Allahın seçdiyi elçilərə dərin hörmət bəsləməyin və onlara qeyd-şərtsiz itaət etməyin fərz olduğunu Qurandan öyrənirik. Bu dövrdə elçiyə itaət etmək isə yalnız onun sünnəsinə tam mənası ilə tabe olmaqla yerinə yetirilə bilər. Sünnəyə tam və şüurlu şəkildə tabe olmaq isə ayələrdə elçiyə verilən əhəmiyyət və qiyməti dərk edib qəlbən dərk edilməlidir. Elə bu səbəbdən də bütün dövrlərdə yaşayan möminlərin elçi ilə bağlı hökmləri öyrənmələri lazım gəlir. Aşağıda möminlərin elçilərlə münasibətdə göstərməli olduğu davranışları müəyyən edən Quran hökmlərindən bəhs edəcəyik.
Qurana diqqət yetirəndə Allahın seçdiyi elçilərin digər möminlərə nisbətən xüsusi və fərqli mövqeyə malik olduqlarını görürük. Elçilər Allahın yer üzərindəki xəlifəsi, İslam əxlaqının ən böyük təmsilçisi və möminlərin lideridirlər. Elçilər Allahın Öz qulları arasında ən çox razı olduğu, Ondan ən çox qorxub-çəkinən, Ona itaət etməkdə və təslim olmaqda hamıdan irəlidə gedən, hər bir sahədə möminlərə nümunə olan üstün əxlaqa malik insanlardır. Allah Öz elçilərinə xüsusi əhəmiyyət verir və onları bir çox ayələrlə qoruduğunu bildirir.
Allah Öz elçilərinin mövqe və məqamını hər kəsdən üstün tutmuşdur. Bu səbəbdən də elçilər mömin cəmiyyətləri arasında ən əsas və mərkəzi məqama sahibdirlər. Mömin hər zaman və hər bir sahədə elçinin nəfsini öz nəfsindən üstün tutmalıdır. Bu mövzu Quranda belə bildirilir:
«Mədinəlilərə və onların ətrafında olan bədəvilərə Allahın Peyğəmbərindən geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz...» («Tövbə» surəsi, 120).
«Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır...» («Əhzab» surəsi, 6).
Elçilərin malik olduğu bu xüsusi məqama görə bir çox Quran ayəsində möminlərə elçiləri müdafiə edib dəstəkləmək əmr edilmişdir:
«...Ona (o peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun ardınca gedənlər - məhz onlar nicat tapanlardır!» («Əraf» surəsi, 157).
«Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və qorxudan bir peyğəmbər olaraq göndərdik ki, Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!» («Fəth» surəsi, 8-9).
«Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!» («Əhzab» surəsi, 56).
Quranda xəbər verildiyi kimi, elçilər ağıl, zəka, anlayış, qavrayış və bir çox başqa xüsusiyyətləri baxımından digər möminlərdən daha yüksək yaradılışa malikdirlər. Allahın bir çox sifətləri elçilərin üzərində daha aydın şəkildə əks olunur, möminlik əlamətlərini özlərində daha çox daşıyan insanlar Allahın seçdiyi elçilərdir. Belə olan halda mömin də öz yerini bilməli və elçinin bu açıq-aşkar üstünlüyü qarşısında hörmət, mülayim və səmimi əxlaq nümayiş etdirməli, elçini dəstəkləməlidir. Bu hal ayədə «möminlərin elçinin hüzurunda qabağa keçməkdən çəkinmələri» şəklində ifadə edilir:
«Ey iman gətirənlər! Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah eşidəndir, biləndir!» («Hucurat» surəsi, 1).
Allahın rəsulunun hüzurunda önə keçmək onun qarşısında öz ağlını ön plana çıxaran davranış sərgiləmək, özünü bilikli göstərmək, onun sözünü kəsmək kimi müxtəlif formalarda nümayiş etdirilə bilər. Əlbəttə, bir möminin belə hərəkətləri bilərəkdən etməsini düşünmək olmaz. Lakin bir anlıq qəflətə, unutqanlığa dalıb, Allahın müəyyən etdiyi sərhədləri aşmaqdan da çəkinmək lazımdır.
Əvvəlki səhifələrdə elçilərin möminlər arasında Quran ayələri ilə müəyyən edilmiş xüsusi və fərqli mövqelərə malik olmasından bəhs etmişdik. Həqiqətən də möminlərin bir-birilərinə qarşı göstərməli olduğu davranışlarla yanaşı elçilərə qarşı diqqət və davranışlarından da bəhs edərkən, onların istifadə edəcəkləri ən kiçik səs tonlarına qədər hər bir detal ayələrdə xüsusi olaraq izah edilmişdir. Ayələrdə qeyd olunan bu davranışlarda xoş münasibətin və yüksək hörmət anlayışının əsas götürüldüyünün şahidi oluruq:
«Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar» («Hucurat» surəsi, 2).
Allah möminlərə Onun elçisi ilə danışarkən səslərini qaldırmamağı, öz aralarında olduğu kimi yüksək tonla danışmamağı xatırlatmışdır. Burada diqqət yetirilməli olan məqam isə həmin davranışın bir ədəb və ya nəzakət qaydası olmaqdan çox, onun Allahın qəti əmri olmasıdır. Çünki bunun əksi olan davranışın əməlləri puç edən hərəkət olması mövzunun əhəmiyyətini daha da qabardır. Bunu Quranın açıq hökmü kimi yox, hər hansı bir davranış qaydası kimi görmək, «yerinə yetirilərsə, çox yaxşı, yetirilməzsə biraz ayıb sayılar» kimi anlayış irəli sürmək, Allahın ayələrini qulaqardına vurmaq mənasına gəlir. Halbuki elçiyə göstərilən hörmət Allaha göstərilən hörmət deməkdir. Həmçinin bunun əksi olan bir davranış nümayiş etdirilsə, bu da Allaha qarşı göstərilmiş davranış olar. Elçiyə qarşı münasibətdə bilərəkdən etinasız yanaşmaya yol vermək isə Allahın razı qalmayacağı bir davranışdır. Lakin qəsdən deyil, cəhalət, düşüncəsizlik, yanlış bir səmimiyyət anlayışı nəticəsində elçinin hüzurunda səsini yüksəldən bir insan mömin də olsa, o, başqa möminlərlə müqayisədə daha aşağı ağıl, şüur səviyyəsinə və daha hissiyyatsız xarakterə malikdir. Allahın bu mövzuya verdiyi əhəmiyyət buna riayət edənlərin mədh edildiyi və müjdələndiyi ayə ilə daha da aydın olur:
«Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir!» («Hucurat» surəsi, 3).
Eyni şəkildə elçinin hər hansı bir insan kimi uzaqdan çağırılmasının, ona uzaq məsafədən yüksək səslə müraciət edilməsinin ağılsızlıq əlaməti olması bir ayədə belə bildirilir:
«Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!» («Hucurat» surəsi, 4).
Allah bütün insanlara elçilər ilə münasibətdə onlara maddi-mənəvi sıxıntı və əziyyət verə biləcək davranışları qadağan edib. Qəsdən olmasa da, başqa möminlər arasında təbii hesab edilən davranışları elçinin hüzurunda etmək bəzən əziyyət verən düşüncəsiz hərəkət ola bilər. Ayədə bildirilən çağırılmadan və ya xəbərsiz şəkildə elçini ziyarət etmək, təklif edilmədiyi halda orada olarkən yemək vaxtını gözləmək, yeməkdən sonra uzun söhbətə başlamaq kimi düşüncəsiz hərəkətlər də Allahın Quranda qadağan etdiyi davranışlardır:
«Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verir, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz...» («Əhzab» surəsi, 53).
Bir mömin bu kimi mövzularda elçiyə nəinki əziyyət verməməli və ona yük olmamalı, hətta hər zaman ona əlindən gələn dəstəyi və köməyi göstərməli, onun yükünü azaltmalıdır. Bu, möminin Quranda göstərilən ən mühüm vəzifələrindəndir.
Allah bir çox insanları dinin mənafeyi baxımından xidmətlərlə və başqa işlərlə vəzifələndirə bilər. Lakin həmin adamlar mömin də ola bilər, dini inkar edənlər də. Belə ki, şeytanların Hz.Süleymana xidmətçi olaraq təyin edilməsi Quranda bildirilən açıq həqiqətdir. İstər möminin, istərsə də dini inkar edən insanların hər biri hər hansı bir işin yerinə yetirilməsində bir vasitədir. Yeganə güc və iradə sahibi yalnız Allahdır. Allah da İslam dinini dünyada bir sıra sınaqlardan keçirməklə qüvvətləndirəcək və hakim qılacaq.
Allah Öz ayələrində bütün bu həqiqətlərdən xəbərsiz olub müsəlman olduqlarına görə özlərini qiymətli bir varlıq kimi görənlərdən, müsəlman olmalarını İslam dini və elçi üçün böyük bir qazanc, Allahın bir lütfü kimi göstərənlərdən bəhs edir:
«Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!»« («Hucurat» surəsi, 17).
Ayədə də qeyd edildiyi kimi, əslində bu məsələ insanların düşündüklərinin tam əksinədir: İslama daxil olan bir insan İslamı şərəfləndirməz, əksinə, İslam ona şərəf verər.
Allah Quranın müxtəlif ayələrində İslama xidmət edən insanları Onun qəbul etdiyi əxlaqı yaşamağa çalışmayacaqları təqdirdə, onları daha xeyirli insanlarla dəyişdirə biləcəyindən bəhs edir. Bü düşüncəyə malik olan insanlar həmin ayələrin hökmünü pozmaqdan qorxmalı, bu xəbərdarlığı daha çox özlərinə aid etməlidirlər. Səmimi bir iman və niyyətlə, Allah rizasından başqa heç bir şeyi nəzərdə tutmadan İslama xidmət edən insanın əcrini, savabını isə Allah mütləq verəcəkdir.
Mömin insan Allahın və Onun elçisinin əmrlərini qəlbən və boyun əyərək yerinə yetirir, onun sözlərinə itaət edərkən qəlbində ən kiçik bir sıxıntı və şübhə hissi keçirməz. Mömin insan Allahın və Onun elçisinin hökm etdiyi hər şeyin ən doğru, ən yaxşı və ən xeyirli olduğunu bilir. Bəzən şeytan elçinin dediyindən fərqli işlər yerinə yetirməsini əmr etsə də, mömin ən xeyirli yolun öz elçisinin əmr etdiyi yol olduğunu bilərək hərəkət edir. Bu qəlbdən gələn səmimi münasibət isə möminin imanından qaynaqlanır.
Əks halda, yəni zahirən itaət edib qəlbən tam səmimiyyətin olmaması isə ayələrdə bildirildiyinə görə, həmin insanın əslində iman gətirmədiyinin sübutudur:
«Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar» («Nisa» surəsi, 65).
Bir insan İslamın və möminlərin gücündən çəkindiyi üçün zahirən itaətli davrana və deyilənləri qüsursuz olaraq yerinə yetirə bilər. Lakin həmin insanın qəlbi tam mənası ilə itaət etmədikcə, o, həqiqətən iman gətirmiş sayılmaz. Çünki belə bir davranış o insanın qəlbində hələ də Allah və elçisi haqqında bəzi şəkk-şübhənin olduğunu göstərir. Qəlbən, yaxud başqa sözlə, «batini» bir itaətə malik olmaması, yalnız fiziki itaət göstərməsi həmin insanın gördüyü işlərin də boşa getməsinə səbəb ola bilər. O, zahirən itaət etmiş kimi görünsə də axirətdə bunların əvəzini almaya bilər. Buna görə də mömin, öz dünyəvi mənfəətlərinə zidd olsa belə, Allahın elçisindən gələn hökmü qəlbdən gələn nəşə və sevinclə qarşılamalı, imanının və təslimiyyətinin ləzzətini sidqi-ürəklə hiss etməlidir. Haqq olan bir şeyin qarşısında sıxıntı çəkmək, şübhə və tərəddüd hissləri keçirmək imana zidd olan davranışdır.