Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar (Yusufun qardaşları) onu çox qiymətləndirmədilər. (Yusif surəsi, 20)
Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan savab sizin üçün daha xeyirlidir. (Nəhl surəsi, 95)
Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 251)
Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran surəsi, 12)
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)
Rumlular məğlub edildilər; (Rum surəsi, 2)
ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; (Rum surəsi, 3)
Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!” – deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bunu bilmir. (Əraf surəsi, 131)
Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz”. (Nəml surəsi, 47)
Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”. (Yasin surəsi, 18)
Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”. (Yasin surəsi, 19)
Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz. (Fussilət surəsi, 16)
Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik. (Qamər surəsi, 19)
O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah, Eşidəndir, Biləndir! (Ali İmran surəsi, 121)
O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər. (Ali İmran surəsi, 122)
Əgər siz Uhud döyüşündə yara almışsınızsa, o düşmən qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. (Ali İmran surəsi, 140)
Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin. (Ali İmran surəsi, 141)
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142)
Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz. (Ali İmran surəsi, 143)
Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar. (Ali İmran surəsi, 144)
Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir. (Ali İmran surəsi, 155)
Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi kafirlərin yığdıqları şeylərdən daha xeyirlidir. (Ali İmran surəsi, 157)
Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?” – söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir. (Ali İmran surəsi, 165)
Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın (Ali İmran surəsi, 166)
Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər” – söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!” (Ali İmran surəsi, 168)
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi. (Ənam surəsi, 76)
Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik. (Ənam surəsi, 97)
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)
Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. (Yusif surəsi, 4)
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)
Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər. (Nəhl surəsi, 16)
Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir. (Həcc surəsi, 17)
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər. (Həcc surəsi, 18)
Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)
Biz dünya səmasını parlaq ulduzlarla bəzədik (Saffat surəsi, 6)
O, ulduzlara bir nəzər salaraq (Saffat surəsi, 88)
Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de! (Tur surəsi, 49)
And olsun batmaqda olan ulduza! (Nəcm surəsi, 1)
Ulduzların batdığı yerlərə and olsun! (Vaqiə surəsi, 75)
Ulduzlar sönəcəyi zaman; (Mürsəlat surəsi, 8)
ulduzlar soluxub sönəcəyi zaman, (Təkvir surəsi, 2)
ulduzlar səpələnəcəyi zaman, (İnfitar surəsi, 2)
Bu, qaranlıqları dəlib keçən ulduzdur. (Tariq surəsi, 3)
Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? (Şuəra surəsi, 149)
Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları (Sad surəsi, 37)
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. (Bəqərə surəsi, 49)
Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)
Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)
Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır. (Bəqərə surəsi, 246)
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 266)
Kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar. (Ali İmran surəsi, 10)
Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur”. (Ali İmran surəsi, 47)
Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Ali İmran surəsi, 116)
Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər yetimlərdən ötrü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər. (Nisa surəsi, 9)
Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 11)
Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir. (Nisa surəsi, 12)
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Ancaq zülmə qarşı çarə tapmağa qadir olmayan və hicrət etməyə yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır. (Nisa surəsi, 98)
Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Onlar barəsində və həmçinin Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Nisa surəsi, 127)
Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)
Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir. (Nisa surəsi, 176)
Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və Onun sevimliləriyik” – dedilər. De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. Dönüş də ancaq Onadır. (Maidə surəsi, 18)
Özlərinə Kitab verdiyimiz kəslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər. (Ənam surəsi, 20)
O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)
Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et. (Ənam surəsi, 137)
Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 140)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)
Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar”. Firon dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”. (Əraf surəsi, 127)
Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq” – deyə dua etdilər. (Əraf surəsi, 189)
Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. (Əraf surəsi, 190)
Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır. (Ənfal surəsi, 28)
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)
Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)
Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. (Tövbə surəsi, 69)
Onlar: “Allah Özünə övlad götürmüşdü!” – dedilər. O, pakdır, müqəddəsdir! O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz? (Yunis surəsi, 68)
Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!” – dedi. Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi. (Yusif surəsi, 19)
O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)
Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var. (Rad surəsi, 38)
O zaman Musa öz xalqına demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”. (İbrahim surəsi, 6)
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır. (İbrahim surəsi, 35)
Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. (İbrahim surəsi, 37)
Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!” – dedilər. (Hicr surəsi, 53)
Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər. (Nəhl surəsi, 57)
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Nəhl surəsi, 72)
Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli! Nuh doğrudan da, Bizə minnətdar olan bir qul idi. (İsra surəsi, 3)
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. (İsra surəsi, 6)
Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır. (İsra surəsi, 31)
Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra surəsi, 64)
De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut. (İsra surəsi, 111)
Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi. (Kəhf surəsi, 4)
Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, (Kəhf surəsi, 39)
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)
Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”. (Kəhf surəsi, 74)
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. (Kəhf surəsi, 80)
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)
Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” (Məryəm surəsi, 7)
Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik. (Məryəm surəsi, 12)
Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi, 19)
Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” (Məryəm surəsi, 20)
Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”». (Məryəm surəsi, 21)
Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” (Məryəm surəsi, 29)
Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyər, o da dərhal olar. (Məryəm surəsi, 35)
Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!” – deyən adamı gördünmü? (Məryəm surəsi, 77)
Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!” – dedilər. (Məryəm surəsi, 88)
Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. (Məryəm surəsi, 91)
Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. (Məryəm surəsi, 92)
Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!” – dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. (Ənbiya surəsi, 26)
İsmətini qoruyan Məryəmi də yada sal! Biz onun paltarının döşündəki kəsiyinə Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya surəsi, 91)
Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə (Muminun surəsi, 55)
onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar. (Muminun surəsi, 56)
Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Muminun surəsi, 91)
Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31)
Sizin uşaqlar da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər yanınıza girmək üçün izin istədikləri kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir. (Nur surəsi, 59)
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)
Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı? (Şuəra surəsi, 18)
O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. (Şuəra surəsi, 88)
O sizə heyvanat və oğul-uşaq verdi, (Şuəra surəsi, 133)
Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. (Qəsas surəsi, 4)
Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33)
Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz yalan sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir. (Əhzab surəsi, 4)
O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!” (Saffat surəsi, 100)
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 101)
Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?” (Saffat surəsi, 149)
Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur? (Saffat surəsi, 153)
Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır. (Zumər surəsi, 4)
Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar. (Mümin surəsi, 25)
Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar. (Zuxruf surəsi, 17)
De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım. (Zuxruf surəsi, 81)
O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər. (Zəriyət surəsi, 28)
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Allaha qarşı nə malları, nə də övladları onlara heç bir fayda verə bilməyəcək. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar. (Mücadilə surəsi, 17)
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)
Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görür. (Mumtəhənə surəsi, 3)
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Mumtəhənə surəsi, 12)
Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. (Münafiqun surəsi, 9)
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir. (Təğabun surəsi, 14)
Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır. (Təğabun surəsi, 15)
o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə. (Qələm surəsi, 14)
var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar. (Nuh surəsi, 12)
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular. (Nuh surəsi, 21)
Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. (Cin surəsi, 3)
Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? (Müzzəmmil surəsi, 17)
qayğısına qalan oğullar verdim (Müddəssir surəsi, 13)
arvadından və övladlarından! (Əbəsə surəsi, 36)
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)
Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” (Məryəm surəsi, 20)
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”. (Məryəm surəsi, 28)
Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. (Nur surəsi, 19)
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)
Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz? (Nəml surəsi, 54)
Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz. (Ənkəbut surəsi, 28)
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır. (Əhzab surəsi, 53)
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 32)
Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. (Nəhl surəsi, 8)
Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”. (Loğman surəsi, 19)
Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, (Müddəssir surəsi, 50)
ovçulardan (yaxud aslandan) qaçırlar. (Müddəssir surəsi, 51)
Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? (Nəcm surəsi, 19)
Həmçinin üçüncü olan Mənatı da? (Nəcm surəsi, 20)
O, ən uca üfüqdə idi. (Nəcm surəsi, 7)
O, Cəbraili aydın üfüqdə gördü. (Təkvir surəsi, 23)
ÜMİDSİZLİK
Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusif surəsi, 87)
Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!” (Hicr surəsi, 55)
İnsana nemət verdiyimiz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar. (İsra surəsi, 83)
İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. (Rum surəsi, 36)
Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (Bəqərə surəsi, 128)
Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız. (Bəqərə surəsi, 134)
Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız. (Bəqərə surəsi, 141)
Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir. (Bəqərə surəsi, 143)
İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir. (Ali İmran surəsi, 110)
Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq? (Nisa surəsi, 41)
Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər. Onların arasında haqqı etiraf edən bir camaat vardır. Lakin onların çoxunun etdiyi əməllər necə də pisdir. (Maidə surəsi, 66)
Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)
Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. (Ənam surəsi, 42)
Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə etdikləri barədə onlara xəbər verəcəkdir. (Ənam surəsi, 108)
Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)
Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allah deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!” (Əraf surəsi, 38)
Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər. (Əraf surəsi, 181)
İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi. (Yunis surəsi, 19)
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi, 47)
De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”. (Yunis surəsi, 49)
Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”. (Hud surəsi, 48)
Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar. (Hud surəsi, 118)
Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”. (Rad surəsi, 30)
Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. (Hicr surəsi, 5)
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu! (Nəhl surəsi, 36)
Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır. (Nəhl surəsi, 63)
Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzrxahlıq etməyə izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır. (Nəhl surəsi, 84)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir. (Nəhl surəsi, 92)
Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız. (Nəhl surəsi, 93)
Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)
Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! (Ənbiya surəsi, 92)
Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver; (Həcc surəsi, 34)
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan. (Həcc surəsi, 67)
Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar. (Muminun surəsi, 43)
Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! (Muminun surəsi, 44)
Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. (Muminun surəsi, 52)
Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər. (Nəml surəsi, 83)
Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!” – deyəcəyik. Onlar biləcəklər ki, haqq yalnız Allaha məxsusdur. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər. (Qəsas surəsi, 75)
Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir. (Ənkəbut surəsi, 18)
Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın. (Fatir surəsi, 24)
Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Fatir surəsi, 42)
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu! (Mümin surəsi, 5)
Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar. (Fussilət surəsi, 25)
Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, Öz mərhəmətinə istədiyini qovuşdurur. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı. (Şura surəsi, 8)
Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” – deyirlər. (Zuxruf surəsi, 22)
Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” – dedilər. (Zuxruf surəsi, 23)
Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; (Zuxruf surəsi, 33)
Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir! (Casiyə surəsi, 28)
Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır. (Əhqaf surəsi, 18)
Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar. (Bəqərə surəsi, 78)
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür. (Ali İmran surəsi, 20)
Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!” – deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 75)
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”. (Əraf surəsi, 158)
Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. (Cümə surəsi, 2)
Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir. (Bəqərə surəsi, 158)
Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)
Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki, (Ənfal surəsi, 36)
Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)
Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 10)
Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. (Bəqərə surəsi, 74)
Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar. (Bəqərə surəsi, 88)
O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!” – deyə əmr etdik. Onlar: “Eşitdik və asi olduq!” – dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!” (Bəqərə surəsi, 93)
De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”. (Bəqərə surəsi, 97)
Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik. (Bəqərə surəsi, 118)
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. (Bəqərə surəsi, 204)
Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir. (Bəqərə surəsi, 225)
Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi, 235)
Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” – dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?” – dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə surəsi, 260)
Əgər səfərdə olsanız və katib tapmasanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir. (Bəqərə surəsi, 283)
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən. (Ali İmran surəsi, 8)
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)
Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali İmran surəsi, 119)
Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır. (Ali İmran surəsi, 126)
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir! (Ali İmran surəsi, 151)
Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”. (Ali İmran surəsi, 154)
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali İmran surəsi, 159)
Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər” – deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə belə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür. (Ali İmran surəsi, 156)
və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)
Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə. (Nisa surəsi, 63)
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vuruşmanıza yol verməz. (Nisa surəsi, 90)
Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!” – demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir). (Nisa surəsi, 155)
Allahın sizə göstərdiyi lütfkarlığını və siz: “Eşidirik və itaət edirik!” – dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir. (Maidə surəsi, 7)
İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidə surəsi, 13)
Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə surəsi, 41)
Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ” – deyərək onların Kitab əhli arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. (Maidə surəsi, 52)
Onlar demişdilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq”. (Maidə surəsi, 113)
Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər. (Ənam surəsi, 25)
Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. (Ənam surəsi, 43)
De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər. (Ənam surəsi, 46)
Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)
Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri pis işləri bir daha görsünlər. (Ənam surəsi, 113)
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43)
Məgər yer üzünün keçmiş sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər? (Əraf surəsi, 100)
Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir. (Əraf surəsi, 101)
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, (Ənfal surəsi, 2)
Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Ənfal surəsi, 10)
O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!” – deyə vəhy etmişdi. (Ənfal surəsi, 12)
Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız. (Ənfal surəsi, 24)
O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir. (Ənfal surəsi, 43)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Müdrikdir! (Ənfal surəsi, 49)
Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir. (Ənfal surəsi, 63)
Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”. (Ənfal surəsi, 70)
Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir. (Tövbə surəsi, 8)
və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 15)
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 45)
Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 60)
Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”. (Tövbə surəsi, 64)
Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə Allah da onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı. (Tövbə surəsi, 77)
Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar haqqı anlamayacaqlar. (Tövbə surəsi, 87)
Yalnız varlı olduqları halda evdə qalmaq üçün səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar özlərinin aqibətini bilməzlər. (Tövbə surəsi, 93)
Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 110)
Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara qarşı Şəfqətlidir, Rəhmlidir. (Tövbə surəsi, 117)
Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər. (Tövbə surəsi, 125)
Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?” – deyə bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir. (Tövbə surəsi, 127)
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)
Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik. (Yunis surəsi, 74)
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”. (Yunis surəsi, 88)
Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir. (Hud surəsi, 5)
Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)
Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. (İbrahim surəsi, 37)
O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır). (İbrahim surəsi, 43)
Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik. (Hicr surəsi, 12)
Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. (Hicr surəsi, 47)
Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər. (Nəhl surəsi, 22)
Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)
Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. (Nəhl surəsi, 108)
Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. (İsra surəsi, 36)
Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?” – deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” (İsra surəsi, 51)
Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)
qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?” (Ənbiya surəsi, 3)
Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır. (Həcc surəsi, 32)
o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. (Həcc surəsi, 35)
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur. (Həcc surəsi, 46)
Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər. (Həcc surəsi, 53)
Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. (Həcc surəsi, 54)
Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər – (Muminun surəsi, 60)
Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis işləri də vardır. (Muminun surəsi, 63)
Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi, 78)
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 50)
Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik. (Furqan surəsi, 32)
sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. (Şuəra surəsi, 194)
Biz küfrü günahkarların qəlbinə belə salarıq. (Şuəra surəsi, 200)
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” (Şuəra surəsi, 89)
Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir. (Nəml surəsi, 74)
Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, vədimizə inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala gördüyü işi açıb bildirəcəkdi. (Qəsas surəsi, 10)
Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir. (Qəsas surəsi, 69)
İnsanlar arasında: “Allaha iman gətirdik!” – deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!” – deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? (Ənkəbut surəsi, 10)
Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edirlər. (Ənkəbut surəsi, 49)
Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir. (Rum surəsi, 59)
Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir. (Loğman surəsi, 23)
sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz yalan sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir. (Əhzab surəsi, 4)
Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 5)
O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. (Əhzab surəsi, 10)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. (Əhzab surəsi, 12)
Allah Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Əhzab surəsi, 26)
Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. (Əhzab surəsi, 32)
Onlardan istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah Biləndir, Həlimdir. (Əhzab surəsi, 51)
Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır. (Əhzab surəsi, 53)
Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar öz yaramaz əməllərinə son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və (Əhzab surəsi, 60)
Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!” – deyə cavab verərlər. (Səba surəsi, 23)
De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”. (Səba surəsi, 48)
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini Biləndir. O, kökslərdə olanları da Bilir. (Fatir surəsi, 38)
Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi. (Saffat surəsi, 84)
Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir. (Zumər surəsi, 7)
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər surəsi, 22)
Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. (Zumər surəsi, 23)
Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər. (Zumər surəsi, 45)
Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. (Mümin surəsi, 18)
Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir. (Mümin surəsi, 35)
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 5)
Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)
Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları əzab bürüdü. (Əhqaf surəsi, 26)
Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər: “O, bayaq nə deyirdi?” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar. (Məhəmməd surəsi, 16)
Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlara daha yaxşı olardı ki, (Məhəmməd surəsi, 20)
Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? (Məhəmməd surəsi, 24)
Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? (Məhəmməd surəsi, 29)
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir. (Fəth surəsi, 4)
Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth surəsi, 11)
Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, şeytan tərəfindən qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb məhvə məhkum adamlar oldunuz. (Fəth surəsi, 12)
Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. (Fəth surəsi, 18)
Kafirlər öz qəlbində təkəbbürlüyə – cahilik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)
Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. (Hucurat surəsi, 3)
Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hucurat surəsi, 7)
Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” (Hucurat surəsi, 14)
Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. (Qaf surəsi, 33)
Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. (Qaf surəsi, 37)
Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı? (Hədid surəsi, 16)
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)
Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri! (Həşr surəsi, 2)
Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr surəsi, 10)
Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır. (Həşr surəsi, 14)
Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə göndərdiyi elçisiyəm!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz. (Saff surəsi, 5)
Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. (Münafiqun surəsi, 3)
Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun surəsi, 11)
Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. (Təhrim surəsi, 4)
Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir. (Mülk surəsi, 13)
De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır. (Müddəssir surəsi, 31)
Həmən gün qəlblər qorxudan tir-tir əsəcək. (Naziat surəsi, 8)
Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür. (Mutaffifin surəsi, 14)
O Od ki, qalxıb ürəklərə çatacaq. (Hüməzə surəsi, 7)
Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. (Nas surəsi, 4)
Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 60)
Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır. (İsra surəsi, 21)
Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür”. (Nəml surəsi, 16)
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 19)
Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!” – dedik. (Əraf surəsi, 166)
İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. (Hicr surəsi, 39)
Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. (Məryəm surəsi, 44)
Allaha və Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 5)
Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. (Mücadilə surəsi, 20)
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)
Bu onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir. (Həşr surəsi, 4)
Yəhudilər: “Üzeyr Allahın oğludur” – dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur” – dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər! (Tövbə surəsi, 30)
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 266)
Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)
Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 4)
Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11)
Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 67)
və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; (İsra surəsi, 91)
Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. (Kəhf surəsi, 32)
Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır. (Muminun surəsi, 19)
Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, (Yasin surəsi, 34)
Həmçinin bağlar və üzümlüklər, (Nəbə surəsi, 32)
Habelə üzüm və yonca, (Əbəsə surəsi, 28)