Şərik, ortaq qoşmaq, yəni şirk, Allahdan başqa tanrılara tapınmaq, Uca Allaha qarşı edilən ən böyük cinayətdir. Şirkin nə qədər böyük bir günah olduğu Quranda belə bildirilir:
"Şübhəsiz ki, Allah Ona şərik qoşanları bağışlamaz, bundan başqa (günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur."(Nisa Surəsi, 48)
Şirkin bilinməli olan mühüm cəhəti, tarixin hər dövründə, yaşadığımız dövr də daxil olmaqla, çox geniş yayılmasıdır. Çox adam, şirk qoşmağı yəni "Allahdan başqa tanrı qəbul etməyi" özünə yaraşdırmadığı halda, bəlkə də şirk içində yaşayır. Çünki şirk həm də Allahın sifətlərini başqa varlıqlara şamil etmək deməkdir. Buna görə də, əgər bir insan Allahdan başqa varlıqların razılığını qazanmaq, onları məmnun etmək üçün yaşayırsa, onlardan qorxub mədət umursa, başqalarının yardımına ümid edirsə bu da şirk içində yaşamaq deməkdir.
İnsanlar üçün ən böyük təhlükə olan şirkə qarşı qorunma yollarından biri Allaha dua etməkdir. Çünki, dua edən insan Allahın varlığını və birliyini, Ona qarşı olan acizliyini, ona yeganə kömək edəcək olanın Allah olduğunu və Ondan başqa heç kimə ibadət edilməyəcəyini qəbul etməkdədir. Buna görə də dua, mömini şirkə qarşı qoruyur.
Quranda, "Ey Peyğəmbər, sənə və sənin ardınca gedən möminlərə Allah yetər"(Ənfal Surəsi, 64) ayəsinə əsasən, müsəlmanlar bilirlər ki, kömək istəniləcək yeganə varlıq Allahdır. O, hər məsələdə ən üstün olan, sonsuz qüdrət sahibi, hər şeyi görən və eşidəndir. Bütün qüsurlu sifətlərdən uzaq olan və sonsuz qüdrət sahibi olan Allahdır. Kainatda bütün qüdrət Onun əlindədir. Ona görə yardım və bağışlanmağı yalnız və yalnız hər kəsin Ona möhtac olduğu, Onun isə heç kimə möhtac olmadığı Allahdan istəməliyik. Quranda, Allahdan başqasına dua etmənin səhv olması və yeganə dua məqamının Allah olduğu bir çox ayədə bildirilir:
Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.!.(Şuəra surəsi, 213)
Digər bir ayədə Allahdan başqasına dua edənlərin vəziyyəti haqqında belə bəhs edilir:
Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.(Nəhl Surəsi, 20-21)
Bu səbəbdən səmimi bir mömin əsla və əsla Allahdan başqasına dua etməz. Yalnız Ona yalvarıb, yalnız Ondan kömək istəyər. Buna aid, Quranın ilk surəsi olan Fatihə Surəsində də iman gətirənlərə aşağıdakı dua öyrədilir:
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi düz yola yönəlt! Nemət verdiklərinin yoluna! Qəzəbə düçar olanların və azmışların (yoluna) yox!.(Fatihə Surəsi, 4-7)
Möminlərə düşən vəzifə də, Allahın sonsuz qüdrətini fikirləşib qavramaq, bu qüdrətə könüldən boyun əymək və yalnız Ondan kömək istəməkdir. Buna zidd olan bir davranışın nümayiş etdirilməsinin qarşılığı isə dünyada da, axirətdə də məğlubiyyət olacaqdır. Bu, Allahın bir vədidir.