Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl bir davranış forması deyil, eyni zamanda Allahın fərz qıldığı əməldir. Ayənin ardında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmasına səbəb ola bilər.
Quran Allahın sözüdür. Buna görə də Allaha göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə Allahın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dillərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi əsas şərtdir.
Hər insanın fərqli işlərlə məşğul olduğu və heç kimin dinləmədiyi bir şəraitdə xəbər vermədən Allahın ayələrini oxumaq, insanların istəmədən bu ayənin hökmünə tabe olmalarına səbəb ola bilər. Buna görə də lazım olan şəraiti yaratmadan, Allah kəlamını oxumaq məqbul davranış deyil.
Hər insan bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın kaset və ya radiodan oxudulması bəzi cahil dairələrin nəzərində mühüm bir ibadət və təqva əlaməti sayılır. Halbuki Quran hörmətlə, hər bir kəlməsi qəlbən diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək «üstün və şərəfli» sözdür.
Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur («Hicr» surəsi, 39-40). Lakin şeytanın Allahın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsədə, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir.
Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Quran vasitəsilə ən doğru yolu tapır, şeytanın yeganə məqsədi isə möminləri doğru yoldan azdırmaqdır. Buna görə də şeytan onların Quranı dərk etməmələrini, səhv anlamalarını, hətta mümkün olduğu qədər Qurandan uzaqlaşmalarını arzulayır.
Allah şeytanın bu hərəkətinin müqabilində möminin Ona sığınmasının vacib olduğunu bildirmiş və bunu bir hökm kimi möminlərə fərz qılmışdır:
«Quran oxumaq istədiyin zaman məlun şeytandan Allaha sığın!» («Nəhl» surəsi, 98).
Allah Ona inanıb güvənərək belə davranan insanlara şeytanın heç bir zərər verə bilməyəcəyini sonrakı ayədə aşağıdakı kimi bildirir:
«Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur!» («Nəhl» surəsi, 99).
İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:
«...Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!» («Nisa» surəsi, 128).
Qısqanclıq başqasında olan bir şeyin onda olmamasından, başqasının bacardığı bir işi özünün bacarmamasından, başqasının aldığı qiymət və tərifi özünün almamasından və buna bənzər hallardan irəli gələn mənfi bir hissdir. Mal-mülk, gözəllik, zənginlik, dünya və ya axirətlə əlaqədar olan dərəcələr və Allahın öz qulları arasında payladığı buna bənzər hər bir maddi və mənəvi nemətlər qısqanclığa səbəb ola bilərlər:
«Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik» («Nisa» surəsi, 54).
Möminlər imtahan məqsədilə ilham olunan belə mənfi xüsusiyyətlərdən xilas olmaq üçün öz nəfsləri ilə daim mübarizə aparır, nəfslərini təmizləyirlər. Mömin qısqanclıq hissinə səbəb olacaq hər bir hadisədə Qurana uyğun şəkildə davranır. Yəni hər şeyin Allaha aid oluğunu, hər şeyin Allahın diləməsi ilə baş verdiyini, Allahın dilədiyini seçdiyini, dilədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilir. Rəbbimizin hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını, dünyada verilən hər bir nemətin insanlar üçün bir sınaq vasitəsi olduğunu, gediləcək əsl yerin axirət olduğunu, Allah dərgahındakı qiymətin təqvadan asılı olduğunu dərk edərək yaşayır.
Qısqanclıq təkəbbür və xudbinliyin, nəfsi tanrı hesab etməyin təbii nəticəsidir. Buna görə də qısqanclıq şeytanın ən xarakterik xüsusiyyətidir. İblisin Allaha üsyan edib inkarçılardan olmasının səbəbi də xudbinliyinə görə Hz.Adəmin üstünlüyünü qısqanması olmuşdur.
Şeytanın bu xüsusiyyəti onun ardınca gedən müşriklərin və münafiqlərin simasında geniş şəkildə əks olunur. Qısqanclıq müşriklər arasında gündən-günə artaraq bunun daha sonrakı mərhələsi olan həsəd hissinə çevrilir, bununla da onların bütün hərəkət və davranışlarına təsir edir və nəticədə, onlar şeytanın insanlar arasındakı təmsilçilərinə çevrilirlər. Buna görə də Allah həsəd aparanların mənfi əməllərindən qorunmaları üçün möminlərin Ona sığınmalarını əmr edir:
«De: «Pənah aparıram sübhün Rəbbinə... paxıllığı tutanda paxılın şərindən!»«(«Fələq» surəsi, 1-5).
Salam vermək möminlərin bir-birinə ən gözəl dilək və istəklərini təqdim etmə formalarından biridir. Cənnətə daxil olarkən möminlər salamla qarşılanar və cənnətdə də bir-birləri ilə salamlaşırlar. Salam verən bir insanın həmin salama daha gözəl şəkildə və ya ən azı eyni dərəcədə cavab verməsi fərzdir:
«Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır» («Nisa» surəsi, 86).
Cahillərin anlayışında isə verilən salamı almamaq, eşitməməzlik kimi davranışlar özünü qarşı tərəfdən üstün göstərmək anlamına gəlir. Sosial vəziyyəti baxımından özündən aşağı hesab etdiyi insanları əzmək, onlara həddini bildirmək kimi çirkin niyyəti özündə ehtiva edən bu cür davranışlara tez-tez rast gəlinir. İslamda və möminlər arasında isə belə bir üstünlük anlayışı və qiymətləndirmə forması yoxdur. Kim olursa-olsun, ona verilən salamı almaq hər bir mömin üçün Quranda bildirilən bir əmrdir.
Quranda həyatın hər bir anında, hər bir kiçik və böyük hadisədə Allahla sıx əlaqədə olmağa və daim axirəti xatırlamağa əsaslanan iman anlayışı göstərilir. Quranda həmçinin peyğəmbərlərdən misal gətirildiyi zaman bir çox yerdə onların hər zaman Allaha sığınan və axirəti xatırlayan insanlar olduqlarından bəhs edilir. Ən əhəmiyyətli və fövqəladə hadisələrdə, eləcə də yalnız çətinliklərlə üzləşdikdə və ya sıxıntıya düşdükdə Allahı və axirəti xatırlayıb, gündəlik həyatda qarşılaşılan hadisələrdə qəflət içində olmaq kimi bir anlayış Quranın ruhuna tamamilə ziddir. Möminin hər anı, hər bir halı, etdiyi hər bir işi başına gələn hər bir hal-qəziyyə onun Allaha yaxınlaşması, əxlaqını gözəlləşdirməsi, savabını artırması üçün verilmiş fürsətdir. Quranda bir möminin həyatının hər anında bunu necə edəcəyi ilə bağlı bir çox misallar verilmişdir. Bunlardan biri də möminlərin evə daxil olarkən salam verərək gözəl əxlaq nümayiş etdirməsidir:
«...Evlərə daxil olduğunuz zaman bir-birinizi Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!» («Nur» surəsi, 61).
Ayənin sözləri ilə desək, düşünülsə və həmin sözün mənasına diqqət edilsə, verilən salamla bunlar gerçəkləşmiş olur. Ən əsası Allahın ayə ilə fərz qıldığı bir hökm yerinə yetirilmiş olur. Bununla yanaşı, Allahın sülh və əmin-amanlıq mənasını verən «Salam» adı xatırlanır. Möminlər belə bir vasitə ilə tez-tez bir-birinə ən gözəl arzularını çatdırıb, qarşılıqlı sevgi və bağlılıqlarını möhkəmləndirirlər. Birlikdə Allahı xatırlayır və cənnət davranışı olan salamlaşma ilə axirəti intizarla gözləmələrini ifadə edirlər. «Salam» sözü möminlərin aralarında olan etimad, inam və əmin-amanlığın bir ifadəsidir.
Quranda möminlərin haqlarını qoruyacaq, maddi və mənəvi rahatlıqlarını təmin edəcək, onların aciz və narahat olmalarının qarşısını alacaq bütün tədbirlər görülmüşdür. Məsələn, yad bir insanın evinə hansı niyyətlə olursa-olsun, iznsiz və xəbərsiz daxil olmağı Quranda qəti şəkildə qadağan edilən bir davranışdır:
«Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb anlayasınız» («Nur» surəsi, 27).
Pis niyyətlə olmasa da, ayədə bildirilənin əksinə davranmaq, şübhəyə və etimadsızlığa səbəb olduğu üçün, ev sahibinin canı, malı, mülkü namusu kimi dəyərlərin təhlükə yaradacaq bir hərəkət tərzi olaraq nəzərdən keçirilə bilər.