Cahiliyyənin Dua Anlayişi

Allahdan başqalarını ilah qəbul edənlər, yəni müşriklər də bəzən Allaha dua edərlər. Ancaq müşriklərin duası möminlərin duasından çox fərqlidir. Müşriklər yalnız çətin vəziyyətdə qaldıqları zaman Allaha möhtac olduqlarını xatırlayar və yalnız bu cür vəziyyətlərdən xilas olmaq üçün dua edərlər.

Halbuki, insanın həyatında Allaha möhtac olmadığı bircə an belə yoxdur. Məhz müşrik ilə möminin dualarındakı fərq burada ortaya çıxır. Möminlər həmişə və hər şəraitdə Allaha üz tutarlar. Mömin dua etmək üçün özünün çətin bir vəziyyətə düşməsini gözləməz. Həmişə Allaha yaxınlaşmaq ehtiyacı duyduğu üçün dua edər.

Müşrik xarakterinin ən diqqətə çarpan xüsusiyyəti isə, Allaha qarşı son dərəcə nankor və ikiüzlü olmasıdır. Özü çətin vəziyyətdə olarkən hər şeyi bir kənara buraxaraq Allaha dua edər. Çətin vəziyyətdən çıxdıqda isə sanki dua edən o deyilmiş kimi Allahı unudar. Çünki hadisələrin böyük hissəsinin Allahdan başqa varlıqların iradəsində, nəzarətində baş verdiyini zənn edir. Əslində, dünyadakı hər şeyin Allahın iradəsiylə baş verdiyini bilmir. Bu dar düşüncəsinə əsasən bel bağladığı bütün ümidlərin Allahın idarəsində, nəzarətində olduğunu nəzərə almaz.

Məsələn, xəstələndiyi zaman onu sağaldanın, şəfa verənin həkimlər, dərman və ya xəstəxananın müasir texnoloji imkanları olduğunu fikirləşər. Hər xəstəliyə şəfa verənin, lazımlı dərmanı, həkimi də var edənin Allah olduğunu dərk etmir. Yalnız, çox güvəndiyi həkimlər, dərmanlar fayda vermədikdə, həmin vaxta qədər çox az fikirləşdiyi, bəlkə də heç düşünmədiyi Allaha sığınmağa başlayar. Halbuki, şəfa verəcək olan ancaq Allahdır. Cahil insanlar isə bunu qavraya bilmirlər və nankorluq edirlər. Onların bu nankorluğu ayələrin birində belə təsvir olunur:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.(Yunus Surəsi, 12)

İnsanın çətin vəziyyətdə Allaha üz tutması, Onu xatırlaması əslində tək sığınacağı varlığın Allah olduğunu dərk etdiyi mənasını vermir. Əvvəllər nəfsinin istəklərinə zidd olduğu üçün nəzər yetirmədiyi bu həqiqəti, böyük bir çətinliklə qarşılaşdığı zaman dərhal xatırlayar. Lakin bu çətinlikdən xilas olduqda isə yenə nankorluq edir. Bu vəziyyətin bir nümunəsi Quranda belə təsvir edilir:

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.(Yunus Surəsi, 22-23)

Fırtınada dənizin ortasında qalan bir gəmidən xilas olmaq olduqca çətindir. Artıq insan ölümlə üz-üzədir və o vaxta qədər bel bağladığı səbəblərdən hər hansı birinin onun köməyinə yetişməsi mümkün deyil. Ona ancaq dənizə də, fırtınaya da, gəmiyə də, qaranlığa da hakim olan güc sahibi kömək edə bilər... Bu üstün gücün sahibi isə ancaq Allahdır.

Bu, insanın Allahdan başqa kömək gözlədiyi bütün yardım qapılarının bağlanması deməkdir. Yəni, insan belə bir vəziyyətdə tamamilə çarəsiz qalmışdır. Belə bir vəziyyətdə qalan adam birdən Allahın varlığını xatırlayaraq, ona yalnız Allahın kömək edə biləcəyini dərk edərək dua etməyə başlayar. Kənara çəkilib ümidini Allaha bağlayaraq, Ona yalvararaq dua edər. Düşdüyü çətin vəziyyətdən onu ancaq Allahın qurtara biləcəyini anlayır və bunun da ancaq Allahın istəyindən asılı olduğunu bilir.

Bu həqiqəti, o an çox yaxşı düşünüb dərk edər. Çünki əvvəllər Allaha şərik qoşduqlarından heç bir şey qalmamışdır, hamısı yox olub getmişdir. Onları heç fikirləşməz. Şərik qoşduqlarının ona kömək edə biləcəyini heç ağlına belə gətirməz. Çünki elə bir ehtimalın olmadığını çox yaxşı bilir. Əvvəldən belə və ya buna bənzər bir vəziyyətlə qarşılaşacağını bəlkə də heç ağlından keçirməmişdir. Ölümü ondan çox uzaq oduğunu fikirləşdiyinə görə, bu dünyada olduqca rahat hərəkət etməsi üçün dünyəvi köməkçilərinə arxayın olar. Amma heç gözləmədiyi belə bir hadisə ilə qarşılaşdıqda, əvvəllər güvəndiyi köməkçilərinin varlığı onu maraqlandırmaz. Allaha dua etmək üçün tərəddüd belə etməz. Belələri əvvəllər Allaha təslimiyyət, Ondan kömək diləmə mövzusunda çətinlik çəkən biri də olsa, həmin anda artıq səmimiyyətlə dua edərlər. Allaha dua etməli olduğunu ona heç kim deməz, xatırlatmaz. Buna ehtiyac da yoxdur. Çünki o, yeganə köməyin ancaq Allahdan gələ biləcəyini dərk edər.

İndiyə kimi heç fikirləşmədiyi bir aqibət birdən-birə ona yaxınlaşar, demək olar ki, onunla üz-üzə qalar. Ölümün mövcudluğunu ilk dəfə indi dərindən anlayar. Həyatı boyunca düşünmədiyi bu aqibəti və bundan sonrasını bir neçə dəqiqə içində təfərrüatı ilə düşünər və ona əvvəllər tanış olmayan qorxu hissini duymağa başlayar. Dünyada ikən heç düşünmədiyi axirət həqiqəti birdən-birə gözündə canlanar.

Ölümə bu qədər yaxınlaşdığı vaxt cənnətə layiq olmaq üçün işlər etmədiyini başa düşər və ən böyük qorxusunun buna bağlı olduğu həqiqəti ilə üzləşər. Dünyada etdiklərini fikirləşər, qiymətləndirər. Bunun nəticəsindən çox qorxduğu üçün nə qürurlana bilər, nə də din mövzusundakı cəsurluğunu davam etdirə bilər. Sanki əvvəllər Allaha yaxınlaşmağı rədd edən, dua etməkdə təkəbbürlülük göstərən və hər şeyi özünə aid etməyə çalışan, öz cəhdləri ilə əlaqələndirən biri deyilmiş kimi davranar. Halbuki, öz nankorluğunu dərk edər. Öz iradəsi ilə Allaha yaxınlaşıb dua edər. Bu, nə etməli olduğunu çox yaxşı bilməyin ən böyük nümunəsidir.

Əvvəldən öyrədilməməsinə baxmayaraq, çətinliklərlə üzləşən bir çox insan, təsvir etdiyimiz yaxınlıqla və səmimiyyətlə Allaha dua edər. Hətta bu insanlardan bir qismi, əvvəllər rifah içində yaşayan və Allahın varlığını rədd edən kəslərdir. Allahı inkar etmələri ilə tanınan adamların əksəriyyəti belə bir vəziyyətdə yenə "Ondan başqa heç bir sığınacaq olmayan" Allaha sığınarlar.

Ancaq Quranda bildirildiyi kimi, gəmidə səmimi, Ondan başqa heç bir güc sahibinin olmadığını anlamış bir şəkildə Allaha üz tutan inkarçı, təhlükənin ötməsi ilə, həmin vaxt keçirtdiyi qorxuları və səmimiyyəti bir anda itirər. Azmış bir şəkildə köhnə müşrik həyatına geri dönər. Peşmançılıq hissi və Allaha qayıdışı qəfildən inkar və nankorluqla əvəz edilər. İmansız dövrünə geri dönər. Təhlükə anında düşündüyü və anladığı həqiqətləri birdən-birə unudar. Narahatçılığın aradan qalxması və təhlükənin uzaqlaşmasından irəli gələn əminlik hissi nəticəsində Allaha dua etməyi unudar.

Cahiliyyənin bu anormal psixoloji vəziyyəti və nankorluğu ayələrdə belə bildirilir:

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar..(Fussilət Surəsi, 49-51)

Bütün bu ayələrdə çətin vəziyyətlərdə Allaha üz tutan, çətinlik ortadan qalxan kimi, rahatlıq tapan kimi isə nankorlaşan insanlardan bəhs edilir. Bu, əvvəl də qeyd etdiyimiz kimi müşriklərə aid bir davranışdır, çünki möminlər hər cür şəraitdə Allaha sığınarlar, bu onların başlıca xüsusiyyətlərindəndir. Yalnız çətin vəziyyətə düşdükləri zaman deyil, xoş və şad günlərində də Ona dua edər, Onun şəninə tərif deyib zikr edərlər. Kömək istənən yeganə güc sahibinin Allah olduğunu qəti olaraq bilərlər.

Lakin burada diqqət yetirilməli olan bir məqam var. Gəmidə Allaha dua edib sonra xilas olub əmin-amanlığa qovuşanda Onu unudan nankor xarakter, hər insanın nəfsində olan və bu səbəbdən hər kəsə təsir edə biləcək bir meyildir. Qurandakı bu hekayənin bir hikməti əlbəttə müşrikləri qınamaqdır ancaq, bütün oxucular da burada bəhs edilənlərdən ibrət almalı və bu cür davranışlardan çəkinməlidirlər. Yəni hər kəs bu nümunə üzərində düşünməli, öz vəziyyətini analiz etməli, səmimi şəkildə öz nəfsini mühakimə etməlidir.

Məsələn, siz, öz vəziyyətinizi fikirləşirsiniz? ..Görəsən sizin də dualarınız, gəmidə fırtınaya düşənlər kimi, yalnız çətin vəziyyətlərlə üzləşəndə mi güclənir? Yalnız başınıza pis hadisə gəldikdə, bəla baş verdikdə mi Allaha üz tutursunuz? Ancaq dərdli, sıxıntılı vəziyyətlərdəmi səmimiyyətlə və ürəkdən dua edirsiniz? Firəvan və xoşbəxt olduğunuz zamanlarda isə Allahı az xatırlamağa, Ona çoxlu dua etməməyə mi başlayırsınız? ..

Əgər belədirsə, bu haqda fikirləşmək lazımdır. Qurandakı hekayələrdən ibrət almaq, gəmidə dua edib sonra da nankorluq edən müşriklərə oxşamamağa çalışmaq, Allaha tövbə etmək, Ondan bağışlanma diləmək lazımdır. Çünki hər bir imanlı insanın vəzifəsi, Quranda bəhs edilən kafir və müşrik xüsusiyyətlərindən əlindən gəldiyi qədər çəkinmək və möminə xas olan xüsusiyyətləri qüsursuz şəkildə yiyələnməyə çalışmaqdır. Bir möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə, həm çətinlikdə, həm rahatlıqda, həm darlıqda, həm bolluqda, bir sözlə hər cür şəraitdə Allahın bəndəsi olduğunu unutmaması, həmişə Ona üz tutması, həmişə Ona dua edən və şükr edən olmasıdır.Yaddan çıxarılmamalıdır ki, ancaq çətin və sıxıntılı vəziyyətlərdə Allaha dua etmək səmimi davranış deyil. Çünki, Quranda da Allaha və Onun Elçisinə qarşı çıxan ən azğın din düşmənlərinin yalnız çətin və dar vəziyyətdə Allaha üz tutaraq dua etdikləri bildirilir. Buna aid ən aydın nümunələrdən biri, Firondur. Qədim Misirdə özünü ilah olaraq elan edən, təkəbbürlənən Firon, Hz. Musa (ə.s) və qövmünə çox əziyyət vermiş, və ona göstərilən bütün möcüzələrə və təbliğlərə baxmayaraq Allahı inkar etmişdi. Hətta onun bu inkarı və təkəbbürlüyü ölümlə üz-üzə gələnə qədər davam etmişdir. Ancaq ölümün ona çox yaxın olduğunu və xilas ola bilməyəcəyini başa düşəndə, çarəsizlik içində dua etməyə başlamışdı və onun da bir müsəlman (Allaha təslim olmuş) olduğunu iddia etmişdi. Quranda bu hadisə belə bildirilir:

Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” (Firona deyildi:) “İndimi (müsəlman oldun)? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.(Yunus Surəsi, 90-92)

Quranda dəfələrlə bəhs olunan bu səhv dua anlayışından, yuxarıda da qeyd etdiyimiz kimi, hər mömin bundan ibrət almalı və özü üçün bir nümunə çıxartmalıdır. Allah bu ayələrlə Quranı oxuyan bütün möminləri xəbərdarlıq edir və duanın bütün dövrlərə yayılmasını istədiyini bildirir. Məhz cahillərin dua haqqında olan təsəvvürləri ilə iman edənlərin dua anlayışları arasındakı ən təəccüblü fərqlərdən biri burada ortaya çıxır. Möminlər, onları yaradan, saysız nemətlər bəxş edən Rəbbimizə qarşı olduqca təslimiyyətli olarlar. Onlar, özləri üçün həqiqi dost və köməkçilərinin yalnız Allah olduğunu dərk edirlər və buna görə də hər cür şəraitdə ancaq Allahdan kömək diləyər və Ona dua edərlər.

Cahiliyyə insanları isə ancaq çətin vəziyyətə düşdükləri zaman Uca Allahdan kömək istəyər və qalan vaxtlarda isə özlərinə himayədar tapıb, onlardan mədət umarlar. Əlbəttə, bu cahilliklərinin acı qarşılığını dünyada da, axirətdə də görəcəklər. Peyğəmbərimiz (s.ə.v) hədislərin birində, yalnız Allaha dua edilməsi haqqında belə buyurmuşdur:

... Bir şey istəyəndə Allahdan istə. Kömək lazımdırsa Allahdan kömək istə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydanı göstərməyə müqtədir ola bilməzlər (nail ola bilməzlər). Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yığışsalar belə, buna da müqtədir ola bilməzlər.(Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, 1992, s. 314)

Hər mövzuda olduğu kimi ən gözəl nümunə Peyğəmbərimiz (s.ə.v.)-dir. Rəvayətlərdə, Allahın bütün aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz (s.ə.v) -in, Rəbbimizə olan səmimiyyətini, gözəl əxlaqını, təslimiyyətini və imanının dərinliyini ortaya qoyan duaları keçir. Bunlardan bəziləri belədir:

Əbu Musa, əl-Eşaridən belə rəvayət etdi: Peyğəmbər (s.ə.v) bu dua ilə dua edərdi: "Ey Rəbbim! Mənim günahımı, bilmədiyim şeyləri, hər işimdə israfımı və məndən yaxşı bildiyin qüsurlarımı bağışla! Ya Allah! Mənim, qəsdən və bilməyərəkdən etdiyim günahları,səhvlərimi, zarafatlarımı bağışla! Bunların hamısı məndə var. Ya Allah! Əvvəlcədən etdiyim, sonradan edəcəyim, gizlətdiyim, ortaya çıxardığım bütün günahlarımı Sən bağışla! Önə keçirən ancaq Sənsən, geriyə buraxan da ancaq Sənsən. Sən hər şeyə qadirsən ! "(Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 14, s. 6336)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Quranda Dua Necə İzah Edilir?
  • Duanin Yeri və Zamani
  • Duanin Qəbul Ediləcəyindən Əmin Olaraq Dua Etmək
  • Şifahi Dua və Feli Dua
  • Allahdan Başqasina Dua Edilməz
  • Cahiliyyənin Dua Anlayişi
  • Quranda Peyğəmbərlərin Duaları
  • Nəticə
  • Təkamül Yalanı