Bir Işi Bitirdikdən Sonra Başqa Işə Başlamaq

Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox zamanını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.

Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. Ayədə bu hal belə bildirilir:

«(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!!» («İnşirah» surəsi, 7).

Ayənin hökmünə görə, mömin insan Allah yolunda bir işi görüb başa çatdırdığı zaman dərhal başqa bir iş üçün çalışmağa başlayacaq. Mömin insanın həyatı boyunca davam etdirəcəyi bu davranışın istisnası isə Quranda Allahın bildirdiyi kimi, dini gücləndirmək üçün lazımi qədər dincəlməsi və ya Allahın ona verdiyi nemətlərdən şükür etmək, şövq və həyəcanını artırmaq üçün dini qanunlar çərçivəsində istifadə etməsidir.

Mömin insanın Quran əxlaqını təbliğinə yönələn fikir mübarizəsini dayanmadan aparması ilə cahiliyyənin həyat mübarizəsi adı verdiyi çətinlik, sıxıntı, bədbəxtlik və ümidsizlik içindəki cəhdləri arasında zərrə qədər də olsa oxşarlıq yoxdur. İnkar edənlərin sıxıntı, yorğunluq və əzabları onların axirətdə qarşılaşacaqları sonsuz əzabın dünyadakı çox kiçik başlanğıcıdır. Halbuki Allahı hər şeydən üstün tutan, Onu böyük coşqu və bağlılıqla sevən mömin insanın Allah yolunda çalışması onun üçün hələ cənnətə daxil olmadan bu dünyada əldə etdiyi və cənnətdəkilərə bənzər böyük bir mənəvi zövqdür. Eyni zamanda bu fəaliyyət Allahın diləməsi ilə axirətdə onun qarşısına çox böyük və sonsuz mükafat kimi çıxacaq.

Əmin-Amanlıq Və Qorxu Xəbərini Yaymamaq

Quran əxlaqına əməl olunan bir cəmiyyətdə müsəlmanların zərər və ya mənfəətləri ilə birbaşa və ya dolayısı ilə əlaqədar olan hər bir xəbər və məlumatın həmin xəbərdən ən doğru nəticəni çıxaracaq səlahiyyətli və məsul insanlara çatdırılması Allahın qəti əmridir. Quranda belə xəbərlər «əmin-amanlıq və ya qorxu xəbəri» kimi göstərilir. Ayədə belə buyrulur:

«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız» («Nisa» surəsi, 83).

Ayədə qınanan xəbərin insanlar arasında yayılmasının bir çox mənfi cəhətləri var. Birincisi, həmin xəbər lazım olan əsas yerlərə çatmayacaq və ya təhrif olunaraq çox fərqli şəkildə çatacaq. Buna görə də təcili qərarın qəbul edilməsini tələb edən məsələlərlə bağlı tədbirlərin görülməsi yubadılaraq, vaxtında lazımi tədbirlər görülməyəcəkdir. Bu da nəticə etibarilə İslamın və ya müsəlmanların bəzi maraqlarının ziyana uğramasına gətirib çıxaracaqdır. İkincisi isə bəlkə də İslamın faydası baxımından gizli qalmalı, yayılmamalı olan bir xəbərin yayılması dini inkar edən müşrik, münafiq kimi İslam əxlaqına qarşı mübarizə aparanların bundan xəbərdar olmalarına, bu xəbərdən müsəlmanların əleyhinə istifadə etmələrinə səbəb olacaq. Və ya ən azı bu xəbərə əsaslanan gizli bir tədbirin görülməsi mümkünsüz olacaqdır.

Buna görə də bu qəbildən olan xəbərlər onu ən doğru və ən gözəl şəkildə şərh edəcək, onunla bağlı ən doğru qiymətləndirmələr aparacaq və ən düzgün qərar qəbul edib lazımi tədbirləri görəcək səlahiyyətli və məsul insanlara tezliklə çatdırılmalıdır.

Bir mömin, yaşadığı şəraitdə üzləşdiyi qorxu və əmin-amanlıq xəbərlərini olduqca həssas bir şəkildə ayırd etməsi və vaxt itirmədən lazımi yerlərə çatdırması üçün ağıl və sayıqlığa malik olması vacib şərtdir. Belə bir anlayışa malik olan möminlərin sayının artması isə Quran əxlaqının yayılmasına əhəmiyyətli dərəcədə təsir edə bilər.

Fasiqin Xəbərinə Əsasən Hərəkət Etməmək

Doğru yoldan çıxmış, Allaha üsyana söykənən həyat tərzini mənimsəyən fasiqdir. Bu səbəbdən ondan Quran hökmlərinə riayət etməyi, ədalət, doğruluq, dürüstlük, etibarlılıq kimi möminə xas xüsusiyyətləri gözləmək mümkün deyil. Həmçinin fasiq Allah qorxusu olmayan, möminlərin imanına qısqanclıqla yanaşan, möminləri yoldan çıxarmaq istəyən, onlara zərər vurmaqdan və əziyyət verməkdən zövq alan biridir. Buna görə də fasiqin möminlərə verdiyi xəbərin dəqiqliyi və doğruluğunun araşdırılması mütləqdir. Bu mövzu ilə bağlı ayədə belə buyurulur:

«Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!» («Hucurat» surəsi, 6).

Quranın meyar və tələblərinə əsasən fasiqdən gələn xəbərin doğruluğu araşdırılmadan hökm vermək, Allahın ayədə də bildirdiyi kimi, «cahilcəsinə» bir hərəkət olar. Həmçinin başqa bir ayədə iman gətirənlərə «Bilmədiyin bir şeyin ardınca düşmə» («İsra» surəsi, 36) qadağası qoyulmuşdur.

Allahın Ayələrinə Qarşı Mübarizə Aparan Insanlara Sevgi Bəsləməmək

Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır. Sevgi də bunlardan biridir. Mömin yalnız Allahı və Allahın sevdiklərini sevir. Allahın və möminlərin düşmənlərinə qarşı isə böyük bir kin və nifrət hissi bəsləyir. Bu, Allahın Quranda müəyyən etdiyi açıq və qəti hökm olmaqla bərabər əlbəttə ki, səmimi mömin imanının səmimi nəticəsi olaraq başqa cür hərəkət etməz. Bu, möminin duyduğu səmimi imandan irəli gələn hərəkətdir və o bunu sidq-ürəklə edir. İmanının dərəcəsi artdıqca, onun Allaha və möminlərə duyduğu sevgi hissi də artır. Buna görə də bir möminin hətta ən yaxın adamları üçün bu ölçüdən kənar anlayışa malik olması mümkün deyildir. Ayədə bu hal belə izah edilir:

«Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir...» («Mücadələ» surəsi, 22).

Lakin hər şeyə rəğmən bəzən Quran hökmləri, ümumiyyətlə, iman və İslamla yenicə tanış olmağa başlayan insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anlayışlarının davam etməsi meyli ola bilər. Əsasən bilik çatışmazlığından və imanla bağlı baxışların hələ tam olaraq qəlbə həkk edilməməsi səbəbindən irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildirilir:

«Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi də yurdlarınızdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda səy göstərmək üçün çıxmısınızsa, Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!» («Mümtəhinə» surəsi, 1).

Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun xarakteri mənimsəməyən bir insanın yarı yolda qalacağı bildirilir. Əgər bu insan azğın ruh halını gizlədib müəyyən maraqları naminə möminlərin arasında özünü təmizə çıxarmağa çalışsa belə, Allah bunu gec-tez ifşa edəcəkdir. Bir ayədə belə bildirilir:

«Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən səy göstərənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!» («Tövbə» surəsi, 16).

Məzəmmət Edən Adamın Tənəsindən Qorxmamaq

Hər bir dövrdə Allaha qulluq edən, Onun əmrlərini yerinə yetirən, insanların deyil, yalnız Allahın rizasını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyətlər tərəfindən mənfi münasibətə məruz qalmışlar. Onlar dini inkar edənlərin rəhbər tutduqları azğın həyat tərzini və fəlsəfəsini rədd etdiklərinə, Quranda tərif edilən ideal modeli mənimsədiklərinə görə müxtəlif təzyiqlərlə üzləşmişlər. İnkarçı toplumun təzyiqləri daha çox fiziki işgəncələr və əzab-əziyyətlər formasında olur.

Möminlərin yaxınları tərəfindən isə onlara qarşı əks tədbirlər görülür, mənəvi təzyiq göstərilir və məzəmmət edilir. Lakin Allaha tamamilə sığınan və sarsılmaz imana sahib olan möminlər bu təzyiq və məzəmmətlər qarşısında öz dinlərindən azca da olsa, geri çəkilməmişlər. Bunun müqabilində də Allahın kömək və dəstəyini qazanaraq inkarçılar üzərində zəfər əldə etmişlər.

İslamı yaşıyan mömin hər dəfə bu cür fiziki təzyiqlərlə qarşılaşmaya bilər. Lakin Allahın əmrlərini yerinə yetirməkdə və kafirlərin batil düşüncə sistemini darmadağın etməkdə nümayiş etdirdiyi əzmkarlığı səbəbindən ətrafında olan insanlar tərəfindən müxtəlif məzəmmətlərə məruz qala bilər. Amma həmin insanlar qısa müddət ərzində bu cür təzyiqlər qarşısında sarsılmayan, güclü iradəyə sahib olan, Allaha güclü inamı olan möminləri yollarından azdıra bilməyəcəklərini dərk edirlər. Möminlər onlara təzyiq edənlərdən deyil, yalnız Allahdan qorxurlar. Hətta tam əksinə, onlara təzyiq edən insanlarda vahimə hissi yaradırlar. Belə təzyiqlər möminləri daha da möhkəmləndirir.

Məzəmmət edən adamın tənə və məzəmmətindən qorxmaq Allaha şərik qoşmaq deməkdir. Çünki Allah ayələrində «yalnız Ondan qorxulmasının lazım olduğunu» bildirir. Belə bir insan İslama deyil, yalnız özünə zərər yetirir. Allah məzəmmət edənin məzəmmətindən qorxmayan və aşağıdakı ayədə qeyd olunan yüksək xüsusiyyətlərə malik olan möminləri misal gətirir:

«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, bilsin ki, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, biləndir!» («Maidə» surəsi, 54).

Nəfsi Təmizə Çıxarmamaq

Səhvsiz olmaq ilahi bir xüsusiyyətdir və yalnız Allaha məxsusdur. Quranda hətta ən yüksək imana və əxlaqa sahib olan peyğəmbərlərin müxtəlif səhvlərindən bəhs edilir. Möminlərin də belə səhvlərdən və günahlardan çəkinməsi məsləhət görülür. Quranın bir çox yerində peyğəmbərlərə və bütün möminlərə Allahdan bağışlanma diləmələri əmr edilir. Həmçinin Quranda iman gətirənlərin bilərəkdən və ya bilmədən günah edə biləcəkləri də bildirilir. Belə bir hal hətta insanın Allah qarşısındakı acizliyinin, hər bir mövzuda, o cümlədən günah sahibi olmamaq, Allahın əmr və qadağalarını yerinə yetirmək kimi mövzularda da Allaha möhtac olduğunun bir göstəricisidir.

Möminin vəzifəsi isə həmin səhv və günahını müəyyən etdiyi zaman peşman olub bundan çəkinmək, tövbə və istiğfar (Allahdan bağışlanma) edərək, eyni günahı yenidən etməməyə diqqət yetirməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki belə bir davranış Allahın sevmədiyi davranışdır:

«Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da, sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!» («Nəcm» surəsi, 32).

Özünü təmizə çıxarmağa çalışmaq cəhdinin səbəbi insanın başqa insanlar arasında özünü səhvsiz və qüsursuz göstərərək ucaltmaq istəməsidir. Halbuki bunu edən bir insan nəinki yüksək yer əldə edir, hətta tam əksinə, Allahın dərgahında və möminlərin nəzərində alçalır, açıq-aşkar olmasa da, müəyyən bir mənada tanrılıq iddiasında olduğu üçün əsl möminlərin qəlbinə sıxıntı verir və onları narahat edir. O, möminləri aldadıb onların gözündə qiymət və üstünlük qazandığını güman etdiyi halda, aciz və idarəedilən bir varlıq olduğunu dərk edə bilmir. Bir müddət sonra özü də həqiqətən qüsursuz olduğuna inanır və gündən-günə onu daha da alçaldan davranışlara təhrik edir.

Özünü təmizə çıxaran insan özünü günahsız gördüyü üçün Allahdan bağışlanma diləməyə, Allaha yalvarıb Ondan əfv diləməyə lüzum görmür. Öyünən, təkəbbürdən əziyyət çəkən bir insan olur. Özü özünə quyu qazır.

Səmimi bir mömin isə öz acizliyini, qüsurunu bildiyi üçün daim Allahdan bağışlanma diləyir, Allahın rəhmətini və rizasını qazanmağı umur. Bu halda Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, onu həqiqi mənada təmizləyir, üstün bir mövqeyə gətirir:

«Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!» («Nisa» surəsi, 49).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahı Xatırlamaqda Zəiflik Göstərmək
  • Elçiyə Qəlbən Hörmət Bəsləmək
  • Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət Və Ya Əyləncədən Üstün Tutmamaq
  • Üzrsüz Əyləşməmək
  • Etdiyi Əməllərə Görə Sevinib Etmədikləri Ilə Öyünməmək
  • Bir Işi Bitirdikdən Sonra Başqa Işə Başlamaq
  • Sevilən Şeyləri Allah Yolunda Sərf Etmək
  • Mal-Dövləti Özünü Göstərmək Xatirinə Xərcləməmək
  • Quran Oxunanda Susaraq Onu Dinləmək
  • Şükür Etmək
  • Başqalarına Nəsihət Verib Özünü Unutmamaq
  • Bir Topluluğa Bəslənən Kinin Ədalətsizliyə Sövq Etməməsi
  • Dində Zorakılığın Olmaması Və Din Əxlaqına Hikmətlə, Gözəl Öyüd-Nəsihətlə Dəvət Etmək
  • İbadətdə Qətiyyətli Olmaq