Siz bu sətirləri oxuduğunuz əsnada dünyanın hər tərəfində müharibələr davam edir, insanlar ölür, şikəst olur, evlərindən, yurdlarından çıxmaq məcburiyyətində qalırlar. Yağış, qar altında yüzlərlə kilometr məsafəni yeriyərək qət edən qaçqınlar aclıq, susuzluq və yoluxucu xəstəliklərlə mübarizə aparırlar, lakin bu zülmü edən şəxslər vicdanları rahat şəkildə həyatlarına davam edir, yemək yeyir və isti yataqlarında rahat yatırlar. Hal-hazırda dünyadakı bəzi ölkələrə baxdıqda görürük ki, maddi güc sahibi olan azlıqlar ədaləti ürəkləri istədiyi vaxt tətbiq etdirlər. Əgər “insafa gəlsələr”, ehtiyac içində olan insanlara yardım əli uzadırlar, əgər “insafa gəlsələr”, ədalətli davranırlar. Dünyanın dörd bir tərəfində bəzi insanlar haqsız qazanc əldə edərək, yoxsulların haqqını yeyərək rifah içində yaşayırlar. Günahsız insanlar cəzalandırılır, günahkarlar etibar və iltifat görürlər.
Qısası, dünyadakı bir çox ölkədə ədalətsizlik hökm sürür. Bəs nə üçün? İnsanlar ədalətin vacibliyinə inanmırlarmı?
Əslində, “ədalət” dedikdə hər kəs eyni məfhumu anlayır və bu məfhum bir çox insan tərəfindən qəbul edilir. Bu, heç bir fərq qoymadan bütün insanları əhatə edən, insanlar arasındakı dil, din, irq kimi fərqlərə baxmayaraq, imkanları haqqa uyğun şəkildə bölüşdürən, güclülərin deyil, haqlıların üstün olduğu dünya qurmağı hədəfləyən ədalətdir.
İnsanları ədalətdən uzaqlaşdıran amil prinsip olaraq qəbul etdikləri ədaləti öz mənfəətlərinə zidd olduqda rədd etmələridir. Məsələn, rüşvətin pis yol olduğunu, rüşvət yeyərək ədalətsizlik etməyin əxlaqsızlıq olduğunu hər kəs qəbul edir. Ancaq özlərinə rüşvət təklif edildikdə bəzi insanlar müəyyən “səbəblər” uyduraraq qəbul etdikləri prinsipləri heç düşünmədən tapdalayırlar.
Eyni şəkildə, məhkəmələrdə şahidlik edən insanların mütləq doğru danışmasının, həqiqəti söyləməsinin vacibliyini hər kəs bilir və qəbul edir. Halbuki məhkəmədə şahid kimi ifadə verən bəzi insanlar özlərinin və ya yaxınlarının mənfəətinə zidd olduqda dərhal rəftarlarını dəyişir və asanlıqla yalan danışırlar. Bu insanlar ədaləti prinsip olaraq qəbul edirlər, ancaq öz mənfəətlərinə zidd olduğu anda tərəddüdsüz tapdalayırlar. İctimaiyyətə açıq olan malların bərabər paylanmasını hər kəs prinsip olaraq qəbul edir. Ancaq yardım kampaniyası olduqda paylanan mallardan daha çox, həm də haqqından çox almaq üçün bir çox insan bir-birini əzir. Çünki yenə mənfəətlər ədalətə üstün gəlir.
Bu cür çoxlu nümunə göstərə bilərik. Ancaq nəticədə qarşılaşdığımız həqiqət eynidir: bəzi insanlar ədalətin vacibliyinə inansalar da, mənfəətlərinə uyğun gəlmədikdə ədaləti tapdalayırlar. Bu cür düşünən insanlar cəmiyyətdə əksəriyyəti təşkil edir, ədalət isə xəyali məfhum olaraq qalır.
Ədalətin yer üzündə tam tətbiq edilməsi üçün insanların ədalət uğrunda öz mənfəətlərini kənara qoya biləcək əxlaqa ehtiyacları var.
Bu əxlaq Allahın bizə öyrətdiyi və əmr etdiyi Quran əxlaqıdır. Çünki Quran əxlaqı insanlar arasında heç bir fərq qoymadan, sadəcə haqq və doğruluqla, tam ədaləti əmr edir. Allah Nisa surəsində inananlara öz əleyhlərinə belə olsa, ədalətlə davranmağı belə əmr edir:
Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan uzaqlaşmayın! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)
Ayədə də bildirildiyi kimi, insanlar arasında heç bir ayrı-seçkilik etmədən, sadəcə Allah rizası üçün, Allahdan qorxaraq edilən ədalət əsil ədalətdir. Bu cür ədalətlə verilən qərara şəxsi mənfəət, dostluq, düşmənçilik, şəxsin düşüncə tərzi, dili, irqi, dərisinin rəngi təsir etməyəcək, qərar sadəcə haqq ilə veriləcək. Quran əxlaqı ilə yaşayan cəmiyyətdə əsil ədalətin, əmin-amanlığın və təhlükəsizliyin olacağı mütləqdir. Çünki ancaq Allahdan qorxan, məhşər günü etdiyi əməlləri ilə haqq-hesaba çəkiləcəyini bilən insan əsil ədaləti təmin edə bilər.
Tarix də bunu sübut edir. Allahın “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.” (Əraf surəsi, 181) şəklində bildirdiyi kimi, tarix boyu ədalətin hakim olduğu dövrlər olmuşdur. Başda peyğəmbərlər və sonra da onların yolunu davam etdirən bir çox ədalətli hökmdarlar yaşadıqları dövrdə cəmiyyətdə sülh və əmin-amanlıq mühiti formalaşdırıblar. Məsələn, müsəlman türk milləti keçmiş əsrlərdə əsil ədalətin təmin edilməsi sahəsində bütün dünya ölkələrinə nümunə olmuşdur. İstər Səlcuqilər dövründə, istərsə də Osmanlı dövründə müxtəlif dinlərə mənsub, ayrı dillərdə danışan müxtəlif xalqlar eyni bayraq altında, birlikdə əmin-amanlıq şəraitində yaşamış və sosial ədalət bərqərar edilmişdir. Müsəlman türklər ayaq basdıqları hər yerdə ədalətli rəftarları ilə tanınıblar, mehriban, sülhsevər və mərhəmətli davranışlarına görə fəth edilən ölkələrin xalqları tərəfindən sevinclə qarşılanıblar.
Əlinizdəki bu kitabın məqsədi isə Qurandakı ədaləti insanlara izah etməkdir. Ancaq unutmayın ki, bu cür əmin-amanlıq içində, təhlükəsiz həyat yaşamaq üçün siz də müəyyən şeylər etməlisiniz. Əgər əmin-amanlıq şəraitində yaşamaq istəyir və gələcək nəsillərin də ədalətli, təhlükəsiz mühitdə böyüməsini istəyirsinizsə, əvvəla, siz ədalətli olub insanlara nümunə olmalısınız. Ayədə bildirilən “ədalətlə əmr edən ümmət”dən olmaq üçün sizin də fürsətiniz var. Unutmayın ki, “... Allah ədalətli olanları sevir.” (Maidə surəsi, 42)