Allah Quranda insanları göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə və gündüzün mənşəyi, insanın özünün doğulması, yağışın və başqa yaradılanların meydana gəlməsi haqda düşünməyə və onları öyrənməyə çağırır. Bu yaradılanların öyrənilməsi ilə məşğul olan insan bütün bunlarda Allah`ın böyüklüyünü görər və bununla onu və bütün kainatı xəlq edən Yaradanın böyük müdrikliyini anlayar.
Kainatı və onda olan hər şeyi öyrənməyin yolu, Allah`ın yaratdığı şeylərin əzəmətini və nəhəngliyini bəşəriyyətə göstərməyin yolu elmdir. Bu səbəblə də din elmi Allah`ın yaratdıqlarının təfsilatlarını dərk etmək yolu kimi qəbul edir və ona olan rəğbətini izhar edir.
Din, elmi tədqiqatları təşviq və təqdir edir. Əgər bu tədqiqatlar dinin açdığı həqiqətlərə əsaslanaraq aparılarsa, çox tezliklə dəqiq nəticələrə nail olunar. İş bundadır ki, din kainatın və ondakı həyatın necə yaranmasına dəqiq və düzgün cavab verən yeganə mənbədir. Bunun üçün düzgün çıxış nöqtəsi seçilmiş tədqiqatlar ən qısa müddətdə çox az əmək və enerji sərf edərək kainatın və həyatın yaranma sirlərini aşkar edir. XX əsrin dahi alimlərindən biri olan Albert Eynşteynin fikrincə, elm dinsiz axsayır. Yəni dinə arxalanmayan elm tərəqqini təmin edə bilməz. Dinə arxalanmayan elm hər hansı bir dəqiq nəticəni əldə etmək üçün xeyli vaxt sərf edir, ancaq o, mühüm bir şey əldə etmək iqtidarında deyil.
Xüsusən son iki əsr ərzində dini həqiqətləri inkar edən materialist alimlərin rəhbərlik etdiyi elmin sayəsində həddindən artıq zaman itkisinə yol verildiyi göz qabağındadır. Hər kəs bu şəkildə həyata keçirilən tədqiqatların nəticəsizliyinin və milyonlarla dollar pulun boş yerə sərf edilməsinin şahididir.
Bununla əlaqədar, insanların dərk etməsi vacib olan həqiqət budur: əgər elm Allah`ın sonsuz qüdrətinin sübutlarını öz məqsədi kimi Onun yaratdıqlarında, Onun yaratdığı kainatda axtarsa, düzgün nəticələrə nail ola bilər. Əgər kurs düzgün nəzərdə tutulubsa, yəni elmə düzgün istiqamət verilibsə, o, öz məqsədlərinə tezliklə nail olacaq.
Kitabda zaman zaman qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə edilən "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz nizam-intizam qurması Rəbbimizin əvvəl planlaşdırdığı, sonra isə yaratdığı mənasına gəlmir. Bilmək lazımdır ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir "planlaşdırma" aparmağa ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür əksikliklərdən uzaqdır. Allahın bir şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız "Ol!" deməyi kifayətdir. Ayələrdə belə buyurulur:
"Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar". (Yasin Surəsi, 82)
"Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!"– deyər, o da olar". (Bəqərə Surəsi, 117)