Etdiyi Əməllərə Görə Sevinib Etmədikləri Ilə Öyünməmək

Gördüyü işlərlə lovğalanmaq eləcə də həqiqətdə etmədiyi işlərlə öyünmək cəmiyyətdəki bir çox insanlarda müşahidə olunan ümumi bir haldır. Halbuki «Ali-İmran» surəsinin 188-ci ayəsində bu davranışın Allahın dərgahında bəyənilməyən bir əxlaq olduğu bildirilir. Ayədə belə buyrulur:

«Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!» («Ali-İmran» surəsi, 188).

Belə davranışın təməlində insanın öz əməli hesab etdiyi, əslində isə yalnız Allahın diləməsi və yaratması ilə baş verən işləri özünə aid etmək və bunlarla öz nəfsini ucaltmaq kimi çirkin cəhdlər dayanır. Halbuki insan istər bir işi özü etsin, istərsə də etməsin, fərqi yoxdur, əslində, o işi yaradan qüvvə sonsuz güc və elm sahibi olan Allahdır.

Heç bir insanın özünə aid müstəqil bir qüvvəsi yoxdur. Hər şey və hər bir hadisə yalnız Allahın izni və diləməsi ilə baş verir. Buna görə də insanın sərbəst şəkildə gücünün çatmayacağı bir şeyə görə lovğalanıb öyünməsi onun əslində bu şeyi yaradan Allahı lazımınca qiymətləndirmədiyini göstərir. Bu da insanın öz nəfsini ilah hesab etməsi və nəfsini Allaha şərik qoşması mənasına gəlir. Allah Öz ayələrində Ona şərik qoşmağın ən böyük günah olduğunu, bundan əl çəkməyən insanları bağışlamayacağını bildirmişdir. Elə bu səbəbdən də Rəbbimizin hüdudsuz qüvvəsini qiymətləndirmək əvəzinə, öyünüb özünü yüksəltmək istəyən insanlar Quranda şiddətli əzabla müjdələnmişlər.

Lağ Etməmək, Alçaldıcı Və Təhqiramiz Ləqəblər Qoymamaq

Dini inkar edən insanlar özlərini yüksəltmək və başqa adamlardan üstün mövqe tutmaq arzusu ilə hər dəfə kiməsə lağ etmək, kimisə alçaltmaq, kiməsə ləqəb qoymaq kimi çirkin əməllərə əl atırlar.

Cahiliyyə əxlaqına aid olan belə davranışları Allah möminlərə bir-birinə qarşı istfadə etməsini qadağan etmişdir. Allahın bu hökmü Quranda belə bildirilir:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!» («Hucurat» surəsi, 11).

Möminlər Quranın bu hökmünə əsasən bir-birinə çox hörmətlə yanaşırlar. Çünki mömin insan Allahın ruhunu daşıyan, Allahın bir çox xüsusiyyətlərini özündə əks etdirən, Quranın bir çox yerlərində mədh edilmiş, sonsuz mükafatla müjdələnmiş bir varlıqdır. Möminlər bir-birinə Quranda göstərilən şəkildə baxmalı və bir-birinə yüksək əxlaqla yanaşmalıdırlar. Çünki əks təqdirdə, Allahın bu hökmünə etinasız yanaşan insan həmin ayənin sonunda göstərilən «iman gətirdikdən sonra fasiq adını qazanmaq» təhlükəsi ilə qarşılaşa bilər. Əgər insan tövbə edib bu davranışını düzəltməsə, o, həmin ayədə bildirildiyi kimi, zalımlardan olar. Zalımlıq isə Quranda iman gətirməyənlər üçün istifadə edilən terminlərdən biridir. Sözlə, ləqəb qoymaqla yanaşı, müxtəlif mimika və hərəkətlərlə də lağ etmək olar. Allahın «Huməzə» surəsindəki qaş və göz ifadələri ilə lağ edənlərlə bağlı xəbərdarlığı düşünüldüyündə, lağ etməyin Allah dərgahında nə qədər böyük bir günah olduğu daha yaxşı aydın olur:

«Qeybət edib göz-qaş hərəkətləri ilə tənə vuran hər kəsin vay halına!» («Huməzə» surəsi, 1).

Belə davranan insanın ayənin davamında göstərilən aqibəti lağ etməyin möminlər üçün son dərəcə arzuedilməz və çəkinilməsi lazım gələn bir hərəkət olduğunu daha aydın şəkildə ortaya qoyur:

«Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar!» («Huməzə» surəsi, 4-9).

Mömin başqa bir möminin səhvini üzə çıxararkən də ona lağ edirmiş, onu ələ salırmış kimi davranmamağa və bu davranışla onun qəlbinə dəyməməyə diqqət etməlidir. Belə halda qarşı tərəfin səhvini üzə çıxarıb ona bildirən insan, özünü qarşısındakından daha ağıllı hesab etməsi, özünü səhvsiz görməsi yanlış hərəkət olar. Halbuki insanın başqa birisinin xəta, nöqsan və ya mənfi cəhətlərini üzə çıxarıb ona lağ etməsi, həmin insanın daha ağıllı, daha üstün olduğunu göstərməz. Hətta ayədə göstərildiyi kimi, bəlkə də lağ edilən insan Allahın dərgahında lağ edən insandan daha xeyirli və daha üstündür. Ayənin hökmünə hörmət etməyərək lağ edən insanın isə şüurlu olmadığı, əksinə, ağlının qapalı olması şübhəsizdir. Həmin insan bu hərəkətindən əl çəkməyib xudbin davranışlarını davam etdirsə, o, başqa ayədə də bildirildiyi kimi, «azğın» bir insana çevrilə bilər.

Müsəlmanlara Dəstək Vermək, Onlarla Çəkişməmək Və Münaqişəyə Girməmək

Allah Öz ayələrində möminlərin birlik və həmrəylik içində olmalarını, bir-birinə hər bir məsələdə dəstək vermələrini və kömək etmələrini vacib bilmişdir.

Qurana baxdığımız zaman müsəlmanların yer üzündəki mövqeyinin və Allah dərgahındakı qiymətinin başqa insanlardan daha fərqli olduğunu görürük. Müsəlmanlar vicdanlı, əxlaqlı və şərəfli bir həyat yaşadıqları üçün Allahın sevdiyi və dəyərli saydığı insanlardır. Lakin Quranda Allah dərgahında qiymətli və hörmətli olan bu qulların sayının azlığına da diqqət çəkilir. Allah ayəsində əksər insanların iman gətirməyəcəyini və iman gətirən insanların bir çoxunun da şirk qoşmadan iman gətirməyəcəyini bildirir. Bu isə əsl müsəlmanların yer üzündə azlıq təşkil edəcəyi mənasına gəlir. Bu səbəbdən hətta bircə müsəlmanın belə iman gətirənlər baxımından əhəmiyyəti çox böyükdür. Belə ki, Quranda müsəlmanların bir-birləri üçün dəyəri qoruyucu, himayə edən, köməkçi mənasına gələn «vəli» sözündən istifadə olunaraq açıqlanır.

Elə buna görə də Allah hər bir əsrdə sayları olduqca az olan iman sahibi insanların bir-biri ilə sıx bağlı olmalarını əmr etmişdir. Müsəlmanların bir-birinin dəyərini yaxşı bilmələri, hər hansı bir çətinliklə üzləşəndə bir-birinə tam dəstək vermələri, yardımlaşmaları və birləşmələri Quranda müsəlmanların üzərinə qoyulan öhdəliklərdən biridir. Müsəlmanlar hər bir hadisə zamanı və ya hər bir şəraitdə bir-birini Allahın əmri ilə qoruyur və dəstəkləyirlər. Onlar bütün imkanları ilə - sözlə, maddi və ya mənəvi cəhətdən müsəlmanların qüvvətlənməsi, inkişaf etməsi və irəliləməsi üçün çalışırlar. Allah müsəlmanların bir-birinə necə bağlı olmalarının lazım gəldiyini bir ayədə belə bir bənzətmə ilə tərif edir:

«Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!» («Səff» surəsi, 4).

Ayədə diqqət yetirilən ən mühüm məqam müsəlmanlar arasında pozulması mümkün olmayan əlaqənin olmasının vacibliyidir. Bu, müsəlmanlar arasında mənəvi bağlılıq qədər, zahirən aydın görünən qüvvətli bir bağlılığın yaranmasının lazım olduğuna işarə edir. Yəni Quranda müsəlmanları uzaqdan seyr etmək və dəstəkləmək kimi məntiq yoxdur. Mömin bir insanın həqiqi yeri müsəlmanların arasındadır. Bu səbəbdən də inanc sahibi olan bir insan ibadətlərini, xidmətlərini və fikir mübarizəsini müsəlmanlar arasında yerinə yetirməklə, onlara dəstək verir.

Allahın şəninin ucaldılması, İslam dininin maraqlarının və möminlərin haqlarının qorunması, cahiliyyə əxlaqına qarşı fikir mübarizəsinin aparılması güclü birlik və həmrəyliyə əsaslanaraq mümkün ola bilər. Eyni zamanda möminlər Qurana əməl etməklə, Allahın əmrlərini yerinə yetirməklə yalnız müvəffəqiyyət və Allahın razılığını qazana bilərlər. Buna görə də möminlər arasındakı bağlılığın, bərabərlik və qardaşlıq ruhunun itməsinə və ya zəifləməsinə səbəb ola biləcək hər bir davranışdan qətiyyətlə uzaq olmaq lazımdır. Elə bu səbəbdən də imtina edilməsi lazım gələn ən əsas əməl «çəkişmə»dir. Şeytanın da hər yöndən dəstəklədiyi bu əməli Allah Quranda qəti olaraq qadağan etmişdir:

«Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!» («Ənfal» surəsi, 46).

Möminlər arasındakı həmrəylik, bağlılıq və birlik onların inkarçılar qarşısındakı qüvvələrinə də təsir edən, həyati əhəmiyyət kəsb edən amildir. Çəkişmə isə ayədə də bildirildiyi kimi, bu qüvvəni zəiflədən, heç bir fayda verməyən, şeytanın təşviqi ilə göstərilən nəfsani davranışdır. Bu səbəbdən də bir anlıq qəflətə qapılaraq çəkişən, mübahisə edən mömin dərhal diqqətini toplayıb ayənin hökmünü xatırlamalı, etdiyi işin Allahın bəyənmədiyi bir iş olduğunu dərk edib həmin davranışdan imtina etməli, tövbə edərək onu bir daha təkrarlamamalıdır.

Möminlər bu cür şeytani şəraitlər və ya bunlara səbəb ola biləcək danışıq və davranışlar qarşısında diqqətli olmalı, belə bir davranışa dərhal müdaxilə edərək onun qarşısını almalıdır. Zira Allah möminlərin hədəfini Quranda müəyyən etmişdir. Dini inkar edənlər, müşriklər və münafiqlərin birləşərək iman sahiblərinə qarşı mübarizə apardığı bir şəraitdə, onları buraxıb möminlərlə çəkişmək, onların şövqünü zəiflətmək, gücünü azaltmaq Qurana uyğun olan bir davranış deyil.

Möminlərə hər bir məsələ ilə bağlı ən doğru yolu Allah və Onun elçisi göstərmişdir. Hansı məsələdə olursa-olsun, Allahın dərgahında qəbul edilən yalnız bir həqiqət var. Möminlərin heç birinin bu məsələdə digərlərindən fərqli anlayışı, fərqli düşüncəsi ola bilməz. Buna görə də Quranda tərif edilən möminlər arasında heç bir mövzuda ixtilaf və ya münaqişədən söhbət gedə bilməz. Çünki Quranda diqqət yetirildiyi kimi, fikir ayrılığı və ixtilaf yalnız dini inkar edənlərə xas olan xüsusiyyətdir. Quranda möminlərin anlaşılmazlıqla üzləşdiyi məsələlərdə Allaha və Onun rəsulunun tövsiyələrinə arxalanmağın vacibliyi əmr edilir. Yalnız bu halda, hər bir məsələ öz həllini ən doğru şəkildə tapa bilər. Yoxsa möminlərin öz aralarında mübahisə edərək, çəkişərək problemləri həll etməyə, bir nəticə əldə etməyə çalışmaları Qurana tamamilə ziddir. Başqa bir ayənin hökmündə isə möminlər arasında nifaqın salınmasının qarşısının alınması çəkişmələrin, şeytanın qapılarının bağlanılması üçün ən yaxşı üsulun «sözün ən gözəlini demək» olduğu bildirilmişdir:

«Bəndələrimə de: «Gözəl sözlər söyləsinlər!» Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!» («İsra» surəsi, 53).

Zənnə Qapılmamaq, Qeybət Etməmək, Insanların Eyiblərini Araşdırmamaq

«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin eybini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!» («Hucurat» surəsi, 12).

Ayədə möminin çəkinəcəyi üç mühüm davranışdan söhbət açılır: zənnə qapılmamaq, qeybət etməmək, eyibləri araşdırmamaq... Bunlar eyni zamanda bir-biri ilə bağlı olan davranışlardır. Çünki qeybət edən, yəni bir möminin arxasınca dedi-qodu edən insan elə onun haqqında bəzi mənfi gümanlara da düşmüş olur. Eynilə eyibləri araşdıran bir insan da müxtəlif gümanlarla belə bir davranış sahibi olur.

Bu davranışların üçünün də ortaq xüsusiyyəti möminləri incidən, möminlər arasındakı bərabərliyi və həmrəyliyi pozan, sevgini, şəfqəti və mərhəməti azaldan davranışlar olmasıdır. Bunların hamısı cahiliyyə toplumunun gündəlik həyatında adi hal almış çirkin vərdişlərdir. Cahil cəmiyyətin çox təbii qarşıladığı bu vərdişlərin əslində nə qədər qəbul edilməz və xoşagəlməz olması ayədəki qeybətlə bağlı misaldan da aydın olur. Həmçinin başqa bir ayədə də Allahın «arxada dedi-qodu edənlər» haqqında böyük bir xəbərdarlığı var. Ayədə belə hökm edilir:

«Qeybət edib tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur» («Huməzə» surəsi, 1-6).

Məlum olduğu kimi, ayənin davamında həmin davranış tərzini mənimsəyənlərə qarşı birmənalı şəkildə cəhənnəm təhdidi var. Həmin təhdidi nəzərə aldığımız zaman, bu əxlaqın möminlərin diqqət yetirməli olduğu Qurandan kənar bir davranış olduğunu görərik.

Şeytan dini inkar edənlərin bir-birinə bəslədiyi kin, həsəd və paxıllıqdan irəli gələn eyibləri araşdırmaq və qeybət kimi davranışları möminlərə müsbət göstərmək üçün, bunları dinin ayağına yazmağa çalışa bilər. Məsələn, səhv və nöqsanları olan bir möminin arxasınca dedi-qodu etməyi onun yaxşılığı və ya dinin mənfəəti üçün olan hərəkət kimi göstərməyə çalışa bilər. Halbuki Allah bu davranışı möminlərə Quranda qəti qadağan etmişdir.

Ayədə sadalanan nöqsanlar arasında diqqət yetirilməli olan başqa bir davranış da «zənnə qapılmamaq»dır. Qeybət və eyibləri araşdırmaq zənnə qapılmağa nisbətən daha konkret səhvlərdir. Buna görə də həmin səhvi edən insanı digər möminlər xəbərdar edib onu bu davranışdan çəkindirmək imkanı əldə edirlər. Zənnə qapılmaq qəlbdə yarandığı üçün möminin yalnız özünün müəyyən edib tədbir görə biləcəyi hadisədir. Bunun nəticəsində qəflətə düşən mömin öz-özünə düşünərkən ayədə günah sayılan bir çox pis gümanlara düşə bilər. Buradan məlum olur ki, mömin yalnız etdiyi əməllərinə görə deyil, niyyətinə, duyğu və düşüncələrinə görə də məsuliyyət daşıyır. Bütün kitab boyunca incələyəcəyimiz kin, həsəd, qorxu, sevgi və buna bənzər bir çox anlayışlar da möminə məsuliyyət yükləyən hisslərdəndir. Bu səbəblə möminin ağlından keçirdikləri və hiss etdikləri də Allahın sərhədlərini aşmamalıdır. Quran hökmlərini rəhbər tutaraq öz hiss və düşüncələrini tərbiyə edən insan isə şübhəsiz ki, ən doğru yola çatar.

Qəzəbi Boğmaq

Quranda möminin öz hirsini cilovlaması əsəbin səbəb ola biləcəyi müxtəlif xəta və zərərlərdən qorunmaq baxımından ideal bir davranış kimi göstərilir:

«Onlar bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər» («Ali-İmran» surəsi, 134).

Bəzən insanın əsəbiləşməsi yaradılışdan gələn bir davranış olsa da, ayədə möminin həmin davranışı davam etdirməməsinin, onu cilovlamasının vacib olduğu göstərilir. Çünki qəzəb insanın əqli funksiyalarını pərdələyən, onun hadisələri sağlam şəkildə qiymətləndirib doğru qərar qəbul etməsinə mane olan amildir. Belə olan halda da insanın Allahın hökmlərinə lazımi şəkildə əməl etməsi də təhlükə qarşısında qalır. Həqiqətdən və ədalətdən uzaqlaşma Quranda qəzəbin səbəb olduğu zərərlərindən biri kimi göstərilir. Çünki qəzəbin ağılı pərdələməsi nəticəsində edilən dəyərləndirmələr və verilən qərarlar emosional olur ki, bu da Qurana uyğun olan ədalətli nəticəni vermir.

İnsanlara, xüsusən də möminlərə qarşı bəzi şəxsi məsələlərə görə duyulan qəzəb dərhal aradan qaldırılmalı, şəfqət və mərhəmət hissi əsas götürülməlidir. Qəzəblənən əsəbi insan haqsızdırsa (onun əsəbiləşməyə onsuz da heç bir haqqı yoxdur), özünün haqsız olduğunu qəbul edib səhvini düzəltməlidir. Əgər haqlıdırsa, yenə də hirsini cilovlamalı və ayənin bildirdiyi kimi, qarşı tərəfi bağışlamalıdır.

Bura qədər bəhs etdiklərimiz gündəlik həyatda möminlərin başına gələ biləcək hallardandır. Bunlardan başqa, arada heç bir şey olmadığı halda yerli-yersiz əsəbiləşib qəzəblənən insanlar da vardır ki, onlar təvəkkül, insanların və hadisələrin tamamilə Allahın nəzarətində olması kimi əsas məsələləri lazımi qədər dərk edə bilməmişlər. İmanın zəifliyindən irəli gələn bu qüsurlar onların ruhunda əsəbilik kimi əks olunmuşdur. Onlar daim əsəbi vəziyyətdə olduqlarına görə hirslərini cilovlamaqda acizdirlər. Buna görə də onlar özlərinin hər şeydən öncə imani baxımdan olan problemlərini həll etməlidirlər.

Həmçinin burada mömin insanın İslam dininə duyduğu sevgisindən irəli gələn əsəbiliyini də başqaları ilə qarışdırmamaq lazımdır. Möminlərə qarşı bir haqsızlıq və zülm ediləndə, Allaha, dinə, müsəlmanlara qarşı hər hansı bir həqarət və ya hücum olanda, möminin bunlara qəzəblənməsi onun imanından irəli gələn haqlı və doğru bir davranışdır. Bu qəzəb möminlərin mübarizə şövqünü artıran, onların mübarizəsini stimullaşdıran rəhmani bir duyğudur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahı Xatırlamaqda Zəiflik Göstərmək
  • Elçiyə Qəlbən Hörmət Bəsləmək
  • Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət Və Ya Əyləncədən Üstün Tutmamaq
  • Üzrsüz Əyləşməmək
  • Etdiyi Əməllərə Görə Sevinib Etmədikləri Ilə Öyünməmək
  • Bir Işi Bitirdikdən Sonra Başqa Işə Başlamaq
  • Sevilən Şeyləri Allah Yolunda Sərf Etmək
  • Mal-Dövləti Özünü Göstərmək Xatirinə Xərcləməmək
  • Quran Oxunanda Susaraq Onu Dinləmək
  • Şükür Etmək
  • Başqalarına Nəsihət Verib Özünü Unutmamaq
  • Bir Topluluğa Bəslənən Kinin Ədalətsizliyə Sövq Etməməsi
  • Dində Zorakılığın Olmaması Və Din Əxlaqına Hikmətlə, Gözəl Öyüd-Nəsihətlə Dəvət Etmək
  • İbadətdə Qətiyyətli Olmaq