yalana əl ataraq səhvləri ört-basdır etməyə çalışarlar.

Allah Quranda şeytanın insanları bir-birləri ilə qorxutmaq istəyəcəyini bildirmiş və möminlərə təkcə Özündən qorxmalarını buyurmuşdur.

Məhz bu şeytan, təkcə öz dostları ilə qorxudar. Siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun. (Ali İmran surəsi, 175)

Allah Öz bəndəsinə kifayət deyil? Səni Ondan başqaları ilə qorxudurlar. Allah kimi azğınlığa salsa, artıq onun üçün yol göstərən olmaz. (Zumər surəsi, 36)

Allah bir ayəsində də möminlər barədə; "qınayanın qınamasından qorxmayan bir camaat" demişdir (Maidə surəsi, 54). Mömin, istənilən şəraitdə təkcə Allaha təvəkkül edər və insanların düşüncələrinə görə deyil, təkcə Allahın rizasına görə davranar. İnsanlardan qorxaraq, doğru olanı etməmək eyni zamanda şirkdir. Şirk, bir insanın başqa insan və ya varlıqları, (Allahı tənzih edirik) Allah ilə bərabər tutması, bu varlıqlara ilahlıq isnad etməsi deməkdir. Bir insan başqa bir insandan çəkinib həmin insanın rizasına görə hərəkət edirsə, deməli, onu şirk qoşur (baxın: “Ən böyük böhtan: şirk”, Harun Yəhya). Möminlər isə bu həqiqətdən xəbərdardırlar və Allahdan başqasını ilah qəbul etməzlər. Allah ayələrində belə bildirir:

Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram. (Yasin surəsi, 23-24)

Ayələrdə də bildirildiyi kimi, heç bir insanın başqasına zərər verməyə gücü çata bilməz. Heç kim Allahın icazəsi olmadan başqasına tək bir söz belə deyə bilməz. Buna görə də, bir insanın başqa insanlardan qorxaraq, yalan danışması şirk ola bilər. Şirk isə; "Allahın bağışlamayacağını bildirdiyi bir günahdır" (Nisa surəsi, 48). Buna görə də, insanlardan çəkinib yalan danışanlar həm harama girməkdən, həm də Allaha şirk qoşmaqdan qorxub çəkinməlidirlər.

Dipnotlar

4. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 15. cilt, s. 209

5. İmam Gazali, İhya'u Ulum'id-din, Huzur Yayınevi, 1998, 3. Cilt, s.309; Buhari ve Müslim'den

6. Mehmed Zahid Kotku, Tasavvufi Ahlak 5, Seha Neşriyat, s. 166

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Yalan Danışmaq Haramdır
  • İnsanlar Hansı Hallarda və Niyə Yalan Danışar?
  • Allah Hər Şeyi Bilən, Görən və Eşidəndir
  • Yalan Danışmaq Şeytanla Əməkdaşlıq Etmək Deməkdir
  • Yalançının Qaranlıq Ruh Halı
  • Yalançının Özünü Aldatma Üsulları
  • Yalançının Üslubu və Rəftarı
  • Yalançının Hiyləgərliyi
  • Yalançının Itirdikləri
  • Quranda Bildirilən Yalançılar
  • Yalanı Səmimi Şəkildə Etiraf Etmək Allaha Olan Sədaqəti Göstərər
  • Yalançılığın Həlli: Allah Qorxusu
  • Axirətdə Heç Kim Yalan Danışa Bilməyəcək
  • Peyğəmbərimiz (s.ə.v)-in Yalandan Çəkinməklə Əlaqədar Hədisləri
  • İslam Alimlərinin Yalanın Zərərlər ilə Əlaqədar Sözləri
  • Nəticə: Dürüst Olanlar Həmişə Qazanar