ŞEYTANIN MÖMİNLƏRİN İXLASINA MANE OLMAQ CƏHDİ

Şeytan qiyamətə qədər insanları Allah`ın yolundan ayırmağa və onları da özü ilə cəhənnəmə aparacağına and içən varlıqdır.

Şeytan onları üstələmiş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.

(Mücadilə surəsi, 19)

Ayədə ifadə edildiyi kimi, şeytan inkar edənlərin üzərində bu əməllərini reallaşdırmışdır. Onları əhatə etmiş, onlara Allah`ı unutdurmuş və onların üzərində mütləq hakimiyyət əldə etmişdir. Onlar bir mənada artıq şeytanın şəxsən özü, digər insanları da inkara, günaha və pisliklərə çağıran varlıqlar, yəni şeytanın firqəsi olurlar.

Əlbəttə ki, Allah`a ixlasla inanan şəxslər üçün vəziyyət çox fərqlidir. Buna görə də şeytanın mübarizə apardığı şəxslər Allah`a iman edən və həyatını Allah`ın razı olacağı şəkildə keçirməkdə qərarlı gördüyü insanlarladır. Şeytan inkar edənlərə birbaşa təsir edə bilir. Amma möminlər Allah`a qəti olaraq iman etdikləri üçün şeytan onlara belə təsir edə bilmir. Məsələn, Allah rizası üçün işləyib yorulmalarına əngəl ola bilmir. Quran əxlaqının hökmlərini yerinə yetirmələrinə, infaq edib namaz qılmalarına, yaxşılıq edib gözəl əxlaq göstərmələrinə, Allah`ı zikr etmələrinə, malları və canları ilə fədakarlıqla mübarizə aparmalarına mane ola bilmir.

Bu həqiqəti bilən şeytan iman edənlərə təsir etmək üçün daha hiyləgər üsullar axtarır. Allah`ın razılığını qazanmaq məqsədi ilə gördükləri işlərə birbaşa mane ola bilmədiyi üçün möminlərin niyyətinə təsir etməyə çalışır. Onları Allah`ın razılığından başqa hədəflərə yönəltməyə və bu şəkildə saf niyyətlə Allah`a yönəlmələrini əngəlləməyə cəhd göstərir. Quranda şeytanın bu mövzudakı qətiyyətinə aşağıdakı ayələrlə diqqət çəkilir:

Mən onları mütləq azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah`ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allah`ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 119-120)

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

Ayələrdə bildirildiyi kimi, şeytan müxtəlif üsullarla möminlərə təsir etməyə çalışır. Onların doğru bildiklərini səhv, yaxşı bildiklərini pis, gözəl gördüklərini çirkin, xeyir gördüklərini şər, şər gördüklərini isə xeyir kimi göstərməyə cəhd göstərir. Allah`ın razılığına uyğun bir iş görəcəkləri zaman qəlblərinə şübhə və vəsvəsə verməyə cəhd göstərir. Quran əxlaqına uyğun olmayan bir iş olduqda isə bunu bəzəyib cazibəli göstərməyə və möminləri bu işə cəlb etməyə çalışır.

Şeytanın firqəsi

Şeytan yuxarıda sadaladığımız əməllərini həyata keçirmək üçün bəzən inkarçılardan kömək istəyir. Onların ağzından öz təlqinlərini deyir, planlarını onların sözləri vasitəsilə dilə gətirir. Bu üsulla iman edənlərə yaxınlaşır.

Əlbəttə ki, şeytan bütün bunları edərkən iman edənlərə “Qurana tabe olmayın, Allah`ın razılığına uyğun davranmayın”, yaxud “mənə inanın” kimi ifadələrdən istifadə etmir. Əksinə, hiylə ilə, saxtakarlıqla və yalanla onları aldatmağa çalışır. Səmimi davranışlara mane olmağa, yaxşı olan hər şeydən uzaq tutmağa çalışır, müxtəlif vəsvəsələr verir. Şeytanın üsullarından biri də möminlər saf niyyətlə Allah`ın razılığını umaraq bir iş gördükdə, onları insanların razılığını axtarmağa yönəltmək üçün hiyləgərliklə vəsvəsə verir.

Məsələn, Allah`ın razılığını qazanmaq üçün fədakarlıq edən insanın niyyətinə başqalarının razılığını qazanmaq istəyi qatmağa çalışır. Bu fədakarlığını, cəhdini və etdiklərini dilə gətirməyini, özünü ucaltmağını, ön plana çıxarmağını təlqin edir. Halbuki, Allah rizası üçün edilən işdə insanın özü ilə öyünməsi ixlasa zərərli davranışdır. Çünki fədakarlıq edirsə, bunu Allah üçün edir, bunu insanlara bildirməsi doğru deyil. Onsuz da, Allah onu görür və eşidir. Amma şeytan bunun məsum hərəkət olduğunu təlqin edir. “Nə qədər gözəl əxlaqlı olduğunu, Qurana nə qədər uyğun hərəkət etdiyini dilə gətirsən, sənə daha çox güvənərlər, səni daha çox sevərlər” kimi düşüncə formalaşdırmağa çalışır. Əlbəttə ki, bunu istəmək olar, amma insanın bu nəticəni Allah`dan istəyib, bunu Allah`ın təqdirinə buraxması Quran əxlaqına daha uyğundur. Çünki əks halda, etdiyi işin riyakarlıqla ibadət etmək, özünü ön plana çıxarmaq, etdikləri ilə öyünmək kimi Quranda məqbul olmayan davranışların hökmünə girmə ehtimalı vardır. Bütün bunlar insanın səmimiyyətinə və ixlasına zərərli davranışlardır.

Şeytanın hiyləgər tələləri

Şeytan möminlərin ixlasına mane olmağa çalışır. Bu mübarizəsinə hz.Adəm ilə başlamışdır. Hz.Adəmə də eyni hiyləgər üsullarla yaxınlaşmış, ona da gözəl olanı çirkin, çirkin olanı da gözəl göstərməyə çalışmışdır. Quranda bildirildiyinə görə, şeytan hz.Adəm və yoldaşını Allah`ın əmrinə qarşı çıxmağa sövq etmiş, beləliklə də onların cənnətdən çıxarılmasına səbəb olmuşdur. Bu hadisə Quranda belə təsvir edilir:

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. (Bəqərə surəsi, 35)
Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” (Taha surəsi, 120)

Şeytan hz.Adəm və yoldaşının birbaşa Allah`ın əmrlərinə qarşı gəlmələrini söyləməmişdir. Çünki Allah`a iman edənlərin bu əmri yerinə yetirməyəcəkləri məlumdur. Buna görə də onları qane edəcək başqa üsullar tapmış və qadağan edilən ağacın meyvəsindən yedikləri təqdirdə, mələk olub əbədi həyata qovuşacaqlarını söyləmişdir. Onları bu yalanlara inandırmaq üçün Allah adına and içmişdir. Quranda iman edənlər şeytanın bu tip hiyləgər tələlərinə qarşı belə xəbərdar edilmişlər:

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)

Quranı rəhbər edənlər şeytandan gələ biləcək əsassız vəsvəsələrə, hiyləgər oyunlara qarşı çox tədbirlidirlər. Allah`ın əmr etdiyi ibadətləri qüsursuz şəkildə yerinə yetirməyə çalışırlar. “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsində xatırladıldığı kimi, şeytanın hiyləsi zəifdir. İman edənlər “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir. Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər” (Əraf surəsi, 200-201) ayələrində bildirildiyi kimi, onlara pıçıldayan bu səsin şeytana aid olduğunu anlayır və dərhal Allah`a sığınırlar. Allah`a sığındıqları anda isə hadisələri Qurana görə dəyərləndirib, doğru ilə yanlışı bir-birindən ayırırlar. Şeytanın bu cəhdi də möminlərin güclü imanı qarşısında tamamilə nəticəsiz qalır.

Quranın “Əslində, Mənim qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər” (İsra surəsi, 65) ayəsi ilə şeytanın Allah`a güvənən və hər işində Onu özünə vəkil tutanın üzərində təsirinin ola bilməyəcəyinə diqqət çəkilmişdir. Şeytanın təsiri “Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allah`a şərik qoşanlar üzərindədir” (Nəhl surəsi, 99-100) ayəsində ifadə edildiyi kimi, ancaq onu dost tutan və Allah`a şirk qoşan kəslər üzərindədir. Şeytanın Allah`ın ixlaslı və səmimi qullarına təsir edə bilməyəcəyi onun bu sözləri ilə də ifadə edilmişdir:

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Hicr surəsi, 39-40)

Buna görə də ixlaslı və səmimi möminlər şeytanın hiyləgər tələlərindən qorxub narahatlıq keçirmir. Çünki onlar iman edənlər üzərində şeytanın heç bir gücü olmadığını bilir və yalnız Allah`dan qorxurlar. Şeytandan qorxanlar isə onu dost tutan inkarçılardır. Bu həqiqət Quranda belə vurğulanır:

O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)

Allah Quranda şeytanın peyğəmbərlər də daxil olmaqla, bütün insanlara şübhə və vəsvəsə verməyə çalışacağını bildirmişdir. Bu ürəyində xəstəlik olanlarla gerçək ixlas sahiblərinin bir-birindən ayrılması üçündür. Elmli və ixlaslı şəxslər şeytanın bu vəsvəsələrindən təsirlənmirlər. Çünki şeytanın müstəqil gücü olmadığını, Allah`ın yaratdığını və tamamilə Allah`ın idarəsində olduğunu bilirlər. Şeytan, Allah istəmədikcə heç bir insanı doğru yoldan sapdıra bilməz, ixlasına zərər verə bilməz, pis yola sövq edə bilməz. Şeytandan vəsvəsə gəldikdə müsəlmanların Qurana imanı daha da güclənir. Bu həqiqət ayələrdə belə xəbər verilir:

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) (oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah biləndir, müdrikdir.

(Belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.

Qoy elm verilən kəslər bu (Kitabın) Rəbbin tərəfindən həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. (Həcc surəsi, 52-54)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İxlaslı insan necə olur?
  • Şeytanın möminlərin ixlasına mane olmaq cəhdi
  • İxlaslı olmağın yolları
  • İxlası zədələyən davranışlardan uzaq olmaq
  • Möminlərin gücü ixlasdan qaynaqlanır
  • Nəticə