Allahın razı qalmadığı bir davranış da mal-dövləti özünü göstərmək naminə xərclənməsidir. Özünü camaata göstərmək məqsədilə xərcləmək inkarçılara xas olan bir xüsusiyyətdir:
«Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!» («Nisa» surəsi, 38).
Lakin mömin də bu səhvlərdə özündən razı olmamalı, malı xərcləyərkən şüuraltı da olsa, niyyətinə Allah rizasından kənar məqsədlərin, ümidlərin qarışmamasına diqqət etməlidir. Mömin «xərcləmədi, az verdi deməsinlər», «məzəmmət etməsinlər», «canını və malını satmış iman sahibi desinlər», «ən çox xərcləyən desinlər», «ən üstün imana sahib olan desinlər», «daha çox etibar etsinlər, sevsinlər və hörmət etsinlər», «yer, vəzifə, imkan versinlər» kimi şeytani təlqinlərin hiss etmədən niyyətinə qarışıb əməlini şirkə çevirməsinə, axirəti üçün təhlükə yaratmasına əsla imkan verməməlidir.
Boş danışıq Allahın xatırlanmadığı, Allah rizasının nəzərə alınmadığı, insanın axirəti üçün heç bir faydası olmayan danışıqlardır. Cahil insan vaxtının böyük bir hissəsini heç bir faydası olmayan və ruha da əziyyət verən boş danışıqlara sərf edir. Bir yerə toplandıqda boş danışıqlarla insanların vaxtını almaq şeytanın ən böyük hiylələrindən biridir. Bu yolla şeytan insanları Allahı xatırlamaqdan uzaqlaşdırmaq, onların Allahın varlığının dəlilləri olan saysız-hesabsız ayə və möcüzələri görmələrinə, yaradılışlarının məqsədini düşünmələrinə mane olmaq və axirət üçün istifadə edəcəkləri qiymətli vaxtlarını boş yerə sərf etdirmək istəyir.
Şeytan insanların sosial təbəqələrinə, mədəniyyət və zəka səviyyələrinə əsaslanaraq, onların nəfs və həvəslərinə ən çox uyğun olan mövzuları təlqin edir və daim boş danışıqlara sövq edir. Məsələn, olduqca aşağı mədəni səviyyəyə malik olan insanlar arasında daha çox onların öz sözləri ilə desək, «yarış sevgisi», «cavanlıq sevgisi», «uşaq, yemək ve ev sevgisi» adlandırılan mövzuları önə çəkir. İş dünyasını əhatə edən hər növ ticari və iqtisadi, birja, sələm, faiz kimi digər mövzular insanların bütün gündəlik həyatlarında onların vaxtını alan məsələlərdir. Özünü ziyalı, intellektual, mədəni göstərmək istəyən bir qrup insan da öz aralarında müxtəlif siyasi, sosial mövzularda, bu günə qədər heç bir konkret faydası olmayan müzakirə və danışıqlarda vaxtlarını boş yerə sərf edir, bununla da çox mühüm məsələləri həll etdiklərini zənn edirlər. Çox vaxt televiziyadakı dəyirmi masalarda heç bir nəticə əldə edə bilməyəcəklərini və bunların mənasız olduğunu bildikləri halda, saatlarla yalnız özlərini nümayiş etdirmək, özlərini cəmiyyətə və ətrafındakılara düşünən, problemləri həll edən insanlar kimi göstərmək məqsədilə müzakirələr aparırlar. Yüksəlməyə, irəli keçməyə çalışaraq müxtəlif məqsədlərinə çatmağa can atırlar. Din mövzusu ilə bağlı müzakirələri zamanı bəziləri həmin boş və məqsədsiz danışıq mühitini dinə qarşı təzyiq etmək, kin və nifrətlərini bildirmək üçün fürsət sayırlar. Allah Öz ayələrində bu davranışlardan belə bəhs edir:
«İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir» («Loğman» surəsi, 6).
Boş danışıq inkarçıları fərqləndirən xüsusiyyət olduğu kimi, boş danışıqlara məhəl qoymamaq, bundan narahat olmamaq da möminlərə xas olan xüsusiyyətdir:
«O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər» («Furqan» surəsi, 72).
«Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!» - deyirlər» («Qəsəs» surəsi, 55).
Şeytan hər bir azğın mövzuda olduğu kimi, Qurandan kənar cahil vərdişləri də məqbul örtüklər altında möminlərin həyatına daxil etməyə çalışacaq, möminlərin boş olduqları vaxtın gəlməsini gözləyəcək. Buna görə də mömin hər zaman ayıq-sayıq olmalı, belə vəziyyətlə qarşılaşdığı zaman aldanmamalı dərhal Allahın xatırlandığı şəraiti təmin etməlidir. Mömin inkarçıların cəhalət, ağılsızlıq, boş danışıq kimi kiçik və bəsit olmağın göstəricisi olan vərdişlərini və əxlaq xüsusiyyətlərini heç bir zaman özünə yaraşdırmamalıdır.
Cənnətdə möminin ruhunu sıxıb narahat edən hər bir əziyyət kimi boş danışığın da olmaması çox böyük bir nemətdir:
«Rəhmanın Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir. Onlar orada boş (lağlağı) söhbətlər deyil, ancaq: «Salam!» eşidərlər. Ruziləri də səhər-axşam oradadır» («Məryəm» surəsi, 61-62).
Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:
«Onlar lağlağıdan tamamilə üz döndərənlərdir» («Muminun» surəsi, 3).
Allahın rizasının nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın rizasından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər.
Möminlərin Quranda müəyyən edilmiş və gündəlik həyatlarında yerinə yetirəcəkləri müxtəlif fərz ibadətləri var. Bunların xaricində qalan vaxtını mömin İslam üçün ən faydalı, Allahın ən çox razı qalacağı işlərlə məşğul olmağa, özünü həmin işlərdən maksimum faydalanacaq şəkildə inkişaf etdirməyə sərf etməlidir.
Kəşf etdikləri əhəmiyyəti baxımından yerinə yetirilən işlərin ardıcıllığına fikir verilməlidir. Müəyyən vaxtlarda yerinə yetirilməli işlərin başqa vaxta təxirə salınması və vaxt itkisinə səbəb ola bilər. Çünki həmin işlər ola bisin ki, o anda ən zəruri və əsas olan işlərdir. Bütün bu səbəblərdən mömin cahillərin bütün həyatları boyunca vaxt sərf etdikləri boş işlərlə maraqlanmamağı kifayət hesab etməməli, yerinə yetirdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər zaman Allah rizasının daha çox qazanmasına səbəb olan işləri üstün tutmağa diqqət yetirməlidir (bax: «Bir işi bitirdikdən sonra başqa işə başlamaq» hissəsi).
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» («Muminun» surəsi, 1-2).
Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha itaət etmək mənasına gəlir. Bir insanın namazda yaşayacağı ruh halı da elə budur.
Şüursuz, düşünülmədən, qeyri səmimi olaraq Allaha yönələrək yerinə yetirilən ibadətlər, ola bilsin ki, Allah dərgahında heç bir qiyməti olmasın. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan yaxınlığını, təqvasını (Allah qorxusunu) artırır, təfəkkür və mənəviyyatını inkişaf etdirir, əxlaqını gözəlləşdirir və həmin insanı mənfi əməllərdən çəkindirirsə, o zaman Allahın bu ibadətdən razı qalacağına ümid etmək olar.
Yalnız axirətini düşünən, dünyanın əsl mahiyyətini dərk etmiş ağıllı mömin sonsuz əzabdan xilas olmaq və cənnətdə daha yüksək dərəcələr əldə edə bilmək üçün etdiyi hər bir işi sonsuz həyatına təsir edəcək səbəb kimi görür. O, əlinə keçən, qarşısına çıxan əcr fürsətlərini buraxmır. Həmin fürsətləri şüurlu şəkildə qiymətləndirir. Bunun nəticəsində də o, ayədə bildirildiyi kimi, səadətə qovuşar.