MÖMİNLƏRİN GÜCÜ İXLASDAN QAYNAQLANIR

Allah`a və axirətə inanmayan insanların dostluqlarının bünövrəsini dünyəvi dəyərlər təşkil edir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinə dəstək olur və beləliklə, müştərək mənfəət əldə etməyə çalışırlar. Bu ittifaqa daxil olan şəxslər dostluqlarının qarşılıqlı güvən əsasında qurulmadığını, bu ittifaqın bəzi şərtlərə əsaslandığını bilirlər. Tərəflərdən birinin mənfəət gətirən xüsusiyyəti aradan qalxdığında ittifaq da pozulur. Bu vəziyyətdə zərərçəkən şəxslərin çətin vəziyyətdə qalması, yaxud dəstəyə ehtiyac duyması digər tərəfi maraqlandırmır. Çünki qurulan bu ittifaq yalnız güc birliyindən və mənfəət əldə etmək istəyindən ibarətdir. Buna görə də bu şərtlər yox olduğunda birliyin pozulması da çox təbiidir. Allah`ın: “… Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu, ona görədir ki, onlar ağlı kəsməyən adamlardır” (Həşr surəsi 14) -ayəsində insanlara xəbər verdiyi kimi, inkar edənlər hər nə qədər bir və ya həmrəy görünsələr də, bünövrələri dağınıqdır.

Buna görə də inkar edənlərin bu birliyi dağılmağa məhkumdur. İnsanlar arasında həqiqi birlik, gerçək dostluq və ittifaq təmin edən yeganə güc imandır. Hesab günündən qorxan imanlı insanlar bir yerə yığışıb axirətdə də sonsuza qədər davam edən möhkəm bir ittifaq qurarlar. Bir-birini heç bir gəlir, yaxud mənfəət gözləmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevir, Allah rizası üçün dost olur və Allah rizası üçün ittifaq qururlar. Təməli dünyada ən möhkəm qaynağa, Allah sevgisinə və Allah qorxusuna əsaslanan bu birliyin pozulub dağılması, Allah diləməzsə, heç bir şəkildə mümkün deyil.

İman edənlər “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” (Saff surəsi 4) ayəsində verilən nümunədə olduğu kimi, güc meydana gətirirlər. Başqa ayədə “…Allah`la qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allah`ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir” (Bəqərə surəsi 249) sözləri ilə ifadə edildiyi kimi, az sayda olsalar belə, iman və ixlasla milyonlara qalib gələcək şövq və iradə qazanırlar.

İxlaslı olduqları üçün Allah`ın köməyini və dəstəyini qazanırlar. Allah`ın: “…Möminsinizsə, üstün olacaqsınız” (Ali-İmran surəsi, 139) -ayəsi ilə bildirdiyi bu sirrə vaqif olduqları üçün fövqəladə müqavimət və qüvvət göstərirlər. Bu birliyi meydana gətirən şəxslərin hər biri Allah`dan qorxub çəkinirlər. Quran ayələrinə qeydsiz-şərtsiz tabe olurlar. Allah`dan başqa heç kimin razılığını axtarmayıb, Allah`dan başqa heç kimdən qorxmadıqları üçün hər biri sanki bir ordu kimidirlər.

Birliklərinin səbəbi ixlaslı olmalarıdır

Öz aralarında isə ixlasla Allah`ın razılığını axtardıqları üçün heç vaxt qarışıqlıq, anlaşılmazlıq, yaxud ixtilaf yaşamazlar. Çünki Allah`ın sözü birdir, Quran ayələri açıqdır. Bütün inananların Qurana qeydsiz-şərtsiz tabe olub Allah`ın razılığını qazanmağa çalışdıqları mühitdə uyğunlaşma və nizam meydana gəlir. Hər kəs ixlasla Allah`a, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə itaət etdiyi üçün bütün işləri asanlıqla həll olur. Dinin və inananların mənfəətini, qardaşlarının nəfsini öz nəfsindən üstün tutduqları üçün birlik və həmrəylik meydana gəlir. Bu birliyin meydana gəlməsi üçün müsəlmanların hər zaman bir yerdə olması lazım deyil. Bir-birindən uzaq olsalar da, fərqli ölkələrdə yaşasalar da, iman edənlər sarsılmayan mənəvi birlik əmələ gətirirlər.

Onlar dərin sevgi, hörmət və sədaqətlə bir-birinə bağlıdırlar. Buna görə də əsla rəqabət və ixtilafa yol vermirlər. Çətinlik, yaxud sıxıntı ilə qarşılaşsalar belə, Allah qorxusuna və ixlasa sahib olduqları üçün zəiflik, iradəsizlik göstərməzlər. Birində qüsur olsa, digərinin imanı və ixlası onu da o vəziyyətdən xilas edər. Davamlı olaraq bir-birinə yaxşılığı əmr edib, pislikdən çəkindirdikləri üçün getdikcə imanları, ixlas və gücləri artar. Məqsədi, cəhdi və duaları həmişə eyni olan ixlas sahiblərinin bu sarsılmaz güc və qüvvələrini Bədiüzzaman Səid Nursi belə bir nümunə ilə dilə gətirmişdir:

“… Çünki necə ki, insanın bir əli digəri ilə rəqabət etməz, bir gözü bir gözünü tənqid etməz, dili qulağına etiraz etməz, ürək ruhun ayıbını görməz. bəlkə bir-birinin nöqsanını tamamlayar, qüsurunu örtər, ehtiyacına kömək edər, vəzifəsinə kömək edər; yoxsa o insanın həyatı sönər, ruhu qaçar, cismi də dağılar. Necə ki, bir fabrikin çarxları bir-biri ilə rəqabət aparmaz, bir-birinin qabağına keçməyə çalışmaz, bir-birinin qüsurunu görərək tənqid etmək surəti ilə şövqünü qırmaz. Bəlkə bütün üstünlükləri ilə bir-birinin hərəkətini ümumi məqsədə istiqamətləndirmək üçün kömək edərlər, həqiqi bir həmrəylik və birlik ilə yaradılış məqsədlərinə doğru gedərlər. Əgər zərrə qədər hücum, zorbalıq qarışsa, o fabriki qarışdırar, nəticəsiz və meyvəsiz buraxar. Fabrik sahibi də o fabriki tamamilə qırıb-dağıdar. Ey Risaleyi-Nur tələbələri və Quranın xidmətçiləri! Sizlər və bizlər kamil insan adına layiq şəxsi-mənəvinin üzvləriyik... Və sonsuz həyatdakı əbədi xoşbəxtliklə nəticə verən bir fabrikin çarxları hökmündəyik... və sonsuz cənnətə Muhəmmədin ümmətini çıxaran Rəbbani gəmidə çalışan xidmətçilərik”.37

Bu nümunə möminlərin arasındakı birlik və bərabərliyi aydınlaşdırmaq üçün çox əhəmiyyətlidir. İxlası zədələyən bütün davranışlardan uzaqlaşdıqları üçün sarsılmaz mənəvi güc qazanırlar.

Bədiüzzaman möminlərin ixlasın sirrinə vaqif olmaqla necə qüvvət əldə etdiklərini izah edən başqa bir nümunə vermişdir:

“Əlbəttə, dörd fərddən min yüz on bir mənəvi qüvvət təmin edən ixlas sirrini qazanmaq ilə həmrəyliyə və həqiqətə inanmağa möhtacıq və məcburuq. Bəli, üç əlif birləşib etməzsə, üç qiyməti var. Rəqəmlərin sirri ilə birləşsə, yüz on bir edər. Dörd dəfə dörd ayrı-ayrı olsa, on altı edər. Əgər qardaşlıq sirri və birlik məqsədi və birləşmə vəzifəsi ilə bərabər gəlib bir xətt üstündə çiyin çiyinə versələr, o vaxt dörd min dörd yüz qırx dörd qüvvətində və qiymətində olduğu kimi... həqiqi ixlas sirri ilə on altı fədakar qardaşların qiymət və qüvveyi-mənəviyyəsi dörd mindən keçdiyinə, bir çox tarixi hadisəyə şahidlik edir.

Bu sirrin sirri budur ki: həqiqi, səmimi bir birlikdə hər bir fərd digər qardaşların gözü ilə də baxa bilər və qulaqları ilə də eşidə bilər. On birləşmiş adamın hər biri iyirmi gözlə baxan, on ağılla düşünən, iyirmi qulaqla eşidən və iyirmi əllə işləyən tərzdə mənəvi qiyməti və qüvvələri vardır”.38

İxlasın qazandırdıqları

İxlas iman edənlərə həm dünyada, həm də axirətdə sonsuz nemətləri qazanmaq üçün verilən böyük gücdür. Bədiüzzamanın da dediyi kimi, mühüm bir əsas, ən böyük güc, ən əhəmiyyətli dayaq nöqtəsi, ən yüksək xarakter və ən saf qulluqdur. Şübhəsiz ki, dünya və axirət həyatında nemətlərin ən böyüyü Allah`ın razılığıdır.

Allah`ın razılığını və məmnuniyyətini qazanmağın sirri isə ixlasdır. Allah: “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah`dan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah`ın rizası vardır”. Allah qullarını görür” (Ali-İmran surəsi 15) -ayəsi ilə qorxub-çəkinənlər üçün axirətdə ən xeyirli qarşılığın Allah`ın razılığı olduğunu müjdələmişdir. Möminlərin dünyadakı cəhdlərinin hədəfi də budur.

Rəbbimiz bir çox ayədə isə Allah`a və axirət gününə iman edib, əməlləri ilə Allah`a yaxınlaşmağa, elçinin duasını və bağışlanma diləklərini almağa çalışan ixlas sahiblərini rəhmətinə, cənnətinə qovuşduracağını müjdələmişdir. Ayələrdə belə buyurulur:

Bədəvilərdən eləsi də vardır ki, Allah`a və axirət gününə inanır, xərclə¬diyini Allah dərgahında yaxınlıq və Pey¬ğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhə¬mətinə qovuşduracaqdır. Hə¬qiqətən, Allah bağış¬layandır, rəhmlidir. Dində hamını ötüb ke¬çən ilk mü¬hacirlərə və ənsarlara, həm¬çinin yax¬şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı¬dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağ¬ları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi 99-100)

Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. “Bu, vəd olunduğunuz (cənnətdir). O, hər bir qayıdan, (nəfsini haramdan) qoruyan, Rəhmandan görmədən qorxan və haqqa dönmüş qəlblə gələn bəndə üçündür! (Qaf surəsi, 31-33)

Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)

Dünyada gözəl həyat

Allah sonsuz axirət nemətləri ilə yanaşı, dünya həyatında da ixlas sahiblərinə çox gözəl qarşılıq verir. “...Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Ona) üz tutan kimsəni isə doğru yola yönəldir” (Rəd surəsi, 27) ayəsində də bildirildiyi kimi, Allah Özünə yönələnə kömək edər və onu doğru yola çatdırar. Başqa ayədə isə Allah ixlas sahiblərinə olan dəstəyini və köməyini belə bildirmişdir:

Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Rəbbimiz ixlaslı insanlara dünyada da saysız-hesabsız nemətlər bəxş edir. Onları inkar edənlərin çətin, sıxıntılı və bərəkətsiz həyatından uzaqlaşdırır. Allah Quranda: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə, onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) -ayəsi ilə bildirdiyi kimi, onları gözəl həyatla yaşadır.

Saf niyyətlə Allah`a yönələn insan dünya həyatının bütün kədər və çətinliklərindən uzaqlaşır. Yalnız Allah`dan qorxduğu üçün təvəkküllü, rahat şəkildə yaşayır. Qınayanın qınağından qorxmadığı üçün dünya həyatına dair heç bir narahatlığı və sıxıntısı olmur. Sadəcə Allah`ın razılığını hədəf aldığı üçün heç kimin onu bədbinliyə salması mümkün deyil. Yalnız axirəti hədəf aldığı üçün dünya həyatının mal-mülkü onu maraqlandırmır. Mal-mülkünü artırmaq və onları itirmək qorxuya, narahatlığa səbəb olmaz. Hər zaman təvəkküllü, iradəli, səbirli və təvazökardır.

İxlaslı və səmimi şəkildə görülən işlər insanların razılığı, dünyəvi mənfəətlər və ya ön plana çıxmaq üçün edilmədiyindən və sadəcə Allah`ın rizası üçün olduğundan həmişə bərəkətli olur. Çünki “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur surəsi 55) ayəsində də bildirildiyi kimi, Allah möminlərə müvəffəqiyyət vəd etmişdir.

QEYDLƏR:

37. Risale-i Nur Külliyatı, 21. Lema, s. 668-669

38. Risale-i Nur Külliyatı, 21. Lema, s.669

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İxlaslı insan necə olur?
  • Şeytanın möminlərin ixlasına mane olmaq cəhdi
  • İxlaslı olmağın yolları
  • İxlası zədələyən davranışlardan uzaq olmaq
  • Möminlərin gücü ixlasdan qaynaqlanır
  • Nəticə