Allah`dan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır. Allah`dan daha doğru danışan kim ola bilər?! (Nisa surəsi, 87)
Əksər insanların qiyamət günü haqqında qismən də olsa məlumatı var. Demək olar ki, çox adam qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardır. Buna baxmayaraq, insanlar bu cür həyati bir məsələ haqqında eyni cür hərəkət edir, yəni qiyamətlə bağlı düşünmək və ya danışmaq istəmirlər. Qiyamət saatı gələndə yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün çox səy göstərirlər. Qəzetlərdə oxuduqları bir müsibət xəbərinin və ya başqa bir bəlanı göstərən filmin onlara qiyaməti xatırlatmasına da dözə bilmirlər. Həmin günün mütləq olacağını fikirləşməkdən çəkinirlər. Bu mövzudan danışan insanlara qulaq asmaq istəmədikləri kimi, həmin böyük gündən bəhs edən yazıları da oxumaq istəmirlər. Bunlar qiyamət fikirlərinin səbəb olduğu qorxudan qaçmaq məqsədilə ərsəyə gətirdikləri üsullardan bəziləridir.
Əksər insanlar da qiyamət saatının ciddi və həqiqətəuyğun olduğuna inanmır. Bunun bir nümunəsini "Kəhf" surəsində bəhs edilən zəngin bağ sahibinin ifadələrindən də görürük:
"Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" ("Kəhf", 18/36)
Bu cümlələrdə Allah`a inandığını söyləyənlərin, lakin qiyamətin gerçək olduğunu düşünməyənlərin, həm də ayələrə zidd iddialar ortaya atanların beynindəki həqiqət göstərilir.
Başqa bir ayədə də qiyamət saatı ilə bağlı tərəddüd edən, şübhələnən inkarçılardan belə bəhs edilmişdir:
"Allah`ın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!" -deyildiyi zaman: "Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!" - deyə cavab verirdiniz!" ("Casiyə", 45/32)
Bəzi insanlar qiyamət saatını tamamilə inkar edirlər. Bu cür hərəkət edənlər isə Quranda belə bildirilmişdir:
"Onlar qiyamət saatını da yalan saydılar. Biz də qiyamət saatını yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq" ("Furqan", 25/11).
Həqiqəti öyrənmək məqsədilə bizə yol göstərən mənbəyimiz Qurana nəzər salanda açıq-aşkar bir həqiqətlə qarşılaşırıq. Qiyamətlə bağlı özlərini aldadan insanlar çox böyük səhv edirlər. Çünki Allah ayələrdə qiyamət saatının yaxın olduğunu və bu məsələdə heç bir şübhəyə yer olmadığını xəbər verir:
"Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." ("Həcc", 22/7)
"Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət saatı mütləq gələcəkdir..." ("Hicr", 15/85)
"Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." ("Mumin", 40/59)
Quranın qiyamətlə bağlı mesajının üstündən 1400 ilə qədər uzun bir zamanın ötdüyünü, bu vaxtın da bir insanın həyatı ilə müqayisədə çox böyük olduğunu fikirləşənlər ola bilər. Ancaq burada bəhs edilən məsələ Yer kürəsinin, Günəşin, ulduzların, qısası, bütün kainatın axırıdır.
Kainatın milyardlarla illik keçmişi nəzərə alınanda 14 əsrlik bir dövrün çox qısa olduğu məlumdur.
Yaxın dövrümüzün böyük İslam alimi Bədiüzzaman Səid Nursi də buna oxşar bir suala hikmətli bir oxşatma ilə belə cavab vermişdir:
"Quranda qiyamətin yaxın olduğu bildirilir. Bu qədər dövr keçəndən sonra gəlməməyi onun yaxın olduğuna zərər verməz. Çünki qiyamət dünyanın əcəlidir. Dünyanın ömrü ilə müqayisə ediləndə min və ya iki min il, bir illə müqayisədə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Qiyamət saatı ancaq bəşərin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib gec olacağı qəbul edilsin".1
Quran ayələrində "Allah`ın sünnəsi" şəklində bir ifadə ilə qarşılaşırıq. Bu ifadə Quranda "Allah`ın qanunları" mənasında işlədilir. Ayələrdə bu qanunların həmişə qüvvədə qalması xəbər verilmişdir. Bununla bağlı bir ayədə belə buyurulur:
"Allah`ın əvvəl gəlib-getmişlər haqqında sünnəsi belədir. Sən Allah`ın sünnəsində əsla dəyişiklik görməzsən!" ("Əhzab", 33/62)
Dəyişməyən bu qayda-qanunlardan biri də cəmiyyətlərin həlak edilməmişdən əvvəl peyğəmbərlər vasitəsilə müqəddəs bir kitab göndərilərək xəbərdar olunmasıdır. Bu həqiqət bir ayədə belə xəbər verilmişdir:
"Biz heç bir məmləkəti müəyyən bir kitab gəlib çatmamış məhv etmədik" ("Hicr", 15/4).
Tarixə nəzər salsaq, Allah məhv etdiyi hər cəmiyyətə əvvəl onları düzgün yola dəvət edən bir kitab göndərmişdir. Buna baxmayaraq, üsyan və azğınlıqlarına davam edənlər onlar üçün müəyyən edilmiş vaxt gəlib çatanda məhv edilmiş gələcək nəsillər üçün ibrət nümunələri olmuşlar. Allah`ın bu qanununu düşündükdə bəzi əhəmiyyətli sirlər də məlum olur.
Qiyamət yer üzündəki bütün cəmiyyətlərin başına gələcək axırıncı müsibətdir. Quran insanların nəsihət alıb düşünmələri üçün göndərilən səmavi kitabların axırıncısıdır və qiyamətə qədər də yeganə rəhbər olaraq qalacaq. Ayələrdəki ifadə ilə desək, "... aləmlər üçün yalnız bir moizədir" ("Ənam", 6/90).
Quranın ancaq müəyyən bir dövrə və məkana səsləndiyini zənn edən insanlar isə dərin qəflətdədir. Çünki Quran bütün aləmlər üçün bir dəvətdir. Peyğəmbərimizin (s.ə.v) dövründən bu günə kimi Quran həqiqətləri dünyanın hər yerində təbliğ edilir.
Hazırda, yaşadığımız əsr tarixdə bənzəri görünməmiş texnologiya sahəsindəki inkişaf sayəsində Quranın əmrlərinin bütün insanlara çatdırıldığı bir dövrdür. Bu gün elm, təhsil, nəqliyyat və rabitə sahəsindəki inkişaf prosesləri ən yüksək səviyyəyə çatmağa çalışır. Xüsusilə kompyuter və internet texnologiyaları sayəsində dünyanın dörd bir tərəfindəki insanlar bir neçə saniyə ərzində bir-biri ilə danışa bilir, fikirlərini bölüşür və əlaqə qura bilir. Elm və texnologiya inqilabı bütün dünya ölkələrini birləşdirir, "qloballaşma", "dünya vətəndaşlığı" kimi ifadələri söz ehtiyatımıza əlavə edir. Qısası, bütün dünyadakı insanları bir-birindən ayıran maneələrin hamısı sürətlə aradan qalxır.
Bu həqiqətlərin işığında asanlıqla bunları qeyd etmək mümkündür: hazırda, yaşadığımız elm əsrində Allah hər cür inkişafı bizim ondan istifadə etməyimiz üçün xidmətimizə vermişdir. Müsəlmanların üstünə düşən vəzifə də Allah`ın təqdim etdiyi bu imkanlardan ən gözəl və xeyirli formada istifadə etmək və insanların ayağının dəydiyi hər yerdə onları Quran əxlaqına dəvət etməkdir.
Allah`ın kainatın yaradılışından günümüzə qədər mövcud olan və dəyişməyən qanunlarından əvvəlki səhifələrdə söhbət açmışdıq. Bu qanunlardan biri də elçi göndərilməyən cəmiyyətə Allah dərgahından bir əzabın gəlməməsidir. Allah`ın bu vədi aşağıdakı ayələrdə belə bildirilir:
"Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!" ("Qəsəs", 28/59)
"...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik" ("İsra", 17/15).
"Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmədən məhv etmədik. Öyüd-nəsihət vermək üçün göndərdik. Biz zalım deyilik!" ("Şüəra", 26/208-209)
Ayələrdə də bildirildiyi kimi Allah hər xalqın yaşayış yerinin mərkəzinə xəbərdarlıq və öyüd-nəsihət etmək üçün öz elçilərini göndərir. Bu elçilər də insanlara Allah`ın əmrlərini çatdırır. Ancaq inkarçı cəmiyyətlər hər dövrdə onlara göndərilən elçilərə lağ edir, onları yalançı, saxtakar, dəli kimi müxtəlif böhtanlarla ittiham edir. Allah öz əxlaqsızlıqlarına və azğınlıqlarına davam edən bu xalqları heç gözləmədikləri bir anda böyük müsibətlərlə məhv etmişdir. Nuh, Lut, Ad, Səmud xalqlarının və Quranda bəhs edilən digər qövmlərin ibrətamiz şəkildə məhv edilmələri bəhs etdiyimiz müsibətlərə misaldır. Allah bizə Quranda elçilərinin göndərməsinin səbəblərini belə bildirmişdir: xalqları müjdələmək, insanlara azğın inanclarından əl çəkib Allah`ın dinini və gözəl əxlaqı yaşaması üçün bir fürsət vermək, elçilərin dəvətindən sonra insanların qiyamət günü heç bir bəhanə gətirə bilməməsi və onlara xəbərdarlıq etmək... Elçilərin göndərilməyinin səbəbini Allah bir ayədə belə vurğulamışdır:
"Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, insanlar üçün peyğəmbərlərdən sonra Allah`a qarşı daha heç bir bəhanə yeri qalmasın..." ("Nisa", 4/165)
"Əhzab" surəsinin 40-cı ayəsində də xəbər verildiyi kimi, Peyğəmbərimiz (s.ə.v) sonuncu peyğəmbərdir. Hz. Muhəmməd (s.ə.v) Allah`ın Rəsulu və peyğəmbərlərin sonuncusudur ("Əhzab", 33/40). Başqa bir ifadə ilə desək, Allah`ın bəşərə göndərdiyi vəhylər hz. Muhəmmədlə (s.ə.v) qurtarmışdır. Buna görə də Peyğəmbərimizin (s.ə.v) təbliğ etdiyi Quranın başa salınması və xatırladılması sahəsindəki məsuliyyət qiyamətə qədər bütün müsəlmanlar üçün davam edir.
Quranda tez-tez vurğulanan məsələlərdən biri də azğınlığına və üsyanlarına görə Allah`ın məhv etdiyi xalqlar və onların taleyindən nəticə olaraq alınan ibrətamiz hadisələrdir. Bəhs edilən keçmiş xalqlarla günümüzdəki xalqlar arasında oxşarlıqların çox olması danılmaz həqiqətdir. Hətta günümüzdə də öz cinsi azğınlıqları ilə tanınan Lut xalqı, hiyləgərliklə aldadan və saxtakarlıqla məşğul olan Mədyən xalqı, başqalarına lağ edən və özünü bəyənən Nuh xalqı, üsyankar və azğın Səmud xalqı, nankor İrəm xalqı və məhv edilmiş digər xalqların hərəkətlərini də üstələmiş insanlar yaşayır. Aydın məsələdir ki, bütün bu əxlaqsızlıqların arxasında insanın Allah`ı və yaradılışın məqsədini unutması amili durur.
İçində yaşadığımız dövrdəki cinayət, sosial ədalətsizlik, insanların bir-birini aldatması, oğurluq hadisələri və əxlaqi degenerasiya kimi hallar bəzi insanları ümidsizliyə salır. Ancaq yaddan çıxarmaq olmaz ki, Allah Quranda rəhmətindən ümid kəsilməməsini əmr etmişdir. Ümidsizlik, qorxaqlıq möminə xas olan xüsusiyyətlər deyil. Allah şərik qoşmayaraq Ona qulluq edən, Onun razılığını qazanmağa çalışaraq xeyirli işlər görən möminləri güc və iqtidar sahibi, yer üzünün varisləri edəcəyini müjdələyir:
"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allah`ın özünün bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!" ("Nur", 24/55)
Haqq dini səmimiyyətlə yaşayan saleh bəndələrin yer üzünün varisləri edilməsinin Allah`ın bir qanunu olduğu ayələrdə belə bildirilir:
"Biz zikrdən sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq" ("Ənbiya", 21/105).
"Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!" ("İbrahim", 14/14)
"Sizdən əvvəl neçə-neçə nəsilləri peyğəmbərləri aşkar möcüzələrlə gəldikləri halda zülm etdikləri və iman gətirmədikləri zaman məhv etdik. Biz günahkarları belə cəzalandırırıq. Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız" ("Yunis", 10/13-14).
"Musa öz tayfasına: "Allah`dan kömək diləyin və səbir edin. Yer üzü Allah`ındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!" - dedi. Dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!" Musa onlara belə cavab verdi: "Bəlkə də Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!"" ("Əraf", 7/ 128-129)
"Allah: "And olsun ki, Mən və peyğəmbərlərimi qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüdrət və qüvvət sahibidir!" ("Mücadilə", 58/21)
Yuxarıdakı ayələrdə verilən müjdə ilə yanaşı, Allah möminlərə çox mühüm bir vəd də verir. İslam dininin bütün dinlərə üstün etmək üçün insanlara göndərdiyi Quranda belə bildirilir:
"Onlar Allah`ın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!" ("Tövbə", 9/32-33)
"Onlar Allah`ın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də - Öz nurunu tamamlayacaqdır! Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün Öz peyğəmbərini doğru yolu göstərən rəhbərlə və haqq dinlə göndərən Odur!" ("Səff", 61/8-9)
Azğın fəlsəfələri, çaşqın ideologiyaları və batil dini anlayışları aradan götürəcək, insanları qaranlıqlardan aydınlığa çıxaracaq gözəl əxlaq yalnız İslam əxlaqıdır.
Yuxarıdakı ayələrdə də vurğulandığı kimi, inkarçıların və müşriklərin bu böyük hadisənin qarşısına keçib ona əngəl ola bilməsi isə mümkün deyil (bu mövzuda ətraflı məlumatı Harun Yəhyanın "Qəzəl Əsr" adlı kitabından oxuya bilərsiniz). İslam əxlaqının tam mənası ilə yaşanacağı bu dövr sevginin, fədakarlığın, yardımlaşmağın, dürüstlüyün, sosial ədalətin və əmin-amanlığın hakim olacağı bir zaman olacaq. Cənnətə oxşayan xüsusiyyətlərinə görə "Qızıl Əsr" adlandırılan belə bir dövr bu günə qədər yaşanmayıb. Bu müqəddəs dövr qiyamətdən əvvəl olacaq. Hazırda, Allah`ın müəyyən etdiyi vaxtı gözləyirik.
Hz. İsa Allah`ın seçdiyi peyğəmbərlərdən biridir. Dünyada haqqında ən çox danışılan elçilərdəndir. Allah`a şükürlər olsun ki, əlimizdə nəyin düz, nəyin səhv olduğunu seçə bilməyimizə kömək edən bir mənbə var. Bu da Allah`ın himayəsi altındakı təhrif edilməmiş yeganə kitab olan Qurandır.
İsa peyğəmbərlə bağlı həqiqi məlumatlar əldə etmək üçün Qurana baxdığımızda qarşımıza bunlar çıxır:
"Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allah`ın peyğəmbəri, Məryəmə çatdırdığı bir sözdür" ("Nisa", 4/171).
"Onun adı Məryəm oğlu İsa əl-Məsihdir" ("Ali-İmran", 3/45).
"Aləmlərə bir möcüzə etdik" ("Ənbiya", 21/91).
Hz. İsa beşikdə ikən insanlarla danışmış ("Ali-İmran", 3/46) ,
və çoxlu möcüzələr göstərmişdir. Onun başqa bir möcüzəsi isə yer üzünə geri qayıtması və insanlarla danışmasıdır ("Ali-İmran", 3/49; "Maidə", 5/110).
"İsa peyğəmbər İncili təbliğ etmişdir" ("Hədid", 57/27).
"Onu tanrılaşdıranlar doğru yoldan azmış, küfrə düşmüşlərdir" ("Maidə", 5/72).
"İnkarçılar onu öldürmək üçün hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi" ("Ali-İmran", 3/54).
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! ("Zuxruf" , 43/61)
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. ("Nisa" , 4/159)
Allah inkarçıların hz. İsanı öldürmək istəməsinə izn verməmiş, onu Öz yanına yüksəltmişdir. Yenidən yer üzünə qayıdacağını insanlara müjdələmişdir. Hz. İsanın yer üzünə qayıtması ilə bağlı da Quranda bu xəbərlər verilir.
İsa peyğəmbəri (ə.s) öldürmək üçün tələ quran inkarçıların onu qətiyyən öldürə bilmədiklərini Allah belə xəbər verir:
""Biz Məryəm oğlu İsa əl-Məsihi öldürdük" - demələridir. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər" ("Nisa", 4/157).
Hz. İsanın ölmədiyi, insanların yaşadığı dünyadan alınaraq Allah yanına yüksəldildiyi ayədə belə bildirilir:
"Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir!" ("Nisa", 4/158)
"Ali-İmran" surəsinin 55-ci ayəsində hz. İsaya tabe olanların qiyamətə qədər inkar edənlərin üstündə olacaqları xəbər verilir. Günümüzdən 2000 il əvvəl hz. İsaya tabe olan həvarilərin heç bir siyasi gücə sahib olmadığı tarixi həqiqətdir. Həmin dövrlə hazırkı tarix arasında yaşayanların və özlərini xristian adlandıranların isə başda təslis (Tanrını üç qəbul etmək) inancı olmaqla, çoxlu batil inancı müdafiə etdikləri və buna görə də həqiqi mənada İsaya tabe olanlar olaraq adlandırıla bilməyəcəkləri də məlumdur. Çünki Quranın əksər ayələrində təslisə inananların inkara düşdükləri ifadə edilir. Elə isə qiyamət saatından əvvəlki bir dövrdə inkar edənlərə üstün gələcək həqiqi mənada İsaya tabe olanlar ortaya çıxacaq və "Ali-İmran" surəsindəki Allah`ın vədi də, beləliklə, təcəlli edəcəkdir. Şübhəsiz ki, bu topluluq hz. İsanın yer üzünə qayıtması ilə özünü göstərəcəkdir.
Quranda xəbər verilən başqa bir məlumat isə hz. İsanın ölümündən əvvəl bütün kitab əhlinin ona iman gətirəcəyidir:
"Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir" ("Nisa", 4/159).
Bu ayədən aydın olur ki, Allah`ın hz. İsa ilə əlaqəli olaraq hələ həyata keçməmiş üç vədi var. Birincisi, İsa peyğəmbərin hər insan kimi yaşayandan sonra öləcəyi bildirilir. İkinci vəd bütün kitab əhlinin onu fiziki olaraq görəcəyi və ona yaşadığı müddət ərzində itaət edəcəkləridir. Şübhəsiz, bəhs edilən bu iki xəbər də hz. İsanın qiyamətdən əvvəl qayıdışında baş verəcək hadisələrdir. Ayədəki üçün xəbər isə hz. İsanın kitab əhli haqqındakı şahidliyi də qiyamət günündə olacaqdır.
Quranda hz. İsanın ölümündən bəhs edən başqa bir ayə isə "Məryəm" surəsində qeyd edilmişdir:
"Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!" ("Məryəm", 19/33)
Bu ayə "Ali-İmran" surəsinin 55-ci ayəsi ilə birlikdə incələnəndə çox mühüm bir həqiqətə işarə edir. "Ali-İmran" surəsindəki ayədə hz. İsanın Allah`ın hüzuruna yüksəldildiyi ifadə edilir. Bu ayədə ölüm və öldürülmək məsələsi ilə bağlı heç bir məlumat verilmir. Ancaq "Məryəm" surəsinin 33-cü ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşayandan sonra vəfat etməsi ilə mümkün ola bilər.
Hz. İsanın yer üzünə qayıdacağına işarə edən başqa bir ayə isə belədir:
"Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək" ("Ali-İmran", 3/48).
Bu ayədə qeyd edilən "kitab" kəlməsinin nəyi ifadə etdiyini başa düşmək üçün mövzu ilə bağlı digər Quran ayələrinə nəzər salanda bunu görürük: "Kitab" kəlməsi Tövrat və İncillə birlikdə eyni ayədə istifadə edilirsə, "Quran" mənasına gəlir. "Ali-İmran" surəsinin 3-cü ayəsini buna nümunə göstərə bilərik. Elə isə 48-ci ayədə hz. İsanın öyrənəcəyi bildirilən kitab da ancaq Quran ola bilər. İsa peyğəmbərin təxminən 2000 il əvvəlki həyatında Tövratı və İncili bildiyi məlumdur. Onun Quranı öyrənməsinin isə yer üzünə yenidən qayıdandan sonra olacağı aydın məsələdir.
"Ali-İmran" surəsinin 59-cu ayəsindəki "Allah yanında İsa da Adəm kimidir" ifadəsi də çox maraqlıdır. Bu ayədə iki peyğəmbər arasındakı bəzi oxşarlıqlara diqqət çəkilmiş ola bilər. Məlum olduğu kimi, həm hz. Adəmin, həm də hz. İsanın atası olmamışdır. Bundan başqa, yuxarıdakı ayə hz. Adəmin cənnətdən yer üzünə göndərilməsi hz. İsanın axırzamanda Allah dərgahından yer üzünə göndərilməsinə də oxşadılmış ola bilər (ən doğrusunu Allah bilir).
Quranda hz. İsa ilə bağlı belə bir məlumat da verilir:
"Şübhəsiz ki, (İsa) qiyamət saatı üçün bir əlamətdir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!" ("Zuxruf", 43/61)
Hz. İsanın Quranın göndərilməsindən 6 əsr əvvəl yaşadığını hamımız bilirik. Elə isə yuxarıdakı ayədə xəbər verilən onun birinci həyatının deyil, axırzamanda qayıdışının qiyamət üçün bir əlamət olmasıdır. Hz. İsanın ikinci gəlişi həm xristian, həm də müsəlman dünyasında səbirsizliklə gözlənilir. Bu müqəddəs qonağın yer üzünü şərəfləndirməsi ilə də çox mühüm bir qiyamət əlaməti təcəlli edəcək.
Hz. İsanın yenidən dünyaya gələcəyi ilə bağlı başqa bir dəlil də "Maidə" surəsinin 110-cu ayəsində və "Ali-İmran" surəsinin 46-cı ayəsində bildirilən "kəhlən" kəlməsidir. Ayələrdə belə buyurulur:
"Xatırla ki, o gün Allah İsaya belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da (kəhlən) o adamlarla danışırdın..."" ("Maidə", 5/110)
"O, beşikdə ikən yaşa dolduqdan (kəhlən) sonra insanlarla danışacaq və salehlərdən olacaqdır" ("Ali-İmran", 3/46).
Bu kəlmə Quranda ancaq yuxarıdakı iki ayədə və ancaq hz. İsa üçün istifadə edilmişdir. Hz. İsanın yetkinlik çağını ifadə etmək üçün işlədilən "kəhlən" kəlməsinin mənası "otuzla əlli yaşları arasında, gənclik dövrünü bitirib yaşlılığa tərəf gedən, yaşı kamala çatmış" deməkdir. Bu kəlmə İslam alimləri tərəfindən "35 yaşdan sonrakı dövrə işarə edir" şəklində tərcümə edilir.
Hz. İsanın gənc sayılan bir yaş olan 30 yaşlarında göyə yüksəldildiyini, yer üzünə qayıdandan sonra 40 il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın yaşlılıq dövrünün yenidən dünyaya qayıdandan sonra olacağını, dolayısilə, bu ayənin hz. İsanın qayıdışı ilə bağlı bir dəlil olduğunu söyləyirlər ("Faslul-maqal fi rəfi İsa hayyən və nüzulihi və qatlihid-dəccal", səh. 20).
Quran ayələrinə diqqətlə baxanda bu ifadənin ancaq hz. İsa üçün işlədildiyinin şahidi oluruq. Bütün peyğəmbərlər insanlarla danışıb onları dinə dəvət etmişlər. Hamısı da yetkinlik çağında təbliğ vəzifələrin yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər üçün belə bir ifadə işlədilməmişdir. Bu ifadə ancaq hz. İsa üçün və möcüzəli bir vəziyyəti ifadə etmək məqsədilə istifadə edilmişdir. Çünki ayələrdə bir-birinin arxası ilə gələn "beşikdə" və "yetkinlik çağında" kəlmələri diqqəti iki böyük möcüzəli dövrə cəlb edir.
Hz. İsanın beşikdə ikən danışması möcüzədir. Bu, həmişə rast gəlinən bir hadisə deyil və ayələrdə bu möcüzə bir neçə dəfə qeyd edilmişdir. Bu kəlmədən sonra gələn "yetkin çağında da adamlarla danışmağı" şəklindəki ifadənin də bir möcüzə olması aydınlaşır. Əgər "yetkin çağında da" ifadəsi hz. İsanın Allah`ın dərgahına yüksəldilməmişdən əvvəlki həyatına işarə etsəydi, hz. İsanın həmin vaxt danışması heç bir möcüzə olmayacaqdı. Bir möcüzə olmadığı üçün də beşikdə ikən danışmağından sonra da bu möcüzəli hadisə ilə sinonim mənasında işlədilməzdi. Onda "beşikdən yetkin olana qədər" şəklində bir ifadə işlədilərdi ki, bu da hz. İsanın beşikdə danışmağa başlamasından göyə yüksəldilməsinə qədər davam edən təbliğini izah etmiş olardı. Ancaq ayədə iki böyük möcüzəli zamana diqqət çəkilir. Bunlardan birincisi, beşikdə ikən, ikincisi isə yetkinlik çağında danışmasıdır. Dolayısilə, möcüzəli bir zamana işarə edən "yetkin çağında da" ifadəsi hz. İsanın möcüzəli şəkildə yenidən yer üzünə qayıdandan sonrakı dövrdə, yetkin ikən insanlarla danışmasıdır.
Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi ilə bağlı məlumatlar Peyğəmbərimizin (s.ə.v) hədislərində də var. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu müjdə ilə yanaşı, hz. İsanın dünyadakı icraatları ilə əlaqəli xəbərlər də öz əksini tapmışdır. Bu məsələ hədislərin işığında əlinizdəki kitabın "hz. İsa və yalançı peyğəmbərlər" hissəsində qeyd edilmişdir (Daha ətraflı məlumat əldə etmək istəyənlər Harun Yəhyanın "hz. İsa gələcək" adlı kitabından istifadə edə bilərlər).
Bir mühüm məsələni də xatırlatmağın xeyri var. Hz. Muhəmməd (s.ə.v) Allah`ın insanlara göndərdiyi sonuncu peyğəmbərdir. Allah, Peyğəmbərimizə (s.ə.v) Quranı vəhy etmiş və qiyamət gününə qədər bütün insanların üzərinə Qurana tabe olmaq məsuliyyətini qoymuşdur. Hz. İsa da axırzamanda Allah`ın bir möcüzəsi olaraq yer üzünə gələcək. Ancaq Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, yeni bir din gətirməyəcəkdir.
Peyğəmbərimiz (s.ə.v) tərəfindən bəşərə öyrədilən haqq din Quranda bildirilən İslam dinidir və hz. İsa da yer üzünə ikinci dəfə qayıdışında Qurana tabe olacaqdır.
Hər yüz ildə bir din əxlaqını bidətlərdən təmizləmək və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi "Sünəni-Əbu Davud", "Məktubati-Rəbbani" kimi böyük və mötəbər İslam alimlərinin əsərlərində açıq şəkildə bildirilmişdir:
"Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Həqiqətən, Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən ayırıb yeniləyəcək (elmli) bir şəxsi göndərər"". (Sünəni-Əbu Davud, 5/100)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdinin (ə.s) zühuru olaraq isə hicri 1400 tarixi verilmişdir:
"İnsanlar 1400-cü ildə hz. Mehdinin (ə.s) ətrafında toplanacaqlar". (Risalətül-xürucul Mehdi, səh. 108)
Bu 100 illik dövrdə İslam əxlaqı müəyyən bir müddət içində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mücadilə edən dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Ancaq orta hesabla 100 il çəkən bu yüksəlmə dövrünün ardından, yəni hicri 1500-cü illərdə dünya yenidən pozulma dövrünə girəcək. İslamın böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd bin Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirib insanlıq tarixinin başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:
"Əhməd bin Hənbəl "İləl"ində nəql etdi. İsmayıl bin Əbdülkərim, Əbdüssəməddən, o da Vəhbdən rəvayət etdi: "Dünyadan 5600 il keçmişdir". (Əli bin Hüsaməddin əl-Müttəqi, "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman" səh. 89)
Digər tərəfdən, bir çox başqa hədislərdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar mövcuddur:
"Ənəs Malikdən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurmuşdur:"Dünyanın ömrü axirət günlərində yeddi gündür. Allahu-təala buyurdu ki, Rəbbin qatında bir gün sizin saydıqlarınızın min ili kimidir.. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görərsə, Allahu-təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi bu dünyanın yeddi min illik ömrü qədər savab yazar"". (Əli bin Hüsaməddin əl-Müttəqi, "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman" səh. 88)
"Dəqqaq bin Zeydü-Cühənidən rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullaha (s.ə.v) danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli minbərin lap üstündə idi. O buyurdu ki, bu gördüyün yeddi pilləli minbər dünyanın ömrü olan yeddi min ildir. (Əli bin Hüsaməddin əl-Müttəqi, "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman" səh. 89)
Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi Ustad Səid Nursi həzrətləri isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü ili vermişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq-aşkar qalibiyyət dövrü olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyada yüksəliş dövrünün sona çatacağı və kafirlər üçün 1545-ci ildə qiyamət qopacağını söyləmişdir: (Doğrusunu Allah bilir).
""Ümmətimdən bir tayfa Allah`ın əmri gəlincəyədək (qiyamətə qədər) haqq üzərində olacaqlar". "Ümmətimdən bir tayfa..." hissəsinin say dəyəri 1542 (2117) edir və varlığının sonuna işarə edir. "Haqq üzərində olacaqlar" (şəddə sayılır) hissəsinin də say dəyəri 1506 (2082) edir. Bu tarixə qədər zahir və aşkaranə, bəlkə qalibanə; sonra ta 1542-ci (2117) ilə qədər gizli və məğlubiyyət içində aydınlatma vəzifəsinə davam edəcəyinə işarə edir. "Allah`ın əmri gəlincəyədək" (şəddə sayılır) hissəsinin də say dəyəri 1545 (2120) kafirin başında qiyamət qopmasına işarə edir". (Kastamonu lahiqəsi, səh. 33)
Böyük İslam alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni 1500-cü ildə Allah`ın izni ilə qiyamətin qopmasının gözlənildiyini ifadə etmişdir: (Doğrusunu Allah bilir).
"Bu ümmətin ömrü min ili keçəcək, fəqət min beş yüz ili keçməyəcək..." ("Qiyamət əlamətləri", Mədinəli Əllamə Muhəmməd bin Rəsul əl-Hüseyni əl-Bərzənci, "Pamuk" Nəşriyyatı, İstanbul 2002, səh. 299)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədisə əsasən, Suyuti həzrətləri isə açıqlamasında belə bildirir:
"Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək". (Suyuti, "Əl-kəşfü ən mücavəzəti-Həzihil-ümməti-əl-əlfu, əl-havi lil fətavi", Suyuti. 2/248,"Təfsiri-ruhul-bəyan". Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, "Kitabül-iləl" səh. 89)
Peyğəmbərimizin (s.ə.v) hədislərindən və böyük İslam alimlərinin açıqlamalarından da açıq şəkildə aydın olduğu kimi, yaşadığımız hicri 1400-cü illər hz. İsanın (ə.s) gəlişi və hz. Mehdinin (ə.s) zühur vaxtıdır. Bu əsrdə hz. İsa (ə.s) yer üzünə yenidən gələcək, hz. Mehdi (ə.s) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.
Quranın 54-cü surəsinin adı "Qəmər"dir. Bunun Azərbaycan dilində mənası "ay" deməkdir. Bu surənin çox yerində göndərilən peyğəmbərlərin xəbərdarlıqlarını yalan sayan Nuh, Ad, Səmud və Lut xalqının, fironun və yaxınlarının başına gələn müsibətlərdən bəhs edilir. Həmçinin birinci ayədə qiyamətin vaxtı ilə əlaqəli çox mühüm bir mesaj verilir:
"Saat yaxınlaşdı, ay parçalandı" ("Qəmər", 54/1).
Ayədə işlədilən "parçalanmaq" feli ərəb dilində "şaqqa"dır. Ərəb dilində bu kəlmənin müxtəlif mənaları var. Bəzi Quran təfsirlərində "iki yerə parçalanmaq" mənası qəbul edilmişdir. Bununla yanaşı, "şaqqa" kəlməsi ərəb dilində "torpağı belləmək", "torpağı qazmaq" mənalarına da gəlir.
İkinci mənaya misal olaraq "Əbəsə" surəsinin 26-cı ayəsini göstərə bilərik:
"Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yardıqca yardıq. Belə ki, oradan dən göyərtdik: üzüm və yonca, zeytun və xurma bağları" ("Əbəsə", 80/25-29).
Aşkar göründüyü kimi, bu ayədəki "şaqqa" ifadəsi "yerin iki yerə parçalanması" mənasında deyil, "müxtəlif bitkilərin cücərməsi üçün torpağın bellənərək yarılması" mənasında işlədilmişdir.
Burada 1969-cu ilə qayıdanda Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. "Qəmər" surəsində 14 əsr qabaq xəbər verilən ayə 1969-cu il, iyul ayının 20-də Ayın səthində düşmək nəticəsində öz təsdiqini bir daha tapmışdır. Amerikalı astronavtların Ayda addımlaması, Ayın torpağında elmi tədqiqatlar aparması, oradan daş və torpaq nümunələri götürməsi Ayın yarılması ayəsindəki ifadələrə uyğun gəlir. Astronavtlar Ayın səthində olduqları müddət ərzində elmi araşdırmalar və təcrübələr aparmış, 22 kiloqram ağırlığında daş və torpaq nümunələri toplamışdılar. Bu nümunələr sonralar böyük marağa səbəb olmuşdu. NASA-nın raportlarında xalqın Aydan gətirilən bu nümunələrə göstərdiyi marağın XX əsrdəki digər kosmik araşdırmalara göstərilən maraqdan daha böyük olduğu bildirilmişdir.2
1- Sabah Gazetesi, 01 Eylül 2007, 2- Akşam Gazetesi, 10 Ekim 2009,
3- Habertürk, 19 Haziran 2009, 4-Hürriyet Gazetesi, 19 Ekim 2009
Bununla yanaşı, 2009-cu ilin oktyabr ayında bu ayədə bildirilən hadisəyə işarə edən bir olay yaşanmışdır. Ayda su axtarışları aparan NASA Ayı bombalamış və 9000 km-lik sürətlə gerçəkləşən bu toqquşmanın təsiri ilə 350 ton ağırlığında toz buludu əmələ gəlmişdir. Yəni Ayın üzəri bir dəfə yenə yarılmışdır. Ayədə xəbər verildiyi kimi, saatın, yəni hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) zühurunun, dəbbətül-ərzin çıxmasının və qiyamətin qopmasının yaxınlaşdığı bir vaxtda Ay yarılmışdır. Göründüyü kimi, ayədə Peyğəmbərimizin (s.ə.v) Allah`ın təqdiri ilə göstərdiyi Ayın yarılması möcüzəsindən başqa söz mövzusu hadisələrə də işarə edilir.
Bunu da qeyd etməliyik ki, bəhs edilən əlaməti xəbər verən ayələrin arxası ilə çox mühüm bir xəbərdarlıq gəlir. Bu ayələrdə Allah`ın dərgahından gələn işarələrin insanları qəflət və xətalardan özlərinə gəlməsinə səbəb olacaq böyük fürsət olduğu, bu xəbərdarlıqları gördükləri halda pis, dəhşətli bir gün olaraq tanıdılan qiyamət günü dirildiləndə peşman olacaqları xatırladılır:
"Saat yaxınlaşdı, ay parçalandı. Əgər onlar bir möcüzə görsələr, üz döndərib: "Bu uzun müddət davam edən bir sehrdir!" - deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki, hər bir iş qərarlaşdırılmışdır! And olsun ki, onlara çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Olduqca böyük hikmətdir. Lakin qorxutmalar, öyüd-nəsihət heç bir fayda verməz! Artıq sən onlardan üz çevir. Carçının onları olduqca pis, dəhşətli bir şeyə çağıracağı günü gözlə! Onlar gözlərini zəlilanə aşağı dikib səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər carçıya tərəf tələsərək: "Bu, nə çətin bir gündür!" - deyəcəklər" ("Qəmər", 54/1-8).
1. Bediüzzaman Said Nursi, Sözler, Yeni Asya Neşriyat, 1990, s.318, İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.214
2. NASA, "Primary Mission Accomplished:1969, Scientific Work Begins", http://www.hq.nasa.gov/office/pao/History/SP-4214/ch9-6.html