Allahı Xatırlamaqda Zəiflik Göstərmək

«Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!» («Həşr» surəsi, 19).

Bir insanın Allahı xatırlamaqda zəiflik göstərməsi Ona olan yaxınlığını azaldır. Din əxlaqına uyğun yaşamayan insanlar Allahı heç vaxt xatırlamadıqları, hətta günlərlə ağıllarına gətirmədikləri üçün halal-haramı gözləmədən hər cür günah iş tutmağı və Allahın əmrlərinə əməl etməməyi həyat tərzinə çevirirlər.

Möminlər isə istər sözləri ilə, istərsə də ağıllarından keçirdikləri düşüncələri ilə bütün həyatları boyunca Allahı xatırlayıb zikr etməlidirlər. İnsanın bəzən unudaraq Allahı ağlından çıxarması hətta iman gətirən bir insanın da bilərəkdən, yaxud bilməyərəkdən müxtəlif xəta və günahlar işləməsinə səbəb ola bilər. Çünki Allahı xatırlamadan ötən müddət ərzində insanın hadisələri doğru şəkildə qavrayıb qiymətləndirməsində, yaxşını pisdən ayırmasında, hərəkət, davranış və danışıqlarında, Quranın hökmlərinə riayət edən düşüncəni rəhbər tutmasında ciddi qüsurlar meydana gələ bilər.

Qurandan kənar hər bir davranış pozuntularının səbəbi Allahı xatırlamaq məsələsində yol verilən zəiflikdir. Allahın hökmləri qarşısında həssaslığını itirən insan bəzən elə səhvlər edir ki, sonradan vəziyyət düzələndə həmin səhvləri necə etdiyini heç özü də anlamır. Belə qeyri-adi səhvlər Allahı unutmamağın əhəmiyyətini göstərən xəbərdarlıq və işarələrdir. Unutqanlığın müddəti və dərəcəsi artdıqca, yol verilən səhvlərin sayı və əhatə dairəsi də artır. Allahı xatırlamaqda göstərilən qəflət və zəifliyin böyüklüyü və daimiliyi insanın imanı üçün böyük bir təhlükədir.

Halbuki Allahı hər an xatırlamaq, Onun ayələrini düşünərək dərk etmək insanın ağlının və şüurunun daim açıq olmasını təmin edir. Belə olduğu zaman insan Quranın əmr və qadağalarına dəqiqliklə əməl edib onlara tabe olur. Allahı daim xatırlayan bir insan öz acizliyini daha yaxşı dərk edir, heç bir mövzuda yalnız özünə aid bir qüvvə və iradəyə malik olmadığını daha yaxşı anlayır. Bunun da nəticəsi olaraq, daim Allaha dua edir və istədiyini yalnız Ondan diləyir. İstədiklərini yalnız Allahdan istəyir, hər bir işdə Allahı əsas sayır, özünü tamamilə Allaha təslim edir. İstənilən şərtlər altında özünü müstəqil və sərbəst sayıb lovğalanmır. Beləliklə də inanan insanların bütün hərəkətləri, davranışları, danışıqları Allahın himayəsi və nəzarəti altında olur. Nəticədə, Allah ona hər an necə, nə şəkildə davranmağın vacibliyini, ən doğru hərəkəti, ən gözəl sözü ilham edir. Ona «insanlar arasında getməyi üçün nur bəxş edir» («Hədid» surəsi, 28). Gözəl əxlaqa qovuşmasını təmin edir.

Bunun əksinə olaraq, insan Allahı xatırlamaqdan uzaqlaşdıqca, tək-tənha və köməksiz qalır, doğru düşünmək, doğru qərar qəbul etmək qabiliyyətini itirir. Gördüyü işlər uğursuz olur və tərs gətirir. Çünki heç bir kəs Allahın yardımı və dəstəyi olmadan hər hansı bir məsələnin öhdəsindən gələ bilməz. Hər hansı bir problemi Allahdan asılı olmadan, öz qüvvəsi və iradəsi ilə həll edə, Quranda mədh edilən təqva sahibi bir mömin ola bilməz. Çünki o, elə lap əvvəldən Allahı unutmaqla ən böyük səhvi etmiş və qafillərdən olmuşdur.

Allahı xatırlamaq bir mömin üçün çox əhəmiyyətli ibadətdir. İman gətirən hər bir insan gündəlik həyatının qarmaqarışıqlığı içində Allahı bir anlığa da olsa, öz düşüncəsindən çıxarmaz, Allahla olan mənəvi əlaqəsini bir an belə itirməz. Əks halda yuxarıda qeyd etdiyimiz çətinliklərlə qarşılaşacağını bilir.

Quranda bu mövzuya Allahın Hz.Musaya xatırlatmasında da diqqət yetirilir:

«Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin» («Taha» surəsi, 42).

Allah Fironu haqq dinə dəvət etmək üçün Hz.Musa və qardaşı Hz.Haruna Onu zikr etməkdə zəiflik göstərməmələrini xatırlatmışdır. Çünki yuxarıda da bildirildiyi kimi, Fironun qarşısında onları müvəffəq edəcək əsl qüvvə Allahdır.

Bununla yanaşı Allahı az xatırlamaq münafiqlərin bir xüsusiyyətidir. Bu hal Quranda belə göstərilir:

«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər» («Nisa» surəsi, 142).

Allahı daim xatırlamağın üstünlüyü bəzi ayələrdə belə bildirilir:

«...Allahı zikr etmək, şübhəsiz ki, ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir!» («Ənkəbut» surəsi, 45).

«Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!» («Bəqərə» surəsi, 152).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahı Xatırlamaqda Zəiflik Göstərmək
  • Elçiyə Qəlbən Hörmət Bəsləmək
  • Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət Və Ya Əyləncədən Üstün Tutmamaq
  • Üzrsüz Əyləşməmək
  • Etdiyi Əməllərə Görə Sevinib Etmədikləri Ilə Öyünməmək
  • Bir Işi Bitirdikdən Sonra Başqa Işə Başlamaq
  • Sevilən Şeyləri Allah Yolunda Sərf Etmək
  • Mal-Dövləti Özünü Göstərmək Xatirinə Xərcləməmək
  • Quran Oxunanda Susaraq Onu Dinləmək
  • Şükür Etmək
  • Başqalarına Nəsihət Verib Özünü Unutmamaq
  • Bir Topluluğa Bəslənən Kinin Ədalətsizliyə Sövq Etməməsi
  • Dində Zorakılığın Olmaması Və Din Əxlaqına Hikmətlə, Gözəl Öyüd-Nəsihətlə Dəvət Etmək
  • İbadətdə Qətiyyətli Olmaq