Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla kömək diləyin.
Həqiqətən, Allah səbir edənlərlədir!
(Bəqərə surəsi, 153)
Allah insanların yaşaya biləcəyi ən gözəl həyat şəklini, yaradılışlarına ən uyğun olan əxlaq quruluşunu müəyyən etmiş və “Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik” (İsra surəsi, 82) ayəsi ilə Quranda bildirilənlərin möminlər üçün rəhmət olduğunu göstərmişdir.
Allahın razılığını və sevgisini qazanmağın yolu Quranda əmr edilənləri qüsursuz olaraq yerinə yetirməkdir. Allah qullarından həyatlarının sonuna qədər Quran əxlaqını axsamadan yaşamağı istəmişdir. Odur ki, möminlərin Allahın bu əmrini hər necə olursa olsun, yerinə yetirməyin sirri imandan irəli gələn səbirdə gizlənmişdir. Səbrin sirrini öyrənən insan Allahın ondan istədiyi davranışlarda davamiyyət göstərə bilər. Bu sirri öyrənmək çox asandır. Allah iman edən qullarının üzərində “Sabur” (çox səbirli) ismini təzahür etdirir və onların qəlbindəki qərarlılıq hissini möhkəmləndirir.
Bir ömür davam edən gerçək səbrin əsl qaynağı möminlərin Allaha olan imanlarıdır. İman edən mömin Allahın elminin və ağlının bütün varlıqları əhatə etdiyini, Onun izni olmadan heç bir hadisənin baş vermədiyini və hər olayda Allahın yaratdığı minlərlə xeyir və hikmətin olduğunu bilir. Eyni zamanda, Allahın iman edənlərin dostu və vəlisi olduğunu, dolayısilə, öncə fərqli görünsə də, bütün hadisələrin inananların xeyrinə olduğunu unutmaz. Allahın ona yazdığı qədərə tərəddüd etmədən təslim olar və razılıq verər. Buna görə də səbir mömin üçün məcburi yaşanan əxlaq xüsusiyyəti deyil, əksinə olaraq könül xoşluğu ilə yaşanan və zövq alınan ibadətdir. Beləliklə, Quranda Allahın insanlara öyrətdiyi həqiqi səbirlə cəmiyyətlərdə yaşanan səbir anlayışının fərqi bu yerdə ortaya çıxır.
Cəmiyyətlərin böyük qismi səbrin həqiqi mənasını, səbirli insanın necə davranmalı olduğunu və bunun Allah qatındakı əhəmiyyətini bilmir. İnsanların çoxu elə təsəvvür edir ki, səbir çətinlik və sıxıntılara sinə gərmək, bunlara dözüb təhəmmül etməkdir. Həmçinin belə inanc var ki, səbir bir yerə qədər davam edir və zamanla tükənib daşa bilir. Bu yanlış anlayışa görə, hər hansı bir mənfəət əldə edilməyəcəksə, hər hansı bir şeydə səbir göstərmək yersizdir. Halbuki Quranda öyrədilən gerçək səbir bu təhəmmül anlayışından çox fərqlidir. İlk öncə qeyd etmək lazımdır ki, inananlar səbri Allahın əmri olaraq yaşayırlar və buna görə də heç vaxt onları səbri tükənib daşmaz. Həyatlarının sonuna qədər bu ibadəti şövqlə yerinə yetirərlər. Onlar Allah üçün səbir etdiklərinə görə bunun qarşılığında hər hansı bir mənfəət qazanmağı güdmürlər. Bu üstün əxlaqa görə Allahın rizasını qazanmaq onlar üçün ən gözəl qarşılıqdır. Bundan başqa, Quranda tövsiyə edilən səbir yalnız çətinlik zamanı yaşanan xüsusiyyət də deyil. Həqiqi səbir şərtlərdən asılı olmayaraq, Quranın əmrlərini yerinə yetirməkdə, Allahın çəkindirdiyi hərəkətlərdən uzaq olmaqda və Quran əxlaqını ömür boyu axsamadan yaşamaqda qərarlılıq göstərməkdir.
Allah Quranda “Sürəkli olan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf surəsi, 46) ayəsi ilə saleh əməllərdə mətanətli olmağı məqbul saymış və bütün qullarını səbirli olmağa dəvət etmişdir.