Quranda Kitab Əhli

Dünyada rəngi, dili, inancları müxtəlif olan bir çox insan cəmiyyəti var. Bu fərqlər əvvəlki bölmələrdə də bəhs edildiyi kimi, din əxlaqı ilə yaşamayan ölkələrdə əsrlərdir ki, düşmənçiliyə səbəb olmuşdur. Bu cür fərqlərə malik xalqların əsla birlikdə sülh şəraitində yaşamayacağına və aralarında həmişə iğtişaş olacağına dair insanlar arasında geniş yayılmış fikir vardır. Halbuki bu, çox böyük aldanışdır. Çünki insanları müxtəlif xalqlar şəklində yaradan Allahdır. Allah Quranda bütün insanları sülhə və əmin-amanlığa çağırır:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir. (Yunus surəsi, 25)

Allahın elçiləri vasitəsilə insanlara bildirdiyi bütün dinlər insanları bir olan Allaha iman gətirməyə dəvət edir, gözəl əxlaqı tövsiyə edir və pis əxlaqdan çəkindirir. İslamdan başqa dinlər təhrif edilsə də, bu gün hələ də bəzi prinsiplərinin eyni olduğu görünür. Bu səbəbdən də dövrümüzdə yaradılan bu süni münaqişələrin əslində heç bir əsası, məntiqli açıqlaması yoxdur. Yuxarıdakı ayədə də bildirildiyi kimi, insanlar arasındakı narazılıqların əsas səbəbi Allahın dəvətini qəbul etməmələri və şeytanın yolu ilə getmələrdir.

Göylərin və yerin Rəbbi olan Allaha iman gətirən qulların bir-birlərinə düşmənçilik münasibəti bəsləməsi Allahın razı qalmadığı əxlaqdır və bütün iman gətirənlər bu əxlaqdan çəkindirilirlər. Allah insanlar arasında sülhü, sevgini və dostluğu tövsiyə etmişdir. Allahın son elçisi hz. Muhəmməd (səv) vasitəsilə bildirdiyi Quranda iman gətirənlərə bu barədə açıq-aydın əmrlər və tövsiyələr var.

Quranda Kitab Əhlinin Vəziyyəti

Quranda tövhid inancına malik və Allahın elçiləri vasitəsilə nazil etdiyi dinlərə mənsub şəxslər – yəhudilər və xristianlar “kitab əhli” adlandırılır. İman gətirənlərin kitab əhlinə münasibəti, aralarındakı münasibət və sosial həyatdakı mövqelərinin necə olması ayələrdə və Peyğəmbərimizin (səv) hədislərində ətraflı bildirilmişdir. Kitab əhlinin Allahın vəhyinə əsaslanan bir çox əxlaqi dəyəri, haram və halal məfhumları var. Ona görə kitab əhlinin bişirdiyi yemək müsəlmanlar üçün Quranda halal edilmişdir. Eyni şəkildə müsəlman kişilərə kitab əhlindən olan qadınlarla evlənməyə icazə verilmişdir. Bununla bağlı ayədə Allah belə buyurur:

Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! (Maidə surəsi, 5)

İslam tarixinə baxdıqda müsəlman ölkələrində kitab əhlinə həmişə mülayim və mərhəmətlə davranıldığı diqqət çəkir. Bu hal xüsusilə Osmanlı imperiyasında daha çox nəzərə çarpır. Məlum olduğu kimi, katolik İspaniynanın yaşamaq hüququ vermədiyi və sürgün etdiyi yəhudilər axtardıqları rahatlığı Osmanlı torpaqlarında tapmışdırlar. Sonrakı bölmələrdə ətraflı təhlil edəcəyimiz kimi, Fateh Sultan Mehmet İstanbulu fəth etdikdə şəhərdə həm xristianlara, həm də yəhudilərə azad yaşamaq hüququ vermişdir. Bütün Osmanlı tarixi boyu yəhudilərə və xristianlara kitab əhli kimi münasibət göstərilmiş və rahat yaşamalarına imkan verilmişdir.

Müsəlmanın Yəhudilərə Münasibəti Necə Olmalıdır?

Əvvəlki səhifələrdə də nümunələrinə yer verdiyimiz kimi, Peyğəmbərimiz (səv) bütün həyatı boyu kitab əhli ilə çox ədalətli və tolerant davranmışdır. Peyğəmbərimizin (səv) bu münasibətinə görə yəhudilərin öndə gələn ravvinlərindən Abdullah ibn Səlam və dostları İslamı qəbul etmiş, iman gətirmişdirlər.

Avropa tarixində rast gəlinən və xristianların dini təəssübkeşliyindən qaynaqlanan inkvizisiya məhkəmə icraatlarına və ya irqi ayrı-seçkilikdən doğan anti-semitizmə (yəhudi əleyhdarlığı) heç vaxt rast gəlinməmişdir. Yəhudilərlə müsəlmanlar arasında XX əsrdə Orta Şərqdə yaranan münaqişə və narazılıq isə bəzi yəhudilərin ateist sionizmi mənimsəməsi ilə ortaya çıxmışdır. Sionizm XIX əsrin ortalarında yurdları olmayan yəhudilərin vətən sahibi olmasını istəyən ideologiya kimi ortaya çıxmışdır. Ancaq zaman ərzində bir çox ideologiya kimi sionizm də təhrif edilmiş, bu haqlı tələb terrora və zorakılığa əl atan, radikal qüvvələrlə ittifaq quran radikal məfhuma çevrilmişdir. Ateist sionizm isə irqçi, şovinist və işğalçı ideologiyadır.

Dövrümüzdə sionizm iki fərqli şəkildə qarşımıza çıxır. Bunlardan birincisi İsraildə sülh və əmin-amanlıq şəraitində müsəlmanlarla birlikdə yaşamaq istəyən, təhlükəsizlik axtaran, əcdadlarının torpaqlarında ibadət edib, ticarətlə məşğul olub yaşamaq istəyən dindar yəhudilərin inancı olan sionizmdir. Müsəlmanlar bu sionizmi dəstəkləyirlər. Dindar yəhudi xalqının müqəddəs hesab etdikləri torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaları, Allahı zikir etmələri, sinaqoqlarda ibadət etmələri, torpaqlarında elm və ticarətlə məşğul olmaları iftixar ediləcək şeydir.

Səmimi dindar yəhudinin Tövrata əsaslandırdığı sionist inancı Qurana zidd deyil. Çünki yəhudilərin həmin bölgədə yaşaması Quranda işarə edilən həqiqətdir. Quranda Allahın İsrail oğullarını yaşadığı bu torpaqlarda məskunlaşdırdığı belə bildirilir:

O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. (Maidə surəsi, 20-21)

Ancaq bir müsəlman kimi dinsiz, Allahsız sionizmi tənqid edir və təhlükə hesab edirik. Allahın varlığını, birliyini müdafiə etməyən, materialist, darvinist anlayışa təşviq edərək dinsizlik propaqandası aparan Allaha inanmayan sionistlər dindar yəhudilər üçün də təhlükədir. Dinsiz sionizm dövrümüzdə sülhə, əmin-amanlığa, gözəl əxlaqa qarşı mübarizə aparır, daima fitnə-fəsad, qarışıqlıq törədir, qan tökür. Müsəlmanlar və dindar yəhudilər dinsiz sionizmə qarşı Allah inancının yayılması üçün birlik olmalıdırlar.

Əlbəttə, ateist sionizm müsəlmanlar üçün də, qlobal sülh üçün də çox təhlükəli və zərərli ideologiyadır. Bu zərərli ideologiya ilə fikri mübarizə hər müsəlmanın, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər insanın vəzifəsidir. Ancaq hər məsələdə olduğu kimi, bunda da ədaləti qorumaq, ön mühakimə ilə davranmamaq çox vacibdir. Müsəlman radikal sionistlərə qarşı çıxarkən məsum yəhudilərə qarşı zülm edilməsinə, ədalətsizliklə davranılmasına mane olmalıdır.

Hər cür irqi-ayrı seçkilik kimi anti-semitizm də (yəhudi düşmənçiliyi) İslam əxlaqına zidd ideologiyadır. Bir müsəlman insanlar arasında dininə, irqinə və etnik mənşəyinə görə heç bir ayrı-seçkilik etmədən hər cür soyqırım, işgəncə və zülmə qarşı olar. Müsəlman nə yəhudilərə, nə də başqa millətə qarşı edilən ən kiçik haqsızlığa, təcavüzə razı olmaz, əksinə, mane olar. Quranda yer üzündə fitnə-fəsad törədənlər, insanlara zülm edənlər, haqsız yerə cana qıyanlar lənətlənir. Bu barədə bəzi ayələr aşağıdakılardır:

Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (Qasas surəsi, 77)

Əgər üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir. (Muhəmməd surəsi, 22-23)

Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir! (Şura surəsi, 42)

Allahın bu əmrlərinə uyğun olaraq ateist sionizmə qarşı aparılan fikri mübarizə “yəhudi düşmənçiliyi”nə çevrilməməli, məsum insanlar bu münasibətə məruz qalmamalıdırlar. Ədalətli və mərhəmətli olmaq bunu tələb edir.

Digər tərəfdən, anti-semitizm kimi digər irqi ayrı-seçkilik nümunələri də (məsələn, zənci düşmənçiliyi və s.) müxtəlif ideologiya və batil inanclardan qaynaqlanır. Anti-semitizm və digər irqi ayrı-seçkilik nümunələrini təhlil etdikdə bunların Quran əxlaqına tamamilə zidd düşüncə tərzini və cəmiyyət modelini müdafiə etdikləri açıq-aydın görünür. Məsələn, anti-semitizmin kökündə nifrət, zorakılıq və zalımlıq hisləri var. Bir anti-semit yəhudilərin (qadın, uşaq, yaşlı ayırd etmədən) qətlə yetirilməsini, işgəncəyə məruz qalmasını müdafiə edəcək qədər zalım ola bilər. Halbuki Quran əxlaqı insanlara ədalət, sevgi, şəfqət və mərhəmət öyrədir. Müsəlmanlara düşmənlərinə belə ədalətli olmağı və lazım gəldikdə bağışlamağı əmr edir. Quranda bildirilən bir hökmə əsasən, “... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür...” (Maidə surəsi, 32). Beləliklə, bir məsum insanın belə qətlə yetirilməsi böyük günahdır.

Digər tərəfdən, anti-semitlər və digər irqçilər müxtəlif etnik mənşədən gələn, yaxud müxtəlif inanca malik insanların sülh içində birlikdə yaşamasına qarşıdırlar. Məsələn, alman irqçisi olan nasistlər almanlarla yəhudilərin birlikdə yaşamalarına qarşı çıxmışdırlar, bunu öz irqləri üçün degenerasiya hesab etmişdirlər. Halbuki Quranda irqlər arasında ən kiçik ayrı-seçkilik edilmədiyi kimi, müxtəlif inanclardan olan insanların eyni cəmiyyətdə sülh və əmin-amanlıq içində yaşamasına təşviq edilir.

Quranda hətta iman gətirməyən, Allahı və dini qəbul etməyənlər haqqında da ayrı-seçkilik edilmir. Dinə düşmən olanlarla dost olmamaq, düşmənçilik etməyənlərlə ədalətlə davranmaq ayələrdə belə əmr edilir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhənə surəsi, 8-9)

Quranda müəyyən irq, xalq və ya dindən olan insanlar haqqında kütləvi hökm də əmr edilir. Hər insan cəmiyyətinin içində yaxşılar da, pislər də var. Quranda bu ayrı-seçkiliyə diqqət çəkilir. Məsələn, kitab əhlinin bir qisminin Allaha və dinə üsyan etdikləri izah edildikdən sonra, istisna hallar da bildirilir və belə deyilir:

Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali İmran surəsi, 113-115)

Nəticə etibarilə, Quran ayələri əsasında düşünən və Allahdan qorxan müsəlmanlar yəhudilərə dinlərinə və inanclarına görə düşmənçilik etməzlər. Quran əxlaqı hər cür ayrı-seçkiliyi aradan qaldırır. Bu səbəbdən Qurana tabe olan bir müsəlman əsla irqi ayrı-seçkilik etməz və insanları müəyyən millətdən olduqlarına görə həqir görməz. Quranda İslama və müsəlmanlara qarşı düşmənçilik etmədikcə müxtəlif dinlərə qarşı çox mülayim və dostyana münasibət göstərmək əmr edilir. Buna görə Qurana tabe olan müsəlman müxtəlif dinlərə, xüsusilə kitab əhlinə qarşı insanpərvər və dostyana davranmalıdır.

Müsəlmanın yəhudilik və soyqırım məsələlərinə münasibəti bu əsas prinsiplərə bağlı olmalıdır. Bəzi yəhudilərin tənqid olunması onların irqi ayrı-seçkilik etmələrinə, radikal sionizmin adından qan tökmələrinə, təhrif edilmiş bəzi Tövrat hökmlərini əsas alaraq digər insanlara zülm etmələrinə görədir. Müsəlman həm anti-semit irqçi hərəkatların, həm də radikal sionizm kimi yəhudilər adından irqi ayrı-seçkilik edən ideologiyaların tarixə qarışmasını, hər irqdən və inancdan olan insanların sülh içində birlikdə yaşamasını, ədalət üzərində qurulmuş dünya nizamının qurulmasını istəməlidir.

Kitab Əhlinin İbadət Yerlərinə Hörmət Edilməsi

Müsəlman kitab əhlinin Allaha ibadət etdiyi müqəddəs yerlərinə hörmət etməli, bu ibadətgahları qorumalıdır. Bu yerlər istər xristianlara, istər yəhudilərə məxsus olsun, içində uca Rəbbimiz Allah zikir edildiyi üçün müsəlmanlar üçün də dəyərlidir və bütün iman gətirənlər tərəfindən qorunmalıdır. Quranda kitab əhlinin ibadət yerləri olan monastırlar, kilsələr və sinaqoqlardan Allahın qoruduğu ibadətgahlar kimi bəhs edilir:

... Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)

Peyğəmbərimiz (səv) Allahın əmrlərinə itaətinin bir təcəllisi olaraq kitab əhlinin ibadət yerlərinin dağıdılmamasına xüsusi diqqət yetirmişdir. Bu yerləri dağıtmaq, əvvəla, Allahın əmrinə qarşı çıxmaqdır, bundan əlavə, Allaha inanan, Ona ibadət edən insanlara mane olmaq deməkdir. Hz. Muhəmməd (səv) sülh sazişi imzaladığı xristianlara kilsələrinin dağıdılmayacağını, onlara heç bir zərər verilməyəcəyini bildirmişdir. Xristianlarla bağlanan cizyə sazişlərində də Peyğəmbərimiz (səv) kilsələrinin dağıdılmayacağına zəmanət vermişdir.

Hz. Muhəmməddən (səv) sonrakı dövrdə kilsələrin dağıdılmayacağına dair zəmanət verilən ilk saziş Xalin ibn əl-Vəlidin Anat şəhərinin idarəçisi ilə bağladığı cizyə əqdidir. İbn İshaq Xalid ibn əl-Vəlidin bağladığı bu əqdlərin hz. Əbubəkir tərəfindən qəbul edildiyini, daha sonra gələn digər üç xəlifənin də bunları uyğun hesab edərək davam etdirdiklərini bildirmişdir.19 Bundan əlavə, hz. Əbubəkir nəcranlılara Peyğəmbərimiz hz. Muhəmməd (səv) tərəfindən verilən zəmanətləri eynilə öz xəlifəliyi dövründə də davam etdirmişdir.

Peyğəmbərimizdən (səv) sonra əsil İslam əxlaqı ilə yaşayan ölkələrdə də bu məsələyə riayət edilməsi diqqət çəkir. Quranı və Peyğəmbərimizin (səv) sünnəsini davam etdirən müsəlman idarəçilər fəth etdikləri ölkələrdəki qeyri-müsəlman xalqların ibadətgahlarına hörmət etmiş, din adamlarına mərhəmət göstərmişdirlər. Müsəlmanların idarəsi altında uzun əsrlər boyu yaşayan xristianlar dini məsələlərə görə heç vaxt üsyan qaldırmayıblar. Bu da, əlbəttə, müsəlman idarəçilərin Quranın hökmlərinə bağlı, ədalətli və insanpərvər rəftarlarının nəticəsidir.

Qeydlər

19. Levent Öztürk, Asr-ı Saadetten Haçlı Seferlerine Kadar İslam Toplumunda Hıristiyanlar, İz Yayıncılık, İstanbul, 1998, s. 111

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah Ədalətli Olmağı Əmr Edir
  • Peyğəmbərlər Ədalət Gətiriblər
  • Quranda Kitab Əhli
  • Hz. Mehdinin (əs) Dövründə Bütün Dünyaya Bənzərsiz Ədalət Hakim Olacaq
  • Nəticə
  • Təkamül Yalanı