Quranda münafiqlərdən bəhs edən bütün ayələr üstün güc sahibi olan Allahın möminlərin arasındakı münafiqləri mütləq ortaya çıxaracağını göstərir. Münafiqlər nə qədər oyun oynayıb həqiqi üzlərini gizlətsələr də, Allahın dilədiyi zamanda möminlər tərəfindən mütləq tanınacaqlar. Çünki bu onların qədərində var. Allah onları bunun üçün yaratmış və imtahan məqsədilə möminlərin arasına qoymuşdur. Quranda münafiqlərin bütün xüsusiyyətləri və fəaliyyətləri xəbər verilmişdir. Münafiq nə etsə də, çirkin hərəkətlərinə davam etməlidir. Çünki qədərində yazılanlardan qaça bilməz.
Münafiqlərin ortaya çıxıb anlaşılması üçün çətin anlarda özlərini büruzə etməyə də ehtiyac yoxdur. Allah diləyərsə, möminlərə onları tanıyıb ikiüzlülüklərini təşxis etmək bacarığı verər. Belə bacarığı olan möminlər bəzən davranışını dəyişdirər deyə münafiq xarakterli şəxsə qarşı xoş davrana bilərlər. Bu minvalla münafiq elə düşünür ki, özünü gizlədə bilir. Lakin yanılır. Səmimiyyətsiz davranmaqda qərarlıdırsa, möminlər belə adamlardan üz çevirirlər.
Allah münafiqlərin gizli qalmayacağını Quranda belə xəbər verir:
Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq. (Muhəmməd surəsi, 29-31)
Ayələrdə bildirildiyi kimi, Allah münafiqləri üzlərindən və danışıqlarından möminlərə tanıda bilər. Münafiqin ikiüzlülüyü, tədirginliyi və narahatlığı üzünə və danışığına əks olunur. Onlar bunun qarşılığında dünya və axirətdə acı əzabla üzləşəcəklər.
Münafiqlər çıxardıqları fitnə-fəsadlara görə böyük əzaba layiqdirlər. Allahın təqdiri ilə bu əzab hələ dünyada ikən başlayır və ölümdən sonra cəhənnəmdə sonsuza qədər davam edəcək.
Hər şeydən əvvəl onu deyə bilərik ki, münafiqlər mənəvi əzab çəkirlər. Davamlı olaraq narahatlıq və qorxu içində yaşayırlar. Möminlərə qarşı etdiklərinin ikiüzlülük olduğunu, əslində, özləri də bilirlər. Buna görə də vicdani olaraq müntəzəm narahatlıq hissi keçirirlər. Bu narahatlıq ömürlərinin sonuna qədər davam edir. Bundan başqa, fitnə çıxardıqdan sonra da, əvvəl də davamlı qorxurlar. İkiüzlülükləri ortaya çıxarsa, möminlərin onları tanımasından qorxurlar. Onlardan ayrılandan sonra isə əməllərinə qarşılıq olaraq Allah onları qorxu içində yaşadır. Quran əxlaqını yaşayan insanların sayının çoxalması münafiqlərin qorxusunu daha da artırır. Çünki kiçik mənfəətlərindən dolayı möminlərdən ayrıldıqlarına görə Allaha iman gətirənlərin sayının çoxalması onlara böyük peşmançılıq verir. Buna görə də bəzi münafiqlər İslam əxlaqının yayıldığını gördükdə möminlər arasına girməyə və "biz də sizinlə idik" kimi sözlərlə onların müvəffəqiyyətindən özlərinə pay çıxarmağa çalışırlar. Quranda Peyğəmbərimizin dövründə yaşanan hadisələrdən və o dövrdəki münafiqlərin davranışlarından belə bəhs olunur:
Münafiqlərə müjdə ver ki, onlar üçün üzücü bir əzab vardır. Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 138-139)
Onlar sizə göz qoyurlar. Əgər Allahdan sizə bir qələbə gəlsə: "Məgər biz də sizinlə deyildikmi?"– deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: "Məgər biz sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?"– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir. (Nisa surəsi, 141)
Peyğəmbərimizin dövründəki münafiqlərin Peyğəmbərimizin qələbə çaldığı döyüşlərdə qənimətləri ələ keçirmək üçün səmimiyyətsizcə möminlərə yaxınlaşmağa çalışdıqları belə xəbər verilmişdir:
Siz qənimətləri götürməyə getdiyiniz zaman geri qalanlar: "Qoyun biz də sizin arxanızca gələk!"– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: "Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir". Onlar: "Xeyr, siz bizə həsəd aparırsınız"– deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır. (Fəth surəsi, 15)
Göründüyü kimi, münafiqlər möminlərin üstün gəldiyinə şahid olduqda yenidən onların yanına gəlmək istəmişdilər. Buna baxmayaraq, onlardan heç bir qarşılıq görməmişdilər. Əksinə olaraq, möminlər müzəffər olub güc qazandıqda münafiqlərin ikiüzlülüyünü hamıya xəbər vermiş və onlar beləcə dünyada da alçaldılmışdılar.
Münafiqlər fitnəkar əməllərinə görə əsil cəzalarını axirətdə alacaqlar. Axirətdə onlara ayrılan yer cəhənnəmin ən aşağı yeri, yəni əzabın ən çox olduğu yerdir. Quranda bu həqiqətdən belə bəhs olunur:
Həqiqətən, münafiqlər odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. (Nisa surəsi, 145)
Onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur – başın dərisini sıyırıb çıxaran (bir od). (O od) çağırır arxa çevirəni, üz döndərəni. (Məaric surəsi, 11-17)
Onlar orada inildəyəcək və (heç nə) eşitməyəcəklər. (Ənbiya surəsi, 100)
O gün günahkarları zəncirlənmiş görəcəksən. Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (İbrahim surəsi, 49-50)
Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! (Duxan surəsi, 43-48)
Münafiqlərin çəkəcəyi bu əzab ancaq etdiklərinin qarşılığıdır. Çünki onlar yalnız Allaha ibadət edən möminlərə düşmənçilik etmişdirlər. Yalan və hiylə ilə onları aldadıb yollarından döndərməyə çalışmışdılrar. Möminlərə qarşı inkarçılarla əlbir olmuş, müxtəlif iftiralar yaxmaqla yanaşı, onlara qarşı təşkil edilən bütün hiylələrə dəstək vermişdirlər. Təkrar olaraq yenə qeyd edək ki, çəkdikləri cəza həm dünyada, həm də axirətdə ancaq etdiklərinin qarşılığıdır. Bir ayədə buyurulduğu kimi:
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 44)