Qiyamət günü insanların hamısının həqiqəti açıq gördükləri andır. İnkarçı bir insan qarşılaşacağına əsla inanmadığı, hətta bu inamsızlığı nəticəsində davamlı rədd etdiyi və həyatı boyunca düşüncəsindən qaçdığı axirət həqiqəti ilə artıq qarşı-qarşıyadır. Dünyada yanıldığının nəticəsini görür, geri dönüş çarələri axtarır, amma bir nəticə əldə edə bilmir. Dəhşətli aqibətlə qarşılaşmışdır və etdiklərinin peşmanlığını bütün həqiqəti ilə hiss edir. Onların bu psixologiyası Quranda bizə müfəssəl şəkildə anladılmışdır.
Qiyamət günü insanlar istəsələr də, istəməsələr də Allah`ın Quranda bildirdiyi o günə aid hadisələri qarşılarında görmüşlər. Surun üfürülməsini tayı-bərabəri görünməmiş hadisələr müşayiət etmiş, yer və göy parça-parça edilmiş, kainat içindəki canlılarla birlikdə yox olmuşdur. Hər şey yox olub bütün hadisələr bitdikdən sonra Allah göyləri, yeri və insanları yeni biçimdə təkrar yaradır. Əlbəttə, göyləri, yeri və bütün aləmləri yaradan Allah bunların oxşarlarını da yaradacaq gücə sahibdir:
“Məgər onlar göyləri və yeri yaradan Allah`ın onlar kimisini yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar ancaq öz küfrlərində İsrar edib dururlar”. (“İsra” surəsi, 99)
“Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allah`ın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!” (“Əhqaf” surəsi, 33)
Qiyamət günündə yaşanacaq hadisələr eynilə Allah`ın Quranda bildirdiyi şəkildə yerin başqa yerə, göylərin də başqa göylərə çevrilməsi olacaq. İnsanlar Allah`ın hüzuruna çıxarılacaq, Onun qarşısında dünya həyatı boyunca etdiklərinin hesabını verəcəklər.
“Qiyamət günü elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar bir olan, qalib olan Allah`ın hüzurunda duracaqlar!” (“İbrahim” surəsi, 48)
Bu çox ağır gün Quranda “din günü”, “hesab və cəza günü”, “axirət günü” kimi adlarla qeyd olunur. Bu gün yenidən yaradılan göy və yer artıq əbədi həyata aid olan məkanlardır. İnsanların hamısı yeni yaradılışla təkrar dirildiləcəklər. O gün inkarçılarla möminlərin bir-birindən ayrılacağı, əbədi yurdlarına sövq ediləcəyi gündür. İnkarçılar da daxil olmaqla, kimsə bu günə yad deyildir.
İman gətirən və dünyadakı həyatı boyunca axirət həyatına hazırlanan möminlər bu gün yaşanacaq hadisələri daha əvvəl Quranda özlərinə açıqlandığı şəkildə görürlər. Möminlər Allah`ın onlara vəd etdiyinə qovuşmanın rahatlığı içindədir. İnkarçılar isə tərifi olmayan qorxu, peşmanlıq və narahatlıq içindədir. Dünya həyatı boyunca həm Allah`ın göndərdiyi sistemə qarşı savaşmış və həm də bunu sezdirməməyə çalışmış olsalar da, əvvəllər etdikləri səhvin fərqində olublar. Unutduqları bu həqiqət artıq qarşılarındadır. Dünyada dayanmadan: “Bu deyilənlər birdən doğru olarsa”, -deyə düşünərək barəsində tərəddüd və qorxu içində olduqları, şübhəyə qapıldıqları həqiqətlə üz-üzədirlər. Sonsuz həyatları boyu yaşayacaqları, qarşısını əsla ala bilməyəcəkləri və özlərindən kənar edə bilməyəcəkləri böyük əzabın ilk dəqiqələrini yaşamağa başlayıblar:
“Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” surəsi, 28)
“Elm və iman sahibləri isə belə deyərlər: “Siz Allah`ın kitabında olan qiyamət gününə qədər qaldınız. Bu, qiyamət günüdür, lakin siz bilmirdiniz!” O gün zalımlara üzrləri heç bir fayda verməz. Və onların tövbə etmələri də istənilməz!” (“Rum” surəsi, 56-57)
Hz. Adəmdən etibarən tarix boyunca yaşamış insanların hamısı Allah`ın və axirətin varlığı barədə xəbərdar edilmiş, Allah`ın onlara göndərdiyi elçilər vasitəsilə haqq olan dinə dəvət olunmuşlar. Ancaq Quranda bildirildiyi kimi, az bir toplumdan başqa insanların çoxu iman etməmiş, özlərini Allah`a və onun elçisinə qarşı qoymuşdular. Bu insanlar öldükdən sonra yenidən diriləcəkləri həqiqətini də israrla rədd etmişdilər. Quran bu insanların inkarını bu ayələrdə xəbər verir:
“Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” - deyə Allah`a möhkəm and içdilər. Xeyr! doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti bilməz! Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları məsələləri izah etsin və inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”. (“Nəhl” surəsi, 38-39)
“Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. O, sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir? Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! Bizim həyatımız yalnız bu dünyadadır. Ölür, dirilirik. Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!” (“Muminun” surəsi, 34-37)
İnkar etmələrinin ən əsas səbəbi dünya həyatını yaşanacaq yeganə həyat kimi görmələridir. Bu yanlış məntiqin onlara ölümlə yoxolma fikrini məqbul göstərməsi çox maraqlıdır. Yenidən dirilişi də bu səbəbdən qəbul etməz, Allah`ın Quranda xəbər verdiyi hadisələri və hesab gününü rədd edərlər. Halbuki, bütün canlıların və dünyanın bir sonu var, həyat ölümlə birlikdə sona çatır. Təkrar dirilişi inkar edən qullara qarşı Allah`ın dünyada ikən verdiyi misallardan bir qismi Quranda bu şəkildədir.
“Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” - deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə, qadirdir. Hər şeyi yaradan, bilən Odur! Bir şeyi istədiyi zaman buyruğu ona ancaq: “Ol!” - deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan Allah pak və müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız!” (“Yasin” surəsi, 78-83)
“Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir!” (“Fussilət” surəsi, 39)
İnsanın yaradılışı yenidən diriliş üçün özlüyündə mühüm bir dəlildir. İnsan tək bir spermadan tam mütəşəkkil və mükəmməl bir canlı olaraq meydana gəlir. Tək bir hüceyrənin zaman içində, insanın hər hansı bir müdaxiləsi olmadan düşünə bilən, görə bilən və fikirləşə bilən bir varlıq halına gəlməsi bir dirilişin çox açıq əlamətidir. İnsanı yoxdan yaradan Allah qurumuş sümükləri də toplayıb yenidən diriltməyə qadirdir. Bu yaradılışı görməzlikdən gələn insanlar öz yaradılışlarını heç diqqətə almadan, şeytani cəsarətlə dirilişə qarşı çıxa bilirlər. Bu, böyük bir cəsarətdir. İnsan bunu edərək Allah qarşısında böyük bir məsuliyyəti öz üzərinə götürür. Axirətdə isə yalan hesab etdiyi bu həqiqəti açıq-aydın şəkildə qarşısında görəcək. Qiyamət günün arxasından insanlar onlara qiyamət vaxtının gəldiyini daha əvvəl xəbər vermiş olan surun səsini yenə eşidəcəklər. Artıq bu an insanların qəbirlərindən çölə çıxaraq yenidən dirildikləri andır. İnsanların hamısı sonsuzluğu qarşılamaq üçün ayağa qalxmışdır, onu gözləməkdədir:
“Sur çalınacaq, Allah`ın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar!” (“Zumər” surəsi, 68)
Allah dərgahında yerin, göyün və insanın yaradılışı nə qədər asandırsa, qiyamət gününün gerçəkləşməsi də bunlar qədər asan olacaq. Quranda hesab və cəza gününün gerçəkləşməsi “şübhəsiz” və “mütləq” kəlmələri ilə bildirilir. Mütləqlik bildirən bu sözlər möminlərin axirət qarşısındakı qorxusunu və dünyadakı cəhdini, səyini artırarkən inkarçıların qiyamət haqqında şübhə və inkarına da ən açıq cavabdır.
Keçmiş dövrlərdə olduğu kimi, günümüzdə də dini rədd edən, ya da haqq dindən ayrılaraq ənənələrlə bütünləşmiş batil bir din yaşayan insanlar cəmiyyətinin böyük bir qismini təşkil edir. Halbuki, normal bir mühakimə ixtiyarına sahib, düşünə bilən bir insan üçün axirət gününü ehtimal etməməyin hər hansı məntiqi bir istinadgahı yoxdur. Bütün elmi faktlar da bizə dünyanın sonunun yaxınlaşdığını xəbər verir. Buna baxmayaraq, insanların bir qisminin bu həqiqəti qulaqardı etməsinin səbəbi Allah`ı lazımınca tanıyıb təqdir edə bilməmələri, həqiqi rəhbər olan Qurandan azmaları və bu səbəblə də hökm günündə verəcəkləri hesabı düşünməmələridir. Allah qorxusu ilə hərəkət edən möminlər sürətlə yaxınlaşan bu aqibətin açıq-aşkar fərqində ikən nəfsini rəhbər tutan insanlar bu böyük həqiqəti görməzlikdən gəlir. Allah Quranda insanlara bu həqiqəti bu şəkildə xəbər verir:
“De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü bir yerə yığacaqdır. Ona heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu bilməz!”“ (“Casiyə” surəsi, 26)
Dünya həyatı boyunca dəfələrlə dinə dəvət edildiyi halda, həqiqətləri görməzlikdən gələnlər onları gözləyən dəhşətli aqibəti ancaq din günündə tam şəkildə dərk edə biləcəklər. Dünya həyatı boyunca rədd etdikləri hər şeyi qarşılarında görən insanlar boş vaxt keçirdiklərini aşkar görəcəklər:
“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!” (“Qaf” surəsi, 22)
İnsanların bu böyük günü qavraya bilməməsinin səbəbi nəfslərinə və öz fikirlərinə daha çox güvənib maraq və istəklərinə bağlı olması və bu qəflət pərdəsini qaldıran həqiqətlərə kor şəkildə arxa çevirməsidir. Necə ki, Quranda Allah dünyaya yönələn, həvəsinə tabe olan və vicdanını dinləməyən insanların anlayışlarının olmayacağını, Quranın ifadəsi ilə desək, qəlblərinin örtüləcəyini və bu səbəbdən, doğrunu görməyəcəklərini bildirmişdir. Halbuki, artıq Allah`ın varlığına, böyüklüyünə və vəd etdiklərinə özləri də açıq şəkildə şahiddirlər.
Bir insan qiyamətə və o gün yaşanacaq hadisələrə bir an belə inansa və bu ehtimalın ola biləcəyini bir saniyə belə düşünsə, yaşayacağı qorxunu tərif etmək çox çətin olar. Bunu ən başdan rədd etmək, hətta ağlına belə gətirməmək, axirətin varlığını ehtimal etməmək insanların böyük hissəsinin aldanmasına səbəb olur. Bu aldanma ilə yox olmanı qəbul etmişlər. Yox olmanın qorxunc olduğunu da heç düşünmədiklərindən qiyamət gününə və axirətə inanmaqdansa, bu fikri qəbul etmək onlara daha asan gəlmişdir. Şeytanın üsulu, bax, budur. İnsanları müxtəlif üsullarla düşünməkdən çəkindirir və əsla çata bilməyəcəkləri böyüklük arzusu və mallarını artırma həvəsi ilə onları aldadır. İnsanların axirətə qarşı qəflət içində olmasının ən əsas səbəbi budur. Axirətdə görəcəkləri həqiqət onlara peşmanlıq və tükürpərdici qorxu gətirəcək. İnsanlara daha əvvəl xəbər verilən həqiqət bütün açıqlığı ilə ortadadır. Artıq hesab günündən qaçış yoxdur. Bu, inkarçılar üçün, həqiqətən, çox çətin bir gündür:
“Kafirlər boyunlarını qabağa uzadıb carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” - deyəcəklər”. (“Qəmər” surəsi, 8)
“Sur çalınacaq, Allah`ın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allah`ın əmrinə) müntəzir olacaqlar!” (“Zumər” surəsi, 68)
Ayədə də bildirildiyi kimi, hər şey olub bitdikdən sonra Surun səsi ikinci dəfə eşidiləcək. Bu ikinci səslə qəbirlərdə olanlar çölə atılacaq. O gün Rəbbinin əmrinə qarşı çıxa bilən və ya bu əmri ləngidə bilən heç bir güc və ya insan olmayacaq. O gün torpağın altında olan insanlar dünya həyatı boyunca haqqında tez-tez eşitdikləri, fəqət bir çoxunun inkar etdiyi dirilişi görəcək və torpaqdan çıxarılacaqlar. Quranda bu andan bəhs edən ayələrdən biri bu şəkildədir:
“Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən çıxmağınız da Onun qüdrət əlamətlərindəndir”. (“Rum” surəsi, 25)
Sura ikinci dəfə üfürülmə ilə yanaşı, dünyanın başlanğıcından bəri yaşamış bütün insanlar diriləcəklər. Artıq ilk üfləmədə inkarçıların çaşqınlığı qorxu və peşmanlığa çevrilmişdir. Çünki artıq heç kim sonsuzadək yaşayacaqmış kimi planlar quracağı dünyada deyildir və hər kəs başına gələcəkləri bütün açıqlığı ilə anlamışdır. Bu insanlar arasında bu anda dünyada yaşayan bütün insanlar və əlbəttə, siz də olacaqsınız:
“Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” Onlar deyirlər: “Elə isə bu, ziyanlı dönüşdür. Doğrudan da, o, ancaq tək bir dəhşətli səs, nərədir! Onlar dərhal dümdüz bir yerdə olacaqlar!”(“Naziat” surəsi, 11-14)
İnsanlar dünyanın əbədi var olacağını düşünərək hərəkət edirlər. Onların həyatı boyu yaşadığı ən böyük səhvlərdən biri də budur. İnsanların dünyaya bu qədər bağlanmasının başlıca səbəblərindən biri də Allah`ın yer üzündə yaratdığı bu fövqəladə sistemin özbaşına işləyəcəyini düşünmələri və bunun bir gün sona çatacağını ehtimal etməmələridir. Elə isə artıq olduqları mühit özlərinə vəd edilən həqiqətləri ortaya qoyur. İnkarçıların hesab etdiyi kimi, ölüm hər şeyi bitirməmişdir, tam əksinə, sonsuz həyatın başlanğıcı olmuşdur. Dünya həyatı boyu haqq dini yalanlayan və ölümün son və yox olma olduğunu söyləyən inkarçılar gözlənilmədən onları çağıran bu səsdən dəhşətə düşəcəklər. Hələ əməl dəftəri onlara verilmədən və başlarına gələcəkləri tam yaşamadan inkarçılar ah çəkib yerlərindən qalxacaqlar. Bu gün dünyada bildikləri gündür. Quranda “Yasin” surəsinin 52-ci ayəsində bu insanların qorxusundan belə bəhs edilir:
“Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” (“Yasin” surəsi, 52)
Artıq çox gecdir, dünyadakı həyat nə zövq, nə də rahatlıq vermiş, o ana qədər etdikləri hər şey onlar üçün sadəcə bu ağır günü hazırlamışdır.
“O gün insanlar heç bir başqa tərəfə meyil etmədən carçının ardınca gedəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!” (“Taha” surəsi, 108)
İnsanlar torpaqdan çıxınca onları çağıran səsə doğru qaçmağa başlayacaqlar. Çağırıldıqları yerə kimi qaçacaqlar. Belə bir çağırışa əvvəllər heç kim rast gəlməmişdir. Möminlərin rahatlığının əksinə olaraq, inkarçılar toplanma yerinə gələrkən bu günün "ağır bir gün " olduğunu təsdiq edəcəklər (“Qəmər” surəsi, 8). Artıq toplanma zamanıdır. Bunu geri çevirə bilmək üçün heç nə edə bilməyəcəklər. Min illərlə yaşamış insanların hamısı bir yerə toplanacaq. Bu böyük izdiham Allah`a boyun əyməklə təəccüblə sürətlə hərəkət edib onlar üçün gələcək əzabı gözləyəcəklər. Qaçıb can qurtarmağa və ya geri dönməyə imkan olmayacaq, peşmanlıq da fayda verməyəcəkdir. Qorxu onları bürüyəcəkdir. O gün yaşanacaq dəhşət Quranda belə bildirilir:
“O gün onlar bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar. Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!” (“Məaric” surəsi, 43-44)
Dünyada ikən xəbərdarlıqlara arxa çevirən, nə özlərinin, nə də atalarının təkrar diriləcəyinə inanan bu insanlara Allah`ın Quranda verdiyi cavab bu şəkildədir:
“Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız dirildiləcəklərmi?!” De: “Bəli, özü də zəlil olaraq”. " (“Saffat” surəsi, 16-18)
Dünyada Allah`ın sərhədlərini tanımayan, Allah`a itaət etməyən, lovğa və təkəbbürlük göstərən inkarçılar burada ayədəki ifadəyə müvafiq olaraq çox mütidirlər. Nə baş verdiyini sorğu-sual etmədən qeyd-şərtsiz çağırışçıya itaət edərlər. Öz iradələri ilə hərəkət etmələri mümkün deyildir. Allah`a təslim olmuşlar, istəyib-istəməsələr də, Onun verəcəyi hökmə boyun əymişlər. Çünki artıq nəfsləri üçün yaşadıqları, içində ikən axirəti heç düşünmədikləri dünya həyatı sona çatmışdır. Allah`ın qarşısında nə qədər aciz olduqlarını və Allah`ın əzabının şiddətini və həqiqiliyini artıq açıq anlamışlar:
“Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis bir şeyə çağıracağı günədək!” (“Qəmər” surəsi, 6)
İnsan Allah`a itaət etməkdən və Ona boyun əyməkdən başqa heç bir çarəsi olmadığını qavramışdır. Əslində, əksini istəsə də, edə bilməz. Hətta istəyə bilməz belə...
Artıq bu gün Allah`ın bütün insanlara vəd etdiyi, inkarçılar üçün son dərəcə acınacaqlı bir gündür. Qəbirlərdən çıxmağın dəhşətli mənzərəsi və toplanma gününün dəhşəti mübahisəsizdir. İnsanlar özlərindən əvvəl dünyadakı həyatını tamamlamış insanların da bu həqiqətlə qarşılaşdıqlarını, Allah`ın vədinin gerçəkləşdiyini bu gündə görəcəklər. Lakin artıq gecdir. Artıq edəcək heç bir şey yoxdur. Belə bir gündən əsla heç kim qurtulmayacaq.
“Ən pis nümunə axirətə inanmayanlara, ən yüksək nümunə isə Allah`a məxsusdur. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (“Nəhl” surəsi, 60)
Ayədə də bildirildiyi kimi, Allah`ın verdiyi nümunələr mövzunu ən gözəl şəkildə təsvir edər. Bu səbəblə, Quranda ayələrin hər birinin olduqca böyük hikmət (“Qəmər” surəsi, 5) olduğu bildirilmişdir. Buna görə, Qurandakı hər nümunə qiyamət günü mühiti və insanların vəziyyətini gözümüzdə canlandırmağımıza imkan verir. Heç şübhəsiz ki, Allah`ın vədi haqdır və bütün bu nümunələr gerçəkləşəcək. Məsələn, “Qəmər” surəsində din günü torpaqdan çıxan insanlar çəyirtkələrin yayılmasına bənzədilir:
“Onlar gözlərini zəlilanə aşağı dikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar”. (“Qəmər” surəsi, 7)
Əlbəttə, Allah`ın bu bənzətməsi digər ayələrdə də olduğu kimi, o anın beyində canlandırılması üçün ən gözəl bənzətmələrdən biridir. Çünki çəyirtkələrin yayılması digər canlılardan fərqlidir.
Köçəri çəyirtkələr böyük sürü halında hərəkət edib getdikləri yerlərə böyük zərər vururlar. Bəzi çəyirtkə sürülərinin eni 1,5 km, uzunluğu 80 km, yüksəkliyi isə 25 metr olur. Və bu sürülərdə təxminən 40 milyard çəyirtkənin olduğu güman edilir. Külək sürətlə əsdikdə çəyirtkə sürüləri 200-500 m yüksəklikdə uça bilir və bu zaman bir-birinə olduqca yaxın olurlar. Milyardlarla çəyirtkə kilometrlərlə uzunluqda və endə qapqara yağış buludu görüntüsü yaradırlar. 25
Gündə 80-100 km yol gedə bilən köçəri çəyirtkələr lazım gələndə geniş su sahələrini keçib sürətlə hədəflərinə çatırlar. Gəlib çatdıqları yerlərdə bulud topası şəklində olurlar. Milyonlara çatan sayları ilə bir anda ortaya çıxıb getdikləri bölgəni tamamilə bürüyür, hətta böyük ölçüdə talana səbəb ola bilirlər.
Ayələrdən anladığımız qədər insanların torpaqdan çıxması da bu şəkildə olacaq. Surun səsini duyan milyardlarla insan eynilə çəyirtkələr kimi bir anda torpağın üstündə görünəcək, hamısı birlikdə çağırışçının səsinə doğru qaçmağa başlayacaqlar. İnsanların onları çağıran səsi duyar-duymaz torpaqdan çıxacaqları “Rum” surəsində bu şəkildə anladılır:
“Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən çıxmağınız da Onun qüdrət əlamətlərindəndir”. (“Rum” surəsi, 25)
Dünya yarandığı gündən etibarən yaşamış bütün insanların bir anda torpaqdan çıxıb bir araya toplanması həqiqəti də ağılı qarışdıran bir mənzərədir. Belə bir gündə bir araya gələn milyardlarla insan özləri üçün müəyyən olunmuş hökmü gözləyir və bunu əsla geri döndərə bilmirlər.
O gün inkarçılar başları yuxarıda hipnoz olmuş kimi qaçarlar. Sadəcə Allah`ın istədiyi şəkildə hərəkət edib çağırış səsinin gəldiyi istiqamətə doğru yönələcəklər. Allah`ın vəd etdiyi üçün arxayın olan möminlərdən başqa hamı qorxuya düşəcək:
“Onların hamısı qiyamət günü onun hüzuruna gələcək. Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq”. (“Məryəm” surəsi, 95-96)
Dünyada inkarçı olanlar qorxu və çaşqınlıqla qaçarkən nə özlərinə, nə də başqalarına baxa bilələr. Baxmağı hətta ağıllarından keçirməzlər. Din günü nə mallar, nə oğullar, nə də dünya həvəsləri dəyər daşıyacaq. Hər kəs qeyd-şərtsiz itaət edəcəkdir. Etibarlı olan yeganə şey iman olacaq. Allah inkarçıların həmin halını belə tərif edir:
“Allah`ı zalımların etdikləri əməllərdən əsla qafil sanma! Allah onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur”. (“İbrahim” surəsi, 42-43)
“Kafirlərə nə olub ki, boyunlarını qabağa uzadıb sənə tərəf tələsirlər? Sağdan və soldan dəstə-dəstə gəlirlər? Məgər onların hər biri nemətlərlə dolu olan cənnətlərəmi daxil olacağına ümid edir?” (“Məaric” surəsi, 36-38)
İnkarçılar özlərini qurtarmaq üçün cəhd göstərməzlər, bu, ağıllarına da gəlməz. Qəlbləri bomboşdur, öz aqibətlərinin hayındadırlar. İnsanların haqq-hesab üçün qəbirlərindən qalxıb qaçmaları Rəbbinin hüzurunda nizamla toplanmaları ilə başa çatır. Allah Quranda inkarçılara bu görüş vaxtı ilə bağlı belə buyurur:
“Onlar Rəbbinin hüzuruna cərgə-cərgə gətiriləcəklər. “Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi yerinə yetirməyəcəyik!”“ (“Kəhf” surəsi, 48)
Bu insanların çoxu belə bir görüş vaxtının gələcəyinə əsla inanmırdılar. Halbuki, onları hər yandan bürüyən o böyük gün gerçəkləşmişdir. Artıq çarəsizdirlər.
Qiyamət günü kafirlərin bütün ömrü boyu qaçdığı, gözləmədiyi anda gəldiyi, möminlərin isə hazırlanıb gözlədiyi hesab günüdür. Bu gün hər şey Allah`ın gücünə və şəninə uyğun yaradılmışdır. Hesabın gerçəkləşdirilməsi üçün ruh və mələklər səf-səf düzüləcək. O gün insanlar arasında ədalətlə hökm ediləcək və danışan adam sadəcə doğrunu söyləyə biləcəkdir:
“Ruhun və mələklərin səf-səf duracağı gün Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!” (“Nəbə” surəsi, 38)
Quranın bildirdiyinə görə, Allah axirətdə bəndələrinə ən uca məqamda əzəmətini göstərəcəkdir. O gün Allah`ın ərşini səkkiz mələk daşıyar:
“Mələklər də onun ətrafında olacaq və həmin gün sənin Rəbbinin ərşini onların üstündə səkkiz mələk daşıyacaqdır! O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qalmayacaqdır!” (“Haqqə” surəsi, 17-18)
O gün torpaqdan çıxan bütün insanlar dalğa-dalğa Allah`ın hüzuruna gələcəklər:
“Həqiqətən, ayırd etmə günü bir vaxtdır! Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz”. (“Nəbə” surəsi, 17-18)
Quranda möminlərin o gün üzlərinin parıldayacağı və Rəblərinə baxacaqları bildirilmişdir. İnkarçılar isə xəcalətdən başlarını da qaldıra bilməyəcəklər. İnkarçıların bu halı ayələrdə bu şəkildə bildirilmişdir:
“Üzlər əzəli, əbədi olan Allah`a təslim olub zəlil bir görkəm alar. Zülmə yüklənən ziyana düşüb mətləbinə yetişməz”. (“Taha” surəsi, 111)
Hazırda, dünyada milyardlarla insan yaşayır. Bu saya indiyədək yaşamış və bundan sonra da yaşayacaq insanların sayını əlavə etsək, məhşər günü məzarlarından çıxıb toplanacaq insan izdihamı və bunun yaradacağı qeyri-adi mənzərə haqqında düşünmək elə də çətin olmaz. İnsanlar bir araya toplanacaq və bir-birini, hadisələri, olub-keçənləri açıq şəkildə görüb anlayacaqlar. Çünki o gün Quran ayəsində də bildirildiyi kimi, kəskin bir görüş hakim olacaq:
“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!” (“Qaf” surəsi, 22)
İnsanın dünya həyatı boyunca tanıdığı bütün insanlar orada olacaqlar. Tanınmış-tanınmamış, zəngin-fəqir, qısası, qiyamət gününə qədər yaşayıb ölmüş bütün insanlar aralarında heç bir fərq olmadan Allah`ın hüzurunda toplanacaqlar. Artıq belə bir gündə qazandıqları şan-şöhrətdən və əldə etdikləri etibardan əsər-əlamət qalmayacaq. Həmin gün peşman olmayan yeganə cəmiyyət möminlərin topluluğu olacaq. Bir dövrə imza atsa da, tarixdə adından çox söz edilsə də, iman etmədiyi müddət boyu bütün insanlar Allah`ın hüzurunda peşmanlıq və əzabın şiddəti ilə qorxu içində olacaqlar. İnsanların dünyada üstün və məşhur qəbul etdiyi adamlar - dövlət rəhbərləri (prezidentlər), müğənnilər, sənətkarlar, zənginlər, qısası, hər kəs eyni qorxunu yaşayacaq, hər hansı bir dünyəvi üstünlük ünsürü olmadan hər kəs eyni mərtəbədə olacaqdır. Dünyada seçkinlik əlaməti olaraq görülən pul və dərəcə (mövqe) insanların bir araya toplandığı bu gündə heç bir şeyi ifadə etməyəcək, heyran olan da, heyran edən də eyni mərtəbədə olacaq. Quranda insanların din günü Allah`ın hüzurunda toplanacağını bildirən ayələrdən bəziləri bu şəkildədir:
“O gün onların hamısını yığacağıq”. (“Yunis” surəsi, 28)
“De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü bir yerə yığacaqdır. Ona heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu bilməz!”(“Casiyə” surəsi, 26)
O gün dünyadakı məqam və mülkün heç bir əhəmiyyəti olmayacaq. Heç kim bir başqasını təqdir edə bilməyəcək və heç kim digərinə qarşı qürurlu ola bilməyəcək. Üstünlük də artıq olmayacaqdır. Əsil-nəcabətlilər, zənginlər, ağalar, sahiblər və ya sıradan adi insanlar eyni hesabla qarşı-qarşıya qalacaqlar. Yeganə üstünlük Allah`a olan yaxınlığa görədir. Bütün insanlar Allah`ın razılığını (rizasını) qazanmaq üçün görülən işlərdən başqa heç bir işin əhəmiyyətinin olmadığını, sahib olduqları hər şeyin yeganə sahibinin Allah olduğunu qəti olaraq anlayacaqlar. Həqiqəti görən inkarçılar geriyə dönüb etdiklərini düzəldə bilməyəcəklər. Quranda bu hadisə bu şəkildə anladılır:
“Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar”. (“Muminun” surəsi, 101)
Quranda insan həyatının həqiqi mənası belə açıqlanır:
“Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!” (“İnşiqaq” surəsi, 6)
İnsanların həyatda dönüş nöqtəsi olduğuna inandıqları müəyyən hadisələr var. Universitetə girmək, diplom almaq, evlənmək, uşaq sahibi olmaq kimi... Bu və buna bənzər planları olan insanlar məqsədlərinə çatana kimi günləri sayarlar və həmin planlar əsasında hazırlıq görərlər. Həyatlarında ancaq həmin hədəf olar və təkcə bu məqsədlə yaşadıqlarını söyləməkdən də çəkinməzlər. Halbuki, insan Allah`a qulluq etmək üçün yaradılmışdır. Hər nə qədər özü qəbul etməsə də, yaradılmasının yeganə məqsədi budur. Əslində, bunu bilir. Amma kitabın əvvəlində də bildirdiyimiz kimi, bitməyəcək zənn etdiyi dünya həyatında bu həqiqəti unutmağa çalışaraq yaşayar. Qısası, bunu tamamilə görməzlikdən gələr. Həyatı boyunca nə edirsə etsin, nəticədə, Allah`ın hüzuruna çıxacaq. Həmin vaxt Ona hesab verəcəyi məhşər günüdür.
Dünyada keçən hər gün bizi o məhşər gününə bir az da yaxınlaşdırır. Keçən hər saat, hər dəqiqə, hətta hər saniyə ölümə, yenidən dirilməyə və hesaba doğru atılmış yeni addımdır. Bunu saxlamağın və ya geri çevirməyin yolu yoxdur. Bütün insanlar bu yolu keçəcəklər. Allah Öz kitabında belə deyir:
“Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq hesab çəkmək də Bizə aiddir!” (“Ğaşiyə” surəsi, 25-26)
O vaxt gələndə artıq hər şey sona çatır. Bundan sonra geri dönüş yoxdur və əvəzetmə də mümkün deyil. Vicdanın göstərdiyi həqiqətə önəm verməyənlər şiddətli dərəcədə təşviş və çaşqınlığa düşərlər. Varlığı və birliyi heç bir şübhəyə səbəb olmayacaq qədər açıq olan Allah`ı dünyada inkar edəcək qədər zalım olan bu insanlar daha əvvəl heç gözləmədikləri, bənzəri görünməmiş bir əzabla qarşılıq görəcəklər. Çünki haqq kitabı təbliğ edən elçilər tərəfindən xəbərdar ediliblər və necə yaşamağın lazım olduğuna dair hər mövzudan hali olublar. Onlara dünyada düşünüb mühakimə etmək üçün möhlət verilmişdir. Allah bu həqiqəti Quranda “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi?!” (“Fatir” surəsi, 37) ayəsi ilə bildirir.
Artıq verilən vaxt bitmiş, hesab anı gəlmişdir. İnsanın dünya həyatı boyu işdə, evdə, məktəbdə, əyləncədə, harada olursa-olsun, bütün etdiklərinə Allah şahiddir. İnsana şah damarından daha yaxın olan Allah hər kəsin hər anını görmüş, onu nəzarət altına almışdır. Hər kəs dünya həyatında kim tərəfindən yaradıldığını, yaradılma məqsədini, nə etmək lazım gəldiyini və Rəbbinə qaytarılacağını öyrənmişdir. Bu həqiqəti bildikləri halda, özlərini aldatmağı üstün tutublar. Bu isə, şübhəsiz, böyük günah və böyük cəsarətdir və bu şeytani cəsarət, əlbəttə ki, qarşılıqsız qalmayacaq. O, çox ağır gündə hər kəsə etdikləri və etməyib təxirə saldıqları tək-tək xəbər veriləcəkdir:
“Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir!” (“Mücadilə” surəsi, 6)
“O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar! Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir”. (“Zəlzələ” surəsi, 6-8)
Allah: “...Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır...” (“Bəqərə” surəsi, 197) - deyərək insanları hesab üçün hazırlıq görməyə çağırmışdır. Vicdanını dinləyən, Rəbbinin çağırışına itaət edənlər üçün o gün heç bir qorxu və hüzn yoxdur. İnkarçılar isə əvəzi olmayan peşmanlıq yaşayarlar. Dünyada etdikləri axirətdə özlərinə deyiləndə peşman olacaqları Quranda bu şəkildə anladılır:
“Və cəhənnəmin gətiriləcəyi gün - məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün yaxşı əməllər edəydim!” - deyəcəkdir. O gün Allah`ın etdiyi əzabı heç kəs edə bilməz!” (“Fəcr” surəsi, 23-25)
“Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!” (“Zumər” surəsi, 69)
Sorğu sual günü Allah`ın böyüklüyünə, sonsuz ədalətinə, Cabbar (dilədiyini zorla da olsa gerçəkləşdirən), Qəhhar (qəhr edən) və Müntəqim (intiqam alan) isimlərinə yaraşan şəkildə əzəmətli və ehtişamlı olacaq. Dünyada olduğu kimi, axirətdə də sorğu-sual Allah`ın ədaləti ilə qüsursuz olacaqdır. O gün qurulacaq həssas tərəzilərlə hər kəsə haqqı verəcək. Quranda din günündə qurulacaq həssas tərəzilər haqqında belə deyilir:
“Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, onu gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”. (“Ənbiya” surəsi, 47)
Dünya həyatı boyunca edilən kiçik-böyük hər bir əməl incəlikləri ilə bu tərəzilərə qoyulacaq. Bu tərəzi sonsuz əzab və ya sonsuz qurtuluş və xoşbəxtliyi müəyyənləşdirəcək. Etdikləri yaxşılıqları ağır gələn insanlar cənnətə gedəcək, yüngül olanlar isə qorxunc əzab dolu cəhənnəmə atılacaqlar:
“O gün tərəzisi ağır gələn kimsə xoş güzəran içində olacaq! Tərəzisi yüngül gələn kimsənin isə məskəni haviyə olacaqdır! Sən nə bilirsən ki, o nədir?! O, çox qızmar bir atəşdir!” (“Qariə” surəsi, 6-11)
Hesab günü sorğu-sual vaxtı bütün insanların yanında olacaq iki mələk haqqında Quranda belə buyurulur:
“Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir”. (“Qaf” surəsi, 21)
Din günü hər yer Allah`ın nuru ilə işıqlanacaq. Bu böyük məhkəmədə şahidlik edəcək elçi və şahidlər hazır vəziyyətdə olacaqlar. Dünyada Allah`a qulluq etməli olduqlarını insanlara çatdıran peyğəmbərlər və digər şahidlər sorğu-sual edilənlərin yanında olacaqlar. Bu şahidlər haqq ilə hökm edəcəklər və hesab günü heç kim bildiyi halda, Allah`a qulluq etməli olduğunu bilmədiyini deyə bilməyəcəkdir.
O gün bəndənin Rəbbinin hüzurunda etdiklərini inkar etməyə fürsət və ya imkanı olmayacaq. İşlədiyi bütün xeyir və şər ortaya çıxarılacaq. Həqiqətləri inkar etsə belə, adil şahidlər onu yalanlayacaqlar. Rəbbimizin hüzurundakı bu böyük nizam içində hər ümmət öz imamı (rəhbəri, dövlət başçısı) və kitabı ilə gələcək. Hz. Adəmdən bu yana yaşamış bütün cəmiyyətlərin bir araya gələcəyi gündə nizam və ciddilik Allah`ın böyüklüyünün, sonsuz ədalətinin və əzəmətinin göstəriciləridir. Allah`ın ədaləti Quranda belə xəbər verilir:
“O gün hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz dəftərinə tərəf çağırılacaqdır: “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!” (“Casiyə” surəsi, 28)
O gün günahkarların pis əməllərinin şahidləri də orada olacaqlar. Mömin, əməlləri yazan mələk və Allah`ın şahidləri ilə yanaşı, inkarçıların əleyhinə onların heç gözləmədiyi şahidlər də olacaqdır. Bunlar insanın özünü tək sandığı zamanda da Allah`ın onu hər tərəfdən əhatə etdiyinə dair açıq dəlillərdir. İnkarçıların əleyhinə şahidlik edənlərin arasına qulaqları, gözləri və dəriləri də əlavə olunacaq. Hər biri Allah`ın izni ilə danışacaq və əskiksiz deməsi lazım gələn şeyləri bildirib şahidlik edəcəklər. Ömrü boyu istifadə edib şəxsi hesab etdikləri bədən üzvlərinin onlara xəyanəti psixoloji gərginliyi daha da artıracaq. Quranda bu mövzunun keçdiyi ayələr aşağıdakı kimidir:
“Allah`ın düşmənləri cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar. Nəhayət, onlar cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” -deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!” Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allah`ın bilməyəcəyini zənn edirdiniz. Sizin öz Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz! İndi dözsələr də, (dözməsələr də) onların məskəni cəhənnəmdir. Onlar riza diləsələr də, onların diləyi qəbul olunmaz”. (“Fussilət” surəsi, 19-24)
İnsan etdiyi hər şeyə məqbul açıqlama yönü tapa bilər. Hətta buna özünü inandıra da bilər. Bu açıqlamaların hər zaman məqbul olması də şərt deyil. Həmin vaxt istənilən yeganə şey izahlarla qarşı tərəfi, ya da özünü əmin etməkdir. Başqa sözlə, inanmaq istədiyi şeyə inanar və onu müdafiə etmək üçün məntiqini işə salar. Etdiyi açıqlamalar da bu məntiqə əsaslanar. Bəlkə də buna görə, Allah`ın varlığını da inkar etmək üçün irəli sürdüyü dəlillər öz qənaətinə görə əsaslı olmuş və beləliklə, keçmişdə möminlərə qarşı davamlı mübarizə aparmışdır. Amma hesab günündə bu açıqlamaların heç birinin əsası olmayacaq.
O gün təkəbbür və arxayınlıqla müdafiə etdiyi açıqlamaların etibarlı olmadığını görəcək, əleyhinə şahidlik edən öz bədən üzvlərinin qarşısında heç nəyi gizlədə bilmədiyini anlayacaqdır. Heç kimin görmədiyini zənn etdiyi şeylər, gizli işlər təkrar ortaya qoyulacaq və öz bədəni bunları təsdiq edəcəkdir.
Bu günün başqa bir xüsusiyyəti də vardır, belə ki, dünya və axirətdə yaxınlarından kömək umanlar hesab vaxtı tək-tənha olacaqlar. Beləcə, inkarçılar Allah`dan başqasına ümid etməyin nə dərəcədə mənasız olduğunu görəcək və bu yanlışlığın əvəzini alacaqlar. Hər insanın sorğuya tənha çəkiləcəyi həqiqəti Quran ayələrində xəbər verilmişdir:
“Onların hər biri qiyamət günü Onun hüzuruna tək-tənha gələcək”. (“Məryəm” surəsi, 95)
Burada bir anlıq bu həqiqəti daha dərin düşünmək lazımdır. Ümumiyyətlə, insanlar tənhalıqdan çox çəkinirlər və xüsusilə çətin durumlarda bu, onları çox qorxudur. Tək qalmaq dünyada insanlar üçün ən böyük əzablardan biridir. Halbuki, axirət günü təkcə tənhalıq olmayacaq. Əsas olan inkarçıların qarşı qarşıya qaldığı və zülm etdiklərini bildiyi üçün şiddətlə qorxduqları hesab anıdır. Yanında güvənib yardım görəcəyi heç kim olmayacaq. Ona ən yaxın və ən mərhəmətli olan, güvəndiyi ailəsi belə onu tanımaz. Bundan başqa, hər şey əleyhinə çıxmış, öz vücudu və etdikləri ona qarşı açıqlamalar verməyə başlamışdır. Qısası, bu, asan izah verə bilmədiyimiz tənhalıqdır.
Saxta ilah və dostlardan kömək istəməklə yanılan kafirlər, bunun kimi, elə düşünürlər ki, gizli şəkildə etdikləri günah və pis əməllər hesab günüdə ortaya çıxmayacaq. Halbuki, Allah onların dünyada etdikləri bütün gizli hərəkətlərə şahid olmuşdur. Bu həqiqət Quranda belə xəbər verilir:
“O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qalmayacaqdır!” (“Haqqə” surəsi, 18)
“Hər kəsə öz əməlinin cəzası veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir!” (“Zumər” surəsi, 70)
İnkarçıların bütün günah və pis əməlləri ortaya çıxacaq. Həyatı boyu ailəsinə, ən yaxın dostuna da yalan söyləyən, saxtakarlıq edən, öz maraqları üçün hər şeyi tapdalayan, Allah`ın elçilərini yalan hesab edən, onların anlatdığı hər şeyi rədd edən və ən sonda bunların heç bir zaman ortaya çıxmayacağını və unudulacağını zənn edən insanlar o gün tək-tənha sorğu-sual ediləcəklər. Bütün sirləri ortaya çıxan bu insanların vəziyyəti “Tariq” surəsində bu şəkildə keçir:
“Bütün sirlərin aşkar olacağı o qiyamət günü insanın nə (əzabı dəf edəcək) birisi, nə də bir köməkçisi olar!” (“Tariq” surəsi, 9-10)
O gün insanın özündən başqa heç kimlə maraqlanmağa imkanı olmaz. İnsan dünyada ikən dəyərli gördüyü və güvəndiyi ailəsini belə düşünməz. Hadisələrin dəhşətindən təkcə öz dərdində olacaq. Dünyada çox sevdiyi ataları, uşaqları, qohum-əqrəbaları və yaxınları ilə əlaqələri tamamilə kəsiləcək:
“Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar”. (“Muminun” surəsi, 101)
Dünyada böyük güc sayıb sığındığı yaxınlarının mal və mövqeyindən artıq əsər-əlamət qalmayacaq. Güc və qüdrəti ata soyunda və dünya malında axtaran, həmçinin dindən uzaq həyat tərzi keçirib qazanc əldə etdiyini düşünən insanlar yanlış etdiklərini anlayacaqlar. O gün təkcə imanın dəyəri olacaqdır.
Dünyada, ümumiyyətlə, dostluğun qurulub davam etməsi qarşı tərəfdən gələcək mənfəətə bağlı olur. Mənfəət isə gələcəyi zəmanətə almaq, sərmayə qoymaq, pul, etibar və s. məqsədini daşıyır. Halbuki, hesab günündə heç kim həvəs və istəklərinin ardınca gedə bilmədiyi üçün keçmiş dostluqları bir anda unudarlar. Quranda bu həqiqət belə bildirilir:
“Və dost dostu arayıb axtarmayacaqdır”. (“Məaric” surəsi, 10)
Din günündə qorxu elə şiddətli olacaqdır ki, hər kəs kimliyindən asılı olmayaraq, bu qorxunc əzabdan qurtarmaq üçün sahib olduğu hər şeydən vaz keçər. Hər şeyi tapdalayıb əldə etdiyi sərvətlərə heç əhəmiyyət də verməz. Hətta təkcə sahib olduqları deyil, dünyanın bütün var-dövləti onun olsa belə, hamısını fidyə vermək istər. Bərk yapışdığı malı-dövləti artıq onun üçün heç bir məna ifadə etməz. Allah üçün verməli olduğu, lakin xəsislik edib vermədiyi malı gözünü belə qırpmadan fəda edər. Lakin artıq çox gec olacaq.
Göz qırpımı qədər qısa sürən dünya həyatında ondan Allah`ın verdiyi nemətləri Allah yolunda istifadə etməyi istənilərkən, o, bu ağır günü qulaqardına vurmuş, hətta öldükdən sonra belə dünyada qoyub getdiyi izlə adının anılacağına, etibarının davam edəcəyinə ümid etmişdir. İnkarçıların düşdüyü bu çıxılmaz vəziyyət Quranda bu şəkildə ifadə edilmişdir:
“Yer üzündə nə varsa hamısı, üstəlik, bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onu qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər. Və Allah`dan onlara güman etmədikləri görünəcəkdir”. (“Zumər” surəsi, 47)
“(İbrahim) dedi: “Sizin Allah`ı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”“ (“Ənkəbut” surəsi, 25)
Dünyada saxta olduğu halda, inkarçıların heç biri dostluqlarının saxta olduğunu qəbul etmək istəməz. Bir çox insan üçün dostluq və sevgi digərlərindən fərqli olur. Halbuki, hamısı eyni xətaya düşmüş, vəfanı dünyada heç vaxt yaşamamışlar. Üstəlik, o gün əzab görməsinlər deyə, təklif etdiyi şeylər dostluq anlayışlarını tam ortaya çıxaracaq. O gün dünyada ikən möhkəm bağ qurduğu ailəsi və dostlarını fidyə verib qurtulmaq istəyəcəklər. Quranda bu həqiqət açıq şəkildə verilmişdir:
“Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını - təki özünü qurtarsın! Xeyr, bu mümkün deyildir. Həqiqətən, o, alovlu atəşdir”. (“Məaric” surəsi, 10-15)
Məhşər günü inkarçıların bu fidyə təklifi onların həqiqi xarakterinin bilinməsi üçün olduqca önəmlidir. Artıq dünyadakı ən yaxın əlaqələrin belə, mənfəətin bitdiyi və adamların maraqlarına zidd olduğu bir vaxtda dəyərdən düşdüyü məlum olmuşdur. Halbuki, bu cəhd boş yerədir. Allah insanları bu var-dövlətə onları yoxlamaq üçün varis etmiş və onlara müəyyən zaman ayırmışdır. Bu müddətin bitməsindən sonra bunları fidyə olaraq vermək istəmələri inkarçıların bir daha anlayışsız olduqlarını göstərir.
İnsanın dünya həyatı boyu etdiyi hər şey sağ və sol tərəfindəki mələklər tərəfindən yazılır. Hesab anı üçün hazırlanan dəftərlər din günündə insanlara veriləcək. İnsan etdiklərinin heç birini rədd edə bilməyəcək, çünki yaşadığı hər an əməl dəftərinə yazılacaq. Hər kəs öz dəftərindən axirəti üçün nələr hazırladığını öyrənəcək. Möminlərin sağ əllərinə, kafirlərin isə sol əllərinə dəftərləri veriləcək. Heç kimə zərrə qədər haqsızlıq edilmədiyi və bir xardal dənəsi qədər əməlin də hesaba qatıldığı bu anda möminlərlə kafirlərin keçirdiyi hisslər və rəftarları çox fərqli olacaq. Möminlər böyük sevinc içində dəftərlərini oxumaları üçün yanında olanlara uzadacaqlar. Allah ayələrdə belə buyurur:
“O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir. Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”. O, xoşbəxt həyat sürəcəkdir uca bir cənnətdə, elə bir cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için”, -deyiləcəkdir”. (“Haqqə” surəsi, 18-24)
Möminlərin bu sevinc və fərəhlərindən fərqli olaraq, kafirlər qorxu içində olacaqlar. Kafirlərin dəftərləri sol əllərinə veriləcək. Ən kiçiyindən ən böyüyünə qədər heç bir işi əskik buraxılmadan yazılmış bu dəftər Allah’ın bəyənmədiyi işlərlə dolu olacaq. Bu həqiqət qarşısında inkar edənlərin qorxu və narahatçılığı ayədə bildirilmişdir:
“Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, nə bir kiçik, nə də bir böyük günahı buraxıb hamısını yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (“Kəhf” surəsi, 49)
Allah’dan qorxmamaq, Ona şərik qoşmaq, Ona ibadət edən kimi görünüb Ondan başqalarını da razı salmağa çalışmaq kimi yalan, zina, qumar və daha bir çox günah bu dəftərdədir. İnkarçılar Allah’ı haqqı ilə təqdir edə bilmədikləri üçün riyakar əxlaqla həm dünyada istədikləri kimi yaşayacaqlarını, həm də istədikləri ibadətləri etməyi bağışlama ünsürü olaraq önə sürə biləcəklərini zənn edirlər. Allah’a ibadət etməyən və ya ibadət edən kimi görünən şəxsləri hesab günündə qorxu və narahatlıq gözləyir. Layiq olduğu qarşılığı alan inkarçıların çarəsizlik və peşmançılığı onların söylədiklərindən də aydın olur. Quranda bu şəxslərin o ankı dəhşətləri belə bildirilir:
“Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”” (“Haqqə” surəsi, 25-29)
Allah’a və axirətə yəqinliklə inanan, həyatı boyu hesab anı üçün hazırlıq görən möminlər ilə axirəti unudan, Allah’dan və möminlərdən üz çevirən sol tərəfin adamları arasındakı fərq yenə başqa bir ayədə belə izah olunur:
“Kimin kitabı arxa tərəfindən veriləcəksə, o, özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü”. (“İnşiqaq” surəsi, 10-15)
Allah’dan qorxub çəkinən və dünyada Onun rizasına uyğun yaşayanların gözlədiyi an gələcək. İnananlar Rəbbimizin onlara vəd etdiyi qovuşmanın həyəcanını yaşayacaqlar. Kafirlərin üzərində isə həyatları boyu yaşamadıqları qədər böyük, təsvir oluna bilməyən bir qorxu olacaq. İman gətirənlərdən başqa bu dəhşəti hər kəs yaşayacaq. Möminlərlə kafirlərin yolu ayrılacaq. Quranda bu günün ayırma günü olduğu belə bildirilmişdir:
“Onlara deyiləcək: “Bu yalan saydığınız fərqləndirmə günüdür!”” (“Saffat” surəsi, 21)
Quranda o gün insanların qruplara ayrılacağı bildirilir. Əshabi-Meymənə” adlandırılan möminlər bir qrupdur. “Əshabi-Məşəmə” isə kafirlərdən ibarət, möminlərdən ayrılan qrupu təmsil edir. Bunlarla yanaşı, möminlərin arasında da Allah’a yaxınlıq və Allah yolunda aparılan mübarizədə ən önə keçənlər vardır ki, Quranda bu insanlar yarışıb önə keçənlər adlandırılırlar:
“O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır. O gün neçə-neçə üzlər də tutulub qaralacaq və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir”. (“Qiyamət” surəsi, 22-25)
“Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Xeyirxah işlərdə öndə gedənlər cənnətdə də öndədirlər! Onlar Allah’a yaxın olanlardır”. (“Vaqiə” surəsi, 8-11)
O gün hər kəs Allah’a dünyada törətdiklərinin hesabını verəcək. Cəhənnəmə girəcəyini anlayıb qorxu içində olan inkarçılar qısa bir ömrü sonsuz bir həyatdan üstün tutmağın verdiyi sonsuz peşmançılıq içində olacaqlar. Onlar özlərinə əzabın toxunmayacağını, qiyamət gününün gerçəkləşməyəcəyini və Allah’ın onları cəzalandırmayacağını zənn edərək guya rahat bir həyat yaşayarkən Allah onları əhatəyə alacaq və heç gözləmədikləri bir anda qəhr edəcək. Hər şey bitəcək və hər kəsin gedəcəyi yer müəyyən olunacaq. Lakin insanlar dərhal bir-birlərindən ayrılmayacaqlar. Möminlər cənnətə göndərilməzdən əvvəl onlara da kafirlərlə birlikdə cəhənnəm göstəriləcək. O gün mömin və ya kafir bütün insanlar cəhənnəmin ətrafında diz çökəcək. Hər kəs cəhənnəmin qorxu salan uğultusunu eşidəcək və içindəki tük ürpərdici görüntülərə şahid olacaq. Lakin sonra möminlər qurtarılacaq və kafirlər diz üstü çökmüş olaraq buraxılacaqlar. Ayələrdə bu həqiqət belə xəbər verilir:
“İnsan soruşar: “Doğrudanmı, mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?” Məgər insan ilk əvvəl onu heç bir deyil ikən yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, Biz onları şeytanlarla bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda, cəhənnəmin ətrafına yerləşdirəcəyik. Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq. İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik”. (“Məryəm” surəsi, 66-72)
Əlbəttə, möminlərə cəhənnəmin göstərilməsinin bir çox hikməti vardır. Cəhənnəmin vəziyyətini yaxından görən möminlər Allah’ın onlara verdiyi imanın nə qədər böyük bir gözəllik və fərqlilik olduğunu daha dərindən qavrayırlar. Çünki şahid olunan cəhənnəm o qədər dəhşətlidir ki, o əzabdan xilas olmaq insan üçün təsvir oluna bilməyən xoşbəxtliyə və şükürə vəsilə olacaq. Möminlər cəhənnəmi görməklə müqayisə etmək imkanına sahib olurlar. Beləliklə, insana veriləcək ən gözəl nemətləri olan və əbədi qalacaqları cənnətin dəyərini daha yaxşı anlayırlar. Çünki nemətin dəyəri ancaq müqayisə ilə anlaşılır. Gözəlliklərin, yəni cənnət nemətlərinin dəyəri Allah’ın zülm edənlərə verəcəyi qarşılıq görüləndə daha yaxşı anlaşılır. İmtahan olunmaq üçün gəldiyimiz dünyanın yaradılış hikmətlərindən biri də təlimdir. İnsanlar burada doğrunu, yanlışı, gözəli, çirkini, yaxşını, pisi tək-tək görərək və müqayisə edərək öyrənirlər. Dünyada bu xüsusiyyətə sahib olmağın yolu ancaq ağıl, vicdan və ən vacibi də Allah qorxusundan keçir.
Qiyamət yaradılmışların ən xeyirliləri olan möminlər (Beyyinə surəsi, 7) ilə yaradılmışların ən pisləri olan (Beyyinə surəsi, 6) inkarçıların bir-birindən sonsuza qədər ayrılma vaxtıdır. Ayırma günü Quranda belə izah olunur:
“Elçilərə vaxt təyin olunacağı zaman – deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?” Deyiləcəkdir: “Ayırd etmə gününədək!” Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi? Qiyaməti yalan sayanların o Gün vay halına! Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi? Sonrakıları da onlara qatacağıq. Biz günah sahibləri ilə belə davranırıq. Qiyaməti yalan sayanların o gün vay halına!” (“Mürsəlat” surəsi, 11-19)
Bu ayırma günü ölümlə başlayır və hesabla davam edir və insanların əbədi yurdlarına yollanması ilə sona çatır. “Qaf” surəsində kafirlərin və möminlərin əbədi yurdlarına etdikləri səfər belə izah olunur:
“Ölüm bihuşluğu həqiqətən gələcəkdir. “Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bunun haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı şahid mələk deyəcəkdir: “Bu yanımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allah’a tay tutanı. Yoldaşı şeytan deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o, özü dərin azğınlıq içində idi!” Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu? – deyəcəyik. O isə: “Yenə varmı? – deyəcəkdir. Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən cənnət! O, hər bir tövbə edib Allah’a üz tutan, Onun əmrinə riayət edən, mərhəmətli Allah’dan Onu görmədən qorxan və Allah’a yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür”. (“Qaf” surəsi, 19-34)