Möminlərə Qarşı Fəaliyyətləri

Münafiqlər öncə də qeyd etdiyimiz kimi, çətin anlarda fitnə-fəsad çıxarmağa çalışırlar. Lakin möminlər əleyhində fəaliyyətləri bununla məhdudlaşmır. Münafiqlər çox vaxt möminlərdən ayrıldıqdan sonra da fitnəkarlığa davam edirlər. Quranda Allah münafiqlərin bu xüsusiyyətini "Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar" (Nisa surəsi, 91) ayəsi ilə xəbər verir.

Möminlərdən ayrılandan sonra öz aralarında əlbir olmağa davam etmək münafiqlərin əsas xüsusiyyətlərindəndir. Fitnə-fəsad çıxarmaqla möminlərdən ayrılıb yenə müsəlman kimi görünmək və ikiüzlülüyə davam etmək daha da təəccüblüdür. Bunun əsas səbəbi əvvəl də vurğuladığımız kimi, onların münafiqliyi qəbul etməməsidir. Heç bir münafiq səmimi şəkildə:"Allahın rizasını qazanmağa çalışan müsəlmanlar arasında fitnə çıxardım. Buna görə də ikiüzlü saxtakaram, əslində, Allaha inanmıram", – deməz. Səmimi möminlərlə birlikdə olmasa da, özü kimi başqalarını ətrafına toplayıb qrup yaradar və müsəlman kimi görünməyə davam edər. Əslində isə ən böyük din düşmənidir.

Quranda münafiqlərin Peyğəmbərimizdən və yanındakı möminlərdən ayrıldıqdan sonra yeni məscid qurduqlarından bəhs edilir. Tarixi kitablarda bu məscidin adının "Dirar məscidi" olduğu bildirilir. Onların belə iş tutması diqqəti çox cəlb edir. Dindən ayrılsalar da, müsəlman görünüşlərini qorumağa davam etmişdilər. Münafiqlərin həmin məscidi ilə Peyğəmbərimizin təqva üzərinə qurulan məscidi Quranda belə müqayisə edilir:

Zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"(– deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir. Binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah biləndir, müdrikdir. (Tövbə surəsi, 107-110)

Ayələrdə də xəbər verildiyi kimi, münafiqlər məscid qurub möminlərə qarşı çıxanlarla əlbir olurlar və onlara zərər verməyə çalışırlar. Bu məscidi quran münafiqlər nə qədər: "Biz yaxşılıqdan başqa heç nə istəmirik" , – desələr də, həqiqətdə niyyətləri pisdir. İki məscidi ayıran əhəmiyyətli fərq möminlərin məscidinin təqva, yəni Allah qorxusu və rizası üzərinə qurulmasıdır. Möminlərə düşmənçilik üzərində qurulan münafiqlərin məscidi isə ayədə bildirildiyi kimi, cəhənnəmə yuvarlanacaq uçurumun kənarındadır. Peyğəmbərimizin dövründə yaşamış münafiqlərin bu məsciddən istifadə edərək davam etdirdikləri fitəni aşağıdakı kimi sadalaya bilərik:

Möminlərdən intiqam almağa çalışırlar

Möminlərə qarşı kin və nifrət bəsləmək münafiqlərin onlardan ayrıldıqdan sonra bir yerə toplaşmalarının başqa bir səbəbidir. Əvvəlki səhifələrdə münafiqlərin arasında möminlərdə olduğu kimi, sevgi və hörmətin olmadığından, tam əksinə, ayədəki ifadə ilə desək, qəlblərinin parça-parça olduğundan bəhs etmişdik. Onların bir yerdə olmalarının səbəbi möminlərə qarşı kin bəsləmək və intiqam almaq həvəsləridir. Çünki onların arasında olduqları müddət ərzində möminlər onları xəbərdar etmiş, xətalarını söyləmiş, ikiüzlülüklərini üzlərinə vurmuş və əməllərindən üz döndərmədikləri təqdirdə, cəhənnəmlə qarşılıq görəcəklərini bildirmişlər. Lakin münafiqlər təkəbbürlərindən möminlərin göstərdiyi gözəl əxlaqı təqdir edə bilməmiş, onlara qarşı kin və düşmənçilik bəsləmişlər.

"Tövbə" surəsinin 74-cü ayəsində Allah "onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir"ifadəsi ilə münafiqlərin möminlərdən intiqam almaq istədiklərinə diqqət çəkir. Amma onların bu cəhdi boşdur. Allah hiylələrini pozmuş və onları daha da alçaltmışdır.

Münafiqlərdə həm də intiqam həvəsi ilə möminləri yaxından izləmək xüsusiyyəti də var. Möminlərin başına pis iş gəlməsini, onların ziyan çəkməsini arzu edirlər. Quranda bu həqiqət belə ifadə edilir:

Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

Möminlərə qarşı inkarçılarla əlbir olurlar

Münafiqlərin möminlərdən intiqam almaq üçün əl atdıqları üsullardan biri də inkarçılarla əlbir olmaqdır. Quranda münafiqlərin inkarçılara güvənib onlarla dost olduqlarına belə diqqət çəkilir:

Münafiqlərə müjdə ver ki, onlar üçün üzücü bir əzab vardır. Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 138-139)

Peyğəmbərimizin dövründə də münafiqlər bu xüsusiyyətləri göstərmişdilər. Bununla yanaşı, möminlərə hücum edən inkarçılara dəstək vermiş, onlara möminlər haqqında bilgi vermiş və möminlərə hücum etmək üçün onları təşviq etmişdilər. Bu barədə Quranda belə xəbər verilir:

Münafiqlərin, kitab əhlindən kafir olan qardaşlarına: "Əgər siz qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!"– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir. (Həşr surəsi, 11)

Əgər onlar qovulsalar, (münafiqlər) onlarla birlikdə çıxıb getməz, (müsəlmanlar) onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz. (Həşr surəsi, 12)

Münafiqlərin inkarçılara möminlər haqqında məlumat ötürmələri başqa bir ayədə belə deyilir:

Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: "İman gətirdik!"– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar (haqqı dərk etdikdən) sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: "Əgər sizə bu (dəyişdirilən hökm) verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!" Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə surəsi, 41)

Münafiqlər, beləliklə, inkarçıların möminlərə qalib gələcəyini və bu minvalla intiqamlarını da alacaqlarını zənn edirlər. Halbuki çox yanılırlar. Çünki ayələrdə bildirildiyi kimi, bütün güc və qüdrət Allahındır və Allah möminlərin dəstəkçisidir. Münafiqlərin və inkarçıların möminlərə qarşı təşkil etdikləri hücum və hiylələr Allahın yardımı ilə möminlərə zərər verə bilməz.

Möminləri ləkələməyə çalışırlar

Peyğəmbərimizin dövründə möminlərə iftira və böhtan atmaq münafiqlərin əl atdığı əməllərdən biri idi. Münafiqlər möminləri ləkələdikcə özlərini təmizə çıxaracağını sanmış, bu yolla onlardan ayrılıb düşmənçilik etməyi bir növ labüd hala gətirməyə çalışmışdılar. Elə zənn etmişdilər ki, inkarçılara möminlər haqqında yalanlar uydurmaqla onların etibarını azaldacaqlar. Quranda münafiqlərin bu əxlaqsız xüsusiyyətindən də bəhs edilir. Peyğəmbərimizin (səv) zövcələrinə iftira atdıqları "dilləri ilə sizə pislik edərlər" (Mümtəhinə surəsi, 2) ayəsi ilə xəbər verilərək onların bu yönünə də diqqət çəkilir.

Bundan başqa, Quranda münafiqlərin möminlərə istehza etdikləri xəbər verilir:

Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları sarsıdıcı bir əzab gözləyir. (Tövbə surəsi, 79)

Möminləri öz cərgələrinə qatmağa çalışırlar

Münafiqlər möminlərdən ayrıldıqdan sonra "məscid" qurmuşdular. Möminlərə iftira atmaq və inkarçılarla əlbir olmaqla yanaşı, bir də möminlərin yanındakı yeni adamları münafiq edib öz aralarına qatmaq istəmişdilər.

Belə ki, münafiqlər mömin topluluğunda imanı zəif olanlara yanaşırdılar. Vəsvəsəyə açıq olduğunu düşündükləri şəxsləri də fitnəyə salmağa çalışırdılar. Bu işi ən çox möminlər çətinliklə üzləşdikdə edirdilər. Allah bunun haqqında bir ayədə belə buyurur:

Allah aranızdan çəkindirənləri və öz qardaşlarına: "Bizə qoşulun!"– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar. (Əhzab surəsi, 18)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Yaradılış Həqiqəti 2/2
  • Yaradılış Həqiqəti 1/2
  • Giriş
  • Münafiqlərin Əsas Xüsusiyyətləri
  • Möminləri Aldatmaq Üçün Göstərdikləri Cəhd
  • Münafiqlərin Ağılsızlıqları
  • Fitnəkar Xüsusiyyətləri
  • Möminlərə Qarşı Fəaliyyətləri
  • Allah Münafiqləri Ortaya Çıxarıb, Onlara Əzab Verəcək
  • Təkamül Yalanı