Səmimi və ixlaslı şəkildə, Allahın rizasından kənar heç bir məqsəd və əvəz güdmədən infak etmək, yəni Allah yolunda mal-dövlət sərf etmək imanın göstəricisidir. Allah yolunda mal-dövlət sərf edən möminlər bir çox ayələrdə mədh edilmiş və müjdələnmişlər. Lakin «Ali-İmran» surəsinin 92-ci ayəsində Allah yolunda mal-dövlət sərf etməklə bağlı çox incə və mühüm bir meyar verilmişdir: «Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız». Ayədə belə buyrulur:
«Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!» («Ali-İmran» surəsi, 92).
İnsanın bir adama və ya bir şeyə verdiyi dəyər onu əldə etmək üçün fəda etdiklərinin ölçüsü ilə düz mütənasibdir. Əgər insan bəzi şeyləri fəda etmirsə, deməli, həmin şeylər onun üçün qiymətlidir. Heç nə Allahın rizasından və rəhmətindən daha qiymətli olmadığı üçün əsl mömin bütün bunları əldə etmək üçün malik olduğu hər bir şeyi haqq yolunda verə bilər. Bunu etməməsi onun sevgi və bağlılıq hissi duyduğu bəzi dünyəvi şeyləri Allahın razılığından üstün tutması anlamına gələ bilər. Bu halda da ayənin bildirdiyi kimi, əsla yaxşılığa çatmaz.
Ola bilər ki, bir insan Allah yolunda çox şey sərf etsin, böyük xidmətlər göstərsin, daim ibadət etsin və yaxşı dini biliyə sahib olsun. Lakin lazım olduğu zaman sevdiyi bir şeydən ayrıla və onu Allah yolunda sərf edə bilmirsə, bu, imanla əlaqəli olan zəiflik və çox böyük qəbahətdir. Çünki həmin şeyi Allah rizasından üstün tutur. Onun əməli nə olursa-olsun, bu insan işin məğzini dərk etməmiş, əvvəlcədən yaxşı işlər gördüyünü güman etdiyi bütün əməlləri heç olmuşdur.
Əvvəlki fəsillərdə sevginin yalnız Allaha duyulması, sevilən digər şeylərin və insanların isə yalnız Allahın təcəllası olduğu üçün Allahın da onları sevməsi səbəbindən Allahın razılığını əldə etməkdən ötrü sevilməli olduqlarını qeyd etmişdik. Allahın dərgahında qəbul edilən yeganə sevgi forması da elə budur. Belə olan halda insan onsuz da sevdiyi, sahib olduğu şeyləri həmişə və heç tərəddüd etmədən sevərək fəda edir. Onun sevgisi Allah üçün olduğundan heç bir şey də itirmir. Çünki hər bir yer Allahındır. Allah insana onun şah damarından daha yaxındır. Mömin heç bir şey itirmədiyi kimi Allahın dilədiyi tərzdə davrandığı üçün Allahın daha böyük sevgi və ikramına nail olur. Əlindən gedən hər hansı bir şey üçün məyus olmaz, əksinə, daha çox sevinər. Əsl mömin davranışı da elə budur.
Halbuki insan sevdiyi şeyi və ya insanı Allahla əlaqəsi olmayan ayrı bir varlıq kimi sevirsə, onları Allaha şərik qoşmuş, büt halına gətirmiş sayılır. O, kəs həmin şeyi Allah yolunda sərf etmək lazım olduğu zaman, Allahın əmrlərinə tabe olub bunu edərsə, o, öz cahilliyi və hərisliyi ucbatından içinə düşdüyü bu şirkdən Allahın diləməsi ilə təmizlənə bilər. Sonda da müsbət nəticə əldə edib Allahın rəhmətini qazanar.
Bütün ibadətlərdə olduğu kimi, Allah yolunda mal-dövlət sərf edərkən də həmin ibadətin hikmətinin yadda saxlanılması çox vacibdir. Allah yolunda mal-dövlət sərf etmək möminlər üçün mənəvi bir təmizlənmə vasitəsidir. İnsan sevdiyi, qiymət verdiyi şeyləri yalnız Allah rızası üçün, Onun razılığını qazanmaqdan ötrü fəda edirsə, yalnız o zaman sərf etdiyinin Allah dərgahında bir mənası və qiyməti olur. Beləliklə, mömin Allahın rəhmət və razılığını dünyadakı heç nəyə dəyişməyəcəyini, bu yolda hər şeyini fəda edə biləcəyini sübut etmiş olur. Mömin insan bu şəkildə davranaraq Allahın razılığını və rəhmətini qazanmağa məcburdur, onun buna ehtiyacı var. Allahın isə heç bir şeyə ehtiyacı yoxdur. Bu mövzu ilə bağlı bir ayədə belə bildirilir:
«Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, hər cür şükrə layiqdir!» («Bəqərə» surəsi, 267).
Məlum olduğu kimi, Allah yolunda sərf etmək üçün xoşu gəlməyən, başından etmək, özündən uzaqlaşdırmaq üçün fürsət axtarılan, hətta həqarətlə baxılan şeyləri vermək ayədə qadağan edilmişdir. Zahirən Allah yolunda sərf etmək məqsədilə belə bir hərəkət etmək insana Allahın dərgahında heç nə qazandırmaz. Buna görə də yuxarıdakı ayədə bildirilən və Quranın əsasına zidd olan bu səhv düşüncədən çəkinmək lazımdır.
Quran əxlaqından uzaq olan cəmiyyətlərdə bir nəfəqə (sədəqə) vermək anlayışı geniş yayılmışdır. Həmin anlayışa görə, vicdanını rahat etmək üçün insan öz mal-dövlətindən az miqdarını sədəqə olaraq verir. Beləliklə də böyük bir dini vəzifəni yerinə yetirmənin rahatlığı ilə malının yerdə qalan böyük bir hissəsini əlində saxlayır. Halbuki Quranda bunun yanlış davranış olmasına açıq şəkildə diqqət yetirilir. Ayələrdə belə buyrulur:
«İndi gördünmü dönəni, bir az verib qalanına xəsislik göstərəni?» («Nəcm» surəsi, 33-34).
Allahın Quranda bildirdiyi infak, yəni Allah yolunda mal-dövlət sərf etmək ibadəti isə tamamilə fərqlidir. Qurana görə, nəfəqədəki ölçü «Ehtiyacınızdan artıq qalan» kimi göstərilir («Bəqərə» surəsi, 219). Bu, Allahı hər kəsə fərz qıldığı bir hökmdür. Ayə belədir:
«...Allah yolunda nəyi paylamalı (infak etməli) olduqlarını soruşanlara isə de: «Ehtiyacınızdan artıq qalanını paylayın!» Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə fikirləşəsiniz» («Bəqərə» surəsi, 219).
Həmin hökmə riayət etməyən insanın itirdiyi yalnız az əcr qazanmaq deyil, bu insan eyni zamanda Allahın sevmədiyi bir davranışı etməklə axirət baxımından böyük bir məsuliyyət daşıyır. Çünki ehtiyacdan artıq qalanı əlində saxlayan bir insan Allahın qəti olan bir hökmünü inadla yerinə yetirmir. Xəsislik etməkdə və əslində tamamilə Allaha aid olan, Allahın insana bir sınaq olaraq verdiyi və nəfəqə verməsini bildirdiyi malı haqsız olaraq gizləyir. Allah inkarçılara xas bu davranışı göstərən insanları Quranda belə tərif edir:
«O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!» («Nisa» surəsi, 37).
Quran ayələrində, sanki kimsə ondan istəyəcək qorxusu ilə Allahın verdiyi malı və nemətləri gizləyən insanların axirətdəki ağır aqibətləri belə bildirilmişdir:
«Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq: «Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!» - deyiləcəkdir!» («Tövbə» surəsi, 34-35).
«O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur» («Huməzə» surəsi, 2-6)».
Əlbəttə, bir mömin bu ayələrdə göstərilən ölçüdə xəsislik edə və ya mal yığa bilməz. Burada diqqət edilməli məqam xəsislik və ya mal-mülk yığmağa insanların meyl etməsidir. Ola bilər ki, insan malının böyük bir hissəsini Allah yolunda sərf etsin. Lakin ehtiyacından artıq olan çox az hissəsini özünə ayırmağa və ya gələcəyi üçün saxlamağa təbii baxırsa, yuxarıdakı ayələrdə bildirilən düşüncəyə meyl etmiş olur. Çünki xəsisliyin və mal yığmağın əsasını təşkil edən səbəblər gələcək üçün narahatlıq, kasıblıq qorxusu, bu dünyanı axirətdən üstün tutmaq kimi təlaşlardır. Bu təlaşların səbəbi isə Allaha olan etibarın zəif olması və təvəkkülün az olmasıdır. Təvəkkül etməmək də iman zəifliyindən irəli gələn mühüm problemdir. Göründüyü kimi, çox kiçik, əhəmiyyətsiz hesab edilən çatışmazlıqların kökündə çox mühüm qüsurlar dayana bilər. Allahın digər hökmlərini qorumaqda olan qüsurlar kimi nəfəqə mövzusundakı bu qüsur da insanın həqiqi iman halını, ixlas və səmimiyyət dərəcəsini göstərir. Əsl mömin kiçik mənfəətlərə tamah salaraq dünyada və axirətdə böyük bir itki verməkdən qorxub-çəkinməli və Allahın bu hökmünü diqqətlə yerinə yetirməlidir.
Allahın verdiyi nemətin dəyərini qiymətləndirə bilməmək, verilən nemətlərdən istifadə edərkən və ya onları sərf edərkən şüursuz hərəkət etmək israfa səbəb olur. Allah bu mövzuda insanlara belə xəbərdarlıq edir:
«...İsraf edərək sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!» («İsra» surəsi, 26-27).
Nemətin qiymətini bilməmək, onun haqqını verməmək Allahın lütf və ikramına qarşı nankorluq etmək deməkdir. Ayədə bildirildiyi kimi, nankorluq şeytanın əsas xüsusiyyəti olduğuna görə israf edərək nankorluq edənlər də şeytana tabe olur, onun qardaşı kimi olurlar. Nemət insanın şükrünü daha da artıracağı halda, onu boş yerlərə sərf etmək neməti verən Allahı qiymətləndirməmək deməkdir. Bunun axirətdəki əvəzi isə Allahın cənnətindən, rəhmətindən və nemətlərindən uzaq qalmaq deməkdir.
Cənnət Allahın sonsuz nemətləri ilə zəngin olan möhtəşəm bir yerdir. Lakin hələ bu dünyadakı nemətlərə etinasız yanaşan, onların qiymətini bilməyən, Allaha lazımınca şükür edə bilməyən insanın cənnət nemətlərini haqqı ilə qiymətləndirib Allahı uca tutması da mümkün deyildir. Cənnəti qazana bilmək üçün insan ən əvvəl bu dünyadakı yüksək əxlaqı əldə etməlidir. Hədsiz israfçılıq halları ilə yanaşı, ən kiçik məsələlərdə israfçılıq etmək, nemətlərə xor baxmaq, ziyan vurulmasına səbəb olmaq, bunu bildiyi halda həmin zərərin qarşısını alacaq tədbirlər görməmək kimi hərəkətlər də nemətə nankorluq etmək mənasına gəlir. Mömin daha çox nəzərdən yayınan belə israfçılığa diqqətli olmalı və Allaha nankorluq, hörmətsizlik etməkdən çəkinməlidir. Allah insanların Onun sonsuz nemətlərindən israf etməmək şərtilə ən gözəl şəkildə istifadə etməsini istəyir:
«Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!» («Əraf» surəsi, 31).