Səbir edib yaxşı işlər görənlər istisnadır.
Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hud surəsi, 11)
Əvvəlki hissələrdə Quranda səbrin necə təsvir edildiyindən və iman edənlərlə dindən uzaq olanların sahib olduğu səbir anlayışının fərqliliyindən bəhs etdik. Bu hissədə isə möminlərin hansı şeylərə qarşı səbirli olduğundan bəhs edib bunu inkarçıların təhəmmülsüz hərəkətləri ilə müqayisə edəcəyik. Lakin bu mövzunu araşdırmadan əvvəl onu qeyd edək ki, bir şeyin üzərində mütləq durmalıyıq: Allah dünyada istədiyi zaman istədiyi quluna istədiyi qədər çətinlik verib onu imtahan edə bilər. Bu, imtahan bir anlıq da ola bilər, uzun da sürə bilər. Bunu təqdir edən Allahdır. Lakin qəti bir həqiqət var ki, axirətdə olduğu kimi, dünyada da bütün şərtlərdə ən gözəl həyat möminlərindir. Allah bu durumu bir ayədə belə bildirir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Möminlər Allahın imtahan üçün yaratdığı çətinliklərə səbir edirlər və bunun nəticəsində də Allah bu çətinlikləri qaldırır. Ona iman edənlərin işlərini asanlaşdırır və onları yardımı ilə dəstəkləyir. Quranda Allahın iman edən qullarına yardımı haqqında belə buyurulur:
...Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir. (Həcc surəsi, 40)
Növbəti səhifələrdə Allahın dəstək verdiyi möminlərin səbir göstərdikləri mövzulardan bəhs ediləcək.
Allah insanda heç vaxt səhv etmədən doğrunu söyləyən bir güc olaraq vicdanı yaratmışdır. Vicdan insanları Allahın bəyəndiyi şəkildə düşünməyə və Allahın razı olduğu şəklində yaşamağa çağırır. Hər insanda vicdanla yanaşı, bir də onu istək və həvəslərinə yönəltməyə çalışan nəfs var. İman edənlər ömür boyu qarşılaşdığı hadisələrdə nəfslərinə tabe olmayıb vicdanlarının səsinə qulaq asırlar. Nəfsin istəkləri daha cəlbedici görünsə də, səbirli olur, vicdanən doğru olan şeyləri edirlər. Möminlər daima götür-qoy edib ən doğru olan davranışı seçirlər. Buna misal olaraq Peyğəmbərimizin dövründə yaşamış saleh müsəlmanları nümunə göstərmək olar. “Nur” surəsindəki örtünmə ilə əlaqədar ayələr hicrətdən sonrakı dövrlərdə endirilmişdir. Həmin dövrdəki müsəlman qadınların gözəl davranışlarından belə bəhs olunur:
Şeybə qızı Safiyə danışır və deyir: “Biz hz.Aişənin yanında ikən bir neçə xanım qüreyşli qadınların vəziyyətindən və fəzilətlərindən bəhs etmişdirlər. Bu zaman hz.Aişə belə buyurdu: “Qüreyşli qadınlar üstündürlər. Lakin Allaha and olsun ki, mən ənsarın qadınlarından daha çox Allahın kitabını təsdiq edən və Qurana inanan fəzilətli adam görmədim. “Nur” surəsindəki “örtüklərini yaxalarının üzərinə çəksinlər” ayəsi nazil olanda kişilər onların yanına gedib bu ayəni oxudular. Hamı zövcəsinin, qızının, bacısının və yaxınlarının yanında bu ayəni oxuyurdu. İçlərindən bu ayəyə əməl etməyən heç kim qalmadı. Allahın endirdiyi hökmlərə inandıqlarına görə örtündülər...” (İbni-Kəsir, Hədislərlə Qurani-kərim təfsiri, cild 11, səh.5880)
Peyğəmbərimizin dövründə mömin qadınlar Allahın təsəttür əmrini yerinə yetirib bunu şövq və istəklə qarşılamışdılar, vicdanlarına tabe olub itaət etmişdilər. Onlardan sonra gələn müsəlmanlar da eyni şövq və qərarlılıqla bu əmri yerinə yetiriblər.
Müsəlmanın vicdanına tabe olmağına dair gündəlik həyatda başqa nümunələr də verə bilərik. Bəzən insanın nəfsi onu eqoist olmağa çağırdığı halda, vicdanı fədakar davranmağa çağırır. Bir adamın önəmli işi var ikən və ya yorğun ikən təcili köməyə ehtiyacı olan birinə kömək etməsi lazım gələ bilər. Eyni şəkildə, ehtiyacı olduğu bir şeyi daha çox ehtiyacı olanla bölüşməsi, hətta əlindəkilərin hamısının o adama verməsi gərəkli ola bilər. Vicdanını dinləyən adam heç tərəddüd etmədən gözəl olanı edib ehtiyacı olanlara əlindən gələn köməyi edər. Quranda Peyğəmbərimizin dövründə yaşayan müsəlmanların əxlaqından belə nümunə verilir:
(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Möminlərin Quranda göstərilən bu nümunəvi əxlaqı vicdanən davranmaqda göstərdikləri səbrin nəticəsidir.
Allah ilk insanı, yəni hz.Adəmi yaradanda bütün mələklərin ona səcdə etməsini istəmiş, ancaq təkcə iblis Allahın bu əmrinə qarşı çıxıb səcdə etməmişdir.
Şeytanın bu təkəbbürünə qarşılıq olaraq Allah onu cənnətdən çıxarmış və din gününə qədər lənətləndiyini bildirmişdir. Şeytan isə insanların dirildiləcəyi günə qədər Allahdan möhlət istəmiş, bu zamana qədər insanlara vəsvəsə verərək onları dünya həyatının süsləri ilə aldatmağa çalışacağını söyləmişdir. Allah ona din gününə qədər izin verib onun Öz səmimi qullarına təsir edə bilməyəcəyini buyurmuşdur:
(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”. (Hicr surəsi, 39-42)
Göründüyü kimi, şeytan hz.Adəmin yaradılışı ilə birlikdə insanlara qarşı mübarizəyə başlamış, onlara vəsvəsə verib Allahın yolundan azdırmağa çalışacağına and içmişdir. Odur ki, insanın səbirli davranmaqda məsuliyyət daşıdığı şeylərdən biri də şeytanın oyunlarına qarşı ayıq olub ondan gələn vəsvəsələri dinləməməkdir.
Şeytan din gününə qədər yaşayacaq bütün insanlara müxtəlif vəsvəsələrlə yaxınlaşmağa çalışır. İnsanlar gündəlik həyatda şeytanın bu təsirlərinə tez-tez rast gəlirlər. Çünki şeytan heç ummadıqları yerdən onlara yaxınlaşır. Onlara qorxu və unutqanlıq verir, xeyirli işləri təxirə salmağı təlqin edir. Məsələn, bir insan Allah rizası üçün kasıblara kömək etmək barədə düşünərkən şeytan onu kasıblıqla qorxudar. Yaxud da dinə və müsəlmanlara faydalı olan işi unutdurmağa çalışar. Unutmaq olmaz ki, ayədə deyildiyi kimi, şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76)
Rəbbimizə təvəkkül edib səbirli olanlara şeytan heç bir təsir edə bilməz. Çünki Allah şeytanın ancaq özü kimi inkar edənləri yoldan azdıracağını buyurur. Quranda “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir” (Əraf surəsi, 200) ayəsi ilə iman edənləri şeytanın vəsvəsələrindən qorunmaq üçün Özünə sığınmağa çağırmışdır. Allahın bu əmrin tabe olan möminlər həyatlarının sonuna qədər şeytanın oyun və hiylələrinə qarşı səbirlə mübarizə aparırlar. Onun ara vermədən insanları cəhənnəmə sürükləmək üçün fəaliyyət göstərdiyini əsla unutmurlar. Əgər xeyirli işlərdə daxilən tənbəllik hiss etsələr, bunun şeytanın vəsvəsəsi olduğunu bilib tez Allaha sığınır və o işə daha da şövqlə başlayırlar. Bir ayədə belə buyurulur:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201)
Allahın “Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 153) tövsiyəsini dinləyib səbirlə şeytandan qorunmaq üçün Rəbbimizdən yardım istəyib vəsvəsələrdən üz çevirirlər:
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (Muminun surəsi, 97-98)
Allah bütün insanları Qurana tabe olmaqla və onda təsvir edilən gözəl əxlaqı yaşamaqla vəzifəli etmişdir. Dolayısilə insanların hesab günü sorğu-sual ediləcəkləri mövzulardan biri də Quran əxlaqını yaşamaqla bağlıdır. Dünyada gəlib-getmiş insanların hamısı buna görə xəbərdar edilmiş və Allahın razı olduğu əxlaqı yaşamağa dəvət ediliblər. Fəqət Allahın bu çağırışına tabe olanlar yalnız iman edənlərdir.
Din əxlaqından uzaq cəmiyyətlərdə də Quranda təsvir edilən gözəl əxlaqın bəzi yönlərini yaşayan insanlar vardır. Onlar yeri gəldikdə fədakar, mərhəmətli və ədalətli davranırlar. Lakin həmin insanlar nə qədər gözəl əxlaqlı olduqlarını iddia etsələr də, səbirli davranmadıqları vaxtlar mütləq olur. Təsəvvür edin ki, toplantıya tələsən birisi səhər vaxtında dura bilmir. Tez-tələsik durub həyəcanla evdən çıxır və bu dəfə yolda tıxaca düşür. Gecikdiyini xəbər vermək üçün işə zəng vurur, lakin dalğa tutmadığından xəbər verə bilmir. Bu zaman yanındakı adam ondan bir söz soruşanda o adama xoş cavab verməz. Hətta cavab verməyib ona sərt baxışlarla baxar. Həmin adam özünə görə hər zaman anlayışlı və yardımsevər olduğunu iddia etsə də, belə bir durumda səbrinin tükəndiyini deyər və zidd hərəkətlərə yol verər.
Quran əxlaqını yaşamayan insanlar gün ərzində bəzi hadisələrə lazımsız yerə əsəbiləşirlər. Məsələn, katibəsi əhəmiyyətli bir sözü unudub ona deməyəndə, evdə uşaq dəyərli bir əşyanı qıranda və ya xanımı yeni aldığı avtomobili harasa vuranda özündən çıxırlar. Quran əxlaqını yaşamayan insanlar belə vəziyyətlərin çoxunda çirkin hərəkətlərə yol verirlər. Belə ki, bunların səbəbi Allahın əmr etdiyi əxlaqı yaşamaqda səbirli olmamaqdır.
Quranın əmr etdiyi gözəl əxlaqı isə ancaq səbirli olanlar yaşaya bilir. Bu insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri şərtlərə və şəxslərə görə dəyişməməkləridir. Məsələn, bir insan tez əsəbiləşən xarakterdə ola bilər. Amma Allahın möminlər üçün buyurduğu “... qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir” (Ali-İmran surəsi, 134) ayəsini öyrəndikdə səbirli davranıb bağışlama yolunu seçər. Hətta həyatı boyu əsəbiləşdirici hərəkətlərə ard-arda rast gəlsə də, reaksiyasını dəyişməz. İman edənlər hər nə olsa da, qəzəbini yenib səbirli olar, Quranda əmr edilən əxlaqdan üz döndərməz.
İnsanın əxlaqını gözəlləşdirən onun əxlaqı yaşamaqda səbri və davamiyyətidir. Mömin təkcə əfvedici olmamalı, ehtiyac içində ikən belə fədakar davranmalı, eyni zamanda cəsarətdə, təvazökarlıqda, sevgi və hörmətdə davamiyyət göstərməlidir. Çünki Allah “O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol!..” (Məryəm surəsi, 65) ayəsi ilə möminlərə ibadətdə qərarlı olmağı əmr etmişdir. Allahın başqa bir əmri isə pisliklərə gözəlliklə cavab verməkdir. Belə ki, Quranda möminlərin səbir sayəsində pislikləri ən gözəl şəkildə uzaqlaşdırdıqlarına diqqət çəkilmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. (Fussilət surəsi, 34-35)
Möminlərin səbirli olmağının nəticəsində isə Allah onlara ən gözəl mükafat verib cənnətə salacaq. Bunu xəbər verən ayə belədir:
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 96)
Allahın gücünü və böyüklüyünü qavramayan insanlar yer üzündə canlı-cansız hər şeydən qorxa bilirlər. Bəziləri insanlardan qorxur, bəziləri də qaranlıqdan, rəngdən və ya rəqəmlərdən qorxurlar.
Möminlər isə gücün tək sahibin Allah olduğunu və Onun izni olmadan heç kimin bir başqasına zərər və ya fayda verməyəcəyini bilirlər. İnsanların və ya digər varlıqların heç birinin Allahdan müstəqil güclərinin olmadığını, hər birinin Allahın nəzarətində olduğunu unutmazlar. Əgər hər hansı bir çətinliklə qarşılaşsalar, bunu ancaq Allahın aradan qaldıra biləcəyinə ürəkdən iman edirlər. Buna görə də Allahdan başqa heç kimdən və heç bir şeydən qorxmurlar. Allah bir ayədə möminləri Özündən başqa heç bir şeydən qorxmamağı belə xəbərdar edir:
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)
Möminlər Allahdan qorxub Ona çox güvəndiklərinə görə üz-üzə gəldikləri qorxuducu hadisələrin heç birində axsaqlığa yol verməzlər. Başqalarının təzyiqi və məhdudiyyəti onları Allah üçün yaşamaqdan və Onun rizası üçün yaşamaqdan əsla kənarlaşdıra bilməz. Quranda möminlərin bu xüsusiyyətindən belə bəhs olunur:
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!” -dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!” -dedilər. (Ali-İmran surəsi, 173)
Möminlər çətinliklər və bütün qorxuducu hadisələr qarşısında səbirlidirlər, Allahdan başqasından qorxmaz və imanlarından dönməzlər. Allah həqiqi iman edənlərlə iman etməyənləri və ya imanı zəif olanları ayırd etmək üçün insanları qorxu ilə imtahan edəcəyini bildirmişdir. İmanda səbirli olanlara isə belə müjdə verir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Allah dünya həyatını müxtəlif gözəlliklərlə bəzəmiş və insanı bunlardan zövq alacaq şəkildə yaratmışdır. İnsan isə ona verilən nemətlərdən gözəl şəkildə istifadə etməli, lakin heç vaxt bu gözəlliklərlə həvəslə bağlanmamalıdır. Çünki dünyada qazanılan şeylər elə bu dünyada da qalacaq və insanlar Rəbbimizin hüzurunda bu nemətlərdən necə istifadə etdiklərinə dair hesab verəcəklər. Nemətlərin Allahın lütfü olduğunu bilib şükür edənlər qazanacaq və axirəti unudub bu nemətləri əldə etmək üçün həvəslə cəhd göstərənlər isə hüznə düşəcəklər. Allah Quranda insanlara verilən bu nemətlərin bəzilərindən belə bəhs etmişdir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Belə ki, möminlər Allahın onlara verdiyi nemətlərdən ən gözəl şəkildə istifadə edir, lakin heç vaxt onlara bağlanmırlar. Dünyadakı hər şey kimi, insanlara verilən mal-mülkün də onların imtahan olunması üçün yaradıldığının fərqindədirlər. Bütün bunların keçici olduğunu və əsil yox olmayacaq nemətlərin axirətdə olduğunu düşünərək dünyaya həvəs göstərmirlər. Möminlər dünyaya həvəs göstərmədiklərinə görə bu mövzuda hər hansı bir çətinliklə üzləşdikdə asanlıqla səbir göstərə bilirlər. Sahib olduğu şeyləri itirəndə və ya malları azalanda üzülməzlər. Bir insan illərlə çalışıb bir çox şey əldə edə bilər. Sonra bir gün heç gözləmədiyi anda qazandıqlarını itirə bilər. Məsələn, evi uça bilər, bağ-bağçası dağıla bilər. Yaxud da işləri pisləşib iflasa uğraya bilər. Bunlar dünyada insanların tez-tez rastlaşdığı hadisələrdir. Belə vəziyyətlərdə imanlı olanlar səbirli olub Allah yönəlirlər. Bunun səbir və təvəkkül göstərməsi üçün xüsusi yaradılmış imtahan olduğunu bilirlər. Allahın mütləq asanlıq yaradacağını, yəni bir yol açıb xeyirə çatdıracağını, axirətdə də səbirli olduqları üçün daha gözəlinə nail olacaqlarını düşünüb rahat yaşayarlar.
Dünyaya həvəslə bağlanan insanlar isə illərlə əmək sərf edib yığdığı var-dövlətə zərər gəldikdə təvəkkül etməyib üsyankar davranırlar. Onlar malın gerçək sahibinin Allah olduğunu, dilədikdə onlardan aldığından daha xeyirlisini verə biləcəyini unudurlar. Buna görə də Allahın imtahan üçün yaratdığı hadisədə xeyri görə bilməyib səbirli olmazlar.
Allahın Quranda “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz...” (Ali-İmran surəsi, 186) ayəsi əsasında Allah üçün səbirli olan möminlərlə dünyaya qapılıb axirəti unudanlar arasındakı fərq ortaya çıxır. Möminlər mallarını itirdikləri üçün üzülməzlər, çünki onlar maddi-mənəvi hər şeyi Allahın rizasını qazanmaq üçün istifadə etməyə niyyət ediblər. Möminlərin Allaha göstərdiyi bu sədaqətin qarşılığı isə Quranda belə xəbər verilir:
Doğrudan da, Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)
Əvvəlki hissələrdə də bildirdiyimiz kimi, Allah insanları dünyada qorxu, xəstəlik, mal qıtlığı və s. kimi şeylərlə imtahan edir. Belə ki, Quranda diqqət çəkilən imtahan mövzularından biri də aclıq və yoxsulluqdur. Lakin burda bunu qed etmək lazımdır ki, Allah hər insan üçün müxtəlif imtahan mühiti yaradır. Buna görə də Quranda bildirilən bu imtahan mövzuları hər insanın önünə eyni şəkildə və ya eyni şərtlərdə çıxmaya bilər. Onsuz da imtahanın sirri burada gizlənir. Allah eyni mövzunu insanalr üçün çox müxtəlif formalarda yaradır və gözləmədikləri bir yerdən onları imtahan edə bilər. Həqiqətən iman edib təvəkkül edənlər Quranda bildirilən çətinliklər önlərinə hansı şəkildə çıxsa da, buna hazır olurlar. Onları belə bir şeyə hazır edən isə imanlarının və Allaha olan itaətlərinin gücüdür.
İnkarçıların belə vəziyyətlərdəki reaksiyaları təvəkküldən çox uzaqdır. Ömürləri boyu dünyada qarşılaşdıqları saysız neməti onlara Allahın verdiyini unudur və bunlara görə Rəbbimizə şükür etməzlər. Üstəlik, bu nemətlərdən bircə dənəsi belə əllərindən alınsa, o dəqiqə nankorluqla Allaha üsyan edərlər. Din əxlaqından uzaq cəmiyyətlərdə bunun nümunələrinə çox rast gəlinir. Zəngin bir adam hər hansı səbəbdən dolayı malını itirib yoxsul olmamışdan qabaq Allahın ona verdiyi bir çox nemətdən məhrum olur. Bundan əvvəl sahib olduğu evlərin, avtomobillərin, çeşid-çeşid yeməklərin və s. uca Allahın lütfü olduğunu düşünməmiş, hamısının özünə aid olduğunu zənn etmişdir. Yoxsul olduqda isə bu yanlış gümanından dolayı nankorluq edər. Düşdüyü pis vəziyyətə görə Allahın yenidən nemət verməsi üçün dua etməz. Təvəkkül etmədiyinə görə Allahın ona imtahan üçün yaratdığı bu fürsətdən yenə öz əleyhinə istifadə etmiş olur.
Halbuki bütün bu gerçəklərin fərqində olub gözəl şəkildə səbir edənlər varlıqda da, yoxluqda da Allahdan razı olnlar mütləq Allahın rəhmətini görəcəklər. Allah bir ayədə “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, Mənim əzabım şiddətlidir”” (İbrahim surəsi, 7) sözləri ilə şükür edən qullarına nemətini artıracağını xəbər vermişdir.
Quranda aclıq və yoxsulluqla imtahan edilən möminlərin durumundan belə bəhs edilir:
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə surəsi, 214)
Allah onların dözülməz çətinlik və yoxsulluqla qarşılaşdığını və Allahın yardımına sığındıqlarını bildirir. Lakin unutmaq olmaz ki, Allah səbir edib belə bir imtahanı -bütün şərtlərdə- gözəlliklə qarşılayanlara köməyinin çox yaxın olduğunu müjdələmişdir. Çünki Allah qullarını çətinliklə imtahan edərkən onlara mütləq asanlıq yaradacağını vəd edir. “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (İnşirah surəsi, 5) ayəsi ilə xəbər verilən bu vəziyyət möminlərin ən çətin anlarda belə Allahın verdiklərinə razı olmasını və səbirli davranmasını təmin edir.
Bunun ən gözəl nümunələrindən birini Peyğəmbərimizin (səv) yanındakı saleh möminlərin davranışlarında görmək mümkündür. Allahın rizasını qazanmaq məqsədilə susuzluq, yorğunluq və dözülməz aclıq zamanı səbirli olmuş, Peyğəmbərimizlə birlikdə mübarizəyə davam etmişdilər. Dözülməz dərəcədə isti olan səhrada Allahın rizasını qazanmaq üçün çətinliyə səbir göstərən möminlərə əcr veriləcəyi bir ayədə belə buyurulur:
Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (Tövbə surəsi, 120)
Göründüyü kimi, Allah xəbər verir ki, möminlərin çətinliklər qarşısında səbirlərinin qarşılığı mütləq veriləcək. Başqa bir ayədə Allah Özünü “(Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi” (Qüreyş surəsi, 4) hökmü ilə tanıdaraq möminlərə rəhmətini bildirmişdir.
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanların şərtlərə görə davranışlarını dəyişməsi normal qarşılanır. Şərtlər yaxşı olduqda, yəni maddi-mənəvi hər cür ehtiyacları qarşılandıqda davranışları da gözəl olur. Lakin onları narahat edən hər hansı bir sıxıntı olanda isə xarakterləri tamamilə dəyişir. Çətinlik keçici olsa da, buna qarşı səbirli ola bilmirlər. Onların təvəkkül etmədiklərini göstərən durumlardan biri də xəstəlikdir.
Halbuki insanların gözəl əxlaqlı olub-olmadığını göstərən amillər xəstəlik, aclıq, yorğunluq kimi hallardır. Dolayısilə çətin anlar insanların özünü isbat etməsi, Allaha olan sədaqət və bağlılığını ortaya qoyması üçün dəyərli zamanlardır. Allah həqiqi gözəl əxlaqın və yaxşılığın şərtlərindən birinin çətinlikdə və xəstəlikdə səbirli olub gözəl davranmaq olduğunu bildirmişdir. (Bəqərə surəsi, 177)
Möminlərin xəstəlik kimi çətinlik qarşısında təvəkküllü və səbirli davranmasının ən önəmli səbəbi Allaha olan dərin imanlarıdır. Quranda bir ayədə hz.İbrahimin bu həqiqəti “o Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir” (Şüəra surəsi, 80) sözləri ilə dilə gətirdiyi bildirilmişdir. Hz.İbrahim kimi, bütün möminlər xəstəliyi də, şəfanı da Allahın yaratdığını bilir və təlaşa düşmürlər. Əksinə olaraq, onları illərlə sağlam yaşadan Rəbbimizə şükür edirlər. Sağlam həyatın ancaq Allahın lütfü sayəsində olduğunu gördükləri üçün xəstələndikdə də şükür etməyə davam edirlər.
Xəstəliklərlə yanaşı, qəza və şikəst olmaq kimi durumlarda da çox itaətkar davranıb təvəkkül edərlər. Çətinliklər qarşısında səbirli olduqlarına görə Allahın onları cənnətdə daha gözəl surətdə yaradacağını umurlar. Buna görə də dünyada bir şeydən məhrum olmuş kimi görünsələr də, axirətdə böyük mükafat alacaqlarını unutmurlar.
İman etməyənlər isə dünya həyatına bağlılıqlarından dolayı belə bir hadisə qarşısında nəinki səbirli olmurlar, eyni zamanda ümidsizlik içində sıxıntı çəkirlər. Məsələn, əli və ya qolu şikəst olan adam belə yaşamağın yerinə ölməyi tərcih edirlər, hətta belə durumlarda intihara əl atanlar da olur. Tək həyatın bu dünyada olduğunu zənn etdiklərinə görə bəzi qüsurlarla yaşamağın mənasız olduğunu düşünürlər. İntihar etmək istəməsələr də, çox tərs xarakterə bürünüb ətrafındakılara əziyyət verməyə çalışırlar. Halbuki həmin adamlar təvəkkül edib-etməsələr də, bu hadisəni geri çevirə bilməzlər. Təvəkkül etdikdə isə sonsuz cənnət həyatını və bir daha zərər görməyəcək qüsursuz bədənə sahib olmağı uma bilərlər. Lakin təvəkkül etmədiklərinə görə həm dünya, həm də axirət həyatlarını alt-üst edirlər. Çünki başlarına gələnləri Allahın yaratdığını bilmirlər və buna görə də cəhənnəmə düşəcəklər.
Quran əxlaqını yaşayan insanın isə davranışları tamamilə fərqli olur. Mömin qəza keçirməklə və ya başqa səbəblə şikəst olarsa, əsla fərqli xarakterə bürünməz. Bunun Allahdan gələn imtahan olduğunu və aqibətinin mütləq xeyirli olacağını bilib səbirli olar. Bundan sonra da bütün imkanları ilə Allahın rizasını qazanmağa çalışar. Fiziki baxımdan cəhd etmək imkanı olmasa belə, fikri yöndən insanlara faydalı olan və onları axirətə yönəldən işlər görər.
Xəstələndikdə Allahdan üz çevirən insanlar necə bir yanlışlığa yol verdiklərinin fərqində deyillər. Çünki Allahdan başqa şəfa verən və onları xəstəlikdən qurtaran güc yoxdur. Həkimlər, dərmanlar və müalicələr ancaq Allahın izni ilə şəfa verir. Möminlər bu həqiqəti bildiklərinə görə xəstəliyi səbirlə qarşıladıqları kimi, şəfanı da səbirlə Allahdan istəyərlər. Onlar vasitələrdən tam faydalanıb bunların ancaq Allah dilədikdə yararlı olacağını unutmazlar.
Quranda möminlərin xəstəlik qarşısında səbirlə Allaha sığındıqlarına dair nümunə kimi hz.Eyyubun durumundan bəhs edilir. Hz.Eyyub Allahın “Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı” (Sad surəsi, 44) sözləri ilə təriflədiyi peyğəmbərdir. Hz.Eyyubun səbri və Allaha üz tutması ayələrdə belə bildirilir:
Eyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 83-84)
Eyyub peyğəmbərin belə vəziyyətdə göstərdiyi üstün əxlaqı Allaha səmimi duasından anlamaq mümkündür. Dərd və xəstəlik içində ikən Allahın mərhəmətli, şəfqətli olduğunu və hər şeyə gücünün çatdığını unutmadan səbirlə Ona yönəlmişdir. Allah bu əxlaqa qarşılıq olaraq duasını qəbul edib ona şəfa vermişdir.
Göründüyü kimi, hər şeydə olduğu qədər çətinlik və xəstəlik zamanı da Allah səbirli olanlara yardım edir. Bir ayədə səbirli olanlara Allahın dəstəyi belə ifadə edilir:
Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Quran əxlaqından uzaq insanlar gerçək ədalət tərəfdarı olmazlar. Dünyada böyük-kiçik hər əməllərinin axirətdə qarşılarına çıxacağını düşünmədikləri üçün bu yöndə ciddi davranmağı lazım bilməzlər. Bundan başqa, vicdanla hərəkət etmədiklərinə görə ağıllı deyil, ani qərarlar alarlar. Əsəbiləşəndə qəzəblərinə yenilib intiqam almağa çalışarlar. Mənfəətlərini qorumaq üçün qarşı tərəfə haqsızlıq etməkdən belə çəkinməzlər. Mediada belə xəbərlərə tez-tez rast gəlinir. İşdən qovulduğu üçün müdirinə hücum çəkən, işinə mane olan birinə iftira atan, təhqir edən birinə daha pisi ilə cavab verən şəxslərə həmişə rast gəlirik. Bu adamlar onlara edilən pisliyə və ya haqsızlığa yenə eyni şəkildə Quran əxlaqından tamamilə uzaq davranışla qarşılıq verirlər. Hətta bəzən həddi aşıb onlara mane olanı öldürməyə belə çalışırlar.
Möminlər də imtahan olaraq daim belə insanların ədalətsiz hərəkətləri ilə üzləşə bilərlər. Lakin onlar yuxarıda nümunə verdiyimiz adamlarda olduğu kimi, eyni qarşılıq verməzlər. Lakin bunu da qeyd etmək lazımdır ki, haqsızlığa tamaşa da etməzlər. Daim təvəkküllü olduqlarına görə soyuqqanlılıqla hərəkət edərlər.
Möminlərin haqsızlıqla üzləşdikdə səbirli davranmaqları bütün hadisələrin Allahın nəzarətində olduğunu və Allahın sonsuz ədalət sahibi olduğunu bilməklərindən qaynaqlanır. Çünki Allah axirət günü bütün insanların zərrə qədər haqsızlığa uğramadan etdiklərinin qarşılığını alacaqlarını bildirmişdir. Dolayısilə dünyada ikən heç düşünmədən haqsızlıq edib ədalətsiz davrananlar axirət günü etdiklərinin qarşılığını mütləq görəcəklər. Quranda Allahın sonsuz ədalətindən belə bəhs edilir:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura surəsi, 42)
Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə surəsi, 281)
Odur ki, Allahın bu qanununu bilən möminlər haqsızlığa qarşı güvən hissi ilə səbirli olurlar. Allah bu səbrə qarşılıq olaraq onlara mütləq yardım edəcəyini belə vəd edir:
... Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir. (Həcc surəsi, 40)
Quranda hz.Yusifin həyatı boyu dəfələrlə haqsızlıqla üzləşdiyi, ancaq təvəkkül və səbrindən dolayı Allahın ona yardım etdiyi və güc verdiyi bildirilir. Hz.Yusifin uşaqlıq illərindən başına gələnlər həm onun, həm də atası hz.Yaqubun səbirdə imtahan olunması üçün xüsusi olaraq yaradılmışdır. Hz.Yusif əvvəlcə onu qısqanan qardaşları tərəfindən quyuya atılmış, sonra bir karvan tərəfindən tapılıb kölə kimi satılmışdır. Quranda hz.Yaqubun baş verənlərə gözəl şəkildə səbir etdiyindən və uşaqlarının qurduğu hiyləyə görə Allahdan yardım istədiyindən bəhs edilir:
(Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. (Mənə) gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18)
Hz.Yusif bundan sonra onu satın alan misirli vəzirin xanımının iftirasına məruz qalmışdır. Hz.Yusifin günahsız olduğu bilindiyi halda, onu zindana salmışdılar. O, uzun illər haqsız yerə həbsdə qalsa da, bunları Allahın imtahan üçün özəl yaratdığını unutmamışdır. Allaha sığınıb Ondan yardım istəmiş və səbirli olmuşdur. Allahın inkar edənlərin hiyləsini boşa çıxaracağına və iman edənlərin mütləq xilas olacağına əmin olmuşdur. Allah səbir etdiyinə görə ona həm dünyada, həm də axirətdə razı qaldığı nemətlər vermişdir:
Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”, – dedi. O dedi: “Bu yerin xəzinələrini mənə tapşır. Çünki mən qoruyanam, bilənəm”. Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir. (Yusif surəsi, 54-57)
Bu hadisələrdən sonra Allah hz.Yusifi illər sonra ona hiylə quran qardaşları ilə qarşılaşdırmışdır. Hz.Yusif haqsızlıqlar qarşısında Allahın rəhmətini və Ona olan güvənini belə dilə gətirmişdir:
Onlar dedilər: “Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim qorxsa və səbir etsə, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. (Yusif surəsi, 90)
Quranda hz.Yusif ilə əlaqədar bəhs edilən bütün bunlar möminlərin hikmətləri görə bilməyi baxımından əhəmiyyətli nümunələrdir. Çünki Allahın hz.Yusifə yardımı bütün inananlar üçün əsaslıdır. Allah möminlərə qarşı qurulan hiylələri pozan, haqsızlıqlara mütləq qarşılıq verəndir.
Quranda möminlərin imtahanından bəhs edilərkən inkarçıların onlara qarşı olumsuz danışıqlarından da söz açılır:
Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib qorxsanız, bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-İmran surəsi, 186)
Tarix boyu göndərilən bütün peyğəmbərlər qövmlərinin müxtəlif iftira və ittihamları ilə üzləşiblər. Xüsusilə bu qövmlərin inkarçı başçıları onları belə hərəkətlərə təşviq etməklə iman edənlərə qarşı qızışdırıblar. Bunun əsas səbəbi odur ki, haqq din onların haqsızlıqla əldə etdiyi dünyəvi mənfəətləri aradan götürən quruluşa malikdir. Onlar yaşadıqları ərazidə zənginlik, məqam və etibar baxımından üstün olduqları üçün xalqı rahatlıqla soyur, ədalətsizliyi və haqsızlığı insanlara normal göstəriblər.
Quran əxlaqı isə insanlara dürüstlüyü, ədaləti və yoxsulun haqqını qorumağı əmr edir. Odur ki, dinin bu xüsusiyyətlərini öz dünyəvi mənfəətlərindən dolayı təhlükə görənlər din əxlaqını yaymaq istəyən möminləri qaralayıb önlərini kəsməyə çalışıblar. Bunun aşkar nümunələrindən biri Misir fironudur. O, İsrail oğullarını kölə kimi işlədib onlara hər cür əzab-əziyyət verirdi. Firon tərəfindən ağır şərtlərdə istismar edilən bu insanlara Allah xilaskar kimi hz.Musanı göndərmişdi. Haqq dinin İsrail oğullarına qarşı ədalətli, mərhəmətli və vicdanlı davranmağı əmr etdiyini öyrənən firon hz.Musanı xalqın gözündən salmaq istəmişdi. Elə zənn etmişdi ki, Peyğəmbərin gətirdiyi dinə heç kim etibar etməyəcək və mənfəətlərinə qarşı olan təhlükə sovuşacaq. Digər tərəfdən ona atılan iftiralar inananların kefini pozub onları qorxudacaq və dini yaymaqdan vaz keçəcəklər. Həmin iftiralardan bəziləri Quranda belə bildirilmişdir:
Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik – Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər. (Ğafir surəsi, 23-24)
O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi. (Zariyat surəsi, 39)
Firon və ətrafının hz.Musaya dedikləri bu sözlər tək onlara xas deyil. Tarixən Allahın din əxlaqını yaymaq üçün göndərdiyi bütün elçilərə eyni ittihamlar atılmışdır. Yalançılıq, sehrbazlıq, məcnunluq, şairlik və ya mənfəətpərəstlik bunlardan bir neçəsidir. İman edənlərin hər dövrdə belə iftira dolu sözlərlə üzləşmələri isə qətiyyən təsadüf deyil. Əksinə olaraq, Allahın möminlərin səbir və təvəkküllərini yoxlamaq üçün yaratdığı xüsusi hadisələrdir.
Quranda bunun keçmişdən bəri davam etdiyi barədə belə deyilir:
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər. (Zariyat surəsi, 52)
Allah hz.Muhəmmədə və yanındakı möminlərə də bu yöndə müxtəlif iftiralar atıldığını xəbər vermişdir:
Onlara: “(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bilmirlər. (Bəqərə surəsi, 13)
Onun qövmünün kafir zadəganları dedilər: “Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)
Öz aralarından onlara xəbərdarlıq edən gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!” (Sad surəsi, 4)
Allahın elçiləri və saleh möminlər inkarçıların iftiralarının qarşısında səbir göstərib Allaha sığınmış və Ondan yardım istəmişdir. Bunun bir nümunəsi Quranda belə bildirilir:
(Peyğəmbər) dedi: “Ey Rəbbim! haqq hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)
Allah inkarçıların Peyğəmbərə əziyyət verici hərəkətlərinə Quranda belə cavab vermişdir:
(Onlara) xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli! (Tur surəsi, 29)
Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın qoruyan olması kifayətdir. (Əhzab surəsi, 48)
Allahın ayədə bildirdiyi kimi, mömin hansı çətinliklə qarşılaşsa da, Quran əxlaqını yaşamağa və insanlara bu yöndə öyüd verməyə davam etməlidir. Buna görə də möminlər inkarçıların bu hərəkətlərinə fikir verməməli, təvəkkül və səbirlə doğru bildikləri yolda irəliləməlidirlər. Bundan başqa, inkar edənlər öz əməlləri ilə fərqində olmadan iman edənlərin şövq və həyəcanının artmasına səbəb olurlar.
Allah peyğəmbərlərin həyatı boyu göstərdikləri səbri Quran ayələri ilə bizə bildirərək bu üstün əxlaqı necə yaşayacağımızı bizə göstərmişdir. Şübhəsiz ki, bu, inanan və Allaha yaxınlaşmaqda yol axtaranlar üçün böyük nemətdir.
Quranda peyğəmbərlərin ömür boyu ətrafındakı insanlara və qövmlərinə Allahın dinini təbliğ etdikləri xəbər verilir. Lakin hər peyğəmbər qövmünü doğru yola dəvət edərkən çoxlu düşmən qazanmış, əvvəl də dediyimiz kimi, onların sözlü və feili hücumlarına məruz qalmışdır. Fəqət inkarçıların bu cəhdləri elçiləri əsla axsatmamış, əksinə olaraq, onlar din əxlaqını nümunəvi səbir və qərarlılıqla təbliğ etmişdir.
Quranda həyatından nümunələr verilən bu elçilərdən biri də hz.İbrahimdir. İbrahim peyğəmbər həyatı boyu səbir tələb edən müxtəlif hadisələrlə imtahan edilmişdir. Allahın qarşısına çıxardığı bütün hadisələrdə təvəkküllü və səbirli olmuşdur. Peyğəmbərin qarşılaşdığı hadisələrdən biri də bu olub ki, daşdan büt düzəldib ona tapınan qövmünü haqq dinə və tək Allaha iman etməyə çağırmağa görə onu oda atıb yandırmaq istəmişdilər. Quranda hz.İbrahimin bu imtahanından belə bəhs olunur:
“İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”, – dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”, – dedilər. (Ənbiya surəsi, 60-61)
Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!” Onlar hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O, məni doğru yola yönəldəcəkdir”. (Saffat surəsi, 97-99)
Ayələrdə bildirildiyi kimi, qövmü hz.İbarhimi oda atmaq istəmiş, lakin Allah ona səbirli və təvəkküllü olduğu üçün rəhm edib oda soyuq olmağı əmr etmişdi:
Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (Ənbiya surəsi, 69-70)
Hz.İbrahimin başına gələn bu hadisə Allahın səbirli və təvəkküllü qullarına olan yardımıdır və Rəbbimizin səmimi müsəlmanlara nə qədər böyük nemətlər verə biləcəyinin gözəl nümunəsidir.
Quranda təkcə hz.İbrahimin səbrindən bəhs edilmir. İbrahim peyğəmbər həyatının sonuna qədər insanlara Allahın varlığını anlatmış, onları haqq dini yaşamağa dəvət etmişdir. Lakin onlar bütlərə sitayiş etməkdən vaz keçməyib dini qəbul etməmişdilər. Hz.İbrahim heç kimin iman etmədiyinə baxmayaraq, təbliğinə səbirlə davam etmişdi. Onun din əxlaqını təbliğ mövzusunda səmimiyyətini babası ilə söhbətində görmək mümkündür:
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana çox asi oldu. Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan”. (Atası) dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” (Məryəm surəsi, 42-46)
Allahın təbliğdə səbir və əzmlə cəhd edən elçilərindən biri də hz.Nuhdur. O, qövmünə Allahın haqq dinini təbliğ etmək üçün böyük səbir göstərmişdi. Hər dəfə üz çevirsələr də, onlara müxtəlif və fərqli yollarla yaxınlaşmağa çalışmış, lakin qövmü iman etməmişdi. Nuh qövmü iman etməməklə yanaşı, Peyğəmbəri qorxutmaq üçün ona təzyiq edib fəaliyyətlərini əngəlləməyə çalışmışdılar. Hz.Nuh səbirli və təvəkküllü olduğuna görə təzyiqlər ona heç təsir etməmişdi. Onun təbliğdə göstərdiyi səbirdən Quranda belə bəhs edilir:
Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər. (Qəmər surəsi, 9)
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara (həm uca səslə), (həm də) gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox bağışlayandır! (Nuh surəsi, 5-9)
Əlbəttə, keçmiş peyğəmbərilərin həyatından verilən bu nümunələr müsəlmanlar üçün ibrət mövzusudur. Allah bu əhvalatları Quranda bizə bildirərək səbirdə qərarlılıq göstərən peyğəmbərlərindən nümunə götürməyimizi istəyir:
Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! ... (Əhqaf surəsi, 35)
İman edənlər keçmişdə olduğu kimi, bu gün və ya gələcəkdə də bənzər hadisələrlə- dini bilməyən, inkar edən, qavrayışı zəif olan insanlarla qarşılaşa bilər. Hər dövrdə Allahın varlığını və axirəti inkar edən insanlar ola bilər. Müsəlmanlar qorxmadan və axsamadan Allahın dinini, yaradılış həqiqətini insanlara anlatmalıdırlar. Belə ki, Allahın varlığını qəbul etməyən ateistlərlə və həqiqətləri, elmi dəlilləri anlamazlıqdan gələn insanlarla qarşılaşa bilər. Yaxud da o adamlar mənsub olduğu cahil topluluğun olumsuz təsirlərindən heç cür qurtula bilməyən, həqiqətləri görməkdə çətinlik çəkən şəxslər ola bilər. Bəzən bir adama çox açıq olan bir həqiqəti anlatmaq həftə, ay və ya illərlə sürə bilər. Belə bir vəziyyətdə təbliğ üçün hz.Nuh kimi hər cür yolu sınayaraq, hz.İbrahim kimi hər cür təhlükəni gözə alaraq səbirli olmaq çox əhəmiyyətli ibadətdir. Çünki dini təbliğ edərkən qəti səbir göstərmək din əxlaqından uzaq bir çoxlarının həqiqətləri görməyinə və axirətlərinin qurtulmağına vəsilə olar.
İman edənlər bu gözəl xidməti heç bir qarşılıq gözləmədən, yalnız insanların axirətinə faydalı olmaq niyyəti ilə və səbirlə yerinə yetirirlər. Əlbəttə, müsəlmanların səmimi cəhdi bunun qarşısını almaq istəsələr də, dünyada və axirətdə qarşılıqsız qalmayacaq. Təbliğ edərkən buna bir nəfər belə inanmasa da, səbirli olduqlarına görə Allaha onlara dünyada gözəllik və hüzur verəcək. Eyni zamanda axirətdə onlara böyük mükafat veriləcək.