«Zərər çəkmədən (üzrsüz evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cəhd edənlər (səy göstərənlər) şəxslər bərabər olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına savab vəd etmişdir. Lakin Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir» («Nisa» surəsi, 95).
Bu ayədə Quranda bildirildiyi kimi, şövq və həyəcana malik olmadıqları üçün bir o qədər də məsuliyyət yüklənilmədən sərbəst buraxılan və möminlər tərəfindən idarə edilən insanların vəziyyətindən bəhs olunur. Quranda qəti hökm olaraq bildirilən, dinin mənfəətləri üçün çalışmaqdan yayınmaq və peşmanlıq hissi keçirmədən bunu davam etdirmək Quran ayələrində qınanan əxlaqdır. Belə bir insanın mövqeyi, həyatını daim mübarizədə keçirən, Allahın rizasını əldə edə bilmək üçün canını və bütün malını fəda etmiş möminlərdən dərəcə baxımından çox fərqli olduğu Quranda bildirilmişdir. Ayədəki «dərəcə etibarilə üstün tutdu» ifadəsi üzrsüz olaraq oturanlarla möminlər arasındakı fərqin nə qədər böyük olduğunu göstərir. Bu səbəbdən də axirətin üstün dərəcələrini dünya həyatındakı az mənfəətə və aldadıcı bir rahatlığa qurban vermək ağıllı hərəkət olmaz.
Etməyəcəyi şeyləri demək Quran əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xəbərsiz olan insanlara xas xüsusiyyətlərdəndir.
Belə insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, lovğalanmaq məqsədilə edə bilməyəcəklərini deyir, öhdəsindən gələ bilməyəcəkləri işlərdən bəhs edirlər. Müvəqqəti xeyir və mənfəətlər əldə etmək üçün əslində etməyə niyyətləri olmadığı şeyləri vəd edirlər. Bu qeyri-səmimi hərəkətlər cəmiyyətdə çox da unudulmayan və əhəmiyyət verilməyən, vərdiş edilmiş bir davranışdır. Halbuki insanların edə bilməyəcəklərini demələri Allah dərgahında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:
«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar» («Səff» surəsi, 2-3).
Ayələrdə pislənən bir çox mənfi xüsusiyyətlər - yalançılıq, ikiüzlülük və qeyri-səmimilik kimi cəhətlər də bu davranışa daxildir. Quranda göstərilən gözəl əxlaqa ən uyğun şəkildə yaşamağı özlərinə prinsip kimi qəbul etmiş möminlər Allah dərgahında pislənən bu davranışdan uzaq olmağa çalışırlar.
Müsəlmanların Allaha və Onun dininə olan bağlılıqları heç bir şərtə söykənmədən tam bir səmimiyyətə bağlıdır. Bu səbəbdən də müsəlmanın din əxlaqına uyğun yaşamaqdakı şövqü, əhval-ruhiyyəsi, gücü, qətiyyəti şəraitin dəyişməsindən asılı deyildir. Bu, çox mühüm Quran əxlaqıdır. Bu mövzunu izah edərkən Quranda müsəlmanın iki əsas xüsusiyyətinə diqqət yetirilməlidir. Birincisi, müsəlman üzləşdiyi istənilən çətin şəraitdə sarsılmamalı və problemlərə görə əhval-ruhiyyəsini pozmamalıdır. İkincisi isə müsəlmanın sahib olduğu imkanlara görə lovğalığa və təkəbbürə qapılmaması ilə bağlıdır. Allah müsəlmanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
«Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!» («Hədid» surəsi, 23).
İnsan öz həyatında nələrlə qarşılaşacağını əsla bilməz. İnsan bəzən ən gənc yaşında heç gözləmədiyi xəstəliyə tutula bilər və ya bir qəza nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bütün mülkünü itirə və ya qarşılaşdığı hadisələr heç ehtimal etmədiyi şəkildə baş verə bilər. Belə bir vəziyyətdə Allaha imanı zəif olan insanlar ümidsizliyə qapılır və düşdükləri bu vəziyyətlərə görə üsyan edirlər. Allahın onlara verdiyi bütün nemətləri bir anda unudur və Allaha olan sevgi və etibarlarını bir anda itirə bilirlər.
Əsl müsəlmanların fərqi məhz bu yerdə ortaya çıxır. Çünki müsəlmanlar Allaha qeyd-şərtsiz iman gətirirlər. Onların Allaha olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişmir. Allahın hər şeydə bir gözəllik və xeyir yaratdığını bilir və başlarına gələn, gözlənilməz hadisələr qarşısında yalnız səbir edərək təvəkkül edirlər. Onların Allahın ağlına, mərhəmətinə, ədalətinə etibarları tam və qətidir. Bu səbəbdən də nəyi itirmələrindən asılı olmayaraq, bunu bir itki saymaz və buna görə məyus olmazlar.
Bundan əlavə, Quranda həqiqi müsəlmanların olduqca dinamik və bəzən də çətinliklərlə dolu olan həyat keçirdikləri bildirilir. Haqqı təbliğ və müdafiə edən hər bir müsəlman, təbii ki, haqqın ortaya çıxmasından narahat olan insanların əngəl və təzyiqləri ilə qarşılaşacaq. Müsəlmanların insanları dəvət etdiyi gözəl əxlaqı öz mənfəətlərinə uyğun görməyən və din əxlaqının yaşanmasını istəməyən insanlar, əlbəttə ki, olacaqdır. Məhz bu insanlar bəzən sözlə, bəzən də əməli surətdə müsəlmanların dini əxlaqa əməl etmələrinə və insanları Quran əxlaqına dəvət etmələrinə mane olacaqlar. Bu maneələr əsnasında müsəlmanlar bəzən maddi itkiyə uğraya bilər, bəzən həyatları təhlükə ilə üzləşə bilər və ya yaşadıqları yerləri tərk etmək məcburiyyətində qala bilərlər. Lakin itki kimi görünən bütün bu hadisələr müsəlmanlara axirətdə böyük mülk, gözəllik, əzəmət və təmtəraq kimi geri qayıdacaq. Buna görə də müsəlmanlar başlarına gələn hər bir hadisəni sevinc və şövqlə qarşılayırlar.
İnsanların həyatında gözlənilməz itkilər ola biləcəyi kimi, gözlənilməz böyük qazanclar da ola bilər. Allah dilədiyi insana Öz mülkünün qapılarını tam şəkildə aça bilər, ona uğur, hakimiyyət, vəzifə, qabiliyyət verə bilər. Belə bir vəziyyətdə Allah müsəlmanların sevinərək lovğalıq etməmələrinin vacibliyini bildirmişdir. Çünki insan mal-mülkdə, vəzifədə və ya hər hansı bir qazancda yalnız əmanət sahibidir. Belə ki, insana verilən hər şeyin əsas və yeganə sahibi Allahdır. Buna görə də insan özünə aid olan hər hansı bir xüsusiyyətə görə deyil, Allahın lütfünə və diləməsinə görə rahatlıq və qazanca malikdir. Belə ki, bunu bilən müsəlmanlar çox böyük nemətlərə və var-dövlətə malik olmalarına baxmayaraq, aciz olduqlarını əsla unutmaz, təkəbbürlük göstərməz və böyüklük iddiasında olmazlar. Sadəcə Allaha şükür edər və onlara verilən nemətlərin haqqını verməyə çalışarlar.