Dini səthi yaşayan insanların şövqsüzlüyü

Kitabın əvvəlində: “İman gətirirəm”, - deyən hər kəsin imanının bir olmayacağından bəhs etmişdik. Elə bu hissədə də əsl mənada iman gətirməyən insanların iman zəifliklərindən qaynaqlanan şövqsüz ruh hallarından bəhs edəcəyik. Lakin bundan əvvəl bu şəxslərin Quranda necə təsvir olunduqları, dinə olan münasibətləri və həyat məqsədlərini göstərərək bu fərqliliyin səbəblərini açıqlayacağıq.

 

Dini səthi yaşayan insanlar kimlərdir?

Quran ayələrində bu şəxslər “qəlblərində xəstəlik olanlar”, “münafiqlər”, “ağır tərpənənlər” və ya “geridə qalanlar” olaraq adlandırılır. Ən diqqət çəkici xüsusiyyətlərindən biri isə “...Onlar nə sizdəndirlər, nə də onlardan. (Mücadilə surəsi, 14), “Onlar (imanla küfrün) arasında tərəddüd edir, nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf olurlar...” (Nisa surəsi, 143) ayələri ilə bildirildiyi kimi, nə cahiliyyə cəmiyyətinə, nə də mömin camaatına daxil olmalarıdır. Lakin çox qəribədir ki, bu insanlar möminlərin arasında yaşayırlar. Xarici görünüşləri və bəzi rəftarları ilə möminlərin həyat tərzini xatırladan şəkildə yaşayırlar. Əslində, onlara qətiyyən bənzəmirlər. Çünki möminlərin ən bariz xüsusiyyətləri Allah’a olan səmimi iman və sədaqətləri ikən, bu şəxslər qəlblərində belə güclü bir inanc daşımırlar. Nə qədər dilləri ilə bunun tam əksini söyləsələr də, əslində, onlar iman gətirməyiblər. Quranda bu vəziyyət belə təsvir olunur:

“İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allah’a və axirət gününə inanırıq”, - deyirlər. Onlar Allah’ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və (bunu) anlamırlar. ” (Bəqərə surəsi, 8-9)

Allah ayələrində bu şəxslərin dilləri ilə söylədiklərinin qəlblərində gizlədiklərindən tamamilə fərqli olduğuna diqqət çəkmişdir. Bunun səbəbi bu şəxslərin qəlblərində olan xəstəlikdir. Quranda bu həqiqət belə izah olunmuşdur:

“Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər. ” (Bəqərə surəsi, 10)

Lakin bu, fiziki deyil, mənəvi xəstəlikdir. Bu xəstəlikdə insan imanı lazım olan kimi qavrayıb yaşaya bilmir. Allah’ın varlığının açıq-aşkar dəlillərini gördüyü halda, qəlbini Allah’a bağlamır, Ondan gərəyi kimi qorxub çəkinmir. Belə ki, Allah’ın dinini tam olaraq yaşamır. Vicdanı ona doğrunu ilham etdiyi halda, nəfsinin istəklərinə təslim olaraq dili ilə təsdiq etdiyi həqiqətləri həyata keçirməkdə zəiflik göstərir. Dünya həyatını və maddi mənfəətlərini, axirətdə qazanacaqları ilə müqayisədə daha yaxın və gözəl görür. Buna görə, dünyanı çox sevir və axirəti arxa plana atır.

 

Niyə möminlərlə birlikdədirlər?

Qəlbində xəstəlik olan şəxslərin fərqli inanclarına baxmayaraq, yenə də möminlərin arasında yaşamaq istəmələri, əlbəttə ki, qəribədir. Bunun bir səbəbi, bu şəxslərin din əxlaqının qazandırdığı gözəlliklərdən və mənfəətlərdən, möminlərin təmin etdiyi rahat və hüzurlu mühitdən istifadə etmək istəmələridir. Cahiliyyə cəmiyyətində əsla əldə edə bilməyəcəkləri üstün əxlaqa sahib olan möminlərlə birlikdə olmağı, belə insanlardan ibarət bir mühiti daha cəzbedici hesab edirlər. Qəlblərində nə qədər qəti iman yaşamasalar da, mövzunun əvvəlində də vurğulandığı kimi, bu şəxslər tam inkarçı hesab olunmurlar. Nə cahil cəmiyyətdən, nə də mömin camaatındandırlar. Bunun səbəbi isə qəlblərindəki şübhədir.

Dünya həyatını çox cazibəli hesab etməklə yanaşı, Allah’ın dünyada və axirətdə möminlərə vəd etdiyi nemətləri də cəlbedici hesab edirlər. Tam yəqinliklə iman gətirmədikləri halda, “əgər doğrudursa”, “birdən bütün bu vəd edilənlər doğru olarsa” kimi ehtimallar da onları düşündürür. Belə vəziyyətdə möminlərin qovuşacağı nemətlərdən və gözəlliklərdən özlərinin də faydalana biləcəklərini ümid edirlər.

Onlar düşünürlər ki, dinin tələb etdiyi hər şeyi səmimi imana sahib olan möminlər edəcək, özləri isə dünyəvi mənfəətləri uğrunda onlara yaxınlaşaraq bu vəziyyətdən istifadə etməyə çalışacaqlar. Lakin hər hansı çətinlik və ya sıxıntı yarananda üz çevirib qaçmağa çalışacaqlar. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış insanlardan nümunə verilərək, bu azğın məntiqə belə diqqət çəkilmişdir:

“İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə olmadım”, - deyər. Əgər Allah’dan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” - deyər. ”(Nisa surəsi, 72-73)

“Onlar sizə göz qoyurlar. Əgər Allah’dan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” - deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” - söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir.”(Nisa surəsi, 141)

Ayələrdə izah olunduğu kimi, mənfəət əldə etməyə çalışan bu şəxslər mömin camaat ilə birlikdə hərəkət edərək onların dünyəvi imkanlarından faydalanmaq istəyirlər. Belə imkanla qarşılaşanda dərhal özlərini ön plana çıxarmağa çalışır, dinə və möminlərə nə qədər bağlı olduqlarından bəhs edərək müsəlmanları aldatmağa çalışırlar. Amma o vaxta qədər göstərdikləri şövqsüzlük və zəiflik bütün möminlər tərəfindən açıq-aşkar bilindiyi üçün bu əməllərini həyata keçirə bilmirlər.

Lakin bu, insanların sahib olduqları elə azğın düşüncədir ki, səmimiyyətsiz hərəkətlərinə özlərinin də şahid olduqları halda, möminlərin axirətdə alacaqları qarşılıqdan da faydalana biləcəklərini zənn edərək aldanırlar. Quranda onların axirətdə göstərəcəkləri bu hərəkətlərə belə diqqət çəkilmişdir:

“O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Gözləyin ki, biz də sizin işığınızdan alaq”, - deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Münafiqlər) onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allah’ın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (Hədid surəsi, 13-15)

Bu insanlar bilməlidirlər ki, qəlblərində səmimi imanı yaşamadıqları müddətcə möminlərlə birlikdə olmalarının Allah qatında onlara heç bir faydası olmayacaq. Çünki Allah hər insana müstəqil vicdan, ağıl və mühakimə qabiliyyəti vermişdir. Belə ki, hər insanı tək hesaba çəkəcək, tək mükafatlandıracaq və ya tək əzablandıracaq. Hər insan Rəbbimizin qarşısında Onun rizasını qazanmaq üçün göstərdiyi səmimi cəhdləri qədər mükafat alacaq. Bu şəxslərin dünya həyatında sadəcə dilləri ilə iman gətirdiklərini söyləmələri isə, əlbəttə ki, Allah’ın istəməsindən başqa kifayət etməyəcək. Çünki iman gətirən bir insanın bu həqiqəti, eyni zamanda, bütün varlığı ilə təsdiq etməsi lazımdır. Qəflətə düşənlər isə möminlərin yanında olmalarının onlara hesab günü mənfəət gətirəcəyini düşünərək yalnız özlərini aldadırlar.

 

Qəlbində xəstəlik olanların şövqsüzlüyü...

“İnsanlardan eləsi də vardır ki, Allah`a şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O, dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.” (Həcc surəsi, 11)

Qurandakı bu ayə dinə tam bağlanmayan insanların şövqsüz hallarını təsvir edir. Onlar öz şəxsi mənfəətlərinə görə çox şövqlü ola bilirlər. Lakin mənfəətlərinə zidd gedən bir vəziyyət yarananda, həmin an şövqlərini itirirlər. Allah’a və axirətə səmimi olaraq iman gətirmədikləri üçün belə vəziyyətdə dinin bir çox hökmünü unudurlar. Allah’ın dünya həyatını bir imtahan mühiti kimi yaratdığını, insanı xeyir və şər kimi görünən bir çox hadisə ilə sınayacağını və ancaq gözəl səbir göstərənləri mükafatlandıracağını düşünmürlər. Qəlblərindəki xəstəlik səbəbindən şübhəyə qapılır və Allah’ın köməyindən şübhəyə düşürlər. Allah’a güvənmək yerinə ümidsizləşir və Allah haqqında sui-zənn edirlər. Beləliklə, qəlblərində gizlətməyə çalışdıqları xəstəlik söhbətlərinə də təsir edir. Quranda bu insanların belə vəziyyətdə şövqlərini itirib Allah’ın vədindən şübhəyə düşmələrinə belə örnək verilmişdir:

“O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vəd vermişdir”, - deyirdilər. ” (Əhzab surəsi, 12)

Əlbəttə ki, göstərdikləri bu hərəkət qəlblərindəki imanın möhkəm olmasından qaynaqlanır. Bu insanlar qarşılaşdıqları hər şeyin onlar üçün bir imtahan olaraq yaradıldığını, həmçinin imtahana verdikləri reaksiyalarla iman gətirənlərin qəlblərində xəstəlik olanlarla fərqləndiyini dərk edə bilmirlər. Qəlbən iman gətirmiş möminləri nə olursa olsun, Allah’a yəqin imanla bağlanmağın və Allah’ın köməyinin yaxın olduğunu bilməyin hüzurunu və şövqünü yaşayırlar.

 

Ağır tərpənirlər...

Münafiq xarakterli insanlar inanclarındakı azğınlıq səbəbindən möminlərdən tamamilə fərqli və Qurandan çox uzaq bir həyat fəlsəfəsi yaradıblar. Məntiqləri Allah’ın rizasını qazanmaq üçün deyil, nəfslərini razı salmaq və mənfəət əldə etmək üçün işləyir. Dinin mənfəətləri üçün cəhd etməyin mənasız olduğunu düşünürlər.

Axirətin varlığına şübhə ilə inanırlar. Elə buna görə də axirət üçün cəhd edərkən çox çalışacaqlarını, yorulacaqlarını, maddi-mənəvi əmək sərf edəcəklərini, lakin dünyada ikən əllərinə heç bir şeyin keçməyəcəyini, heç nə qazanmayacaqlarını düşünürlər. Dinin mənfəətləri üçün ayıracaqları vaxtı dünyəvi mənfəətlərinə xərcləyərlərsə, daha çox nailiyyət qazanacaqlarını düşünürlər. Əksinin avamlıq olduğunu düşünərək dini mövzuda edəcəkləri hər xeyir işə “Aranızda elələri də vardır ki, ağır tərpənər.” (Nisa surəsi, 72) ayəsi ilə də bildirdiyi kimi, laqeyd yanaşır və orta yolu tuturlar. Qısası, dünyəvi mənfəətləri olmayan hər mövzuda olduqca şövqsüzdürlər.

Ehtiyac içində olan, zülm görən insanlara, müsəlmanlara faydalı olmaq üçün cəhd etmələrini tələb edən bir vəziyyətlə qarşılaşanda, mümkün olduğu qədər ağır tərpənirlər. Davamlı çətinlik yaradaraq problemi həll edilməz kimi göstərməyə çalışırlar. Dini yaşamadıqları üçün qarşılarına çıxan bir problemi həll edəcək, bir xeyir işi tamamlayacaq güc və enerjini özlərində tapa bilmirlər. Ya möminləri yarı yolda buraxacaq şəkildə bir anda geri çəkilir, ya da əllərindəki işi mümkün qədər başdansovdu edərək bu həvəssizliklərini ortaya qoyurlar.

Halbuki, şövqsüzlüyü ilə ön plana çıxan insana yaxşı gəlir gətirən bir fabrikin başına keçəcəyi və ona yüksək maaş veriləcəyi deyilərsə, hətta bir də nailiyyət göstərdiyi təqdirdə ona şirkətin şəriklərindən biri olacağı vəd edilərsə, göstərəcəyi rəftar çox fərqli olar. Əlbəttə ki, əldə edəcəyi dünyəvi mənfəətləri düşünməyin verdiyi coşqunluq ilə işinə sahib çıxar. Həll edilməyən mövzular sürətlə həll edilər.

Göründüyü kimi, qəlbində xəstəlik olan bu şəxslərin dinin mənfəətlərinə gəldikdə göstərdikləri ağırlıq ilə öz mənafeləri uğrunda göstərdikləri şövq arasında böyük fərqlər vardır. Bu fərqlilik onların dünya həyatının mənfəətlərini Allah’ın rizasını qazanmaqdan daha üstün görmələrindən qaynaqlanır.

 

Ağır tərpənmək bir qazanc deyil, əksinə, böyük ağılsızlıqdır...

Şübhəsiz ki, qəlblərində xəstəlik olan şəxslərin ağır tərpənmələri onların böyük qəflət içərisində olduqlarını göstərir. Allah yolunda edilən hər cəhd insana mümkün olan ən böyük mənfəəti qazandırır. İnsanın şövqlə ortaya qoyduğu əmək ona Allah’ın rizasını qazandırar. Allah razı olduğu qullarına həm dünyada, həm də axirətdə gözəllik və yaxşılıq vəd etmişdir. Belə ki, dünya mənfəətləri əvəzinə, Allah’ın rizasını hədəf seçən bir insan, eyni zamanda, nəfsi adına da mümkün olan ən gözəl qarşılığı alar, dünya həyatının da gözəlliklərini qazanar.

Ancaq bunu da xatırlatmalıyıq ki, saleh möminin şövqü etdiyi cəhdin nəticəsində dünya həyatında mütləq qarşılıq almaq üzərinə qurulmamışdır. Onun üçün Allah’ın razı olacağını bilmək kifayətdir. Bunun qarşılığında, Allah sonsuz bir ədalət, sevgi, rəhmət və lütfün sahibidir. Onun rizası üçün edilən hər şeyin qarşılığını artıqlaması ilə verəndir.

Allah ayələrində tək bir xardal dənəsi və ya tək bir zərrə qədər belə olsa, sərf edilən heç bir əməyin hədər getməyəcəyini belə bildirmişdir:

“Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. ” (Nisa surəsi, 40)

“Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir”, - deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazır¬¬lanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.” (Nəhl surəsi, 30)

“(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. ” (Loğman surəsi, 16)

İnsanların bir qisminin axirətə hazırlıq mövzusunda ağır tərpənmələri böyük ağılsızlıqdır. Çünki insan nə qədər böyük ciddiyyətlə cəhd etsə, dünyada və axirətdə o qədər böyük və gözəl qarşılıq alacaq. Əks təqdirdə isə sonsuza qədər böyük bir itkiyə məruz qalacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Şövq nədir?
  • Cahiliyyə cəmiyyətinin şövq anlayışı
  • Möminlərin şövqü
  • Şeytanın möminlərin şövqünü qırmaq səyləri
  • Möminlərin şövqü hansı rəftarından aydın olur?
  • Möminləri nə həyəcanlandırır?
  • Şövq və həyəcan möminlərə nə qazandırır?
  • Dini səthi yaşayan insanların şövqsüzlüyü
  • Şövqsüz və həvəssiz edilən işlər nə ilə nəticələnir?
  • Şövqsüzlükdən xilas olmağın yolu
  • Nəticə
  • Təkamül yalanı
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2