Şükür etmək verilən hər bir nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək, həmin nemətləri Quranda göstərilən şəkildə istifadə edərək haqqını vermək deməkdir.
Qəlb və dil ilə yanaşı, şükrün əməldə olması da çox mühümdür. Bu da verilən neməti Allah yolunda, Allah rizasının daha çox gözlənildiyi yöndə dəyərləndirməklə mümkün olur. İnsan mal-mülk, var-dövlət, zənginlik, mövqe, məqam, vəzifə, etibar, zəka, sağlamlıq, qüvvə kimi nemətlərdən Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, o, verilən nemətin şükrünü haqqıyla yerinə yetirməmiş olur.
Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir. Həmin ayələrdən bəziləri belədir:
«Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!» («Zumər» surəsi, 66).
«Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!» («Nəhl» surəsi, 114).
Mömin şükür etməklə Allahın sevgisini və razılığını qazanır, Ona daha çox yaxınlaşır. Səbəblərə, vasitələrə ilişib qalmır, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilir və Ona şərik qoşmaqdan uzaqlaşır. Bu şəkildə verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alır. Verilən bu nemətlər vəsiləsi ilə Allahı vəsf edib ucaldır.
Bu dünyada verilən bütün nemətlər şükrü və ya nankorluğu ortaya çıxarmaq üçün yaradılmış bir imtahan vasitəsidir. Bu mühüm həqiqət Hz.Süleymanın dilindən Quranda belə bildirilir:
«Kitabdan bir qədər xəbəri olan birisi dedi: «Mən onu sənə bir göz qırpımında gətirərəm!» Süleyman onu yanında hazır durmuş görüncə dedi: «Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, O, kərəm sahibidir!»« («Nəml» surəsi, 40).
Hz.Süleymanın Quranda keçən ifadələrindən bizə o da məlum olur ki, şükür etmək Allahın çox böyük bir nemətidir və insan yalnız Allahın lütfü və diləməsilə şükür edə bilər. Hz.Süleymanın şükür etməklə bağlı özündə çox böyük bir batini, sirri ehtiva edən duası ayədə belə bildirilir:
«(Süleyman) bu sözündən gülümsəyib dedi: «Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!»« («Nəml» surəsi, 19).
İman və bütün saleh əməllər üçün olduğu kimi şükür etməyin də Allahın ilhamı ilə olduğu ayədə açıq bildirilmişdir.
Vicdanı olan bir insan ətrafına baxdığı zaman hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyini, bu nemətlərə hər hansı bir qüvvənin köməyi ilə deyil, yalnız Allahın diləməsi ilə qovuşa biləcəyini dərk edir. İnsanın özünə aid hesab etdiyi bədəni, ağlı və zəkası, hissləri, sağlamlığı və qüvvəti də həmin nemətlərin yalnız bir hissəsidir.
Bu səbəbdən şükür etmək yalnız müəyyən zamanlarda böyük bir qazanc və ya fayda əldə edildikdə, gözəl yemək yeyildikdə və ya təhlükə və fəlakətdən sağ-salamat xilas olduqda dilucu «Əlhəmdülillah, Allaha çox şükür» demək deyil. Şükür hər zaman bütün qəlblə yaşanacaq ruh halıdır. Çünki Allahın nemətlərini saymaqla, ayənin ifadəsi ilə desək, hətta ümumiləşdirmə aparmaqla belə bitirmək mümkün deyil:
«Əgər Allahın nemətlərini sayacaq olsanız, onu ümumiləşdirmə apararaq da sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» («Nəhl» surəsi, 18).
Allahın nemətlərinə şükür etməmək və ya az şükür etmək nankorluqdur. Bu isə şeytanın insanlara qarşı qurduğu çox böyük bir tələ və hiylədir. Şeytan həmişə insanları şükür etməkdən uzaqlaşdırmaq istəyir. Ayələrdə bu azdırma şeytanın dilindən belə bildirilir:
«Dedi: «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!»« («Əraf» surəsi, 16-17).
Məlum olduğu kimi, şeytanın yalnız bir məqsədi var: insanların şükür etmələrinə mane olmaq. Şeytan bu məsələdə əksər insanları öz təsiri altına almışdır:
«...Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!» («Yunus» surəsi, 60).
Şeytanın insanlara xüsusən də şükür etməklə bağlı yaxınlaşacağını ifadə etməsi həmin ibadətin çox vacib və mühüm olduğunu göstərir. Şübhəsiz ki, bu qədər mühüm bir ibadətdən imtina edərək nankorluq etməyin Allah dərgahındakı əvəzi də buna uyğun olacaq:
«Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: «Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən, şiddətlidir!»« («İbrahim» surəsi, 7).
Bir ayədə belə bildirilir:
«Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər» («Nəhl» surəsi, 61).
Ayədə bildirildiyinə görə, insanlar zülmləri səbəbindən imtahana çəkildikləri zaman yer üzündə heç bir canlı kənarda qalmayacaq. Aydındır ki, bura iman gətirənlər də daxildir. Belə olan halda heç bir mömin özünü xətasız və günahsız hesab edə bilməz.
İman gətirənlər də gün ərzində bilərəkdən və ya bilməyərəkdən bir çox səhvlərə yol verə bilərlər. Ağlının, imanının, şüurunun dərəcəsinə görə həmin səhv və günahlar da artıb-azala bilər. Lakin heç bir insan səhv iş görməyəcəyinə əmin ola bilməz. Özünü qüsursuz və ideal hesab etmək özlüyündə müxtəlif günahlara səbəb olacaq səhv düşüncədir. Quranda belə bir qüsursuzluq iddiasının fironlara xas anlayış olduğu bildirilir.
Mömin insan imanı və bundan irəli gələn şüuru da artdıqca özünü günahsız hesab etməyə deyil, öz səhv və günahlarını daha yaxşı dərk etməyə başlayır. Yaşadığı şəraiti daha yaxşı dərk etdiyi, Allah qorxusu daha çox artdığı üçün, bir tərəfdən, səhvlərini düzəltməyə, onları təkrarlamamağa çalışır digər tərəfdən isə istəyərəkdən və ya istəməyərəkdən etdiyi günahlar üçün daim Allahdan bağışlanmasını diləyir. Şüurlu bir möminin göstərəcəyi davranış da elə budur. Bundan əlavə, bağışlanma diləmək bütün möminlərə fərz qılınmışdır:
«Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyuk günün sizə üz verəcək əzabından qorxuram» («Hud» surəsi, 3).
Bu ayədən həmçinin o da məlum olur ki, Allahdan bağışlanma diləmək nemətlərin verilməsinə səbəb olacaq.
Bir çox Quran ayələrində peyğəmbərlərin müxtəlif səbəblərdən Allahdan bağışlanma diləmələrindən bəhs edilir. Həmin anda hər hansı bir günahı etmiş olsalar da, Allahın əzabını xatırladıqları zaman və ya Allahın bir imtahanı ilə qarşılaşdıqları zaman peyğəmbərlərin dərhal Allahdan bağışlanma dilədiklərini görürük. Bir ayədə də Hz.Peyğəmbərimizin (s.ə.v.) insanların axın-axın dinə gəldiklərini görəndə Allaha şükür edib bağışlanma diləməsi bildirilir. Başqa bir ayədə isə cənnətə daxil olan möminlərin mədh edilən xüsusiyyətləri arasında onların Allahdan bağışlanma diləmələrindən bəhs edilir:
«Səhərlər isə Allahdan bağışlanmalarını diləyirdilər» («Zariyat» surəsi, 18).
Məlum olduğu kimi, bağışlanma diləmək həmin anda günah iş görüb-görməməkdən asılı deyil. Bağışlanma diləmək möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun yardımı olmadan hətta günahdan uzaq olmasının da mümkün olmadığını dilinə gətirməsidir. Onun bağışlanma diləməyə əhəmiyyət verməməsinin əsasında öz acizliyinin, qüsurunun, günahlarının fərqində olmamaq kimi qəflət və şüursuzluq dayanır. Bunun təbii nəticəsi olaraq da insanın qəlbi qatılaşır və vaxt keçdikcə, o, öz nəfsini ilahiləşdirib şeytan əlaməti olan xudbinlik və özündən razı bir vəziyyətə düşür. Özündən razılıq isə Quranda da bildirildiyi kimi, insanları azğınlaşdırır, onları şeytanın əsgərlərinə çevirir:
«(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün hazır əsgərlərdir» («Yasin» surəsi, 75).
Əmanət deyildiyi zaman bu, yalnız məhdud mənada, yəni verilən bir şeyi müəyyən müddətə saxlamaq kimi anlaşılmamalıdır. Hər bir vəzifə və məsuliyyət insan üzərində əmanətdir. Həmin vəzifə lazımi şəkildə yerinə yetirilməzsə, əmanətə xəyanət edilmiş anlamına gəlir.
Quranda tərif edilən mömin dürüst, əmin və məsuliyyətli bir insandır. O, kiçik məsələlərin, kiçik mənfəətlərin ardınca qaçmaz. Buna görə də ona verilən hər bir əhdi yerinə yetirdiyi və ya daşıdığı əmanətə ən gözəl şəkildə riayət etdiyi üçün tam etibar edilir. Möminlərin bu xüsusiyyətindən Quranda böyük mədhlə bəhs edilir:
«Onlar əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər» («Məaric» surəsi, 32).
«...Əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!» («Bəqərə» surəsi, 177).
Əhd etmək və əmanət saxlamaq məsələsində bir insanın daşımaq iqtidarında olmadığı bir yükün altına girməsi doğru deyil. Çünki verilən əhdə riayət etməmək, əmanətə xəyanət etməyin hesabı Allah dərgahında sorulacaqdır:
«...Əhdə vəfa edin. Çünki əhd cavabdehlikdir» («İsra» surəsi, 34).
«Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!» («Ənfal» surəsi, 27).
Burada mühüm olan məqam insanın bacaracağı işlərin öhdəsindən gələ bilməmək qorxusu, tənbəllik və buna bənzər səbəblərdən məsuliyyətdən qaçmamasıdır. Bacarmayacağı bir işi boynuna götürmək kimi, bacaracağı xeyirli bir işdən, məsuliyyətdən yayınmaq da insan üçün günah ola bilər. Məsuliyyət daşımaq hər zaman insanın öz seçiminə bağlı deyil. Hələ Allahın əmri kimi qəti itaət tələb edən hallarda möminin öz istəyi ilə seçim haqqı yoxdur.
Allah yolunda mübarizə aparılarkən hər kəsə öz təcrübəsinə və qabiliyyətinə görə müxtəlif vəzifələr verilə bilər. «Bacarmaram, mən bu məsuliyyətin altından çıxa bilmərəm» kimi səbəblər gətirməyin heç bir mənası yoxdur. Möminin tam bir itaət, saf bir niyyət və səmimi bir dua ilə ona verilən məsuliyyəti tam şəkildə yerinə yetirə bilməməsi üçün heç bir səbəb yoxdur.
Hər bir insanın müxtəlif bacarıq və qabiliyyətlərə fərqli cəhətlərə malikdir. Bundan əlavə, hər bir insanın iman dərəcəsi, Allah qorxusu və təqvası da fərqli olduğu üçün, bunlara bağlı olaraq məsuliyyət hissi, ədalət anlayışı, hadisələrə qiymət vermək qabiliyyəti də fərqlidir. Bu səbəbdən hər bir insanın daşıyacağı məsuliyyətin növü və böyüklüyü də fərqli ola bilər. Bir işi haqqı ilə doğru və ya qüsurlu şəkildə yerinə yetirə biləcək bir insan həmin işin «əhli» hesab edilir. Əmanətin öz sahibinə qaytarılması isə Quranda bildirilən bir əmrdir:
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir!» («Nisa» surəsi, 58).
Əmanətin öz sahibinə qaytarılması İslamın əsasında dayanan ədalət anlayışının mühüm bir hissəsidir. Əmanətin öz sahibinə verildiyi, hökmlərin ədalətlə verildiyi İslami bir cəmiyyətdə heç bir insan haqsızlığa və zülmə məruz qalmaz. Sistemin bütün sahələri qüsursuz şəkildə fəaliyyət göstərər, maksimum fayda əldə edilər.
Halbuki cahil cəmiyyətlərdə vəzifə bölgüsü əsasən həyat yoldaşı, dostluq, qohumluq münasibətlərinə və xətir-hörmətə, qarşılıqlı mənfəətlərə görə tənzimlənir. Bunun nəticəsi olaraq, yüksək vəzifələrə və məqamlara həmin işi bilməyən cahil, ağılsız, qabiliyyətsiz və bacarıqsız insanlar gətirilir. Belə cəmiyyətlərdə ədalətə və dürüstlüyə riayət edilib-edilməməsi əndişəsindən hətta söhbət gedə bilməz. Nəticədə də heç bir işdən lazımi fayda əldə edilə bilməz. Kiçik mənafe qruplarının maraqları cəmiyyətin maraqlarından üstün tutulur və böyük sosial böhranlar baş verir.
Quranın əxlaq sistemini mənimsəyən bir cəmiyyətdə isə belə problemlər olmaz. Buna baxmayaraq mömin insan hər bir sahədə ədalətli olmalı, cahiliyyənin meyar olaraq qəbul etdiyi dəyərləri hər hərəkətində, qəbul etdiyi hər qərarında və verdiyi hər hökmündə Qurana tabe olmağa diqqət göstərməlidir.
Xüsusən də Allah yolunda fikri mübarizənin aparılması üçün ona tapşırılan vəzifəni uğurla yerinə yetirməyin dinin mənfəətləri baxımından olduqca strateji əhəmiyyəti vardır. Buna görə də hər hansı bir vəzifənin düzgün paylanmaması, bacarmayanlara mühüm işlərin verilməsi ayənin hökmü ilə ziddiyyət təşkil edən bir hərəkətdir. Bu isə İslama və müsəlmanlara zərər gətirir.
Möminin diqqət edəcəyi məsələlərdən biri də onun gündəlik həyatın qarışıqlıqları içində dünyəvi hadisələrə aldanaraq həqiqi məqsədini unutmamaqdır. Möminin əsas vəzifəsi Allahın qulu olduğunu unutmamaq, Quranda bildirilən əmr və tövsiyyələri dəqiqliklə yerinə yetirməkdir. İnsan əldə etdiyi iman dərəcəsini daim təzələmək və inkişaf etdirmək yönündə çalışmadıqca mövcud vəziyyətini də qoruya bilməz, mənəviyyatı sürətlə köhnəlməyə, imani həssaslığı, ağılı isə azalmağa başlayar.
Bəzi insanlar üçün rahat bir şərait çətin şəraitə nisbətən daha böyük bir imtahandır. Çətinlik və əziyyət zamanı ağıl və şüur açıq olduğu üçün bəzilərinə görə Allahla olan mənəvi bağı qorumaq daha asandır. Lakin mühüm olan məsələ həmin əlaqəni hər bir şəraitdə qorumaqdır.
Hətta Allah yolunda bir çox çətinlikləri və ağır imtahanları geridə qoymuş bir insan da düşüncəsini, imandan irəli gələn şövqünü, həyəcanını və əsl məqsədini unutmamalıdır. Əks təqdirdə insanın qəlbi qatılaşır, vicdanı korşalıb hissiyyatsız olur, düşdüyü fəlakəti dərk edə bilmir və öyüd almır. Allahın diləməsi xaricində çıxılmaz bir vəziyyətə düşür. Kor olan qəlbi artıq axirəti görmədiyi üçün bu müvəqqəti dünyaya bağlanır. Dünya və dünyanın müvəqqəti bəzəkləri, saxta cazibəsi ona Allahdan, rəsulundan və Allah yolunda mübarizə aparmaqdan daha sevimli olur. Allah möminlərə bu təhlükəyə qarşı Quranda belə xəbərdarlıq edir:
«De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!» («Tövbə» surəsi, 24).
Mömin bilməyərəkdən dünya həyatına meyllənmək təhlükəsi qarşısında olduqca diqqətli olmalıdır. Bir möminin bu qədər ifrata varmasa da, vaxtaşırı qəflətə qapılaraq Allah rizasının olduğu bir işi tərk edib nəfsinə xoş gələn bəzi dünyəvi faydalara tamah salması, ona yaraşmayan bir haldır. Belə hərəkətlərin ardınca hər zaman küfrə, münafiqliyə açılan bir qapı vardır. Bütün bunlara qapılıb dünyəvi mənfəəti Allah rəsulundan üstün tutaraq onu tərk edənlərin vəziyyəti də belədir:
«Onlar (özlərini tamamilə Allaha və İslama təslim etməyənlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»« («Cümə» surəsi, 11).
Qəlblərində daim Allah qorxusu, qiyamət və cəhənnəm qorxusu olan səmimi möminlər isə dünyanın müvəqqətiliyinə aldanmazlar:
«O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar» («Nur» surəsi, 37).