Hər səhər yuxudan oyanıb yeni bir günə başlayırsınız. Yataqdan qalxıb əl-üzünüzü yuyur, bəzən tələsik hazırlaşıb sürətlə harasa çatmağa çalışırsınız. Hər insan kimi siz də ya məktəbə, ya işə gecikməməyə çalışır, ya da hər hansı gündəlik məşğuliyyətə yönəlirsiniz. Məktəbinizə, iş yerinizə çatdığınız və ya hər hansı gündəlik məşğuliyyətinizə başladığınız zaman nəsə bacarmağa, öyrənməyə, qazanmağa çalışır, sürətlə keçən zaman içində birdən-birə axşam olduğunu görürsünüz. Axşam evinizə qayıdır, evdəki günlük işlərinizlə məşğul olursunuz. Bəzən dəyişiklik olaraq hər hansı dost yığıncağında və ya hər hansı əyləncə məclisində iştirak edir, kinoya gedir, sonra da evinizə qayıdıb yatırsınız. Ertəsi səhər yuxudan oyandıqda isə bir gün əvvəl etdiklərinizi təkrar etməyə başlayırsınız.
Bəs bütün bunları edərkən bilmədiyiniz daha vacib şeylər ola bilərmi? Hər insan kimi həyatınızı "gündəlik həyatın ritmi" içində keçirərkən nəyi isə unuda, nəzərdən qaçıra və ya görüb də anlamazlıqdan gələ bilərsinizmi?
Bu suallara hər insanın verəcəyi cavab, "bəli" olmalıdır. Çünki insanların əksəriyyətinin həyata dair düşünmədikləri, maraqlanmadıqları, görüb də üzərindən keçdikləri bir çox təfərrüat var. Məsələn, ilk növbədə bu sualları düşünə bilərsiniz:
Siz əlinizdə bu kitabı tutmuş, kreslonuzda oturduğunuzu düşünərkən, əslində bəzi heyrətverici hadisələrin reallaşdığının, məsələn, kosmosda saatda 1670 km sürətlə səyahət etdiyinizdən xəbəriniz varmı?
Yaxud kitabınızı oxuyarkən içində olduğunuz geniş otağın (yaxud da hər hansı məkanın) kosmosda toz zərrəciyi qədər belə yer tutmadığını düşünürsünüzmü?
Yaxud da düşünə bilən yeganə varlıq olaraq içində yaşadığınız kainatdakı mükəmməl şəkildə yaradılmış nizamı dərk edirsinizmi?
Yuxarıdakı sualları səhifələrlə çoxaltmaq mümkündür. Ancaq burada bu bir neçə sualın verilməsinin məqsədi insanların düşüncələrini məhdudlaşdıran qəflət pərdəsini az da olsa aralamaqdır. Həmçinin bu sayədə kitab boyunca üzərində dayanacağımız mühüm mövzular barəsində oxuyucunu dərin düşünməyə yönəltməkdir.