Giriş

Təkamül nəzəriyyəsi dedikdə insanların ağlına müxtəlif fikirlər gəlir. Bəzi insanlar, əsasən də, materialistlər təkamül nəzəriyyəsinin elm tərəfindən sübut edildiyini zənn edirlər. Halbuki bu, qətiyyən doğru deyil. Çünki yüzlərlə elmi dəlil bu nəzəriyyənin əsassızlığını sübut edib. Lakin həmin insanlar yenə də bu nəzəriyyəni kor-koranə müdafiə edir və ona qarşı çıxan heç bir fikri qəbul etmirlər.

İkinci qrupa aid insanların isə təkamül nəzəriyyəsinin iddiaları haqqında məlumatları yoxdur. Onlar darvinist düşüncənin bir əsr yarımdır ki, bəşəriyyətə vurduğu ziyanın fərqində deyillər. Elmi əsassızlığına baxmayaraq, təkamül nəzəriyyəsinin müdafiə edilməsi və insanlara məcburən qəbul etdirilməsi onlar üçün problem deyil. Bununla bağlı baş verən hər şeyə tamamilə göz yumurlar.

Bu insanlar nəzəriyyənin elmi əsasının olmadığını bilsələr də, bu mövzuya əhəmiyyət vermir və əhəmiyyət verənləri də başa düşmürlər. Onlara görə, təkamül nəzəriyyəsinin əsassızlığını anlatmağa, bununla bağlı kitablar nəşr etməyə və ya konfranslar verməyə ehtiyac yoxdur. Çünki bu nəzəriyyənin "köhnəldiyini" və "ortadan qalxdığını" düşünürlər. Halbuki bu insanlar böyük səhvə yol verirlər. Təkamülün köhnə nəzəriyyə olduğu doğrudur, lakin onun saxtakarlığının üzə çıxarılmasının əhəmiyyətsiz olduğunu düşünmək yanlışdır.

Üçüncü qrup isə materialist təlqin və təbliğlər nəticəsində təkamül nəzəriyyəsini elmi həqiqət zənn edən və bu nəzəriyyə ilə Allaha iman arasında özlərinə "orta yol" seçən bəzi inanclı insanlardır. Bu insanlar darvinizmin canlıların mənşəyi haqqındakı ssenarisini tam qəbul edir, lakin bu ssenarinin Allahın iradəsi daxilində olduğunu bildirərək təkamül nəzəriyyəsi ilə inanc arasında "əlaqə" yaratmağa çalışırlar.

Lakin bu üç baxış da yanlışdır. Bu nəzəriyyəni nə elmi həqiqət kimi göstərmək, nə əhəmiyyətsiz qəbul etmək, nə də "dinə uyğunlaşdırmağa" çalışmaq doğru deyil. Çünki sayt boyunca da görəcəyik ki, təkamül nəzəriyyəsi ideoloji arxa planı olan, ateizmi möhkəmləndirmək və dayaq yaratmaq məqsədi ilə ortaya atılan, materialist düşüncəli insanlar tərəfindən dəstəklənən və din əxlaqına uyğun olmayan düşüncədir. Materialist fəlsəfəyə əsaslanır və dünyadakı hadisələri də materialist fikirlərlə izah edir. Çarlz Darvin tərəfindən ortaya atılandan etibarən bəşəriyyətə istismar, qarşıdurmalar, müharibələr və degenerasiyadan başqa heç bir şey qazandırmayıb. Buna görə də məsələnin vacibliyini yaxşı dərk etmək və bu batil düşüncəyə qarşı fikri mübarizə aparmaq lazımdır.

Bu saytda təkamül nəzəriyyəsi çox fərqli formada izah ediləcək və bu nəzəriyyəni müdafiə edən bəzi inanclı insanların səhvlərinə cavab veriləcəkdir. Bu sayt təkamül nəzəriyyəsi ilə yaradılış arasında guya bəzi ortaq məqamlar tapmağa, hətta Qurandan təkamül nəzəriyyəsinə dəlil göstərməyə çalışan bəzi müsəlmanlara cavab vermək məqsədi ilə hazırlanmışdır. Buradakı məqsədimiz isə təkamül nəzəriyyəsini doğru hesab edən müsəlmanlara qalib gəlmək deyil, bu nəzəriyyəyə yanaşmalarının səhv olduğunu izah edərək onlara bu mövzuda ideoloji yardım etmək və doğru düşüncə tərzinə yiyələnmələrinə səbəb olmaqdır.

Saytda üzərində dayanacağımız digər mövzu isə heç bir elmi əsası olmayan darvinizmin, əslində, dinə qarşı çıxan nəzəriyyə olmasıdır. Qısası, saytda müsəlmanların bu nəzəriyyəni ciddiyə almamalarının, əhəmiyyətsiz görmələrinin və bu nəzəriyyə ilə fikri mübarizə aparmağı lazımsız hesab etmələrinin zərərlərinə diqqət çəkəcəyik.

İnanclı insan təkamül nəzəriyyəsi kimi İslam dini ilə ziddiyyət təşkil edən nəzəriyyəni müdafiə etməkdən çəkinməlidir. Bəlkə də, bunun səbəbi bu nəzəriyyənin indiyə qədər bəşəriyyətə gətirdiyi bəlalardan, din əxlaqına qarşı olan insanların ona sahib çıxmalarından və yaradılış gerçəyini inkar etdiyindən xəbərsiz olmalarıdır. Lakin müsəlman haqqında məlumatı olmayan bir şeyin arxasınca getməkdən çəkinməlidir. Çünki bu, Allahın iman gətirənlərə əmridir. Quranda belə buyurulmuşdur:

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 36)

Nümunəvi müsəlman isə bir mövzunu səmimiyyətlə araşdırmalı, öyrənməli və buna əsasən davranmalıdır:

Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır. (Cin surəsi, 14)

Təkamülçü müsəlmanlar da yuxarıdakı ayələrdə bildirildiyi kimi, təkamül nəzəriyyəsi haqqında diqqətlə düşünüb ətraflı araşdırma aparmalı və vicdanlarının səsinə qulaq asaraq qərar verməlidirlər. Saytımız bu mövzuda yol göstərmək və yardım etmək üçün yazılmışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bəzi Müsəlmanlar Nə Üçün Təkamül Nəzəriyyəsini Müdafiə Edirlər?
  • Təkamülçü Müsəlmanların Görmədikləri Həqiqətlər
  • Allahın Yaratma Elmi
  • Quran Ayələri ilə Təkamülə Dəlil Gətirməyə Çalışanların Səhvi
  • Darvinizm Təhlükə Hesab Edilmədikdə Nələr Baş Verir
  • Nəticə