Həyatınız boyunca iylədiyiniz gözəl qoxuları yaddaşınızda canlandırmağa çalışın. Ağlınıza bir çox qoxu gələcəkdir: Güllər, qərənfillər, yasəmənlər, jasminlər, lavandalar, otlar və dəyişik bitkilərin bahar aylarında ətrafa yaydıqları heyrətamiz qoxular; çiçək açmış portağal, naringi və limon ağaclarının ətrafa yayılan qoxuları; müxtəlif ətirlərin təsiredici qoxuları; müxtəlif ədviyyatların ətirli qoxuları; səhər qalxdığınızda, hələ bir şey yeyib içməmişkən mətbəxdən gələn təzə və ya qızarmış çörək, pomidor, yumurta, zeytun, çay, qəhvə və ya südün cazibədar qoxuları, manqalda bişən bir ətin qoxusu, ya da bir sabunun tərtəmiz qoxusu ...
Bunlara əlavə olaraq, indiyə qədər daddığınız ləziz dadları ağlınızdan keçirin. Növbənöv yeməklərin, şirniyyatların, ətlərin, balıqların, tərəvəzlərin, şorbaların, salatların, tortların, çörəklərin, meyvələrin, içkilərin, cemlərin, dondurmaların, konfetlərin və digər qidaların şahanə dadlarını ...
Hər insanın yaddaşında qalan, unudulmayan bir çox xoş qoxu və dad var. Hətta bunlardan bəzilərini bir anlığına düşünmək belə insanı həyəcanlandırmağa yetər. Şübhəsiz ki, bəhsi keçən gözəlliklərin hər biri, üzərində dərin-dərin düşünülməli olan bənzərsiz nemətlərdəndir. Allahın yaratdığı nemətlərlə əlaqədar olaraq Quranda bu açıqlama yer alır:
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)