Möminlər arasında fitnə çıxarmağa çalışmaq münafiqlərin ən əsas xüsusiyyətlərindən biridir. "Fitnə" möminlərin birliyini, həmçinin Allah, Qurana və Peyğəmbərə olan sədaqətini pozmağa çalışılan hər cür danışıq və hərəkətdir. Münafiqlər yanlış yol tutduqlarına görə möminləri də bu yanlışlığa təhrik edirlər. Bunu etmək üçün xüsusilə çətin mühitləri fürsət kimi görürlər. Halbuki bu hədəflərinə heç vaxt çata bilməzlər. Çünki münafiqlərə möminlərin əleyhinə yol verməmək Allahın qanunudur.
Münafiqlər müsəlman adı altında özlərini sezdirmədən şeytana qulluq edirlər. İman gətirənləri azdırıb öz arxasınca sürükləmək şeytanın məqsədi olduğu kimi, münafiq də eyni düşüncə ilə müsəlmanların arasında fitnə çıxarıb onların haqdan üz çevirmələri üçün çalışır.
Möminlərin olduğu yerdə daim şövq və həyəcan vardır. Bir yerə toplaşdıqda hadisələrin xeyir yönündən bəhs edir, Allahın vədlərini müjdələyir və faydalı söhbətlər edirlər. Bununla yanaşı, qədərin şüurunda olduqları da danışıqlarına əks olunur. Məsələn, təhlükədən və ya hər hansı mənfi hadisədən bəhs etdikdə bunun qədərdə olduğunu və xeyirlə yaradıldığını səmimi şəkildə qeyd edirlər. Münafiqlərdə isə bunun tam əksi olur və "kaş bunu etməyəydik", "çox pis oldu" kimi ifadələr işlətməklə qəlblərindəki xəstəliyi danışıqlarında da gizlədə bilmirlər. Bu isə onların Allahın gücünü təqdir edə bilmədiklərindən qaynaqlanır.
Münafiqlər bu üslubla səmimi müsəlmanlara vəsvəsə verməyə çalışırlar. Allah möminləri bu təhlükəyə qarşı xəbərdar etmiş və Quranda vəsvəsə verənlərin şərindən belə bəhs etmişdir:
De: “Pənah aparıram insanların Rəbbinə; insanların ixtiyar sahibinə; insanların tanrısına; vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən – o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da! (Nas surəsi, 1-6)
Münafiqlər sinsi xüsusiyyətlərini çətin anlarda büruzə verirlər. Təqvalı müsəlmanları yoldan çıxartmaq üçün başqa münafiqlərlə planlar qurub gizli işlər görürlər. Belə ki, inkarçılarla əlbir olmaqdan belə çəkinmirlər. Ancaq onlar unudurlar ki, onların bütün hərəkətləri qədərdə öncədən müəyyən edilmişdir və Allah onların əməllərinə şahidlik etmişdir. Rəbbimiz "Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir"(Nisa surəsi, 141)ayəsi ilə münafiqlərin cəhdlərinin heçə çıxacağını xəbər vermişdir. Bir başqa ayədə isə Allah möminlərin daim qalib gələcəyini belə vurğulayır:
Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)
Münafiq gücsüz kimi gördükləri vaxtlarda möminləri sədaqətsizliyə, xainliyə və ümidsizliyə sürükləmək istəyir. Buna görə ətrafındakıları hiyləgərliklə özünə tərəf çəkməyə çalışır. Bunu edərkən iftira atmaq münafiqin əl atdığı yollardan biridir.
Quranda münafiqlərin "Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir" (Əhzab surəsi, 12) və "Bunları öz dinləri aldatdı!" (Ənfal surəsi, 49) kimi ifadələrlə iman gətirənlərə vəsvəsə verməyə çalışacaqları xəbər verilmişdir. Münafiqlər möminlərin fərqində olmadığı həqiqətləri ağılsızcasına guya özlərinin bildiyini düşünürlər. Bunun bir nümunəsini Quranda xəbər verilən münafiq Samirinin "Mən onların görmədiklərini gördüm"(Taha surəsi, 96) sözü ilə hz.Musa qövmünü azdırmağa çalışmasında görə bilərik.
Münafiqlərin çətin anlarda fitnə çıxarmalarının bir səbəbi də odur ki, onlar belə vaxtlarda rahat hərəkət etmək fürsəti tapırlar. Samiri fitnəni yalnız hz.Musanın olmadığı və qövmünün yönləndirilməyə uyğun hala gəldiyi mühitdə çıxarmışdır. Doğru yoldan azan qövmün: "Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!" (Taha surəsi, 91) -deməyi münafiqlərin fitnə çıxarmaq üçün qarışıq və çətin mühitlərə fürsət kimi baxdıqlarının əhəmiyyətli dəlilidir.
Hz.Muhəmmədin dövründəki münafiqlərin də Peyğəmbərimizin və yanındakı möminlərin güclü olduğu müddət boyu fitnə çıxarma bilmədikləri çox diqqət çəkicidir. Quranda münafiqlərin savaş mühitində möminlərin arasını vurmaq üçün qarışıqlıqdan istifadə etdikləri belə bildirilir:
Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: "Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir", -deyirdilər. (Əhzab surəsi, 11-12)
Münafiqlərin bu sözləri onların dinə baxışlarını özündə əks etdirir. Çünki mömin topluluğuna gəlib onlar kimi davranmaqla dünyəvi mənfəət əldə etmək istəmişdilər. Lakin qarşıya çıxan çətinlik onlara sıxıntı vermiş və əməklərinin heçə getdiyini düşünmüşdülər. Buna görə də ətrafdan gələcək reaksiyaları düşünüb möminləri də öz qorxularına ortaq etməyə çalışmışdılar. Peyğəmbərimizin dövründəki münafiqlərin belə təkliflərini xəbər verən bir ayə belədir:
Onlardan bir dəstə demişdi: "Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!" (Əhzab surəsi, 13)
Buna qarşılıq olaraq möminlərin göstərməli olduğu davranış Quranda belə bildirilir:
Möminlər müttəfiqləri gördükdə: "Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!"– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu, ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 22-24)
Münafiqlərin fitnə çıxarmaq cəhdləri müxtəlif vaxtlarda ola bilər. Quranda Peyğəmbərimizin dövründə yaşayan münafiqlərin bu yöndəki əməllərinə diqqət çəkilən ayə belədir:
Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: "Bu istidə döyüşə çıxmayın!"– dedilər. De: "Cəhənnəm odu bundan da hərarətlidir!" Kaş anlayaydılar. (Tövbə surəsi, 81)
Peyğəmbərimizin qövmündəki bəzi münafiqlərin riskə girəcəklərini sezdiklərində lap əvvəldən möminlərdən ayrıldıqları Quranda xəbər verilmişdir. Bu ayrılıq möminlər üçün həqiqətdə böyük rəhmətdir, çünki Allah möminləri bu minvalla fitnəkarlardan uzaqlaşdırmışdır. Bu barədə Quranda belə buyurulur:
Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır. Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı. (Tövbə surəsi, 47-48)
Münafiqlər çətin və sıxıntılı durumlarda möminləri tərk edib öz mənfəətlərini qurtarmağa çalışırlar. Lakin ayrılarkən də ikiüzlülük edib özlərini haqlı çıxarmağa cəhd göstərirlər. "Bizə zərər toxunmasından qorxuruq, Allaha təvəkkül edə bilmirik", – deməzlər. Bunun yerinə bəzi ağılsız bəhanələr irəli sürürlər. Peyğəmbərimizin dövründəki yaşamış münafiqlərin önə sürdüyü bəhanələrin bəziləri Quranda belə bildirilir:
İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: "Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!"– deyildi. Onlar: "Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik", –dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali-İmran surəsi, 166-167)
Geri qalan bədəvilər sənə: "Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!"– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. De: "Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?" Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth surəsi, 11)
... İçərilərindən bir qismi isə: "Evlərimiz nəzarətsiz qalıb"– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər.(Əhzab surəsi, 13)
Göründüyü kimi, münafiqlərin irəli sürdüyü bəhanələr " savaşmağı bilmirik" , " ailəmizi qorumaq məcburiyyətindəyik" kimi çox ağılsız ifadələrdən ibarətdir. Fəqət Allah onların durumunu " qəlblərində olmayanı ağızları ilə deyirlər" (Ali-İmran surəsi, 167) şəklində xəbər verir. Üstəlik bunu deyəndə Allaha da and içirlər. Bu haqda başqa bir ayədə belə bildirilir:
... Onlar: "Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!"– deyə Allaha and içəcəklər... (Tövbə surəsi, 42)
Onların yalanlarından bəhs edən başqa bir ayədə isə belə deyilir:
... O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı düşməndir. (Bəqərə surəsi, 204)
Münafiqlər tarix boyu eyni yalanlarla ortaya çıxıblar. Bu yalanlarını nə qədər doğru göstərməyə çalışsalar da, Allah onların səmimi olmadıqlarını bir çox nümunə ilə əvvəlcədən bildirmişdir.
Bu bəhanələrin əsas səbəbi imanlarının zəif olması və qəlblərindəki xəstəlikdir. Çünki Allaha və axirət gününə qəti iman gətirən müsəlman əsla belə davranmaz. Hətta möminlər imanlarından irəli gələn şövq və həyəcanla hər cür çətinliyə razı olurlar. Allahdan başqa heç kimdən və heç bir təhlükədən qorxmadan Allah üçün yaşayırlar. Münafiqlərin bu davranışına Peyğəmbərimizin dövründə yaşanan bir hadisə ilə belə nümunə verilir:
... Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər... (Nisa surəsi, 77)
Ayədə bildirildiyi kimi, münafiqlər insanlardan o qədər qorxurlar ki, bu onların Allahın əmrinə açıqcasına üsyan etmələrinə səbəb olmuşdur. Lakin qaçmaq onlara qətiyyən fayda verməz. Dünyada çətinlikdən qaçmaqla ağıllı davrandıqlarını düşünürlər, halbuki sonsuz axirət həyatını görməzlikdən gəldiklərinə görə çox şey itirirlər.
Möminlərin arasında yalan xəbər yaymaq münafiqlərin başqa fitnəkar xüsusiyyətlərindən biridir. Münafiqlər möminlərin əleyhində kimi görünən hər hansı bir şeyi şişirdib fəlakət dərəcəsinə çatdırır, sonra onu müsəlmanların arasında yayırlar. Bununla möminlər arasında narahatlıq və qarışıqlıq meydana gətirməyə çalışırlar. Quranda münafiqlərin bu çirkin əməllərindən belə bəhs edilir:
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (Nisa surəsi, 83)
Onların yalan və iftiralarına qarşı möminlərin necə davranmalı olduğu Quranda Peyğəmbərimizin dövründə yaşanmış bir hadisədən bəhs edilərkən belə bildirilir:
Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"– demədilər? (Nur surəsi, 11-12)
Münafiqlər hər şeydə olduğu kimi, fitnə çıxaranda belə ikiüzlü davranırlar. Pis əməllərini yaxşı niyyətlə etdiklərini iddia edirlər. Əslində, münafiqlərin məqsədləri insanları şübhəyə salmaq, onların şövqünü qırmaq, fitnə çıxarmaq və onların gücünü zəiflətməkdir. Onlardan soruşduqda isə bunu yaxşı niyyətlə etdiklərini deyirlər. Fəqət Allah Quranda münafiqlərin səmimi olmadıqlarına belə diqqət çəkir:
Onlara: "Yer üzündə fəsad törətməyin!"– deyildiyi zaman: "Biz ki, ancaq xeyirxahlıq edənlərik!"– deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma başa düşmürlər. (Bəqərə surəsi, 11-12)
Zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"(– deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)