GİRİŞ

Xəyalınızda iki insan canlandırın. Bu insanların hər ikisinə dünya həyatında Allah’ın razılığını qazana biləcəkləri qədər zaman verilib doğru və yanlış olan hər şey izah edilsin. Bu şəxslər həyatlarının sonuna qədər din əxlaqının qaydalarını yerinə yetirsin və görünüşdə müsəlman kimi yaşasınlar. İkisi də hər mövzuda müvəffəqiyyətli, yaxşı bir işə və ailəyə sahib, sevilən və sayılan bir insan olsunlar. Bu iki insanın həyatına şahid olanlara, hansının həyatda daha müvəffəqiyyətli olduğunu soruşsanız, “ən çalışqan və ən cəld olanı, ya da ən çox səy göstərəni” kimi cavablar ala bilərsiniz. Ancaq diqqət etsəniz “müvəffəqiyyətli” sözünü təyin edən bu cavabların Qurana görə deyil, dünyəvi meyarlara görə verildiyi aydın olar.

Qurana görə, çox işləmək, çox yorulmaq və ya insanlardan hörmət və sevgi görmək üstünlük üçün səbəb deyil. İnsanları Allah qatında üstün edən xüsusiyyət imanları, Allah rizasını qazanmaq üçün etdikləri saleh əməllər və bütün bu əməlləri edərkən ürəklərindəki niyyətləridir. Allah bu vəziyyəti bizlərə Quranda belə bir nümunə ilə açıqlamışdır:

Onların nə əti, nə də qanı Allah’a çatar. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)

Ayədə də bildirildiyi kimi, Allah adına bir heyvan kəsən insanın etdiyini Allah qatında qiymətli edən bu insanın təqvası, yəni Allah qorxusudur. Əgər Allah rizası üçün edilmirsə, bir insanın Allah’ın adını xatırlayaraq kəsdiyi heyvanların ətinin, ya da qanının Allah qatında heç bir dəyəri yoxdur. İnsan ibadət edərkən bunu saleh bir niyyətlə etməli və Allah’a qarşı səmimi olmalıdır. Bu səbəbdən, insana Allah qatında dəyər qazandıran təkcə etdiyi yaxşılıqlar, yerinə yetirdiyi ibadətlər, göstərdiyi rəftarlar, söylədiyi gözəl sözlər deyil. Təbii ki, bunlar hər müsəlmanın həyatı boyu etməli olduğu saleh davranışlardır və hər birinin hesab günündə gözəl bir qarşılığı olacağı ümid edilir. Ancaq əsl önəmli olan insanın bütün bunları edərkən Allah’a qarşı nə qədər səmimi olmasıdır. Əhəmiyyətli olan etdiyi işlərin çoxluğu deyil, insanın ixlasla və səmimi bir ürəklə Allah’a yönəlməsidir.

İxlas insanın etdiyi işləri, heç bir mənfəət güdmədən, başqa heç nə gözləmədən, yalnız Allah əmr etdiyi üçün etməsidir. İxlas sahibi insan etdiyi hər işdə, atdığı hər addımda, söylədiyi hər sözdə, ibadətində və ya gündəlik həyatında qəlbən Allah’a yönəlir və Onun razılığını hədəf götürür. Elə bu özü ona güclü iman verir və onu təqvalı insan edir. Quranda insanların Allah qatındakı əsl üstünlük ölçülərinin də bu olduğu bizlərə belə açıqlanmışdır:

...Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.(Hucurat surəsi, 13)

Quranın bir çox ayəsində yalnız Allah’ın razılığı üçün edilən saleh əməlin əhəmiyyətinə diqqət çəkilmişdir. Lakin buna baxmayaraq, insanların bəziləri bu mövzuya laqeyd yanaşırlar. Məsələn, bəzi insanlar beş vaxt namazlarında qəflət içindədirlər, vaxtlarına, necə qılınmasına diqqət etmirlər. Bir ayədə belə buyurulur:

Vay o namaz qılanların halına ki, onlar öz namazlarından qafildirlər.(Maun surəsi, 4-5)

Təbəri ayənin belə izah edildikdə “namazı tərk edənlər və namazın vaxtını keçirənlər” şəklindəki iki fikri də ifadə etdiyini bildirmişdir. Bu ayənin izahı ilə bağlı olaraq Təbəri hətta iki hədis nəql etmişdir:

Səd bin Əbu Vəqqasdan rəvayət edilmişdir. Səd deyir ki: “Mən Rəsulullahdan, namazlarına qarşı qəflət içində olanları soruşdum. Buyurdu ki: “Onlar namazlarının vaxtlarını keçirənlərdir”.

Əbu Bərzə deyir ki: “Onlar o kəslərdir ki namazlarına qarşı qafildirlər” ayəsi nazil olanda Rəsulullah belə buyurdu: “Allah’u əkbər, bu namaz sizin üçün hər birinizə bütün dünya qədər nemətlər verilməsindən daha xeyirlidir. Namazına qarşı qafil olan kimsə qıldığı namazdan xeyir ümid etməyən və etməməkdən dolayı Rəbbindən qorxmayan kimsədir”. (Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Təbəri təfsiri, Hisar Nəşriyyat: 9/238-239)

Belə şəxslər bir işə başlayarkən, söhbət edərkən, bir kömək və ya fədakarlıq edərkən niyyətlərinin xalis olub-olmadığını düşünməyə ehtiyac duymur, “Onsuz da ibadətlərimi yerinə yetirirəm”, -deyərək etdiklərini kifayət görürlər. Halbuki, Allah Quranda həyatlarının sonuna qədər çalışmış, səy göstərmiş, lakin etdikləri boşa getmiş insanların vəziyyətindən bəhs edir. Deməli, hər insanın axirət günündə belə bir ehtimalla qarşılaşması mümkün ola bilər. Allah: “O gün, elə üzlər vardır ki, zillət içində alçaldılmışdır. İşləyib, boş yerə yorulmuşdur” (Gaşiyə surəsi, 2-3) -ayələri ilə bütün insanları belə ciddi təhlükəyə qarşı xəbərdar etmişdir. Bu səbəbdən, insan axirətdə iki fərqli vəziyyətlə qarşılaşa bilər. Həyatı boyu görünüşdə bir-biri ilə eyni işləri görən, eyni səyi, eyni əzmi göstərən iki insan sırf niyyət fərqindən dolayı axirətdə fərqli qarşılıqlar ala bilər.

Biz də bu kitabda görülən işləri Allah qatında mənalı və qiymətli edən bu iki əhəmiyyətli mömin xüsusiyyətinə- ixlas və səmimiyyətə toxunacağıq. Bu kitabın məqsədlərindən biri həyatı boyu qarşılıqsız olaraq Allah’ın razılığı üçün yaşamayan insanları əməllərinin boşa getməsi ehtimalına qarşı xəbərdar etmək və hesab günü gəlmədən əvvəl ixlasa dəvət etməkdir. Bununla yanaşı, bütün iman gətirənlərə ixlasa mane olan düşüncə, söz və əməllərin sonsuz axirət həyatı baxımından nə qədər ciddi olduğunu bir daha xatırlatmaq və ixlası qoruma yollarını Quran ayələri işığında göstərməkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İxlaslı insan necə olur?
  • Şeytanın möminlərin ixlasına mane olmaq cəhdi
  • İxlaslı olmağın yolları
  • İxlası zədələyən davranışlardan uzaq olmaq
  • Möminlərin gücü ixlasdan qaynaqlanır
  • Nəticə