İnsanların əksəriyyəti dini yaşayarkən göstərdiyi şövqsüzlüyü adi durğunluq və tənbəllik kimi qəbul edir, belə ki, onlar bu vəziyyəti düzəltmək üçün heç bir cəhd etmirlər. Bunun onların sonsuz həyatına mənfi təsir edəcək qədər ciddi çatışmazlıq olduğunu anlamırlar. Halbuki, Quranda bu xəstəliyə diqqət çəkilmiş və insanlar belə təhlükəyə qarşı xəbərdar edilmişdir. Çünki insanların axirətdə şövqsüzlüklərinin səbəb olduğu zərərləri aradan qaldırmaq imkanı olmayacaq. Bu şəxslərin şövqsüzlüklərinə görə məruz qaldıqları itkilərdən bəzilərini xatırlatmaq istəyirik.
Quranda “...Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir.”(Həcc surəsi, 40) ayəsi ilə də xatırladıldığı kimi, Allah dinə şövqlə xidmət edənlərin, Allah’ın razılığını qazanmaq üçün var gücü ilə çalışanların köməkçisidir. Lakin şövqsüz olan, Allah rizası üçün edilən işlərdə ağır tərpənib geridə qalmaqla açıqgözlü və diribaş olduqlarını zənn edən bu şəxslər isə Allah’ın köməyindən məhrum qalırlar.
Həmin insanlar səmimi imanın gətirdiyi ağıl, şüur və diqqət açıqlığına heç vaxt sahib olmurlar. Quran ayələrinin bəzilərinə itaət edib bəzilərini tətbiq etmədikləri üçün Quranın doğru yola çatdıran vəsfi onların üzərində təcəlli etmir. Bir az möminlərdən, bir az da cahil cəmiyyətdən öyrəndikləri məntiqlərlə hərəkət edir və buna görə də heç vaxt gerçək nailiyyət əldə edə bilmirlər.
Qəlblərindəki şövqsüzlük onları dərin qəflətə sürükləyir. Həvəssiz olduqlarına görə, ərincəklik edir və edəcəkləri işi normal vaxtdan daha gec başa çatdırırlar. Belə ki, onlar axirətləri üçün saleh əməllər edərək yarışmağa çalışmırlar. Xeyirli işlər görməkdə tələsmir və ya bu mövzuda fiziki və zehni enerji sərf etmək istəmirlər. Bir problemlə üzləşdikdə bir çox həll yolu tapa biləcəkləri halda, problemi heç cür həll etmək istəmirlər.
Qısası, şövqsüz insanların etdikləri işlər səmərəsiz olur və çox vaxt bərəkətsiz nəticələr verir. Onlar yaranan bu bərəkətsizliyə qarşı nə qədər bəhanələr uydursalar da, bunun əsl səbəbi onların şövqsüz olmalarıdır. Şövqsüzlük isə səmimi iman gətirməmələrinin nəticəsidir.
Lakin, bunu da unutmamaq lazımdır ki, bu şəxslər keçirdikləri mənəvi xəstəliklə hər kəsdən çox özlərinə zərər verirlər. Çünki dünya həyatında məruz qaldıqları bu itkilərlə yanaşı, axirətdə də - Allah’ın istəməsindən başqa – böyük bədbəxtliklə qarşılaşacaqlar. O gün onlar ağır tərpəndiklərinə, yarışıb önə keçənlərdən olmadıqlarına görə peşman olacaq və: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” - deyəcəklər:
“Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir! ” |
Hesab günü dünyada ikən qaçmağa çalışdıqları və ya həvəssiz etdikləri bütün işlərin özlərinə zərər olaraq geri qayıdacağını görəcəklər. Allah’ın razılığını qazanmağın vacibliyinə etinasız yanaşdıqları və lazım olan qədər cəhd etmədikləri üçün bütün əməllərinin boşa çıxdığına şahid olacaqlar.Allah bu həqiqəti bir çox Quran ayəsində də xəbər vermişdir:
“İman gətirənlər isə deyəcəklər: “Sizinlə bərabər olacaqlarına dair Allah’ın adı ilə möhkəm and içənlər bunlardırmı?!” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular.” (Maidə surəsi, 53) “Bu, ona görədir ki, onlar Allah’ın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini puça çıxartdı.” (Muhəmməd surəsi, 28) “Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allah’a heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır.” (Muhəmməd surəsi, 32) “O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək. ” (Ğaşiyə surəsi, 2-3) |
Həmçinin, hesab günü bu şəxslərin əməl dəftərlərini sağdan gözləyərkən, soldan almaları təhlükəsi də var. Onlar dünya həyatında möminlərlə birlikdə olmağın axirətdə də onları xilas edəcəyini düşünürlər. Halbuki, daha əvvəl də bildirdiyimiz kimi, Allah’ın qarşısında hər insan tək sorğu-sual ediləcək. Yanındakı insanların nə qədər şövq göstərdiyi və ya nə qədər çox saleh əməllər etdiyi başqaları üçün heç bir əhəmiyyət daşımayacaq.
O gün onlar möminlərə: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Hədid surəsi, 14) - deyəcəklər. Lakin onlara: “Kitabını oxu, bu gün sənə özün-özünü hesaba çəkməyin yetər” (İsra surəsi, 14) - cavabı veriləcək. Beləcə, etdiklərini və etməyib geridə buraxdıqlarını özləri də biləcək və alacaqları qarşılığa layiq olduqlarının şahidi olacaqlar.