Möminlərin Səbri

Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
(Hud surəsi, 115)

Əvvəlki hissələrdə də üzərində dayandığımız kimi, qeyd etmək lazımdır ki, möminlərin səbrinin cəmiyyətlərin böyük qisminin adətə çevrilən səbir anlayışından çoxlu fərqləri var. Möminlər səbri Allaha yaxınlaşmağın yolu kimi görürlər və Quranda əmr edilən ibadət olaraq yaşayırlar. Səbrin necə olduğunu müəyyən edən rəhbərləri isə Qurandır. Quranda möminlərin yaşadığı bu gözəl əxlaqın xüsusiyyətlərindən belə bəhs edilir:

Möminlərin Səbri Təvəkkülə Əsaslanır

İnsanların çoxu ancaq zəruri vəziyyətlərdə və edəcək başqa şey qalmadıqda səbirli olmağa inanırlar. Əslində isə səbirli olmağın belə bir davranışla heç bir əlaqəsi yoxdur. Onlar sinə gərməyə məcbur olduqları çətinliyə ancaq təhəmmül edirlər. Təhəmmül edən insanlar başına gələn hadisələri Allahın hikmətlə yaratdığını və hamısında xeyrin olduğunu düşünmədikləri üçün sıxıntı çəkirlər. Bu olumsuz ruh halı danışıqlarında və üz ifadələrində özünü bəlli edir. Təhəmmül ediləsi vəziyyət sona çatana qədər bu əhvaldan qurtula bilmirlər.

Möminlərin göstərdiyi səbir isə təhəmmül anlayışından çox fərqlidir. Bir çətinliklə üzləşəndə bunu Allahın yaratdığını və mütləq xeyirli olduğunu bilirlər. Allahın onlara ən gözəl qədəri yazdığını bildiklərinə görə baş verənlərə könül xoşluğu ilə razı olub təvəkkül edirlər. Bir ayədə Allaha möminlər barəsində belə buyurur:

O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (Ənkəbut surəsi, 59)

Möminlər heç bir şərtdə şikayət və üzüntünü özlərinə yaraşdırmazlar. Bununla bərabər, “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (İnşirah surəsi, 5) ayəsində də bildirildiyi kimi, Allahın çətinliyi asanlıqla birgə yaratdığından və bunun Allahın dəyişməyən qanunu olduğundan xəbərdardırlar.

Peyğəmbərimiz (səv) bir hədisdə belə buyurur:

...Sən qəti imanla və tam razılıqla Allaha üçün çalışmağı bacarırsansa, çalış; əgər bacarmırsansa, xoşuna gəlməyən şeyə səbir etməkdə çoxlu xeyir var. Bunu da bil ki, nüsrət səbirlə birlikdə gəlir; qurtuluş isə sıxıntı ilə gəlir. Çətinlikdə asanlıq var. İki çətinlik bir asanlığa əsla qələbə çalmaz. (Kutubi-sittə, müxtəsər tərcümə və şərhi, prof. dr. İbrahim Canan, 16-cı cild, “Akçağ” Nəşriyyatı, Ankara , səh.315)

Allah “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...” (Bəqərə surəsi, 286) ayəsində insanlara əhəmiyyətli bir həqiqətdən bəhs edir. Allah hər insanı ancaq öhdəsindən gələ biləcəyi çətinliklərlə imtahan edir. Dolayısilə, insan hər hansı çətinliklə qarşılaşırsa, deməli, Allah ona bunun üçün səbir gücü də vermişdir. Quranın bu ayələrinə iman edən möminlər səbri təhəmmül kimi qəbul etmirlər. Dünyada ikən bu çətinliklər sona çatmasa belə, bunda bir xeyir olduğunu və Allahın axirətdə səbrin qarşılığını ən gözəli ilə verəcəyini bilirlər. Bunu bildiklərinə görə heç bir zaman sıxıntı çəkməzlər. Hər çətinliyi yalnız Allahın yox edəcəyini və yalnız Ondan kömək istəməyin lazım olduğunu bilərək Rəbbimizə dua edirlər:

... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et! (Bəqərə surəsi, 286)

Möminlərin Səbri Davamlıdır

Davamlı olan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Qurana əsaslanmadıqda insanlar səbirdə davamlılıq göstərə bilmirlər. Bir gün səbirli davranırlar, başqa gün isə bir hadisə baş verdikdə buna təhəmmül edə bilmirlər. Möminlər isə Allahın əmri olduğu üçün belə bir şeyə əsla yol verməzlər. Möminlərin məqsədi odur ki, ömür boyu gözəl əxlaq göstərməklə Allahın rizasını qazansınlar. Allahın ən bəyəndiyi davranış isə səbirdir. Çünki ayədə davamlı olan yaxşı əməllərin xeyirli olduğunu buyurur.

Başqa bir ayədə Allah inanan qullarına belə əmr edir:

Səhər və axşam çağı Rəbbinin üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. (Kəhf surəsi, 28)

Möminlər bu ayəyə tabe olaraq Allahın razılığını qazanmaq üçün ara vermədən səbirli davranırlar.

Möminlər Allah Rizası Üçün Səbirli Davranırlar

Quran əxlaqını yaşamayanlar bir müddət səbirli olduqdan sonra buna görə mütləq mənfəət əldə etməyi düşünürlər. Belə bir şey olmayanda isə öz ifadələri desək, səbirləri tükənir. Çünki onlar yalnız dünyəvi mənfəətlər üçün səbirli olurlar. Bunu unudurlar ki, gözəl əxlaq onlara Allah rizasını qazandıracaq və etdikləri axirətdə qarşılarına çıxacaq. Halbuki Allah çətinlikləri səbir edənləri ortaya çıxarmaq üçün yaradır. Allah bu sirri insanlara “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz cənnətə daxil olacaqsınız?” (Ali-İmran surəsi, 142) ayəsində bildirir. Allahın rizasını qazanmaq üçün səbirli davrananlar cənnətə girəcək, dünyəvi faydalar üçün səbir edənlər isə Allahın vəd etdiyi gözəllikdən məhrum qalacaqlar.

Quranı özlərinə rəhbər götürən möminlər heç bir mənfəət güdmədən yalnız Allah rizası üçün səbir göstərirlər. Quranda onların bu xüsusiyyətindən belə bəhs edilir:

O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edirlər... (Rəd surəsi, 22)

Möminlər Könül Xoşluğu Ilə, Sevərək və Istəyərək Səbir Edirlər

Möminlər yalnız çətinliklər qarşısında deyil, eyni zamanda, Quranın bütün hökmlərini qüsursuz şəkildə yerinə yetirmək üçün və bütün şərtlərdə mükəmməl əxlaq göstərmək üçün səbirli davranırlar. Onların bütün vəziyyətlərdə bu əxlaqı göstərməyinin səbəblərindən biri bunu könül xoşluğu və şövqlə etmələridir. Çünki onlar üçün Allahın əmrini yerinə yetirməkdən daha əhəmiyyətli iş yoxdur. Buna görə də Qurandakı bütün hökmlərdə olduğu kimi, gözəl əxlaqı da istəyərək və sevərək yaşayırlar. Beləliklə, Rəbbimizin sevgisini və rəhmətini qazanacaqlarını bilmək onların bütün baş verənlərdə səbirli olmasına və çətinlikləri asan aşmasına kömək edir. Bundan başqa, Allahın bir ayədə “Rəbbin üçün səbir et” ifadəsi ilə qullarını səbirli olmağa dəvət etməsi də onların bu əxlaqı xoşluqla yaşamasına vasitə olur. Möminlərin könül xoşluğu ilə səbirli davranmaqlarının digər səbəbi isə Allahın Quranda səbir edənləri sevdiyini bildirməsidir. (Ali-İmran surəsi, 146). Yenə Quranın başqa ayəsində “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 24) hökmü ilə səbir edənlərin axirətdə gözəl qarşılıqla mükafatlandırılacaqları bildirilmişdir.

Bütün bunlar Allahın möminlərin səbri şövq və istəklə yaşamasına vasitə olan müjdələridir.

Möminlərin Səbri Şəxslərə və Şərtlərə Görə Dəyişməz

Allah qorxusu və imanı az olan insanların davranışları şəxslərə və şərtlərə görə dəyişə bilir. Məsələn, mənfəət əldə edəcəkləri adamlara qarşı gözəl davrandıqları halda, tanımadıqları və ya hər hansı bir səbəbdən dolayı kiçik gördükləri insanlara qarşı sərt davranırlar. Buna misal olaraq, dindən uzaq cəmiyyətlərdə bir mağaza sahibinin zəngin müştəriyə hörmət göstərməsi gündəlik həyatda çox rast gəlinən hadisədir. Üstəlik, həmin müştəri problem çıxarsa da, alçaldıcı hərəkətlərə yol versə də, onun çirkin hərəkətlərinə göz yumurlar. Lakin eyni mağaza sahibi orta gəliri olan müştərinin haqlı istəyini belə xoş qarşılamaz. Bundan başqa, dindən uzaq insanlar şərtlər uyğun olduqda ona yaxşı davrananlara qarşı gözəl əxlaq göstərib çətin vaxtlarda tamamilə dəyişə bilirlər. Yaxın dostları onları əyləndirib xeyir verdiyi müddət boyu onlara qarşı xoş davranırlar. Amma bir gün həmin adam çətin duruma düşüb onlarla maraqlanmadıqda ona qarşı səbirsiz davranmağa başlayırlar. Bu dəyişkənliyin səbəbi budur ki, onlar əxlaq anlayışını hər şeyi ən doğru şəkildə açıqlayan Qurana görə deyil, öz cahil düşüncə və mənfəətlərinə görə müəyyən edirlər. Möminlər isə Allahın Quranda bildirdiyi əxlaqı mənimsəyib bunu yalnız Allahın razılığını qazanmaq üçün yaşayırlar. Buna görə də davranışları, ən əsas da səbirləri şəxslərə, mühitə və şərtlərə görə dəyişmir. Möminlər başqalarından fərqli olaraq çətinlik və sıxıntı vaxtlarında da gözəl şəkildə səbir edərlər.

Quranda onların bu üstün əxlaqına belə diqqət çəkilir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Ayədən göründüyü kimi, Allah həqiqi yaxşılığın bir şərtinin də çətin anlarda səbir etmək olduğunu bildirir. Möminlər də Allahın bu əmrinə tabe olur və ömür boyu hər cür çətinliyə səbir edirlər.

Möminlərin Səbri Onlara Gözəl Əxlaqın Yolunu Açır

Möminlər səbri Allah üçün edilən ibadət olaraq gördüklərinə görə bu, onlara daha çox yaxşı xüsusiyyətlər qazandırır. Bir ayədə belə buyurulur:

Səbir edənlər doğru danışan, müti olan, xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir. (Ali-İmran surəsi, 17)

Bir başqa ayədə Allah möminləri “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir” (Ali-İmran surəsi, 134) sözləri ilə təsvir edir. Ayədə bəhs edilən bütün bu xüsusiyyətlər ancaq həqiqi səbir anlayışının qəlbə yerləşməsi ilə yaşan bilər.

Bir insan əsəbiləşəndə qəzəbini yalnız səbirlə boğa bilər. Eyni şəkildə, yoxsul olduğu halda, ancaq səbirli davranarsa, malından başqalarına verə bilər. Çünki həmin adam, bəlkə də, başqasına malından verməklə özünü çətin vəziyyətə salar, lakin Allah rizası üçün buna səbir etməklə razı olar. Bir adamın haqlı olduğu halda, haqsız birini bağışlaması da yenə səbrin ona qazandırdığı xüsusiyyətdir.

Bunun kimi, Allahın Quranda bildirdiyi bütün əmrlərə tabe olmaq və qadağan etdiklərindən çəkinmək ancaq səbirlə mümkündür. Mömin həyatının sonuna qədər fədakarlıqda, təvazökarlıqda, dürüstlükdə və sədaqətdə daim qərarlı olar və bu əxlaq xüsusiyyətlərini səbirlə yaşamağa davam edər.

Göründüyü kimi, səbir möminlərə həm də Allahın razı olduğu gözəl əxlaqın yolunu açır. Bu əxlaqı yaşamaq isə Allahın sonsuz rəhmətini və cənnətini qazanmağa vəsilə olur ki, möminlər üçün bundan daha gözəl qurtuluş yoxdur.

Möminlərin Səbri Ağıla Uyğundur

Möminlərin səbri çətinlikləri ortadan qaldırmaq üçün heç bir cəhd etmədən yalnız gözləmək şəklində deyil. Belə bir şey çox yanlışdır. Əksinə, Allah möminlərə vicdan, ağıl və imkanlarından sonadək istifadə etməklə hüzur və rahatlığı təmin edən hər cür tədbir almağı əmr etmişdir. Buna görə də möminlər bir yandan çətinliklərə könül xoşluğu ilə səbir edərkən, digər tərəfdən bütün gücləri ilə çətinliyi aradan qaldırmağın yollarını axtararlar.

Məsələn, təcili görüləcək bir işin baş tutmaması səbirli olmayanların olumsuz hərəkətlərinə səbəb olur. Xüsusilə böyük gəlir gətirəcək işdə birisinin xətası üzündən qazancı əldən vermək hər şeydə bir xeyirin olduğunu anlamayan insanları qəzəbə sürükləyir. İman edənlər isə itirdikləri qazanc nə qədər çox olsa da, təvəkkül edər, yenə də səbirli davranırlar. Əlbəttə ki, bundan sonra bənzər hadisə baş verməsin deyə lazımi tədbiri alar. Xəta edənə xəbərdarlıq edər, eyni şeyə yol verəcəyini güman edirsə, işi ondan alıb başqa birisinə verər və ya şərtlərə uyğun olaraq daha ağıllı tədbirlər alar.

Quranda bəhs edilən səbir anlayışını bilməyənlər səbri heç bir iş görmədən yalnız deyinməklə gözləmək şəklində başa düşürlər. Hətta bu şəkildə aciz davranmağın dəyərli olduğuna inanırlar. Halbuki Allah qatında məqbul olan səbir onu təşviq edir ki, çətinliklər ağıl, vicdan və maddi-mənəvi bütün imkanlardan istifadə edilməklə aradan qaldırılmalıdır. Quranda möminlərin səbirlə yanaşı cəhd göstərməklərinə bir çox ayədə diqqət çəkilir. Bunun bir nümunəsini hicrət edənlərdə görmək mümkündür. Ayədə belə buyurulur:

...Sonra hicrət edənləri, daha sonra cihad edib səbir edənləri isə bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir! (Nəhl surəsi, 110)

Bununla yanaşı, möminlər bir tərəfdən çətinliklərə qarşı feili mübarizə apararar, digər tərəfdən də dua ilə Allahdan yardım istəyib cəhdlərinə davam edərlər.

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Bəqərə surəsi, 250)

Göründüyü kimi, mömin ağıllı surətdə səbir edər. Allah qatında gözəl qarşılıq görəcək davranış budur.

Möminlər Səbirdə Hədd Tanımaz, Səbirdə Yarışarlar

Möminlər “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə” (Ələq surəsi, 6-7) ayələrində bildirildiyi kimi, insanın özünü hər hansı bir şeydə kamil görməsinin onu azğınlığa apardığını bilirlər. Buna görə də ən qüsursuz işlərində belə özlərini kamil görməzlər. Ömür boyu sərhəd tanımadan hər şeydə özlərini inkişaf etdirməyə və daha gözəl olan davranışa çatmağa çalışırlar. Möminlərin həmin səmimi cəhdlərinin arxasında Allaha olan bağlılıq və Allah qorxusu dayanır. Əsas məqsədləri Allahın sevgisini qazanmaq olduğu üçün Onun əmr etdiyi kimi, Quran hökmlərinin hamısına əməl etməyə çalışırlar. Buna görə də heç vaxt özlərini yetərli görməz, daim daha çoxuna nail olmaq üçün cəhd göstərməyə davam edərlər. Çünki Allah qatında əzmkarlıqları qədər əcr qazanacaqlarını və bu minvalla Allahın rəhmətinə çatacaqlarını bilirlər. Allah bir ayədə “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin” (Ali-İmran surəsi, 133) sözləri ilə möminləri Allahın rizasını və cənnətini qazanmaq üçün yarışmağa çağırmışdır. Bu mövzulardan biri də Allahın Quranda “Ey iman gətirənlər! Səbir edin və səbirdə yarışın” (Ali-İmran surəsi, 200) sözləri ilə bildirdiyi səbirdir. Möminlər onları Allaha yaxınlaşdıran əməldə nümunəvi davranmaqla bir-birləri ilə yarışarlar. Allaha iman edən insan başına nə iş gəlsə də, səbirli davranıb bunu sonadək davam etdirməkdə qərarlı olar. Məsələn, bir insan dünya imtahanının gərəyi olaraq bir çox problemlə üz-üzə gələ bilər. Heç gözləmədiyi anda evi yanar və bu səbəbdən bir müddət pis şəraitdə yaşamağa məcbur qalar. Belə vəziyyətdə iman edən adam azacıq da olsa şikayət etməz və heç ağlına da gətirməz ki, kaş belə olmaya idi. Çətinliyi nə qədər uzun çəksə də, səbirli olar. Sonda Allahın ona asanlıq yaradacağını bilər və hüzurlu olar. Belə bir çətin vəziyyətdə başqa bir çətinliklə yenə qarşılaşsa, davranışını heç dəyişməz. Qısa olaraq, nə qədər çətinliklərlə qarşılaşsa da, Allahın əmrini yerinə yetirməkdən, yəni səbirdə yarışmaqdan vaz keçməz.

Möminlər Bir-Birlərinə Səbri Tövsiyə Edərlər

Allah “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır” (Ali-İmran surəsi, 104) ayəsi ilə əmr edir ki, möminlər bir-birlərini pislikdən çəkindirib və xeyirli əməllərə təşviq etsinlər. Allahın bu əmri əsasında möminlər həyatlarının sonuna qədər bir-birlərini Quranın əmrinə tabe olmağa çağırır və qadağan etdiyi şeylərdən çəkindirməyə çalışırlar. Onların təşviq etdiyi mövzulardan biri də səbirdir. Çünki möminlər ancaq Allahın bəyəndiyi əxlaqı yaşayanların cənnətə qovuşacağını, digər insanların isə cəhənnəm əzabı ilə qarşılıq görəcəklərini bilirlər. Bu həqiqəti bildiklərinə görə özlərinin sonsuz qurtuluşunu nə qədər istəyirlərsə, mömin qardaşlarının cənnətə girməyini də o qədər arzu edirlər. Elə bu səbəbdən onları bütün ibadətlərində səbirli olmağa çağırır və bunu bütün ömür boyu səbirlə davam etdirirlər. Quranda bəhs edilən bir hadisə buna nümunədir, hansı ki Peyğəmbərimiz yanındakı şəxsə Allahı xatırlatmış və ümidvar olmağını istəmişdir:

Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi... (Tövbə surəsi, 40)

Ayədən göründüyü kimi, Peyğəmbərimiz çətin durumda ikən yanındakı dostuna Allahın yardımını xatırlatmışdır. Peyğəmbərimizin (səv) bu gözəl davranışı, şübhəsiz ki, bütün müsəlmanlara nümunədir. İnananlar bir-birinə bütün şərtlərdə Allahın gücünü və yardımını xatırladıb səbri tövsiyə edərlər ki, bu da üstün əxlaq nişanəsidir. Quranda belə üstün əxlaqlı şəxslər “əshabi-meymənə” olaraq adlandırılır:

Ona iki yoxuşlu yola yönəltmədikmi?

O isə sərt yoxuşu aşmağa can atmadı.

Sən nə bilirsən ki, sərt yoxuş nədir?

O, bir kölə azad etməkdir

və ya aclıq günündə yemək verməkdir –

qohumluq əlaqəsi çatan bir yetimə,

yaxud yerə uzanmış kasıba!

Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

Onlar sağ tərəf sahibləridir (əshabi-meymənə). (Bələd surəsi, 10-18)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda Səbir Necə Təsvir Olunur?
  • Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?
  • Möminlərin Səbri
  • Möminlər Hansi Şeylərə Səbir Edərlər?
  • Səbrin İnsana Qazandirdiği Şeylər
  • Səbrin Sirləri...
  • Möminlərin Səbir Dualari
  • Nəticə