Möminləri Aldatmaq Üçün Göstərdikləri Cəhd

Əvvəldə də vurğuladığımız kimi, özünü mömin kimi göstərməyə çalışmaq münafiqləri digər inkarçılardan ayırır. Müəyyən mənfəətlər naminə möminlərin yanında olmaq istəyir və belə bir mühitdə onlar kimi görünməyin daha "faydalı" olduğunu düşünürlər.

Münafiq hər vəziyyətdə özünü möminlərə sübut etmək üçün İslam əxlaqını yaşayırmış kimi görünə bilər. Nümayiş üçün ibadət edər, lakin bu ibadəti Allah qatında qəbul olmaz. Çünki bir əməl Allah rizası üçün edildikdə ibadət sayılır. Münafiqlər isə Allahın deyil, insanların razılığını axtarırlar. Münafiqlər namaz qılarkən, infaq edərkən, danışarkən, söz verərkən və s. ancaq özlərini sübut etməyə çalışırlar. Halbuki gerçək müsəlmanların belə bir narahatlığı yoxdur. Çünki onlar Allah qatında heç bir şeyin gizli qalmadığını və hətta unutduqları şeyləri belə Allahın axirətdə ortaya çıxaracağını bilərək yalnız Onun rizası üçün yaşayırlar.

Münafiqlərin bu hərəkətlərini aşağıdakı başlıqlar altında gözdən keçirək:

Yalan danışmaq üçün and içirlər

Yalan münafiqlərin mömin camaatı içində özlərini gizlətmək və saxtakarlıqlarını ört-basdır etmək üçün ən çox əl atdıqları yollardan biridir. Buna görə də münafiqlər möminlərə yalan danışmağı vərdiş halına gətiriblər. Bu yalanlarla möminləri inandırmaq üçün tez-tez and içirlər. Allah onların bu mövzudakı gerçək niyyətlərini belə xəbər verir:

Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 16)

Quranda münafiqlərin yalandan and içdiklərinə dair başqa bir ayədə belə buyurulur:

Onlar bilə-bilə yalandan and içirlər. (Mücadilə surəsi, 14)

Digər tərəfdən, münafiqlər yalan danışarkən bunun ortaya çıxmayacağını və ya qarşılıqsız qalacağını düşünməklə çox yanılırlar. "Çünki Allah onların yalan danışdığını bilir (Tövbə surəsi, 42) buna görə də onlar üçün böyük əzab var (Bəqərə surəsi, 10).

Namazı riyakarlıqla qılırlar

Allah Quranda insanların razılığı üçün namaz qılanlardan belə bəhs edir:

Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar (Maun surəsi, 4-6)

Allah bu ayələrlə münafiq xüsusiyyətini bizə tanıdır. Möminlər isə "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər" (Muminun surəsi, 1-2) ayələrində bildirildiyi kimi, namazda qəlbən Allaha yönələn və Allaha hörmət dolu qorxu duyan şəxslərdir.

Münafiqlərin namaz qılarkən insanlara özlərini göstərmək məqsədi ilə etdikləri başqa ayədə belə bildirilir:

... Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər... (Nisa surəsi, 142)

... Onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 5-6)

Allahın deyil, insanların razılığını güdürlər

Münafiqlər namazda olduğu kimi, əməlləri ilə də Allahı deyil, möminlərə razı salmağa çalışırlar. Özlərini təqvalı (Allahın hədlərini qoruyan) göstərmək üçün şişirdilmiş hərəkətlərə əl atırlar. Özlərini ön plana çıxarmağa, gördükləri işi hamıya eşitdirib möminlərin gözündə "xal" toplamağa çalışırlar. Quranda münafiqlərin bu qeyri-səmimi davranışları belə vurğulanır:

Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır. (Tövbə surəsi, 62)

Münafiq imanında səmimi olmadığı üçün etdiyi yaxşılığın gizli qalmasından çox narahat olur. Etdiklərinin çox adamın bilməyini istəyir ki, möminlərin təqdirini qazana bilsin. Tək məqsədi odur ki, özünü önə çıxararaq insanlar arasında yer tutub etibar qazansın. Unutmaq olmaz ki, münafiqlərin niyyəti səmimi olmadığı və Allahın razılığını istəmədikləri üçün əməllərinin qarşılığı axirətdə fərqli olacaq. Allah bir çox ayələrdə çalışıb boş yerə yorulanlardan, əməlləri puç olanlardan bəhs edir. Buna görə də bu cür əxlaq göstərənlər belə bir aqibətdən çəkinməlidirlər.

Mallarını nümayişkaranə xərcləyirlər

Münafiqlərin nümayiş üçün təqlid etdiyi ibadətlərdən biri də infaqdır. "İnfaq" Allah yolunda və Allah rizası üçün hər cür xərc çəkmək və bağışlamaq mənasına gəlir. Möminlər mallarını Allah rizası üçün xərclədikləri halda, münafiqlər bunu insanlar üçün edirlər. Allah Quranda münafiqlərin bu hərəkətlərini aşağıdakı ayə ilə xəbər verir:

Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! Məgər onlar Allaha və axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir. (Nisa surəsi, 38-39)

Lakin münafiqlərin insanlar üçün etdiklərinin Allah qatında qəbul edilmədiyi Quranda belə bildirilir:

De: "İstər könüllü, istərsəniz də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir qövm oldunuz!" Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər. (Tövbə surəsi, 53-54)

Ayələrdə münafiqlərin ibadətləri istəksiz və ya xoşlarına gəlmədiyi halda etdikləri xəbər verilir. Bu onların dünyada sıxıntı içində yaşamalarının səbəbidir. Onların əməllərinin hamısı nümayiş xarakteri daşıdığı üçün boşa getmişdir. Bundan başqa, Allah həmin səmimiyyətsiz insanların əsil üzlərini dilədikdə möminlərə də göstərir və nümayişlərini dünyada da boşa çıxarır. Belə vəziyyətdə münafiq insanların da razılığını əlindən çıxarmış olur.

Allah bir başqa ayədə nümayiş üçün infaq edənlərin ibadətlərinin əsassız olduğunu və Öz rizası üçün infaq edənlərin üzərindəki bərəkətini aşağıdakı nümunə ilə açıqlayır:

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 264-265)

Allah yolunda ciddi fədakarlıq göstərmirlər

Münafiqlər mallarını nümayiş üçün verər, amma heç bir zaman böyük məbləğdə infaq etməzlər. Gözdən pərdə asmaq üçün az məbləğ xərcləyərlər. Heç vaxt "Doğrudan da, Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır" (Tövbə surəsi, 111) ayəsində təsvir edilən möminə xas şəkildə davranmazlar.

Möminlər yuxarıdakı ayə əsasında lazım olduqda bütün imkanlarını Allahın razı olduğu xeyirli işlərdə istifadə etməkdən çəkinmirlər. Halbuki münafiq möminlərin yanına mənfəət üçün gəlir. Edəcəyi fədakarlıq isə Allah rizası üçün deyil, gələcəkdəki mənfəəti üçündür. Mömin görünüb az xərcləməklə möminlərin sahib olduğu daha böyük imkanlardan istifadə etməyi düşünür. Quranda onların bu xəsisliyinə belə diqqət çəkilir:

Onlardan: " Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!" – deyə Allaha əhd edənləri də vardır. Allah Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər. Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə Allah da onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı. (Tövbə surəsi, 75-77)

Münafiqlərin xəsis və eqoist xarakterinin əksinə olaraq, möminlər daim fədakarlıq edirlər. Çünki möminlər etdiklərinin qarşılığını Allahdan gözləyir və axirəti hədəf alırlar. Dünyanın keçici və yararsız olduğunu, dünyaya ancaq Allahın razılığını qazanmaq üçün gəldiklərini bilirlər.

MÜNAFİQLƏRİN XƏSİSLİYİ VƏ ÇİRKİN ƏXLAQI

ADNAN OKTAR: “Tövbə” surəsinin 98-ci ayəsində deyilir ki, bədəvilərdən elələri var ki, (yəni cahillər) infaqı, yəni Allah üçün verdiyi pulu və ya malı cərimə sayırlar. Yəni cəza kimi, bəla kimi görürlər. “Sizə bir bədbəxtlik üz verməsini gözləyir”: Yəni demək istəyir ki, mən onlara pul verdim, mal verdim, amma peşmanam. Kaş bunlara bədbəxtlik üz verəydi, həlak olaydılar, haşa. Guya müsəlmanlara bəlanın gəlməsi üçün tədbir alırlar, məsələn, küfrlə, müna fiqlərlə əlbir olurlar. Allah cavab olaraq buyurur ki, “bədbəxtlik onların öz başlarına gələcək, Mən onların bəlasını verəcəyəm”. Çünki fəlakəti, bədbəxtliyi Allah meydana gətirir. “Tövbə” surəsinin 98-ci ayəsində deyilir ki, Allah eşidəndir, biləndir. “Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”: Məsələn, müsəlman Allah yolunda bir şey infaq edəndə bununla iftixar edir, ürəyi açılır. Yəni demir ki, mən bunu verdim, adımı divara yazın, mərmərə həkk edin. “Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”: Bunlar həqiqi müsəlmanlardır. “Allaha və axirət gününə inanmayan”: Baxın, Allaha da inanmır, axirətə də inanmır. “Özünü camaata göstərmək məqsədilə xərcləyən”: Bir qismi Allaha inanmır, Peyğəmbərə də inanmır, amma malını özünü göstərmək üçün xərcləyir. Məsələn, hər hansı uşaq evinə verir, xeyriyyə təşkilatına verir və s. “Sədəqələrinizi özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin”: Yəni Allah deyir ki, o zaman qəbul edilmir. “Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır”: Qayanın üstündə torpaq olanda yağış onu yuyub aparır. Elə deyil? Heç bir şey qalmır. Allah da buyurur ki, verdiklərinin heç bir mənası olmur. “Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz”: Allah buyurur ki, Mən kafirlərə hidayət vermirəm. Qazandıqlarını da onsuz Allah onlara verir. O mal özlərinə aid deyil. Onlar o malın özlərinin olduğunu deyir, lakin mal Allahındır. Çünki mal beyində bir görüntüdür. Allah o malı ona görüntü kimi verir. O da elə zənn edir ki, mal, həqiqətən, var. Halbuki maddə xaricdə şəffafdır. Atomun quruluşuna görə, maddə şəffaf və qaranlıqdır. Bunu dinsiz elm adamları deyir, dindar olanlar da deyir, hamının bildiyi şeydir.

“Allahın Elçisi yanında olanlara bir şey verməyin”: Yəni evinizi, malınızı qətiyyən verməyin. “Sonda dağılıb getsinlər”, – deyir. Yəni bu camaatı mütləq dağıdın, Allah üçün xidmət etməsinlər. “Halbuki göylərin və yerin xəzinələri Allahındır”: Allah deyir ki, bütün xəzinələr mənə aiddir. “Ancaq münafiqlər anlamır”, – deyir. Axmaq olduqları üçün onu öz malı zənn edir, başı da işləmir. Onu Allahın yaratdığının fərqində deyil. Ona həvəslə yiyələnib fitnə çıxarmağa çalışır. “Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz”: Allah yolunda malınızı, mülkünüzü xərcləməyə çağırılırsınız. “Aranızda isə simiclik edənlər də tapılır”: Heç bir şey vermək istəmir. “Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar”: Allah deyir ki, özünə zərər verər. “Allah zəngin, siz isə kasıbsınız”: Çünki insanın heç bir şeyi yoxdur. Beyninin içində, çox xırda bir yerdə görüntüyə tamaşa edir. Fabriki beyninin içində bir görüntüdən ibarətdir. Allah yuxu kimi bir görüntü meydana gətirir. “Bu, mənim fabrikimdir”, – deyir. Gözünü yan tərəfdən sıxdıqda fabriki hərəkət etməyə başlayır. Sağa-sola tərpənir. Çünki beyninin içində bir görüntüdür. Əgər fabrik varsa, gözünü sıxanda niyə tərpənsin ki? Pulu, var-dövləti Allah tərəfindən yaradılır. “Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz”: Yəni əgər dindən, imandan uzaqlaşıb müsəlmanlarla dost olmasanız, Allah yerinizə başqa insanlar gətirər. “Başqa adamlar gətirərəm”, – deyir Allah. Yəni o qədər önəmli deyil, heç önəmli deyil. “Sizin tayınız olmayanlar”, – deyir Allah. Yəni o qədər önəmli deyil. Allah deyir ki, onlar sizin tayınız deyillər.

Baxın, Allah deyir ki, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız (Ali-İmran surəsi, 92). Sevdiyi şeyləri paylamalıdır. Ayənin davamında deyilir ki, sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. “Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin”: Baxın, qazandığınızın yaxşı olanından, yəni pis paltar, pis yemək, bəyənmədiyiniz hər hansı bir şey deyil. Allah deyir ki, öz bəyəndiyinizdən verəcəksiniz. “Sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin”: Baxın, Allah buyurur ki, Mən bitirirəm, mənə aiddir. Buyurur ki, onu Allah üçün infaq edin, paylayın. “Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın”: Yəni xarab olan, pis, xoşagəlməz şeyləri verməyə çalışmayın, bu, haramdır. “Xərcləməyə çalışmayın” nə deməkdir? Bu, möhkəm hökmdür, haramdır. “Bilin ki, Allah zəngindir, tərifəlayiqdir”: Çünki mal onsuz da Allaha aiddir. (“Kanal Urfa”, 26 dekabr 2009-cu il)

Acgöz və eqoistdirlər

Münafiqlər Allah yolunda ciddi fədakarlıq etmir və mümkün qədər möminlərdən yararlanmağa çalışırlar. Allahın rizasını axtarmadıqları üçün müntəzəm olaraq kiçik mənfəətlərin dalınca qaçırlar. Buna görə də möminlərin fədakar və nəcib davranışlarının əksinə olaraq acgöz və eqoist olurlar. Quranda münafiqlərin möminlərdən faydalanmaq istəklərindən belə bəhs olunur:

Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. Kaş ki onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: "Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik", – deyəydilər. (Tövbə surəsi, 58-59)

Ayədəki "Allah bizə yetər" sözü möminlərin düşüncəsindən xəbər verir. Mömin etdiklərinin qarşılığının axirətdə olacağını bilir. Allah onu cənnəti və rəhməti ilə mükafatlandıracaq. Buna görə də dünyadakı kiçik mənfəətlər üçün acgözlük etmək, Peyğəmbərə və möminlərə müxalif olmaq möminə əsla yaraşmaz. Mömin aşağıdakı ayənin hökmünə girməkdən çox narahat olar:

Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)

Digər tərəfdən, mömin Allahın ona lazım gəldikdə dünyada da böyük nemətlər verəcəyini bilir. Münafiq isə Allahdan və rəhmətindən xəbərsiz olduğu üçün ancaq kiçik və bəsit mənfəətlərin ardınca qaçır və beləliklə, özünü alçaldır.

Gizli toplantılar təşkil edib möminlərə qarşı plan qururlar

Əgər mömin topluluğunda birdən çox münafiq varsa, onlar bir-biriləri ilə gizli əlaqə qurar və Quranda xəbər verildiyi kimi, gizli söhbətlər təşkil edərlər.

Möminlərin arasında gizlənməyə çalışan münafiq qısa müddət ərzində kimlərin özü ilə eyni xasiyyətdə olduğunu hiss edir. Çünki digərləri də özü kimi fədakarlıqdan qaçan, sevgidən uzaq olan təkəbbürlü şəxslərdir. Mömin topluluğunda başqalarının da özü kimi olduğunu anlayan münafiq onlara yaxınlaşıb qrup qurur, beləliklə də, möminlərdən uzaq durub birləşirlər. Çünki möminlərin yanında rahat olmurlar; möminlər onları Qurana uyğun olmayan hərəkətlərə görə davamlı xəbərdar edib fədakarlığa çağırırlar. Ancaq ibadətlərində axsaqlıq edən və mənfəətini qoruyan başqa münafiq şəxslərin yanında çox rahat olurlar. Münafiqlərin bir araya gəlib gizli söhbət təşkil etmələri Quranda bildirilmişdir. Gizli toplantılarda münafiqlər möminlər və Peyğəmbər haqqında fitnəkar söhbətlər edirlər. Quranda onların bu hərəkətlərindən belə bəhs edilir:

Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?" – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8)

Allah gizli söhbətlərdən xəbər verən başqa bir ayədə həmin toplantıların gecə vaxtı olduğunu bildirir:

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Başqa bir ayədə isə Allah münafiqlərin həmin əməllərini şeytandan olduğunu belə xəbər verir:

Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır... (Mücadilə surəsi, 10)

Münafiqlərin bir qismi möminlərin arasında kamuflyaj olunmağa çalışıb onlardan inkarçılara xəbər aparır. Çünki inkarçılar möminləri özlərinə düşmən bilirlər, lakin möminlərin arasındakı ittifaq səbəbi ilə onlara zərər verə bilmirlər. Belə vəziyyətdə möminlərin yanındakı münafiqlərə hədiyyə verib bunun qarşılığında onlardan möminlər barədə məlumat toplayırlar.

Peyğəmbərimizin dövründə də eyni şeyləri edən münafiqlərin bu hərəkəti "...İçinizdə onlara xəbər daşıyanlar da var. Allah zalımları tanıyır" (Tövbə surəsi, 47) ayəsi ilə xəbər verilmişdir. Quranda münafiqlərin bu xüsusiyyəti "başqa bir topluluq adından qulaq asmaq" kimi ifadə edilir. Allah ayədə belə buyurur:

Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır... (Maidə surəsi, 41)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Yaradılış Həqiqəti 2/2
  • Yaradılış Həqiqəti 1/2
  • Giriş
  • Münafiqlərin Əsas Xüsusiyyətləri
  • Möminləri Aldatmaq Üçün Göstərdikləri Cəhd
  • Münafiqlərin Ağılsızlıqları
  • Fitnəkar Xüsusiyyətləri
  • Möminlərə Qarşı Fəaliyyətləri
  • Allah Münafiqləri Ortaya Çıxarıb, Onlara Əzab Verəcək
  • Təkamül Yalanı