İslam dininin xüsusiyyəti bu dinin insanın onu yalnız öz daxilindən gələrək və qəlbən qəbul edərək yaşaması ilə Allah dərgahında qəbul edilən bir inanc sistemi olmasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayələrində izah etmişdir. Məsələn, namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Həmçinin mal-dövlətindən Allah yolunda xərcləyən bir insanın həmin ibadətinin Allah dərgahında qəbuledilən olması onun verdiyi bu sədəqəni istəyərək və sevərək verməsinə bağlıdır.
Bir insan müsəlman olmaq üçün dini və Allahı ağlıyla dərk etməli və Onu qəlbən də təsdiq etməlidir. Yerinə yetirdiyi bu xidmətləri nə üçün etdiyini bilməlidir. Müsəlmanın dinə olan bağlılığı onun Allahın varlığına olan inamından irəli gəlir. Bu səbəbdən də dinin tələblərini istəyərək və sevərək yerinə yetirir. Dolayısı ilə İslam yalnız insanın öz rizası olduğu təqdirdə, həqiqi mənada yaşana biləcək bir sistemdir.
Buna görə də dində zorakılıq yoxdur. Allah müsəlmanlara dinə qarşı istəksiz olan insanlara İslamı zorla qəbul etdirməyə çalışmamağı əmr etmişdir. Çünki Allah dini insanın zorakılıqla deyil, qəlbən yerinə yetirəcəyi şəkildə yaratmışdır. Qəlbən deyil, zorla qəbul etdirilərək yaşanan bir dinin Allahın dərgahında heç bir qiyməti olmaya bilər və bu halda həmin insanın dinə əməl etməsi ilə əməl etməməsi arasında da heç bir fərq olmayacaq.
Müsəlmanların din əxlaqını izah etməsi yalnız gözəl sözlü dəvət şəklində ola bilər. Bu həmçinin Allahı sevənlərin din əxlaqını yaşamasına istiqamətlənən bir dəvətdir. Dində zorakılığın olmaması ilə bağlı bir ayədə belə buyrulur:
«Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!» («Bəqərə» surəsi, 256).
Ayədəki əmrdən də görünür ki, müsəlmanlar İslamı təbliğ edərkən və imanı sevdirərkən sözün ən gözəlini işlədirlər, qarşılarında olan insanı incitməyəcək, müsəlmanlara qarşı qəlblərində bir sevgi oyandıracaq şəkildə dini əxlaqı təbliğ edirlər. Çünki müsəlmanlara qarşı qəlbində sevgi yaranan bir insanda onları bu qədər gözəl əxlaqlı insanlar edən inanc sisteminə qarşı da maraq və sevgi hissi əmələ gələcək. Buna görə də gözəl söz onun qəlbini İslama daha da yaxınlaşdıran mühüm amildir.
İnsan bir çox çatışmazlıqları və nöqsanları olan bir varlıqdır. Çünki o, yaradılmışdır və onun yaradılanlara xas olan acizliyi vardır. Çatışmazlıq və qüsurdan uzaq olan isə yalnız Allahdır. İnsanın Allah qarşısında nə qədər aciz və çarəsiz vəziyyətdə olmasını anlaya biləcəyi qüsurlarından biri də unutqanlıqdır.
Unutqanlıq hətta dünyanın ən ağıllı insanının da qarşısını ala bilməyəcəyi acizlikdir. İnsanların Allaha nə qədər möhtac olduqlarını dərk etmələri üçün onların yalnız bu acizlikləri barədə düşünmələri kifayətdir. Çünki insan müəyyən mənada öz hafizəsi ilə birlikdə məna ifadə edir. Harada doğulduğu, kim olduğu, harada böyüdüyü, inancları, etdikləri, necə həyat tərzi keçirdiyi, zövqləri, vərdişləri haqqında məlumatlar hafizəsində olduğu üçün bilir. Lakin insana ağzından çıxan cümləsinin sonunu bir anda unutduran Allah ona keçmişi ilə bağlı hər şeyi unutdura bilər. İnsan özünə sahib ola bilməsi üçün Allahın onun hafizəsinə verdiyi məlumatlara hər an ehtiyac duyur. Əgər Allah bunlardan yalnız birini unutdursa, insanın onu geri qaytarmaq imkanı yoxdur. Elə Quranda belə bir acizlik vəziyyətində insanların Allaha sığınmalarının və Allahdan yardım diləmələrinin vacibliyi əmr edilir:
«...Unutduğun zaman Rəbbini yada salıb: «Ola bilsin ki, Rəbbim məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin» - de» («Kəhf» surəsi, 24).
İnsanın unutduğu bir şeyi xatırlaya bilməsi və hər hansı bir sahədə uğur qazanması yalnız Allahın diləməsi ilə mümkün olur. Buna görə də belə bir aciz vəziyyətdə insanın əlindən gələ biləcəyi yeganə şey yalnız Allaha sığınmaq və Allahdan insanı müəyyən uğurlara çatdırmasını diləməkdir.
Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Bu mövzu ilə bağlı ayənin xitabından da məlum olduğu kimi, burada Allahın rəhmətini uman insanlara üz tutulur. Yəni ayədə bildirilən öz əleyhlərinə olmaqla həddi aşan insanlar Allaha iman gətirən insanlardır. Buna görə də belə bir hal demək olar ki, müsəlmanlara da aiddir.
Allah bir çox ayələrində hətta təqva sahibi olan müsəlmanların da səhv edə biləcəklərini vurğulamışdır. Belə açıqlamalar insanın qəlbinə fərəh verir. Əks halda bilərək və ya bilməyərək səhv edən müsəlman böyük bir sıxıntı və ya vicdan əzabı çəkə bilər. Lakin müsəlmanların Allaha qarşı hər hansı bir xətaya və ya nöqsana yol verməməkdə diqqətli olduqlarını bilən Rəbbimiz Quranda əməlləri və əxlaqları mədh edilərək bəhs edilən peyğəmbərlərdən də nümunələr verərək, istisnasız olaraq, hər bir insanın böyük və kiçik səhv edə biləcəyini diqqətə çatdırmışdır. Beləliklə, ayələrdə bu cür şövqverici və qəlbi fərəhləndirən ifadələr müsəlmanların hər hansı bir səhvdən sonra ümidsizliyə düşməsinin qarşısını alır. Hətta Allah insanların səhvlərinin o qədər müxtəlif olduğunu bildirmişdir ki, insanların səhv etdikdən sonra peşmanlıq duyub tövbə etdikləri zaman, istisnasız olaraq, hər bir səhvin bağışlanacağını buyurmuşdur.
Lakin Qurandakı qəlbi fərəhlədən, insanlara ümid verən müxtəlif ifadələrə baxmayaraq, qüsurlu olduğunu əsla qəbul etməyən bir çox insanlar da vardır. Ayələrdəki açıqlamalara rəğmən səhv etdikdən sonra ümidsizliyə qapılmaq, üzüntü və sıxıntıya düşmək xətasızlıq iddiasında olan insanlara xas olan bir davranışdır. Səhvini təkəbbürü ucbatından və lovğalığına görə heç bir vəchlə qəbul etmək istəməyən bir insan etdiklərinə görə böyük üzüntüyə qapılır. Belə lovğa adamlar asanlıqla səhv edən, yanlış qərarlar qəbul edə bilən, yanlış davrana bilən və ya yanlış danışa bilən varlıqlar olduqlarını qəbul etməkdə çətinlik çəkirlər. Onlar qüsursuzluğun və xətasız olmağın yalnız Allaha xas bir vəsf olduğunu düşünə bilmirlər. Özləri də qüsursuz olmaq istəyirlər. Lakin bunu heç cür bacara bilməmələri və istəmədən də bir çox səhvlərə yol vermələri onları ümidsizliyə sürükləyir. Müsəlmanlar isə Allahın qarşısında qüsurlarını və acizliklərini qəbul edərək rahat həyat tərzi keçirir və heç bir zaman səhvsizlik iddiasında olmurlar.
Bunu da unutmamaq lazımdır ki, insanların hətta ən imanlı olanlarının da qüsurlu və asanlıqla səhv edəcək şəkildə yaradılmaları Allahın qüsursuzluq vəsfini dərk edə bilmək üçündür. Çünki insan qüsursuzluğu yalnız bir qüsur və əskiklik görərək dərk edə bilər. Bu səbəbdən də insanın öz acizliyini görməsi onun Allahın mükəmməlliyini daha yaxşı anlamasına səbəb olacaqdır.
İnsanlar qarşılarındakı insanları öz istədikləri şəkildə istiqamətləndirmək üçün tez-tez yalan danışırlar. Yalanın arxasında bəzən insanın öz qürurunu xilas etmək təlaşı, bəzən qeyri-səmimi davranışa zəmin hazırlamaq, bəzən də üstünlük əldə etmək arzusu dayanır. Lakin səbəbindən asılı olmayaraq, yalan Quranda qınanan əməllərdəndir.
Allahın yalanı insanlara haram etməsi Quranda belə bildirilir:
«Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin içdiyiniz andlara görə cəzalandırar... Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!» («Maidə» surəsi, 89).
Qarşı tərəfi bilərək və ya qəsdən aldatmaq məqsədilə deyilən doğru olmayan hər bir söz yalan hökmündədir. Belə ki, Allah yalan danışan adamın qəlbindəki niyyətin əsas götürüldüyünü bildirir. Bir insan ağzından düşünmədən bir söz deyə və ya həmin an üçün əhəmiyyətsiz olan doğru bir söz deməyə bilər. Bunları qəsdən, qarşı tərəfi aldadaraq və mənfəət əldə etmək üçün deməyən bir insan dərhal öz səhvini düzəldər. Yalanda isə niyyət pozğunluğu vardır. Burada insan qarşı tərəfi yanlış tərəfə yönləndirərək hər hansı kiçik və ya böyük mənfəət əldə etmək istəyir. Belə ki, Allah bu cür niyyətlə deyilən sözə görə insandan axirətdə hesab soracaq. Buna görə də müsəlmanlar aşağıdakı ayənin hökmünə əsasən hər zaman sözün ən doğrusunu deməlidirlər:
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!» («Əhzab» surəsi, 70).
Müsəlman danışığında boş, mənasız söz işlətdiyi zaman, onu dərhal düzəldər. Lakin axirətdə qarşılığını verə bilməyəcəyi şəkildə bir insanı qəsdən əsla aldatmaz. Çünki bu, həm axirətdə, həm də dünyada qınanan hərəkətdir.
Həqiqəti tapa bilmək üçün insanın öz ağılı, biliyi və ya təcrübəsi kifayət etmədiyi hallarda, başqa bir insanın öyüdü ilə hərəkət etməsi Quranda tövsiyə edilən əxlaq formasıdır. İnsanlar çox vaxt səhv edəcəklərini düşündükləri məsələlərdə doğrunu bilmək və yanlış etməmək üçün qarşılarındakı insanlarla məsləhətləşirlər. Yəni öyüd almaqda məqsəd həqiqəti tapa bilməkdir.
Lakin hər bir insan hər bir hadisədə doğru olanı seçə biləcək ağıla və şüura malik deyil. Ən azı doğrunu görsə də, öz mənfəətlərinə etinasız yanaşıb bu həqiqəti qarşı tərəfə izah etmək əxlaqına sahib deyil. Buna görə də yol göstərməsi üçün məsləhətləşmə aparacağı insanlarda da müəyyən xüsusiyyətlər olmalıdır. Bu xüsusiyyətlərin ən əsası insanın Allaha iman gətirməsidir. Çünki bir insanın həqiqəti dərhal müəyyənləşdirməsi və hətta öz mənfəətlərinə zidd olsa belə qarşı tərəfə izah etməsi vicdan işidir. Bir insanın maneəsiz olaraq öz vicdanından istifadə etməsini təmin edən yeganə qüvvə Allah qorxusu və Allah sevgisidir.
Əxlaqında nöqsan olan, yəni vicdanı ilə hərəkət etməyən bir insan nə özü həqiqəti görmək iqtidarında olar, nə də qarşısındakı insanı doğruya yönəldə bilmək bacarığına sahib olar. Buna görə də insanlar məsləhət üçün müraciət edib, fikirlərinə etimad göstərdikləri şəxsləri yaxşı seçməlidirlər. Bu səbəbdən Allah Quranda bu məsələdə insanlara yol göstərəcək bir çox incəlikləri bildirir. Ayədə fikrinə etimad göstərilməyən insanların əxlaqi xüsusiyyətləri bildirilib və həmin insanların göstərdiyi yola tabe olmaq qadağan edilib. Ayələrdə belə buyrulur:
«İtaət etmə hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, həddi aşana, günaha batana; Daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya - O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə! Ayələrimiz ona oxunduğu zaman o: «Bunlar qədimlərin əfsanələridir!» - dedi» («Qələm» surəsi, 10-15).
Başqa bir ayədə də sözü dinlənilməyən insanların xüsusiyyətlərindən ikisinə diqqət çəkilmişdir:
«Elə isə Rəbbinin hökmünə səbir et və onlardan günahkar və nankor olana boyun əymə!» («İnsan» surəsi, 24).
Sözlərinə etimad göstərilməyən, yəni onların göstərdiyi yola, öyüdünə güvənilməyən kəslər ayələrdə açıq və anlaşıqlı şəkildə bildirilir. Bu təfsirə görə, bir müsəlman yalançı, dedi-qodu edən, aqressiv, bəhskeş, Allahın hökmlərini çox rahat şəkildə pozan, hiyləgər və ya lağ edən insanın tövsiyələri ilə hərəkət etməməlidir.